4.1. Bu Qanunla aşağıdakılar müəyyənləşdirilir:
4.1.1. informasiyanın əldə olunmasının şərtləri, qaydaları və formaları, habelə informasiya sahibinin bu cür informasiyanı təqdim etməkdən imtinasının əsasları;
4.1.2. ictimai informasiyanın əldə olunmasına qoyulan məhdudiyyətlər və həmin informasiyanın digər qanunlarla tənzimlənməyən hissəsinin açıqlanma və təqdim edilmə qaydaları;
4.1.3. informasiyanın əldə olunmasının təşkilinə nəzarətin həyata keçirilməsi qaydaları.
4.2. Bu Qanun aşağıdakılara şamil edilmir:
4.2.1. qanunla müəyyənləşdirilmiş dövlət sirri təşkil edən məlumatlara;
4.2.2. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq arxiv sənədləri ilə işləməyə buraxılmanın təmin edilməsinə;
4.2.3. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənən təklif, ərizə və şikayətlərə;
4.2.4. beynəlxalq müqavilələrlə müəyyən edilmiş məhdudiyyətlərə.