Qanunvericilik › İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 37

Maddə 37. İnformasiyanın xidməti istifadə üçün nəzərdə tutulmuş hesab edilməsinə qoyulan məhdudiyyətlər

İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

37.1. Bu Qanunun 9.1-ci maddəsində göstərilən informasiya sahibləri aşağıdakı informasiyaları xidməti istifadə üçün nəzərdə tutulmuş hesab edə bilməzlər:

37.1.1. ictimai rəy sorğusunun nəticələri;

37.1.2. ümumiləşdirilmiş statistik məlumatlar;

37.1.3. iqtisadi və sosial yönümlü proqnozlar;

37.1.4. vətəndaşların həyatı və sağlamlığı üçün təhlükə yaradan fövqəladə hadisələr, təbii fəlakətlər və qəzalar barədə;

37.1.5. ekologiyanın, səhiyyənin, demoqrafiyanın, təhsilin, mədəniyyətin, iqtisadiyyatın, o cümlədən nəqliyyatın və kənd təsərrüfatının, habelə cinayətkarlığın vəziyyəti haqqında;

37.1.6. informasiya sahibinin fəaliyyəti haqqında hesabatlar, o cümlədən vəzifələrin yerinə yetirilməsinin keyfiyyəti və buraxılan nöqsanlar barədə;

37.1.7. dövlətin vətəndaşlara, vəzifəli şəxslərə, mülkiyyət növündən asılı olmayaraq hüquqi şəxslərə verdiyi imtiyazlar, güzəştlər və kompensasiyalar haqqında;

37.1.8. Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin sağlıq durumu haqqında;

37.1.9. dövlət hakimiyyəti orqanları və onların vəzifəli şəxsləri tərəfindən qanunçuluğun pozulması faktları;

37.1.10. fərdi məlumatlar istisna olmaqla, dövlət və bələdiyyə qulluqçularının, həmçinin ictimai funksiyaları yerinə yetirən hüquqi (o cümlədən publik hüquqi) və fiziki şəxslərin işgüzar nüfuzunun ləkələnməsi barədə;

37.1.11. dövlət orqanlarındakı və bələdiyyələrdəki vakansiyalar haqqında;

37.1.12. büdcə vəsaitlərindən istifadə və ölkənin iqtisadi durumu haqqında;

37.1.13. dövlət orqanlarında və bələdiyyələrdə çalışan qulluqçuların vəzifə təlimatları;

37.1.14. dövlətin qiymətli metal və valyuta ehtiyatları barədə;

37.1.15. normativ hüquqi aktlar;

37.1.16. Azərbaycan Respublikası Milli Məclisinin açıq iclaslarının protokolları və stenoqramları;

37.1.17. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;

37.1.18. dövlət sirri təşkil edən məlumatların siyahısı;

37.1.19. qrantlar haqqında;

37.1.20. informasiya sahibinin mülkiyyəti və mülkiyyət öhdəlikləri haqqında;

37.1.21. dövlət nəzarətinin həyata keçirilməsi və ya intizam qaydasında qəbul edilmiş əmr, sərəncam və qərarlar;

37.1.22. istehlakçıların qanuni maraqlarının müdafiəsi ilə bağlı olaraq malların və xidmətlərin keyfiyyəti haqqında;

37.1.23. məlumatın açıqlanması dövlətin müdafiəsinə və təhlükəsizliyinə xələl gətirmirsə, dövlət orqanları və bələdiyyələr tərəfindən aparılan, yaxud sifariş verilən tədqiqatların və təhlillərin nəticələri barədə;

37.1.24. ətraf mühitə, insanların sağlamlığına təsir edən və ya təsir edə biləcək fəaliyyət nəticəsində ətraf mühitin komponentlərində baş verən və ya baş verə biləcək dəyişikliklər, onların qiymətləndirilməsi, ətraf mühitin mühafizəsi və səmərəli istifadəsinə yönəldilmiş tədbirlər və xərclər barədə;

37.1.25. reyestrdə qeydə alınmayan daxili sənədlər - təbrik məktubları, zəmanətlər, memorandumlar, kütləvi tədbirlərin proqramları, müxtəlif statistik hesabatlar.

37.2. Bu Qanunun 9.3.1-ci maddəsində göstərilən hüquqi şəxslər malların və xidmətlərin təklif edilməsi şərtlərinə və qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə dair informasiyaları, bu Qanunun 9.3.2-ci maddəsində göstərilən hüquqi və fiziki şəxslər isə dövlət və ya bələdiyyə büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə dair informasiyaları xidməti istifadə üçün məhdudlaşdıra bilməzlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver