9.1. Aşağıdakılar informasiya sahibləri sayılır:
9.1.1. dövlət orqanları və bələdiyyələr;
9.1.2. ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər (o cümlədən publik hüquqi şəxslər), həmçinin normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslər və fiziki şəxslər.
9.2. Bu Qanunun 9.1.2-ci maddəsində təsbit olunan hüquqi və fiziki şəxslərə informasiya sahiblərinin bu Qanunla müəyyənləşdirilmiş vəzifələri yalnız ictimai funksiyaların yerinə yetirilməsi, yaxud normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə göstərilən xidmət nəticəsində yaranan və ya əldə edilən informasiyalar üzrə şamil olunur.
9.3. Aşağıdakılar informasiya sahiblərinə bərabər tutulur:
9.3.1. təbii inhisar subyektləri – istehsalını (satışını) həyata keçirdikləri məhsulların siyahısı, məhsullar üzrə qiymətlərin siyahısı (tənzimlənən və tənzimlənməyən qiymətləri fərqləndirməklə), müştərilər tərəfindən məhsulların əldə edilməsi (qoşulması, istifadə edilməsi) üçün tələb olunan şərtlər, müqavilənin forması və bağlanılması qaydası, müştərilər tərəfindən şikayətlərin edilməsi qaydasına aid informasiyalar üzrə;
9.3.2. tamamilə və ya qismən dövlət mülkiyyətində, yaxud asılılığında olan qeyri-kommersiya təşkilatları, büdcədənkənar fondlar, həmçinin dövlətin üzvü olduğu və ya iştirak etdiyi kommersiya birlikləri - dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid informasiyalar üzrə.