Dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar, vətəndaşların informasiya sistemləri, texnologiyaları və onların təminat vasitələrinin yaradılması və istehsalında bərabər hüquqları vardır.
Dövlət informasiya sistemlərinin, texnologiyalarının və onların təminat vasitələrinin yaradılması və istehsalı sahəsində elmi və təcrübi-layihə işlərinin aparılmasına şərait yaradır.
İnformasiyalaşdırmanın aparıcı istiqamətlərinin müəyyən edilməsi, onun inkişafı üçün müvafiq tədbirlərin görülməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir və görülən işlər dövlət büdcəsi, xüsusi vəsaitlər və digər mənbələrdən maliyyələşdirilir.
Dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) dövlət informasiya ehtiyatının və sisteminin təşkilinin texniki və səmərəlilik baxımından məqsədəuyğunluğu barədə rəyi (bundan sonra – məqsədəuyğunluq barədə rəy) nəzərə alınmaqla, həmin orqanın (qurumun) müəyyən etdiyi texniki tələblər, eləcə də beynəlxalq standartlar və Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən normativ hüquqi aktları əsasında həyata keçirilir. Dövlət informasiya ehtiyatları və sistemləri, habelə elektron xidmətlərlə bağlı layihələrə məqsədəuyğunluq barədə rəy verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Dövlət informasiya ehtiyatının və sisteminin istifadəyə verilməsi həmin informasiya ehtiyatı və sistemi dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinə daxil edildikdən və Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edildikdən sonra həyata keçirilir.
Dövlət informasiya ehtiyatlarının və sistemlərinin, habelə elektron xidmətlərin qeydiyyatının həyata keçirilməsi məqsədilə vahid reyestr aparılır. Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Elektron xidmətlər göstərən dövlət informasiya ehtiyatları və sistemləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təhlükəsizlik meyarları üzrə monitorinq olunmalı, mühafizə olunan telekommunikasiya kanalları ilə təmin edilməli və ildə bir dəfədən az olmayaraq təhlükəsizlik üzrə auditi aparılmalıdır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) informasiya təhlükəsizliyi tələblərinə cavab verməsi barədə müsbət rəy alınmadan dövlət informasiya ehtiyatları və sistemləri vasitəsilə elektron xidmətlərin göstərilməsinə yol verilmir.
Dövlət informasiya ehtiyatları və sistemlərinin (kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə məxsus informasiya ehtiyatları və sistemləri, eləcə də kritik informasiya infrastrukturu, Azərbaycan Respublikası Mərkəzi Bankının və maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərin (dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) informasiya infrastrukturu istisna olmaqla) təhlükəsizlik meyarları üzrə monitorinqinin və auditinin aparılması, habelə informasiya təhlükəsizliyi üzrə rəy verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.