Qanunvericilik › İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 12

Maddə 12. Həkim-transplantoloqun vəzifələri

İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

12.1. Donor orqanın donordan resipiyentə transplantasiyası, transplantasiyadan sonra resipiyentin müalicə və müşahidəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi tələblərə cavab verən və bu Qanunun 13.2.10-cu maddəsində nəzərdə tutulan həkim-transplantoloqların reyestrinə daxil edilmiş şəxslər tərəfindən həyata keçirilir.

12.2. Həkim-transplantoloqun vəzifələri aşağıdakılardır:

12.2.1. canlı donoru və resipiyenti hərtərəfli müayinə etmək, transplantasiyaya göstəriş və əks-göstərişlərin olub-olmamasını müəyyən etmək, transplantasiyaya hazırlığı, transplantasiyanı və transplantasiyadan sonrakı müşahidəni həyata keçirmək;

12.2.2. transplantasiya və onun mümkün nəticələri barədə resipiyentə ətraflı məlumat vermək;

12.2.3. canlı donora transplantasiyanın mahiyyəti və mümkün ağırlaşmalar haqqında ətraflı məlumat vermək;

12.2.4. donor ailəli olduqda arvadını (ərini) bu barədə məlumatlandırmaq.

12.3. Həkim-transplantoloq aşağıdakı hallarda transplantasiyanın həyata keçirilməsindən imtina etməlidir:

12.3.1. canlı donorun məlumatlandırılmış razılığı olmadıqda və ya donor hər hansı bir mərhələdə donor olmaqdan imtina etdikdə;

12.3.2. resipiyentin əsas xəstəliyi və ümumi vəziyyəti transplantasiya üçün uyğun olmadıqda;

12.3.3. donorun sağlamlığı transplantasiyaya uyğun olmadıqda;

12.3.4. bu Qanunun 18.1-ci maddəsinə uyğun olaraq canlı və ya meyit donorda resipiyentə keçə bilən təhlükəli xəstəlik olduqda;

12.3.5. canlı donorla resipiyent arasında donor orqanın alqı-satqısına dair əsaslandırılmış məlumat olduqda;

12.3.6. bu Qanunun 16.6-cı və 18.4-cü maddələrində nəzərdə tutulan hallarda.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver