22.1. İctimai yayımçının fəaliyyətinə hüquqi nəzarət televiziya və radio yayımı sahəsində müvafiq dövlət orqanı tərəfindən həyata keçirilir.
22.2. Televiziya və radio yayımı sahəsində müvafiq dövlət orqanı bu Qanunun tələblərini pozan və ya poza bilən istənilən hərəkət (hərəkətsizlik) barədə ictimai yayım xidmətinin idarəetmə orqanlarına sorğu göndərə və ya qanun pozuntusunun qarşısının alınmasını tələb edə bilər.
22.3. İctimai yayımın idarəetmə orqanları sorğuya qənaətləndirici cavab vermədikdə və ya özlərinin nəzarətedici funksiyalarını yerinə yetirmədikdə televiziya və radio yayımı sahəsində müvafiq dövlət orqanı:
22.3.1. daha sərt tədbirlər görülməsini tələb edir və qanun pozuntusunun aradan qaldırılması üçün konkret vaxt müəyyənləşdirir;
22.3.2. məhkəməyə müraciət edir.
22.4. İctimai yayımçının televiziya və radio yayımı sahəsində müvafiq dövlət orqanının hərəkətlərindən məhkəməyə şikayət etmək hüququ vardır.
22.5. Bu maddənin tələblərinin yerinə yetirilməsi üçün həyata keçirilən istənilən tədbir ictimai yayımçının informasiya almaq və fikri ifadə etmək hüququnu məhdudlaşdırmamalıdır.
22.6. Qanunun tələblərini pozmuş ictimai yayımçı ona tətbiq edilmiş müvafiq məsuliyyət tədbirinin məzmunu barədə məlumatı müvafiq dövlət orqanı tərəfindən müəyyən edilmiş vaxt ərzində yayımlamağa borcludur.