Qanunvericilik › “İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi, attestatın qüvvədəolma müddətinin dayandırılması və ya ona xitam verilməsi, ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 29.07.2020) › Tam mətn

“İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi, attestatın qüvvədəolma müddətinin dayandırılması və ya ona xitam verilməsi, ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 29.07.2020)

“İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi, attestatın qüvvədəolma müddətinin dayandırılması və ya ona xitam verilməsi, ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 29.07.2020) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1310-VQ nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 noyabr tarixli 354 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi, attestatın qüvvədəolma müddətinin dayandırılması və ya ona xitam verilməsi, ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət Qaydaları” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 29 iyul 2020-ci il

1.1. Bu Qaydalar “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 13.2-ci maddəsinə əsasən hazırlanmışdır və informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi, attestatın qüvvədəolma müddətinin dayandırılması və ya ona xitam verilməsi, ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətlə bağlı məsələləri tənzimləyir.

1.2. İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi, attestatın qüvvədəolma müddətinin dayandırılması və ya ona xitam verilməsi, ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (bundan sonra – Komitə) tərəfindən həyata keçirilir.

2.1. Qanunun 13.1-ci maddəsinə əsasən şəxsə ixtisas attestatının verilməsi üçün onun işlədiyi hüquqi şəxs (ekspert təşkilatı) bu barədə Komitəyə müraciət edir.

2.2. Qanunun 1.0.19-cu maddəsinə əsasən pedaqogika, psixologiya və ya uşaq psixiatriyası sahəsində ali təhsilə malik olan şəxslər informasiya məhsulunun ekspertizasını aparan ekspert kimi fəaliyyət göstərə bilərlər.

2.3. Qanunun 13.3-cü maddəsinə əsasən həyat və sağlamlıq əleyhinə ağır və xüsusilə ağır cinayətlər, yaxud şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri və ya ictimai mənəviyyat əleyhinə cinayətlər törətməyə görə məhkum edilmiş şəxslər ekspert kimi fəaliyyət göstərə bilməzlər.

2.4. İxtisas attestatının verilməsi üçün müraciət edən ekspert təşkilatı bu Qaydaların 2.2-ci və 2.3-cü bəndləri ilə müəyyən edilmiş tələblərə cavab verən ən azı 3 (üç) ekspert ştatına malik olmalıdır.

2.5. İxtisas attestatının verilməsi üçün ekspert təşkilatı Komitənin rəsmi internet informasiya ehtiyatında bu Qaydaların 1 nömrəli əlavəsində göstərilən müraciət formasını doldurmaqla və bu Qaydaların 2.6-cı bəndində göstərilən sənədləri əlavə etməklə (bu Qaydaların 2.6-1-ci bəndinin tələbləri nəzərə alınmaqla), elektron qaydada və ya birbaşa müraciət etməlidir. Elektron qaydada müraciət edildikdə, müraciət forması ekspert təşkilatının rəhbərinin və ya nümayəndəsinin elektron imzası ilə təsdiq edilir.

2.6. Müraciətə aşağıdakı sənədlər əlavə edilir:

2.6.1. ekspert təşkilatının vəsatəti;

2.6.2 ekspertizanı keçirmək istəyən şəxsin ərizəsi;

2.6.3. ekspertizanı keçirmək istəyən şəxsin (bundan sonra – namizəd) şəxsiyyətini təsdiq edən sənədin surəti;

2.6.4. ekspert təşkilatı ilə namizəd arasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) “Əmək və məşğulluq” altsistemində (bundan sonra – ƏMAS) bağlanılmış əmək müqaviləsi;

2.6.5. müvafiq sahə üzrə ali təhsil haqqında diplomun surəti;

2.6.6. ƏMAS-dan işçinin əmək müqavilələrinə dair çıxarış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə isə əmək kitabçasının surəti;

2.6.7. məhkumluq barədə arayış;

2.6.8. ekspert təşkilatının VÖEN-i.

2.6-1. Bu Qaydaların 2.6-cı bəndində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

2.7. Təqdim edilmiş sənədlərə Komitə tərəfindən bu Qaydaların 2.8-ci bəndi nəzərə alınmaqla 10 (on) iş günü müddətində baxılaraq, namizədin müsabiqəyə buraxılması haqqında qərar qəbul edilir və sifarişli poçt bildirişi ilə və ya elektron qaydada ekspert təşkilatına göndərilir.

2.8. Müraciət bu Qaydaların 2.5-ci və 2.6-cı bəndlərində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə, Komitə müraciətdə həmin tələblərə uyğun düzəlişlərin edilməsi üçün 3 (üç) iş günü müddətində yazılı şəkildə ekspert təşkilatını məlumatlandırır. Ekspert təşkilatı 7 (yeddi) iş günü müddətində tələblərə uyğun olaraq sənədlərin təqdim olunmasını (bu Qaydaların 2.6-1-ci bəndinin tələbləri nəzərə alınmaqla) təmin etməlidir. Bu zaman bu Qaydaların 2.7-ci bəndində nəzərdə tutulmuş müddətin axımı dayandırılır.

2.9. Ekspert təşkilatı tərəfindən bu Qaydaların 2.8-ci bəndində göstərilən çatışmazlıqlar aradan qaldırılmadıqda, namizədin müsabiqəyə buraxılmasından imtina olunması barədə qərar qəbul edilir və 3 (üç) iş günü müddətində bu barədə sifarişli poçt bildirişi ilə və ya elektron qaydada ekspert təşkilatına məlumat göndərilir. Bu qərardan inzibati və ya məhkəmə qaydasında şikayət verilə bilər.

2.10. İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertin bu Qaydaların 2.2-ci bəndində göstərilən sahələr və uşaqların zərərli informasiyadan qorunması barədə Azərbaycan Respublikasının qanunvericiliyi sahəsində bilik səviyyəsinin müəyyən edilməsi Komitə tərəfindən müsabiqə üsulu ilə həyata keçirilir.

2.11. Müsabiqənin keçirilməsi məqsədilə Komitədə 7 (yeddi) nəfərdən ibarət Müsabiqə Komissiyası (bundan sonra – Komissiya) yaradılır. Komissiyanın tərkibi sədr, sədrin müavini və digər üzvlərdən ibarət olmaqla, Komitə tərəfindən təsdiq edilir.

2.12. Komissiya üzvlərinin səlahiyyət müddəti 3 (üç) ildir. Səlahiyyət müddəti bitmiş üzvlər yenidən Komissiyanın tərkibinə daxil edilə bilərlər.

2.13. Komissiyanın işinə bu Qaydaların 2.2-ci bəndində göstərilən sahələr üzrə mütəxəssislər cəlb edilə bilərlər.

2.14. Komissiyanın iclasının vaxtı və yeri barədə məsul katib tərəfindən Komissiya üzvlərinə əvvəlcədən məlumat verilir.

2.15. Sədr olmadıqda, Komissiyanın iclasına sədrin müavini, o olmadıqda isə Komissiyanın üzvlərindən biri sədrlik edir.

2.16. Komissiya üzvlərindən üçdə iki hissəsi iştirak etdikdə səlahiyyətli sayılır. Baxılan məsələ üzrə qərar açıq səsvermə və sadə səs çoxluğu ilə qəbul edilir. Sədr sonuncu səs verir və səslər bərabər olduqda, onun səsi həlledicidir.

2.17. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.

2.18. Test imtahanının keçirildiyi vaxt və yer barədə məlumat 3 (üç) gün əvvəl Komitənin rəsmi internet informasiya ehtiyatında yerləşdirilir və namizədlərə sifarişli poçt bildirişi və ya elektron qaydada göndərilir.

2.19. İmtahan suallarının hazırlanmasında əvvəlcədən elan olunmuş müsabiqə proqramında göstərilən ədəbiyyat və normativ hüquqi aktlardan istifadə olunur. Müsabiqə proqramı Komitənin rəsmi internet informasiya ehtiyatında yerləşdirilir.

2.20. İmtahan sualları toplusunun hazırlanmasına Komitənin əməkdaşları və pedaqogika, psixologiya və ya uşaq psixiatriyası sahələri üzrə mütəxəssislər cəlb olunurlar.

2.21. Suallar toplusu Komissiyanın qapalı iclasında baxılıb təsdiq edilir və zərfə qoyulub möhürlənməklə xüsusi yerdə saxlanılır. Komissiya, həmçinin imtahan suallarına düzgün cavabların siyahısını hazırlayır və onun konfidensiallığını təmin edir.

2.22. Test imtahanı 30 (otuz) sualdan ibarət olur. Test imtahanı 1 (bir) saat müddətində fasilə verilmədən keçirilir.

2.23. Test imtahanında hər düz cavab 1 (bir) balla qiymətləndirilir. Suala düzgün olmayan cavab və ya sualın cavabsız saxlanması “0” bala bərabərdir.

2.24. Test imtahanında 25 (iyirmi beş) və daha çox bal toplamış namizədlər müsabiqədə iştiraklarını davam etdirirlər. Keçid balını toplaya bilməyən şəxslərin müsabiqədə iştirakı dayandırılır.

2.25. Komissiyada test imtahanının nəticələrinə baxıldıqdan sonra müsahibənin keçirilməsi barədə qərar verilir.

2.26. Test imtahanının nəticələri həmin gün Komitənin rəsmi internet informasiya ehtiyatında yerləşdirilir və test imtahanında iştirak etmiş namizədlərə sifarişli poçt bildirişi ilə və ya elektron qaydada göndərilir.

2.27. Test imtahanından narazı qalan namizəd bu barədə 2 (iki) iş günü müddətində Komitəyə şikayət vermək hüququna malikdir.

2.28. Test imtahanının nəticələrinə dair qərar qəbul edildiyi tarixdən 3 (üç) iş günü müddətində müsahibənin keçirildiyi vaxt və yer barədə məlumat Komitənin rəsmi internet informasiya ehtiyatında yerləşdirilir və test imtahanını müvəffəqiyyətlə keçmiş namizədlərə sifarişli poçt bildirişi ilə və ya elektron qaydada göndərilir.

2.29. Komissiyanın hər bir üzvü müsahibədə iştirak edən şəxsi bilik səviyyəsi (namizədin müsabiqə proqramı üzrə bilikləri) və peşə hazırlığı (namizədin nəzəri və qanunvericilik biliklərini tətbiqetmə bacarığı) meyarlarına əsasən qiymətləndirir.

2.30. Namizədlərlə müsahibə fərdi qaydada aparılır və 20 dəqiqəyədək davam edir.

2.31. Bu Qaydaların 2.29-cu bəndində nəzərdə tutulan meyarlar üçün ən yüksək bal 5 (beş), ən aşağı bal isə 2 (iki) baldır. Komissiya üzvlərinin verdiyi ballar toplanır və müsahibədə iştirak edən Komissiya üzvlərinin sayına bölünərək, orta bal müəyyən edilir.

2.32. Müsahibənin nəticəsi üzrə 4 (dörd) və daha çox bal toplamış namizəd müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur.

2.33. Müsabiqə başa çatdıqdan sonra müsbət nəticə əldə etmiş şəxslərin siyahısı Komitənin rəsmi internet informasiya ehtiyatında yerləşdirilir və bu barədə məlumat həmin şəxslərə sifarişli poçt bildirişi ilə və ya elektron qaydada göndərilir.

2.34. Komissiya 1 (bir) iş günü müddətində müsabiqənin nəticələrinə görə ixtisas attestatının verilməsi və ya verilməsindən imtina barədə qərar qəbul edir.

2.35. İxtisas attestatının verilməsi barədə qərar onun qəbul edildiyi tarixdən 3 (üç) iş günü müddətində müsbət nəticə əldə etmiş şəxslərə və onların işlədiyi ekspert təşkilatının rəhbərinə və ya nümayəndəsinə təqdim edilir və yaxud sifarişli poçt bildirişi vasitəsilə göndərilir. Qərara ixtisas attestatı əlavə olunur.

2.36. İxtisas attestatı Komitənin rəhbəri tərəfindən imzalanır və möhürlə təsdiq edilir, ekspertlərin, ekspert təşkilatlarının reyestrində qeydiyyata alınır.

2.37. İxtisas attestatında bu Qaydaların 2 nömrəli əlavəsinə uyğun olaraq aşağıdakılar göstərilir:

2.37.1. ixtisas attestatını verən qurumun adı;

2.37.2. ixtisas attestatı verilən ekspertin adı, soyadı və atasının adı;

2.37.3. ekspertin işlədiyi ekspert təşkilatının adı;

2.37.4. ekspertin ekspertizasını aparmaq hüququ olduğu informasiya məhsulunun növü;

2.37.5. ixtisas attestatının nömrəsi, verilmə tarixi və qüvvədəolma müddəti.

2.38. İxtisas attestatının verilməsindən imtina barədə qərar qəbul edildiyi halda, Komitə həmin qərarın qəbul edildiyi tarixdən 1 (bir) iş günü müddətində, imtinanın səbəbləri göstərilməklə namizədə və onun işlədiyi ekspert təşkilatına bu barədə elektron və ya sifarişli poçt bildirişi vasitəsilə məlumat verir.

2.39. Ekspert təşkilatı ixtisas attestatının verilməsindən imtina barədə qərardan inzibati və ya məhkəmə qaydasında şikayət verə bilər.

2.40. İxtisas attestatı verilmiş ekspertin attestatda qeyd edilmiş məlumatlarında hər hansı dəyişiklik baş verdiyi halda, o, bu barədə məlumat verməli və ixtisas attestatı dəyişdirilməlidir.

2.41. İxtisas attestatının dəyişdirilməsi üçün ekspert təşkilatı Komitəyə ixtisas attestatının dəyişdirilməsi barədə ərizəni, qüvvədə olan ixtisas attestatının əslini və bu Qaydaların 2.41-ci bəndində göstərilən dəyişiklikləri təsdiq edən sənədi təqdim etməlidir (bu Qaydaların 2.6-1-ci bəndinin tələbləri nəzərə alınmaqla).

3.1. Komitə aşağıda göstərilən əsaslardan biri olduqda, ixtisas attestatının qüvvədəolma müddətinin dayandırılması barədə qərar qəbul edir:

3.1.1. ixtisas attestatının qüvvədəolma müddətinin dayandırılması barədə ekspert təşkilatı tərəfindən ərizə təqdim edildikdə;

3.1.2. Komitə tərəfindən ekspertin (ekspert təşkilatının) fəaliyyətinə nəzarət həyata keçirilərkən, yaş təsnifatının aparılması məqsədilə informasiya məhsulunun ekspertizasında pozuntular aşkar edildikdə.

3.2. Bu Qaydaların 3.1.2-ci yarımbəndində nəzərdə tutulmuş hal olduqda, ixtisas attestatının qüvvədəolma müddəti 30 (otuz) gün müddətinə dayandırılır.

3.3. Pozuntular aşkar edildiyinə görə ixtisas attestatının qüvvədəolma müddəti dayandırılmış ekspert işlədiyi ekspert təşkilatı vasitəsilə bu Qaydaların 3.2-ci bəndi ilə müəyyən edilmiş müddətdə Komitəyə yol verilmiş pozuntuların səbəbləri, habelə gələcəkdə bu pozuntuların qarşısının alınması məqsədilə həyata keçiriləcək tədbirlər barədə məlumat təqdim etməlidir.

3.4. Bu Qaydaların 3.3-cü bəndində nəzərdə tutulmuş məlumat 3.2-ci bəndi ilə müəyyən edilmiş müddətdə təqdim edilmədikdə, Komitə ixtisas attestatının qüvvədəolma müddətinə xitam verilməsi barədə qərar qəbul edir.

3.5. Qüvvədəolma müddəti bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş əsasa görə dayandırılmış ixtisas attestatının qüvvədəolma müddətinin bərpası ekspert təşkilatının ərizəsi əsasında bu Qaydalarla müəyyən edilmiş ixtisas attestatının verilməsi qaydasında həyata keçirilir.

3.6. İxtisas attestatının qüvvədəolma müddətinə xitam verilməsi barədə qərar aşağıdakı hallarda qəbul edilir:

3.6.1. ixtisas attestatının qüvvədəolma müddətinə xitam verilməsi barədə ekspert təşkilatı tərəfindən ərizə təqdim edildikdə;

3.6.2. ixtisas attestatı verilmiş fiziki şəxs öldükdə;

3.6.3. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ekspert təşkilatı ləğv edildikdə;

3.6.4. bu Qaydaların 3.1.2-ci yarımbəndində göstərilən hal il ərzində iki dəfə və daha çox təkrar edildikdə;

3.6.5. bu Qaydaların 3.3-cü bəndində nəzərdə tutulmuş tələblər yerinə yetirilmədikdə;

3.6.6. ekspert fəaliyyətinin həyata keçirilməsi zamanı kommersiya və qanunla mühafizə olunan digər məlumatların məxfiliyi təmin edilmədikdə və yaxud onlardan digər məqsədlər üçün istifadə edildikdə;

3.6.7. ərizədə və ona əlavə olunmuş sənədlərdə yanlış və ya təhrif olunmuş faktlar aşkar edildikdə.

3.7. İxtisas attestatının qüvvədəolma müddətinin dayandırılması, bərpa olunması və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi tarixdən 2 (iki) iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt bildirişi vasitəsilə göndərilir.

3.8. İxtisas attestatının qüvvədəolma müddətinin dayandırılması, bərpa olunması və ona xitam verilməsi haqqında məlumatlar ekspertlərin və ekspert təşkilatlarının reyestrinə daxil edilir.

4.1. Komitə tərəfindən ekspertlərin və ekspert təşkilatlarının reyestrinə aşağıdakı məlumatlar daxil edilir:

4.1.1. ekspert təşkilatının adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, ekspert fəaliyyətinin həyata keçirildiyi ünvanlar, əlaqə vasitələri;

4.1.2. ekspertin adı, soyadı və atasının adı;

4.1.3. ixtisas attestatının verilməsi barədə qərarın nömrəsi və tarixi;

4.1.4. ixtisas attestatının nömrəsi və verilmə tarixi;

4.1.5. ekspertin ekspertizasını aparmaq hüququ olduğu informasiya məhsulunun növü;

4.1.6. ixtisas attestatının qüvvədəolma müddəti;

4.1.7. ixtisas attestatının qüvvədəolma müddətinin dayandırılmasının əsası, tarixi və bərpa edilməsinin tarixi;

4.1.8. ixtisas attestatının qüvvədəolma müddətinə xitam verilməsinin əsası və tarixi;

4.1.9. ekspert tərəfindən aparılmış ekspertizalar haqqında məlumatlar.

4.2. Komitə verilmiş ixtisas attestatları barədə məlumatları və bu məlumatlara əlavə və dəyişiklikləri bu Qaydalara əsasən müvafiq qərarlar qəbul edildiyi və ya bu Qaydaların 2.41-ci bəndinə əsasən müvafiq məlumatlar təqdim edildiyi tarixdən 5 (beş) iş günü müddətinədək reyestrə daxil etməlidir.

4.3. Komitə ekspertlərin və ekspert təşkilatlarının reyestrindən aşağıdakı məlumatları rəsmi internet informasiya ehtiyatında yerləşdirir:

4.3.1. ekspert təşkilatının adı, təşkilati-hüquqi forması, ekspert fəaliyyətinin həyata keçirildiyi ünvanlar;

4.3.2. ekspertin adı, soyadı və atasının adı;

4.3.3. ixtisas attestatının nömrəsi və verilmə tarixi;

4.3.4. ekspertin ekspertizasını aparmaq hüququ olduğu informasiya məhsulunun növü;

4.3.5. verilmiş ixtisas attestatının qüvvədəolma müddətinin dayandırılması və ya ona xitam verilməsi barədə məlumat.

4.4. Reyestrdə olan məlumatların açıqlanması “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

4.5. İxtisas attestatı verilmiş ekspertlər (ekspert təşkilatları) uşaqların zərərli informasiyadan qorunması barədə Azərbaycan Respublikasının qanunvericiliyinə riayət etməyə borcludurlar. Onların fəaliyyətinə nəzarət bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

1. Ekspert təşkilatının adı ____________________________________________________

2. Hüquqi ünvanı____________________________________________________________

3. Əlaqə vasitələri ___________________________________________________________

4. Ekspertlərin sayı __________________________________________________________

5. Ekspertlərin ali təhsili haqqında diplomun rekvizitləri _________________________

6. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarına münasibətdə həmin kvalifikasiyaların tanınması tələb edildiyi halda, kvalifikasiyaların tanınması haqqında şəhadətnamənin nömrəsi _________

7. Ekspertin ekspertizasını aparmaq istədiyi informasiya məhsulunun növü ________

8. “İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi, attestatın qüvvədəolma müddətinin dayandırılması və ya ona xitam verilməsi, ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət Qaydaları”nın 2.6-cı bəndinə əsasən ərizəyə (müraciətə) əlavə edilmiş sənədlərin siyahısı________________________________________________________________

Ekspert təşkilatının rəhbərinin və ya nümayəndəsinin imzası ___________________

Ekspert təşkilatının möhürü ___________________________

________________________________________________________________________________

Ekspert təşkilatının adı___________________________________________________________

________________________________________________________________________________

Ekspertin ekspertizasını aparmaq hüququ olduğu informasiya məhsulunun növü ________

İxtisas attestatının verilməsi tarixi ________________________________

Qüvvədəolma tarixi: müddətsiz

Azərbaycan Respublikasının

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

1. 3 may 2021-ci il tarixli 127 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 may 2021-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 506)

2. 13 mart 2024-cü il tarixli 154 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 mart 2024-cü il, “Xalq” qəzeti, 19 mart 2024-cü il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 331)

3. 22 may 2024-cü il tarixli 274 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 may 2024-cü il, “Xalq” qəzeti, 26 may 2024-cü il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 611)

4. 12 may 2025-ci il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 may 2025-ci il, “Xalq” qəzeti, 16 may 2025-ci il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 5, maddə 507)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver