Qanunvericilik › İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 15

Maddə 15. İnformasiyanın əldə edilməsi haqqında sorğu

İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

15.1. Yazılı informasiya sorğusunda aşağıdakılar göstərilməlidir:

15.1.1. sorğuçunun adı və soyadı;

15.1.2. sorğu hüquqi şəxs tərəfindən təqdim edildikdə - həmçinin hüquqi şəxsin adı;

15.1.3. informasiya sahibinin sorğunu təmin edə bilməsi üçün sorğuçuya aid əlaqə məlumatları (poçt və ya elektron poçt ünvanı, telefon və ya telefaks nömrəsi);

15.1.4. sorğu edilən informasiyanın məzmunu, yaxud sənədin növü və ya adı, sənədin sorğuçuya bəlli olan rekvizitləri;

15.1.5. informasiyanın təqdim edilmə forması.

15.2. Əgər sorğuçu fərdi məlumat əldə etmək istəyirsə, sorğunu bilavasitə informasiya sahibinin vəzifəli şəxsinə verir və bu zaman şəxsiyyətini təsdiqləyən sənəd təqdim edir.

15.3. Fərdi məlumat tələb olunduqda, yaxud dövlət və ya bələdiyyə qulluqçusu qulluq vəzifəsini yerinə yetirmək üçün sorğu verdikdə, informasiya əldə etməyin zərurəti əsaslandırılmalıdır. Fərdi məlumatların verilməsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq həyata keçirilir.

15.4. Sorğuçu qulluq vəzifəsini yerinə yetirmək bəhanəsi ilə, yaxud qulluq mövqeyindən istifadə etməklə şəxsi məqsəd üçün informasiya əldə edə bilməz və ya qulluq vəzifəsini yerinə yetirərkən əldə etdiyi informasiyadan digər məqsədlər üçün istifadə edə bilməz.

15.5. Sorğuçu bu Qanunun 15.3-cü, 21.2.1-ci, 22.4-cü və 24.3-cü maddələrində göstərilən hallardan başqa, informasiya əldə olunmasının zəruriliyini əsaslandırmağa borclu deyildir.

15.6. Yazılı sorğu fiziki şəxs və ya hüquqi şəxsin rəhbəri, yaxud onların səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır.

15.7. Yazılı sorğunu qəbul etməkdən imtina qadağandır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver