“Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1310-VQ nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 noyabr tarixli 354 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə Ekspert Şurasının Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş Naziri
Bakı şəhəri, 29 iyul 2020-ci il
1.1. Bu Əsasnamə “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 15.3-cü maddəsinə əsasən hazırlanmışdır və informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə Ekspert Şurasının (bundan sonra – Ekspert Şurası) fəaliyyətini tənzimləyir.
1.2. Qanunun 15.3-cü maddəsinə əsasən Ekspert Şurası informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspert rəyindən razı olmayan hüquqi və ya fiziki şəxslərin (ekspertizanı sifariş edən şəxslərin) şikayətlərinə baxır və bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün tədbirlər görür.
1.3. Ekspert Şurası Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (bundan sonra – Komitə) tərəfindən yaradılır, tərkibinə 3 (üç) müstəqil ekspert və Azərbaycan Respublikası Audiovizual Şuranın, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Komitənin nümayəndələri daxildir.
1.4. Ekspert Şurasının tərkibinə müstəqil ekspert qismində Qanunun 1.0.19-cu maddəsinə əsasən pedaqogika, psixologiya və ya uşaq psixiatriyası sahəsində ali təhsilə malik olan şəxslər daxil edilirlər. Qanunun 13.3-cü maddəsinə əsasən həyat və sağlamlıq əleyhinə ağır və xüsusilə ağır cinayətlər, yaxud şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri və ya ictimai mənəviyyat əleyhinə cinayətlər törətməyə görə məhkum edilmiş şəxslər Ekspert Şurasının tərkibinə müstəqil ekspert qismində daxil edilə bilməzlər.
1.5. Ekspert Şurası öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununu, digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
1.6. Ekspert Şurası öz fəaliyyətini qanunçuluq, kollegiallıq və qərəzsizlik prinsipləri əsasında qurur.
1.7. Ekspert Şurası ictimai əsaslarla fəaliyyət göstərir.
2.1. Ekspert Şurasının vəzifələri aşağıdakılardan ibarətdir:
2.1.1. Ekspert Şurasına daxil olan şikayətlər üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparmaq və müvafiq qərar qəbul etmək;
2.1.2. Ekspert Şurasının qəbul etdiyi qərarın icrasına nəzarət etmək;
2.1.3. Ekspert Şurasında baxılan şikayətlərin uçotunu aparmaq, onları təhlil etmək, ümumiləşdirmək və Komitənin rəhbərinə arayışlar təqdim etmək;
2.1.4. yaş təsnifatının aparılması məqsədilə informasiya məhsulunun ekspertizasının aparılmasında pozuntulara yol vermiş ekspertlər barədə Komitəyə məlumat vermək;
2.1.5. fəaliyyəti zamanı uşaqların mənafelərini üstün tutmaq, onların hüquq və azadlıqlarını təmin etmək;
2.1.6. informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün tədbirlər görmək;
2.1.7. Ekspert Şurasının qəbul etdiyi qərarlarla bağlı izahat vermək;
2.1.8. Ekspert Şurasında baxılan məsələlərə qərəzsiz yanaşmaq;
2.1.9. icra intizamına ciddi əməl etmək.
3.1. Ekspert Şurasının hüquqları aşağıdakılardan ibarətdir:
3.1.1. şikayət vermiş şəxslərin iştirakı ilə araşdırma aparmaq, onlardan izahat almaq;
3.1.2. Ekspert Şurasına daxil olan şikayətlərin araşdırılması zamanı aşkar olunmuş nöqsanların və pozuntuların aradan qaldırılması ilə bağlı səlahiyyətlərinə uyğun olaraq Azərbaycan Respublikası Audiovizual Şuranın, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Komitənin vəzifəli şəxsləri qarşısında məsələ qaldırmaq və nəticəsi barədə məlumat almaq;
3.1.3. təhlillər və ümumiləşdirmələr aparmaq, şikayətlərin araşdırılması zamanı aşkar edilmiş nöqsanların, çatışmazlıqların aradan qaldırılması ilə bağlı təkliflər vermək;
3.1.4. Ekspert Şurasının qərarlarının yerinə yetirilməsinin monitorinqini aparmaq və buna nəzarət etmək, habelə nöqsanların aradan qaldırılması üzrə tədbirlər görmək;
3.1.5. Ekspert Şurasının fəaliyyətinə mütəxəssisləri cəlb etmək;
3.1.6. müraciət olunduqda, informasiya məhsulunun istehsalçısına və ya yayıcısına, ekspert təşkilatına informasiya məhsulunun yaş kateqoriyasına aid edilməsi ilə bağlı tövsiyələr vermək;
3.1.7. informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə qabaqcıl təcrübəni öyrənmək;
3.1.8. Ekspert Şurasına daxil olan şikayətlərin ətraflı araşdırılması məqsədilə ekspertə sorğular göndərmək.
4.1. Ekspert Şurasının tərkibi Komitə tərəfindən təsdiq edilir.
4.2. Ekspert Şurasının tərkibi sədrdən, üzvlərdən və katibdən ibarətdir.
4.3. Komitənin rəhbər vəzifəli şəxsi Ekspert Şurasına sədrlik edir.
4.4. Ekspert Şurasının fəaliyyətinin təşkili və vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar sədr aşağıdakıları həyata keçirir:
4.4.1. Ekspert Şurasının katibini təyin edir;
4.4.2. Ekspert Şurasının iclaslarının gündəliyinə çıxarılan məsələləri müəyyənləşdirir;
4.4.3. Ekspert Şurasının iclaslarına sədrlik edir;
4.4.4. Ekspert Şurasının qərarlarını imzalayır;
4.4.5. Ekspert Şurasını təmsil edir;
4.4.6. Ekspert Şurasının qərarlarının icrası ilə əlaqədar müvafiq orqanlara müraciət edir.
4.5. Ekspert Şurasının üzvləri aşağıdakı hüquqlara malikdir:
4.5.1. iclasda səs vermək hüququ ilə iştirak etmək;
4.5.2. iclasın keçirilməsi və iclasda baxılan məsələlər barədə əvvəlcədən məlumatlandırılmaq;
4.5.3. Ekspert Şurasına daxil olan şikayətlərlə əlaqədar lazımi məlumatlar əldə etmək;
4.5.4. iclasda çıxışlar etmək, müzakirələrdə iştirak etmək;
4.5.5. Ekspert Şurasına daxil olan şikayətlərlə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparmaq;
4.5.6. Ekspert Şurasına daxil olan şikayətlərlə əlaqədar münasibət bildirmək, rəy və təkliflər vermək;
4.5.7. Ekspert Şurasının iclasının protokolu ilə tanış olmaq və protokola qeydlər təklif etmək;
4.5.8. Ekspert Şurasının qərarı ilə razılaşmadıqda, bu barədə özünün əsaslandırılmış xüsusi rəyini yazılı şəkildə təqdim etmək;
4.5.9. Ekspert Şurasının səlahiyyətlərinə aid məsələlər barədə təkliflər vermək.
4.6. Ekspert Şurasının katibi:
4.6.1. Ekspert Şurasına daxil olan müraciətlərlə əlaqədar təşkilati tədbirləri həyata keçirir;
4.6.2. Ekspert Şurasına daxil olan şikayətləri bu Əsasnamənin tələblərinə uyğunluğu baxımından yoxlayır, onlar müvafiq tələblərə uyğun olduğu halda iş üzrə bütün zəruri sənədləri (materialları) Ekspert Şurasının sədrinə və rəy verilməsi üçün Şuranın digər üzvlərinə göndərir;
4.6.3. bu Əsasnamənin 4.6.2-ci yarımbəndinə əsasən təqdim edilmiş rəyləri ümumiləşdirir və Ekspert Şurasının sədri ilə razılaşdırmaqla, Ekspert Şurasının iclaslarını təşkil edir;
4.6.4. Ekspert Şurasının iclaslarının keçirilməsinin vaxtı barədə Ekspert Şurasının üzvlərinə iclasa ən azı 3 (üç) iş günü qalmış məlumat verir;
4.6.5. Ekspert Şurasının iclaslarının protokolunu tərtib edir;
4.6.6. Ekspert Şurasının qərarlarının aidiyyəti üzrə göndərilməsini təmin edir;
4.6.7. Ekspert Şurasında baxılan şikayətlərin uçotunu aparır, onları təhlil edir, ümumiləşdirir və nəticəsi barədə Ekspert Şurasının sədrinə illik arayışlar (hesabatlar) hazırlayır;
4.6.8. Ekspert Şurasının sədrinin göstərişlərini icra edir;
4.6.9. Ekspert Şurasının fəaliyyəti ilə bağlı sənədlərin saxlanılmasını təmin edir.
4.7. Bu Əsasnamənin 4.6.2-ci yarımbəndində nəzərdə tutulan rəylər 5 (beş) iş günündən gec olmayaraq təqdim edilməlidir. Təqdim edilən rəylər əsaslandırılmalı, aydın və birmənalı şəkildə ifadə olunmalıdır.
5.1. Şikayət yazılı (o cümlədən, elektron) formada tərtib edilir. Şikayətdə aşağıdakı məlumatlar göstərilir:
5.1.1. ünvanlandığı qurumun – Ekspert Şurasının adı;
5.1.2. şikayətçinin adı, soyadı, atasının adı, yaşayış yeri və ya olduğu yer (hüquqi şəxsin adı və hüquqi ünvanı);
5.1.3. şikayət edilən ekspert rəyini hazırlamış ekspertin soyadı, adı, atasının adı, işlədiyi ekspert təşkilatının adı, ünvanı;
5.1.4. şikayət edilən ekspert rəyinin tarixi;
5.1.5. şikayət edilən ekspert rəyinin surəti;
5.1.6. şikayətin məzmunu və şikayətçinin tələbi (tələbləri);
5.1.7. şikayətə əlavə edilmiş sənədlərin siyahısı.
5.2. Şikayət müraciət edən tərəfindən imzalanır.
5.3. Hüquqi şəxs tərəfindən təqdim olunan şikayətlərə həmin hüquqi şəxsin möhürü vurulmalıdır.
5.4. Şikayət bu Əsasnamənin 5.1-ci, 5.2-ci və 5.3-cü bəndlərində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə, şikayət daxil olduqdan sonra 5 (beş) iş günü müddətində yol verilmiş nöqsanlar şikayətçinin nəzərinə çatdırılmaqla, işçi qaydada aradan qaldırılır. Həmin nöqsanlar vaxtında aradan qaldırılmadıqda və ya şikayət üzrə məhkəmənin qərarı olduqda, şikayət baxılmamış saxlanılır və bu Əsasnamənin 5.5-ci bəndinə uyğun olaraq müvafiq tədbir görülür.
5.5. Ekspert Şurasında mahiyyəti üzrə baxılmış şikayət üzrə şikayətçiyə qəbul olunmuş qərar, mahiyyəti üzrə baxılmamış müraciət üzrə isə müraciət etmiş şəxsə əsaslandırılmış cavab göndərilir.
5.6. Ekspert Şurasına şikayət ekspert rəyinin təqdim edildiyi tarixdən 30 (otuz) gün müddətində verilə bilər.
6.1. Ekspert Şurasının iclası onun üzvlərinin azı üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir.
6.2. Ekspert Şurasının iclası şikayət baxılmaq üçün hazır olduqda, habelə Ekspert Şurası sədrinin və ya üzvlərinin təşəbbüsü ilə keçirilir.
6.3. Ekspert Şurasının hər bir iclasının reqlamenti müzakirə olunacaq müraciətlərdən asılı olaraq Ekspert Şurasının sədri tərəfindən müəyyənləşdirilir.
6.4. Şikayətçilərin Ekspert Şurasının iclasında iştirak etmək hüququ vardır. İclasa müvafiq sahələr üzrə mütəxəssislər dəvət edilə bilər.
6.5. Ekspert Şurasının iclasında qərarlar açıq səsvermə yolu ilə iclasda iştirak edən üzvlərin sadə səs çoxluğuna əsasən qəbul edilir. Səslər bərabər olduqda, Ekspert Şurası sədrinin səsi həlledici sayılır. Şuranın sədri axırıncı səs verir.
6.6. Ekspert Şurasının iclasında şikayətlə müraciət etmiş şəxslərin səlahiyyətli nümayəndəsi iştirak etdikdə, nümayəndənin səlahiyyətini təsdiq edən sənədin əsli (və ya surəti) katibə təqdim edilməlidir.
6.7. Ekspert Şurasının iclasları protokolla rəsmiləşdirilir və Ekspert Şurasının sədri və katibi tərəfindən imzalanır.
6.8. Ekspert Şurasının iclasının protokolunda aşağıdakılar göstərilməlidir:
6.8.1. iclasın keçirildiyi tarix və yer;
6.8.2. iclasa sədrlik və iclasda iştirak edən Ekspert Şurası üzvlərinin, katibin, şikayətlə müraciət etmiş şəxslərin və (və ya) onların səlahiyyətli nümayəndələrinin adları, soyadları və atalarının adları;
6.8.3. gündəliyə daxil edilmiş şikayətin predmeti, qısa məzmunu və əsasları;
6.8.4. Ekspert Şurasının iclasında çıxış edən şəxslərin çıxışları;
6.8.5. Ekspert Şurasının daxil olmuş şikayətlə bağlı gəldiyi nəticələr, aidiyyəti hüquqi aktlara istinad;
6.8.6. Ekspert Şurasının qərarı.
7.1. Ekspert Şurası informasiya məhsulunun yaş təsnifatının aparılmasına dair ekspert rəyindən razı olmayan hüquqi və ya fiziki şəxslərin şikayətləri üzrə aşağıdakı qərarlardan birini qəbul edir:
7.1.1. ekspert rəyi dəyişdirilmədən saxlanılsın;
7.1.2. ekspert rəyi ləğv edilərək, Ekspert Şurası tərəfindən şikayətin predmeti olan informasiya məhsulunun aid olduğu yaş kateqoriyası müəyyən edilsin;
7.1.3. ekspert rəyində dəyişikliklər edilsin.
7.2. Ekspert Şurasının qərarı əsaslandırılmış şəkildə tərtib olunmalı və işin bütün hallarını özündə əks etdirməlidir.
7.3. Ekspert Şurasının qərarının 1 (bir) nüsxəsi şikayətçiyə göndərilir.
7.4. Ekspert Şurasının qərarı qəbul edildiyi andan qüvvəyə minmiş hesab edilir.
7.5. Ekspert Şurasının qərarından məhkəmə qaydasında şikayət verilə bilər.
1. 18 may 2022-ci il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 may 2022-ci il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 557)
2. 7 iyun 2023-cü il tarixli 189 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 iyun 2023-cü il, “Xalq” qəzeti, 10 iyun 2023-cü il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 6, maddə 852)
3. 13 mart 2024-cü il tarixli 154 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 mart 2024-cü il, “Xalq” qəzeti, 19 mart 2024-cü il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 331)