Qanunvericilik › “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 07.02.2006) › Tam mətn

“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 07.02.2006)

“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 07.02.2006) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 dekabr tarixli 326 nömrəli Fərmanının 1.4-cü, 1.5-ci və 1.6-cı bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Sənədlərin saxlanmasına, komplektləşdirilməsinə və mühafizəsinə dair Qaydalar”, “Sənədlərin reyestrinin yaradılması, saxlanması və vaxtaşırı yeniləşdirilməsi Qaydaları” və “Sənədlərin reyestrindən istifadəyə dair Qaydalar” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 7 fevral 2006-cı il

1.1. Bu Qaydalar “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 dekabr tarixli 326 nömrəli Fərmanının 1.4-cü bəndinə uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Qaydalar “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq informasiya sahibləri tərəfindən sənədlərin saxlanmasını, komplektləşdirilməsini və mühafizəsini nizamlayır.

1.3. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq dövlət orqanları və bələdiyyələr, habelə ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər (o cümlədən, publik hüquqi şəxslər), həmçinin normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslər və fiziki şəxslər informasiya sahibləri sayılır. Bu hüquqi və fiziki şəxslərə informasiya sahiblərinin vəzifələri yalnız ictimai funksiyaların yerinə yetirilməsi, yaxud normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə göstərilən xidmət nəticəsində yaranan və ya əldə edilən informasiyalar üzrə şamil olunur.

1.4. Təbii inhisar subyektləri istehsalını (satışını) həyata keçirdikləri məhsulların siyahısı, məhsullar üzrə qiymətlərin siyahısı (tənzimlənən və tənzimlənməyən qiymətləri fərqləndirməklə), müştərilər tərəfindən məhsulların əldə edilməsi (qoşulması, istifadə edilməsi) üçün tələb olunan şərtlər, müqavilənin forması və bağlanılması qaydası, müştərilər tərəfindən şikayətlərin edilməsi qaydasına aid informasiyalar üzrə, tamamilə və ya qismən dövlət mülkiyyətində, yaxud asılılığında olan qeyri-kommersiya təşkilatları, büdcədənkənar fondlar, həmçinin dövlətin üzvü olduğu və ya iştirak etdiyi kommersiya birlikləri isə dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid informasiyalar üzrə informasiya sahiblərinə bərabər tutulurlar.

2.1. Maddi daşıyıcıda mətn, səs və ya təsvir formasında qeydə alınan və identikləşdirməyə imkan verən istənilən rekvizitli informasiya mənbəyindən, saxlanma yerindən, rəsmi statusundan, mülkiyyət növündən, mənsub olduğu təşkilat tərəfindən yaradılıb-yaradılmamasından asılı olmayaraq sənədləşdirilmiş informasiya (bundan sonra – sənəd) hesab olunur.

2.2. İnformasiya sahibi aşağıdakı hallarda sənədə malikdir:

2.2.1. informasiya sahibində mövcud olan sənəd digər informasiya sahibinə məxsus deyilsə;

2.2.2. digər informasiya sahibində mövcud olan sənəd informasiya sahibinə məxsusdursa.

2.4. Xidməti istifadə üçün nəzərdə tutulan sənədlərin və (və ya) onların saxlandığı qovluğun üzərinə “Xidməti istifadə üçün” qeydi yazılır. Fərdi məlumatları əks etdirən sənədlərin və (və ya) onların saxlandığı qovluğun üzərində “Xidməti istifadə üçün. Fərdi məlumatlar” qeydi aparılır. Hər iki halda sənədlərin və (və ya) onların saxlandığı qovluğun üzərində məhdudiyyətin qüvvəyə mindiyi və qüvvədən düşdüyü tarix göstərilməlidir.

2.5. Məxfi sənədlərin saxlanması müvafiq qanunvericiliklə tənzimlənir.

3.1. Sənədlərin komplektləşdirilməsi dedikdə, onların müntəzəm surətdə aidiyyəti olan sənədlərlə tamamlanması nəzərdə tutulur.

3.2. Sənədlərin komplektləşdirilməsinə rəhbərlik və nəzarət bilavasitə informasiya sahibi tərəfindən həyata keçirilir.

3.3. Sənədlərin komplektləşdirilməsi işinə aşağıdakı proseslər daxildir:

3.3.1. sənədlərin tərkibinin öyrənilməsi;

3.3.2. sənədlərin aidiyyətinin müəyyən edilməsi;

3.3.3. sənədlərin aidiyyəti olan digər sənədlərə əlavə edilməsi.

4.1. Sənədlərin mühafizəsini təmin etmək üçün aşağıdakı tədbirlər kompleksi həyata keçirilməlidir:

4.1.1. sənədlərin mühafizəsi üçün optimal şərait yaratmaq;

4.1.2. sənədlərin istifadə üçün verilməsinə nəzarət etmək;

4.1.3. sənədlərin mövcudluğu və fiziki vəziyyətlərini yoxlamaq;

4.1.4. xüsusi qiymətli sənədlər üçün sığorta və istifadə fondu yaratmaq.

4.2. Sənədlər “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa və arxiv sənədlərinin mühafizəsi tələblərinə uyğun olaraq xüsusi qəfəslərdən, rəflərdən, seyflərdən, qutulardan, qovluqlardan və ya digər xüsusi vasitələrdən istifadə edilməklə mühafizə olunur.

4.3. Sənədlərin mühafizəsi üçün optimal şərait yaratmaq məqsədilə sənədlər saxlanılan mühafizəxanalar yanğından mühafizə vasitələri və yanğın əleyhinə siqnalizasiya sistemləri ilə təchiz edilməli, orada optimal temperatur (rütubət) təmin edilməli və sanitar-gigiyena rejimi yaradan texniki vasitələrdən istifadə edilməlidir.

4.4. Milli arxiv fonduna daxil olan arxiv sənədləri “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən müddətlər başa çatdıqdan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 24 may tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Arxiv fondu sənədlərinin daimi dövlət mühafizəsinə təhvil verilməsi qaydası”na uyğun olaraq daimi dövlət mühafizəsinə təhvil verilir.

İnformasiya sahibi malik olduğu sənədlərin bu Qaydalara uyğun saxlanmasının, komplektləşdirilməsinin və mühafizəsinin təşkilinə görə məsuliyyət daşıyır.

1.1. Bu Qaydalar “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 dekabr tarixli 326 nömrəli Fərmanının 1.5-ci bəndinə uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Qaydalar “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq informasiya sahibləri tərəfindən sənədlərin reyestrinin yaradılması, saxlanması və vaxtaşırı yeniləşdirilməsi məsələlərini tənzimləyir.

2.1. Sənədlərin reyestri (bundan sonra - reyestr) informasiya sahibinə daxil olan, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılan və ya əldə edilən informasiyaların qeydə alındığı və hər kəsin istifadə edə biləcəyi elektron məlumat toplusudur.

2.2. İnformasiya sahibi sənədlərin reyestrini aparmalıdır.

2.3. İnformasiya sahibi reyestrdə aşağıda sadalanan sənədləri bu bənddə göstərilən müddətdə qeydə almalıdır:

2.3.1. daxil olan, göndərilən və ya idarə daxilində hazırlanan sənədlər - daxil olduğu, göndərildiyi və ya idarə daxilində hazırlandığı gün;

2.3.2. hüquqi aktlar - imzalandığı gün;

2.3.3. müqavilələr - qüvvəyə mindiyi gün.

2.4. Mühasibat uçotu sənədləri, təbrik məktubları, bildirişlər, memorandumlar, zəmanətlər, habelə iclaslar, müşavirələr, konfranslar və digər kütləvi tədbirlərin proqramları və ya belə tədbirlər haqqında məlumatlar, müxtəlif statistik hesabatlar sənədlərin reyestrində qeydə alınmır.

2.5. Yazılı informasiya sorğusu üzrə reyestrə aşağıdakı məlumatlar daxil edilir:

2.5.1. sorğuçunun adı və soyadı;

2.5.2. sorğu hüquqi şəxs tərəfindən təqdim edildikdə - həmçinin hüquqi şəxsin adı;

2.5.3. informasiya sahibinin sorğunu təmin edə bilməsi üçün sorğuçuya aid əlaqə məlumatları (poçt və ya elektron poçt ünvanı, telefon və ya telefaks nömrəsi);

2.5.4. sorğu edilən informasiyanın məzmunu, yaxud sənədin növü və ya adı, sənədin sorğuçuya bəlli olan rekvizitləri;

2.5.5. informasiyanın təqdim edilmə forması.

2.6. Reyestrə bu Qaydaların 2.5-ci bəndində sadalananlarla yanaşı, aşağıdakı məlumatlar da daxil edilməlidir:

2.6.1. sənədin daxil olma və ya göndərilmə üsulu (elektron poçt, poçt, telefaks vasitəsilə, yaxud şəxsən təqdim etməklə);

2.6.2. sənədin növü (informasiya sorğusu, təklif, ərizə və şikayət, raport, normativ xarakterli akt və s.);

2.6.3. əgər varsa, sənədin əldə olunmasına qoyulan məhdudiyyətlər və s.

2.7. Reyestrdə, həmçinin baxılma və ya cavab tələb edən sənədin icrası üçün qanunla müəyyənləşdirilmiş müddət, struktur bölmənin adı, habelə cavabı tərtib edən vəzifəli şəxsin adı və soyadı göstərilməlidir.

2.8. Konfidensial məlumatlar reyestrin qapalı bölməsinə daxil edilir.

3.1. Reyestr elektron məlumat toplusu olmaqla müvafiq elektron daşıyıcılarda saxlanılır.

3.2. Reyestr məlumatlarının sığorta nüsxəsi yaradılır və ayrıca elektron daşıyıcıda heç bir lokal, yaxud qlobal şəbəkəyə çıxış olmamaq şərtilə saxlanılır.

3.3. Reyestrə məlumatlar buna xüsusi səlahiyyəti olan operatorlar tərəfindən daxil edilir.

3.4. İnformasiyanın məhvinin, itməsinin, saxtalaşdırılmasının, habelə informasiyanın məhvi, modifikasiyası, surətinin çıxarılması, təcrid edilməsi üzrə sanksiyalaşdırılmamış hərəkətlərin qarşısının alınması məqsədilə reyestr informasiya mühafizə vasitələri və sistemləri ilə müdafiə olunur.

4.1. Məlumatların aktual vəziyyətdə saxlanması məqsədilə reyestr vaxtaşırı yeniləşdirilir.

4.2. İnformasiya sorğusunun icrası və icrasından imtina reyestrdə qeydə alınır. İnformasiya sorğusu icra olunduqda və ya icrasından imtina edildikdə reyestrə aşağıdakı məlumatlar daxil edilir:

4.2.1. sorğunun icrasına məsul olan vəzifəli şəxsin adı və soyadı;

4.2.2. surəti, tərcüməsi və ya çıxarışları verilmiş sənədlərin rekvizitləri;

4.2.3. sorğunun icra edildiyi və ya icrasından imtina edildiyi tarix;

4.2.4. sorğunun icrasından imtina üçün “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş əsaslar.

4.3. İnformasiyanın əldə olunmasına qoyulan məhdudiyyətin qüvvədən düşmüş hesab edilməsi reyestrdə qeyd olunur.

4.4. Reyestrdə sənəd haqqında məlumat müvafiq sənədin saxlanma müddəti başa çatanadək saxlanılır.

1. Bu Qaydalar “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 dekabr tarixli 326 nömrəli Fərmanının 1.6-cı bəndinə uyğun olaraq hazırlanmışdır.

2. Bu Qaydalar “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq sənədlərin reyestrindən istifadənin və sənədin axtarılmasının asanlaşdırılmasına yönəldilmişdir.

3. Sənədlərin reyestri (bundan sonra - reyestr) informasiya sahibinə daxil olan, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılan və ya əldə edilən informasiyaların qeydə alındığı və hər kəsin istifadə edə biləcəyi elektron məlumat toplusudur.

4. Reyestr onun qapalı hissəsi istisna olmaqla ümumi istifadə üçün açıq olur.

5. İnformasiya sahibi internet informasiya ehtiyatı vasitəsilə reyestri ümumi istifadəyə verir. Bundan başqa, informasiya sahibi informasiya texnologiyalarından istifadə etməklə, reyestrdən bilavasitə vətəndaşların, o cümlədən informasiya sorğularının qəbul edildiyi məkanda operativ surətdə istifadə etmək imkanını yaradır.

6. Reyestrdə sənədin axtarılmasının asanlaşdırılması məqsədilə reyestrin avtomatlaşdırılmış axtarış sistemi yaradılır.

7. Reyestrdə avtomatlaşdırılmış axtarış aşağıdakı parametrlər üzrə aparılır:

sorğuçunun adı və soyadı;

sorğu hüquqi şəxs tərəfindən təqdim edildikdə - həmçinin hüquqi şəxsin adı;

sənədin adı, tarixi, nömrəsi;

sənədin növü (informasiya sorğusu, təklif, ərizə və şikayət, raport, normativ xarakterli akt və s.).

1. 21 noyabr 2016-cı il tarixli 471 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 noyabr 2016-cı il, № 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1959)

2. 22 sentyabr 2018-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 sentyabr 2018-ci il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1938)

3. 18 sentyabr 2024-cü il tarixli 427 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 sentyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 21 sentyabr 2024-cü il, № 206, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1090)

4. 10 dekabr 2025-ci il tarixli 384 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 dekabr 2025-ci il, “Xalq” qəzeti, 16 dekabr 2025-ci il, № 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 12, II kitab, maddə 1231)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver