Qanunvericilik › “İnsan alveri cinayəti qurbanlarının insan alverinə qarşı mübarizə üzrə xüsusi polis qurumuna təhvil verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 01.02.2008) › Tam mətn

“İnsan alveri cinayəti qurbanlarının insan alverinə qarşı mübarizə üzrə xüsusi polis qurumuna təhvil verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 01.02.2008)

“İnsan alveri cinayəti qurbanlarının insan alverinə qarşı mübarizə üzrə xüsusi polis qurumuna təhvil verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 01.02.2008) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 6 may tarixli 208 nömrəli Sərəncamının 3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “İnsan alveri cinayət qurbanlarının insan alverinə qarşı mübarizə üzrə xüsusi polis qurumuna təhvil verilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 1 fevral 2008-ci il

1. Bu Qaydalar “İnsan Alverinə Qarşı Mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 6 may tarixli 208 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı”nın müddəalarına uyğun olaraq hazırlanmışdır, dövlət və qeyri-dövlət qurumları tərəfindən insan alveri cinayətinin qurbanı olmuş şəxslərin və ehtimal edilən qurbanların insan alverinə qarşı mübarizə üzrə xüsusi polis qurumuna (bundan sonra – xüsusi polis qurumu) təhvil verilməsi mexanizmlərini tənzimləyir.

2. İnsan alveri cinayətinin qurbanlarını müəyyən edən qurumlar ilk növbədə onların təhlükəsizliyini, şəxsiyyətinin anonimliyini və barələrində əldə edilmiş məlumatların konfidensiallığını təmin etməlidirlər.

3. İnsan alveri cinayətinin qurbanlarını müəyyən edən qurumlarda həmin şəxslərin ərizə və müraciətlərini qeydiyyatı məxfilik rejiminə riayət olunmaqla, xüsusi jurnalda aparılır.

4. İnsan alveri cinayətinin qurbanlarını və ehtimal olunan qurbanları müəyyən etmiş qurumlar onlara qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarını izah etməli, təhvil veriləcəkləri qurum, həmin qurumun səlahiyyətləri, eləcə də sonrakı mümkün prosessual hərəkətlər barədə məlumat verməlidirlər.

5. 16 yaşınadək olan şəxslərin və əqli cəhətdən zəiflik əlamətləri olan yetkinlik yaşına çatmayanların insan alverinin qurbanları və ya ehtimal edilən qurbanlar olmalarının müəyyənləşdirilməsi ilə bağlı aparılan araşdırmalarda müvafiq olaraq pedaqoqun, yaxud psixoloqun iştirakı ilə təmin edilməlidir.

6. Şəxsin insan alverindən zərər çəkməsi ehtimal olunduqda, yaxud insan alveri cinayətinin hazırlanması və ya törədilməsi digər qurumlar tərəfindən aşkar edildikdə, insan alveri qurbanlarının təhlükəsizliyinin təmin edilməsi, onlara peşəkar yardım göstərilməsi, insan alverinə qarşı mübarizə sahəsində məlumatların vahid mərkəzdə cəmlənməsi və qorunması məqsədi ilə bu barədə xüsusi polis qurumuna dərhal məlumat verilməlidir.

7. İnsan alveri cinayətinin qurbanları və ehtimal olunan qurbanları müəyyən edildikdən sonra onların müraciətləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilərək, 24 saatdan gec olmayaraq şəxsin xüsusi polis qurumuna təhvil verilməsi üçün təxirəsalınmaz tədbirlər görülməklə, onun müvafiq sənədləri həmin quruma təqdim edilir və lazımi köməklik göstərilir.

8. İnsan alveri cinayəti qurbanlarının və ehtimal olunan qurbanların müəyyən edilməsi və xüsusi polis qurumuna təhvil verilməsi prosesində onların hüquq və azadlıqları pozulmamalı, şərəf və ləyaqətinə toxunan hərəkətlərə yol verilməməli, hər biri ilə nəzakətlə davranılmalıdır.

9. İnsan alveri cinayətinin qurbanları və ehtimal olunan qurbanlar və onlar barədə müvafiq sənədlər yalnız xüsusi polis qurumunun növbətçisinə təhvil verilir.

10. İnsan alveri qurbanlarının və ya ehtimal edilən qurbanların başqa polis qurumuna, yaxud hüquq-mühafizə orqanına təhvil verilməsi qadağandır.

11. Xüsusi polis qurumunda insan alveri cinayətinin qurbanlarını və onların müvafiq sənədlərini təhvil verən və qəbul edən şəxslər barədə qeydiyyat aparılır.

12. İnsan alverinə qarşı mübarizə üzrə xüsusi polis qurumu tərəfindən aparılmış araşdırmanın nəticələrinə dair insan alveri cinayətinin qurbanlarını və ehtimal edilən qurbanları təhvil vermiş müvafiq quruma məlumat verilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver