Qanunvericilik › İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:

1.1.1. antidopinq təşkilatları - dopinqə nəzarət prosesi ilə bağlı fəaliyyətin yerinə yetirilməsi və ya təmin edilməsi üçün qaydaların qəbul edilməsi üzrə cavabdehlik daşıyan təşkilatlar (Beynəlxalq Olimpiya Komitəsi, Beynəlxalq Paralimpiya Komitəsi, idman tədbiri zamanı yoxlama prosesini həyata keçirən əsas tədbir təşkilatları, Ümumdünya Antidopinq Agentliyi (bundan sonra - ÜADA), Beynəlxalq Federasiyalar və milli antidopinq təşkilatları);

1.1.2. beynəlxalq standart - Ümumdünya Antidopinq Məcəlləsinin təmin edilməsi üçün ÜADA tərəfindən qəbul edilmiş standart;

1.1.3. bionümunə – dopinq yoxlamanın keçirilməsi məqsədi ilə yığılan bioloji material;

1.1.4. dopinq – Ümumdünya Antidopinq Məcəlləsində qeyd edilmiş antidopinq qaydalarının bir və ya bir neçəsinin pozulması;

1.1.5. dopinq nəzarəti – testin keçirilməsinin planlaşdırılması, bionümunələrin toplanması, çatdırılması, laboratoriya tədqiqatları, nəticələrin yoxlanması, terapevtik istifadə üçün icazə alınması, dinləmələrin keçirilməsi və apellyasiya baxışlarından ibarət olan prosesdir;

1.1.6. dopinq testi – testin keçirilməsinin planlaşdırılmasını, bionümunələrin toplanmasını, onların emalını və laboratoriyaya çatdırılmasını ehtiva edən dopinq nəzarəti prosesinin bir hissəsidir;

1.1.7. İdman Arbitraj Məhkəməsi – idman sahəsində mübahisələri araşdıran beynəlxalq arbitraj məhkəməsi;

1.1.8. idman subyektləri - respublika idman federasiyaları, idmançılar, idmançıların köməkçi heyəti və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan digər şəxslər;

1.1.9. qadağan olunmuş metod - qadağan edən siyahıda verilən hər hansı metod;

1.1.10. qadağan edən siyahı – Konvensiyaya və Məcəlləyə uyğun olaraq qadağan olunmuş maddə və metodlardan ibarət siyahı;

1.1.11. qadağan olunmuş maddə - qadağan edən siyahıda verilən hər hansı maddə;

1.1.12. qadağan olunmuş maddələrdən və ya metodlardan istifadə - qadağan edilmiş maddələrin və ya metodun tətbiqi, qidada qəbulu, inyeksiya yolu ilə daxil edilməsi və ya digər üsulla istifadəsi;

1.1.13. milli antidopinq qurumu - idmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum;

1.1.14. qeydiyyata alınmış test qrupu – testin keçirilməsinin planlaşdırılmasının bir hissəsi olaraq beynəlxalq federasiyalar tərəfindən beynəlxalq səviyyədə və bu Qanunun 1.1.13-cü maddəsində nəzərdə tutulan qurum tərəfindən milli səviyyədə ayrıca müəyyən edilmiş yüksək səviyyəli idmançıların siyahısı;

1.1.15. Ümumdünya Antidopinq Məcəlləsi (bundan sonra - Məcəllə) -beynəlxalq standartlara uyğun olaraq antidopinq siyasətinin və qaydalarının ümumdünya idman subyektləri və dövlət orqanları tərəfindən icrasını tənzimləyən əsas sənəd.

1.2. İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə sahəsində mövcud olan və bu Qanunun 1.1-ci maddəsində nəzərdə tutulmayan digər anlayışlar Konvensiyada və Məcəllədə müəyyən olunmuş mənada başa düşülür.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver