Bu Qanunun məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
informasiya – yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar;
sənədləşdirilmiş informasiya (sənəd) – maddi daşıyıcıda mətn, səs və ya təsvir formasında qeydə alınan və identikləşdirməyə imkan verən istənilən rekvizitli informasiya mənbəyindən, saxlanma yerindən, rəsmi statusundan, mülkiyyət növündən, mənsub olduğu təşkilat tərəfindən yaradılıb-yaradılmadığından asılı olmayaraq sənədləşdirilmiş informasiya;
açıq informasiya – əldə olunması, işlənməsi, verilməsi və ya istifadəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhdudlaşdırılmayan və ümumi istifadə üçün təyin olunmuş sənədləşdirilmiş informasiya;
konfidensial informasiya – vətəndaşların, mülkiyyət növündən asılı olmayaraq yaradılmış idarə, müəssisə və təşkilatların, digər hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədilə əldə olunmasına məhdudiyyət qoyulan məlumatlar, habelə peşə (həkim, vəkil, notariat), kommersiya, istintaq və məhkəmə sirləri;
informasiya prosesləri – informasiyanın yaradılması, yığılması, işlənməsi, saxlanması, axtarışı, yayılması;
informasiya texnologiyaları – informasiya prosesləri zamanı, o cümlədən hesablama və rabitə texnikasının tətbiqi ilə istifadə edilən üsul və vasitələr sistemi;
informasiya sistemi – informasiya texnologiyaları və sənədlərinin təşkilati və texniki qaydada, o cümlədən hesablama texnikasından istifadə edilməklə, nizamlanmış məcmusu;
informasiya ehtiyatları – informasiya sistemlərində (kitabxanalarda, arxivlərdə, fondlarda, məlumat banklarında və s.) olan sənədlər və sənəd massivləri, habelə ayrıca mövcud olan sənədlər və onların massivləri;
internet informasiya ehtiyatı – internet şəbəkəsində yaradılan, informasiyanın yayılması üçün istifadə olunan, müraciət edilməsi üçün domen adına və sahibi tərəfindən müəyyənləşdirilmiş digər işarələnməyə malik olan informasiya ehtiyatı;
internet informasiya ehtiyatının sahibi – internet informasiya ehtiyatından istifadə edilməsi, o cümlədən burada informasiya yerləşdirilməsi qaydalarını sərbəst olaraq müəyyən edən, internet informasiya ehtiyatına sahiblik və istifadə hüquqlarına malik olan şəxs;
domen adı – internet şəbəkəsində yerləşdirilən informasiya ehtiyatına müraciətin təmin olunması üçün verilən unikal simvol düzülüşü;
domen adının sahibi – müqaviləyə əsasən domen adına müddətli sahiblik edən şəxs;
internet provayder – internet şəbəkəsinə telekommunikasiya vasitələri ilə qoşulmaq üçün texniki imkanı təmin edən təchizatçı;
host provayder – internet informasiya ehtiyatının istifadəsinin təmin edilməsi üçün öz informasiya sistemlərində yerləşdirilməsi xidmətini göstərən təchizatçı;
domen adlarının milli inzibatçısı – “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının inzibatçılığını həyata keçirən səlahiyyətli şəxs;
domen adlarının qeydiyyatçısı – domen adların milli inzibatçısı ilə bağlanılmış müqaviləyə əsasən “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domenlərin qeydiyyatı üzrə xidmət göstərən şəxs;
informasiya sistemləri və texnologiyalarının təminat vasitələri – informasiya sistemlərinin və texnologiyalarının yaradılması zamanı hazırlanan və onların istismarını təmin edən proqram, texniki, linqvistik, hüquqi, təşkilati vasitələr;
informasiya sistemləri, texnologiyaları, ehtiyatları və onların təminat vasitələrinin mülkiyyətçisi – göstərilən obyektlər üzərində tam sahiblik, istifadə, sərəncamvermə hüququnu həyata keçirən subyekt;
informasiya sistemləri texnologiyaları, ehtiyatları və onların təminat vasitələrinin sahibi – göstərilən obyektlər üzərində qanunla müəyyən olunmuş qaydada sahiblik və istifadə hüququnu həyata keçirən subyekt;
informasiyanın istifadəçisi – özü üçün zəruri informasiyanın alınması məqsədilə bilavasitə informasiya sisteminə və ya vasitəçiyə müraciət edən və ondan ancaq istifadə hüququna malik subyekt;
informasiya məhsulları – istifadəçilərin tələblərinə əsasən yaradılmış və onların tələbatlarının ödənilməsi üçün təyin olunmuş və ya tətbiq edilən sənədləşdirilmiş informasiya, informasiya sistemləri, texnologiyaları və onların təminat vasitələri;
informasiya xidmətləri – istifadəçilərin informasiya məhsulları ilə təmin edilməsi üzrə subyektlərin (mülkiyyətçilər, sahiblər və ya vasitəçilərin) fəaliyyəti;
informasiyalaşdırma – informasiya ehtiyatlarının formalaşdırılması, təqdim edilməsi, istifadə olunması əsasında dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, vətəndaşların informasiya tələbatlarının və bu sahədəki hüquqlarının təmin edilməsinin optimal şəraitinin yaradılması üçün təşkilati, sosial-iqtisadi və elmi-texniki proses;
kritik informasiya infrastrukturu – dövlət idarəçiliyi, müdafiə, səhiyyə, maliyyə bazarları, energetika, nəqliyyat, informasiya texnologiyaları, telekommunikasiya, su təchizatı və ya ekologiya sahəsində fəaliyyəti təmin edən və funksionallığının pozulması dövlətin, cəmiyyətin və vətəndaşların maraqlarına mühüm zərər vura bilən informasiya sistemlərinin, avtomatlaşdırılmış idarəetmə sistemlərinin və informasiya-kommunikasiya şəbəkələrinin məcmusu;
kritik informasiya infrastrukturu obyekti – kritik informasiya infrastrukturunun tərkib hissəsi olan informasiya sistemi, avtomatlaşdırılmış idarəetmə sistemi və ya informasiya-kommunikasiya şəbəkəsi;
kritik informasiya infrastrukturu subyekti – kritik informasiya infrastrukturu obyektinin sahibi (istifadəçisi) olan dövlət orqanları (qurumları), o cümlədən dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılmış publik hüquqi şəxslər, habelə digər hüquqi şəxslər və ya fərdi sahibkarlar (mikro, kiçik və orta sahibkarlıq subyektləri istisna olmaqla);
kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində səlahiyyətli orqan (bundan sonra - səlahiyyətli orqan) – kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi məqsədilə bu Qanunla və bu Qanundan irəli gələn digər normativ hüquqi aktlarla müəyyən edilmiş funksiyaları yerinə yetirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);
kibertəhlükəsizlik xidməti provayderi – kibertəhlükəsizlik xidmətlərinin göstərilməsi sahəsində fəaliyyət göstərən, provayderə, onun işçi heyətinə, texnoloji resurslarına və fəaliyyət proseslərinə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən tələblərə cavab verən və kritik informasiya infrastrukturu subyekti ilə bağlanılmış müqavilə əsasında onlara kibertəhlükəsizlik xidməti göstərən hüquqi şəxslər;
informasiya təhlükəsizliyi – informasiyanın tamlığının (dəqiq, səlis, aktual və bütöv olması), əlçatanlığının (müraciət və əldə etmənin, nəzarətdə saxlamanın mümkün olması), konfidensiallığının (yalnız səlahiyyəti olan istifadəçilər və proseslər üçün məlum ola bilməsi) və mötəbərliliyinin (adekvat, obyektiv, faydalı olması) mühafizə edilməsi;
kibertəhdid – informasiya sistemlərinə və ya ehtiyatlarına qanunsuz daxilolma, müdaxilə, habelə digər formalarda informasiya təhlükəsizliyinin pozulmasına səbəb ola bilən amil və ya vəziyyət;
kiberhücum – informasiya sistemlərinin və ya ehtiyatlarının informasiya təhlükəsizliyinə təhdid yaradan, yaxud onların fəaliyyətinin pozulmasına və ya dayanmasına səbəb olan kiberməkan vasitəsilə qəsdən törədilən əməl;
kiberinsident – informasiya sistemlərinin, avtomatlaşdırılmış idarəetmə sistemlərinin və informasiya-kommunikasiya şəbəkələrinin fəaliyyətinin dayanması və ya pozulması, yaxud həmin obyektlərdə informasiya təhlükəsizliyinin pozulmasına səbəb olan hadisə;
elektron xidmət – dövlət orqanları (qurumları) tərəfindən səlahiyyətlərinin icrası zamanı digər dövlət orqanlarına (qurumlarına), bələdiyyələrə, fiziki və hüquqi şəxslərə göstərilən və müvafiq hüquqi nəticənin yaranması, yaxud xidmət istifadəçisinə zəruri informasiyanın verilməsi ilə tamamlanan dövlət xidmətlərinin informasiya texnologiyalarından istifadə edilməklə tərəflər arasında bilavasitə təmas olmadan (xidmətin məqsədləri üçün belə təmasın tələb edildiyi hallar istisna olmaqla) elektron qaydada həyata keçirilməsi forması;
informasiya infrastrukturu – informasiya-telekommunikasiya şəbəkələrinin, internet informasiya ehtiyatlarının, informasiya ehtiyatlarının və sistemlərinin, o cümlədən avtomatlaşdırılmış idarəetmə sistemlərinin məcmusu;
informasiya infrastrukturu subyekti – informasiya infrastrukturunun obyekti üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirən yerli özünüidarəetmə orqanı, fiziki və ya hüquqi şəxs, habelə sahibliyinə informasiya infrastrukturu obyekti verilmiş dövlət orqanı (qurumu);
informasiya infrastrukturu obyekti – informasiya infrastrukturunun tərkib hissəsi olan və ya ayrılıqda informasiya infrastrukturu ola bilən informasiya-telekommunikasiya şəbəkələri, informasiya ehtiyatları və sistemləri, o cümlədən avtomatlaşdırılmış idarəetmə sistemləri;
ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən informasiya infrastrukturu – kritik informasiya infrastrukturu, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin informasiya infrastrukturu istisna olmaqla, ölkə və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən sahələrdə fəaliyyəti, o cümlədən xidmətlərin göstərilməsini təmin edən, funksional fəaliyyətinin pozulması və ya əlçatanlığının məhdudlaşması ölkənin siyasi, sosial və iqtisadi dayanıqlılığına ciddi zərər vuran informasiya infrastrukturu;
kibertəhlükəsizlik – informasiya infrastrukturunun kibertəhdidlərdən, kiberhücumlardan və kiberinsidentlərdən mühafizə edilməsi və kiberdayanıqlılığının (kiberinsidentlərə qarşı davamlılıq, həmin insidentlər zamanı fəaliyyətin saxlanılması və sonradan operativ bərpası qabiliyyəti) təmin edilməsi;
proaktiv kibertəhlükəsizlik tədqiqatı – kibertəhdidlər, onların mənbəyi, törədilmə vasitələri və üsulları barədə məlumatların toplanması və təhlili;
kompüter insidentlərinə qarşı mübarizə mərkəzi (bundan sonra – CERT) – informasiya infrastrukturunun kibertəhlükəsizliyinin pozulması hallarının, hadisələrinin və faktlarının aşkarlanması, səbəblərinin araşdırılması, habelə qarşısının alınması üçün qabaqlayıcı tədbirlər həyata keçirən ixtisaslaşmış qurum və ya struktur;
Milli kompüter insidentlərinə qarşı mübarizə mərkəzi (bundan sonra – Milli CERT) – ölkə üzrə kibertəhlükəsizlik sahəsində məlumat mübadiləsini, informasiya infrastrukturu subyektlərinin (kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri, mühafizə olunan şəxslər, qorunan və strateji obyektlər istisna olmaqla) və CERT-lərin fəaliyyətinin (kritik informasiya infrastrukturuna münasibətdə səlahiyyətli orqan vasitəsilə), dövlət orqanlarına (qurumlarına), habelə Azərbaycan Respublikasının Mərkəzi Bankına və maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərə (bank, sığortaçı, təkrarsığortaçı, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, səhmdar investisiya fondu və investisiya fondunun idarəçisi, ödəniş xidmət təchizatçıları və s.) məxsus informasiya infrastrukturlarına, eləcə də onlarla bağlı aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılmış CERT-lər üzrə digər fəaliyyət istiqamətləri istisna olmaqla, yalnız kibertəhdid, kiberhücum və kiberinsidentlər üzrə məlumat mübadiləsi (kritik informasiya infrastrukturuna münasibətdə səlahiyyətli orqan vasitəsilə) koordinasiyasını, o cümlədən kibertəhlükəsizliyin pozulması hallarının, hadisələrinin və faktlarının aşkarlanmasını, səbəblərinin araşdırılmasını (dövlət orqanlarında (qurumlarında) (mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin informasiya infrastrukturu istisna olmaqla) informasiya infrastrukturuna kibertəhdidlərin, kiberhücumların və kiberinsidentlərin səbəblərinin Dövlət CERT-i ilə birgə araşdırılması), habelə kibertəhdidlər üzrə qabaqlayıcı tədbirlərin həyata keçirilməsini təmin edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);
Dövlət kompüter insidentlərinə qarşı mübarizə mərkəzi (bundan sonra – Dövlət CERT/GOV CERT) – kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin, Azərbaycan Respublikası Mərkəzi Bankının informasiya infrastrukturu istisna olmaqla, sahəvi CERT olaraq dövlət orqanlarının (qurumlarının) fəaliyyətini təmin edən informasiya infrastrukturlarının (kritik informasiya infrastrukturu obyektlərinə münasibətdə səlahiyyətli orqanla birlikdə), o cümlədən ali kateqoriya dövlət orqanlarının, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin informasiya infrastrukturunun kibertəhlükəsizlik sahəsində məlumat mübadiləsini, o cümlədən kibertəhlükəsizliyinin pozulması hallarının, hadisələrinin və faktlarının aşkarlanması, səbəblərinin araşdırılması (mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin informasiya infrastrukturu istisna olmaqla, kibertəhdidlərin, kiberhücumların və kiberinsidentlərin səbəblərinin Milli CERT-lə birlikdə araşdırılması), qarşısının alınması üçün kibertəhdidlər üzrə öz səlahiyyətləri çərçivəsində qabaqlayıcı tədbirlərin həyata keçirilməsini, eləcə də onların təhlükəsiz internet şəbəkəsi ilə təmin edilməsini və fasiləsiz qaydada Təhlükəsizlik əməliyyatları mərkəzi vasitəsilə təhlükəsizliyinin nəzarətdə saxlanılmasını, kibertəhdid, kiberhücum və kiberinsidentlə bağlı Milli CERT-lə qarşılıqlı məlumat mübadiləsini (kritik informasiya infrastrukturu obyektlərinə münasibətdə səlahiyyətli orqan vasitəsilə) həyata keçirən, Milli CERT-dən daxil olmuş məlumatlar əsasında insidentlərin fəsadlarının aradan qaldırılmasını, proaktiv kibertəhlükəsizlik tədqiqatının aparılması və “gov.az” domen zonasına bənzədilmiş saxta domenlərin aşkarlanması üzrə monitorinqi həyata keçirən, sahə üzrə məlumat mübadiləsində iştirak edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);
kiberməkan – bilavasitə və ya dolayısı ilə informasiya-telekommunikasiya şəbəkələrinə, habelə elektron rabitə və ya kompüter şəbəkələrinə qoşulmuş informasiya infrastrukturu obyektlərindən ibarət rəqəmsal mühit;
kibergigiyena – informasiya infrastrukturlarının və istifadəçilərin kibertəhlükəsizliyini təmin etmək, riskləri azaltmaq, kiberhücumların və kibertəhdidlərin qarşısını almaq məqsədilə dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar, həmçinin fiziki şəxslər tərəfindən müntəzəm tətbiq edilməli olan davranış qaydalarının, texniki və təşkilati tədbirlərin məcmusu;
rəqəmsal dəlil – kiberinsidentlər üzrə hüquqi əhəmiyyət kəsb edən hadisələrlə bağlı halların və faktların müəyyən edilməsi üçün istifadə olunan, rəqəmsal texnologiyalar vasitəsilə yaradılan, emal edilən və ya saxlanılan, bütövlüyü və etibarlılığı təmin edilməklə əldə edilən və ilkin texniki ekspertiza tələb edən məlumatlar və ya məlumat daşıyıcıları;
rəqəmsal inkişaf – rəqəmsal texnologiyaların və innovativ həllərin tətbiqi yolu ilə dövlət idarəçiliyinin, iqtisadi fəaliyyətin və xidmətlərin səmərəliliyinin, əlçatanlığının və keyfiyyətinin artırılmasına, habelə məlumatlara əsaslanan qərarvermənin, rəqəmsal bacarıqların və innovasiya ekosisteminin inkişafına yönəlmiş sistemli və davamlı fəaliyyətin məcmusu;
rəqəmsal tədqiqat – informasiya infrastrukturunda baş vermiş kiberinsidentlərin araşdırılması, rəqəmsal dəlillərin müəyyən edilməsi məqsədilə həyata keçirilən, informasiya infrastrukturu obyektlərində məlumatların identifikasiyası, toplanılması, surətinin çıxarılması, qorunub-saxlanılması, bütövlüyünün təmin edilməsi, texniki təhlili və nəticələrin sənədləşdirilməsi proseslərinin məcmusu;
Rəqəmsal tədqiqat mərkəzi – rəqəmsal tədqiqat fəaliyyətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının (qurumunun) müəyyən etdiyi orqan (qurum);
Təhlükəsizlik əməliyyatları mərkəzi (bundan sonra – SOC) – informasiya infrastrukturunun kibertəhlükəsizliyinin təmin edilməsi məqsədilə kibertəhdidlərin, kiberhücumların və kiberinsidentlərin real vaxt rejimində monitorinqini, aşkarlanmasını, eyniləşdirilmiş təhlilini və ilkin texniki cavab tədbirlərini həyata keçirən, ixtisaslaşmış işçi heyətinə, texnoloji vasitələrə və təhlükəsizlik prosedurlarına malik olan qurum və ya struktur;
Milli təhlükəsizlik əməliyyatları mərkəzi (bundan sonra – Milli SOC) – ölkə üzrə fəaliyyət göstərən SOC-lardan və digər mənbələrdən daxil olan məlumatların (mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin informasiya infrastrukturu istisna olmaqla) toplanmasını və təhlilini təmin edən, qarşılıqlı məlumat mübadiləsindən irəli gələrək topladığı və təhlil etdiyi həmin məlumatlar əsasında kibertəhlükəsizlik vəziyyətinin mərkəzləşdirilmiş qaydada monitorinqini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);
rəqəmsal həll – fəaliyyətin şəffaflığının, effektivliyinin, səmərəliliyinin artırılması, həmçinin göstərilən xidmətlərinin keyfiyyətinin və istifadəçi məmnunluğunun yüksəldilməsi məqsədilə tətbiq edilən proqram təminatı və texnoloji avadanlıqların məcmusu;
tənzimləyici test mühiti – rəqəmsal həllərin sahə üzrə effektivliyinin test rejimində qiymətləndirilməsinin məhdud çərçivədə (ərazi, müddət, əməliyyatların sayı, həcmi, iştirakçıların və istifadəçilərin sayı (dairəsi) ilə bağlı və ya digər məhdudiyyətlər) və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tənzimləməsi ilə həyata keçirilməsinə imkan verən alət.