Qanunvericilik › İnvestisiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 14

Maddə 14. İnvestisiya gəlirlərinin köçürülməsinə dair təminatlar

İnvestisiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

14.1. Bu Qanunun 14.3-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, investisiya gəlirlərinin “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sərbəst dönərli valyutada Azərbaycan Respublikasından xaricə təxirə salınmadan və sərbəst köçürülməsinə təminat verilir.

14.2. Bu Qanunun 14.1-ci maddəsinə uyğun olaraq xaricə sərbəst şəkildə köçürülən məbləğlərə aşağıdakılar daxildir:

14.2.1. mənfəət, dividendlər, faizlər, royaltilər və digər gəlirlər;

14.2.2. investisiyanın tam və ya qismən satışından və ya digər şəkildə özgəninkiləşdirilməsindən, yaxud investisiya fəaliyyətinə tam və ya qismən xitam verilməsindən irəli gələn qazanc;

14.2.3. kompensasiya və zərərin ödənilməsi üzrə məbləğlər;

14.2.4. əməkçi miqrantların investisiya ilə əlaqədar əldə etdikləri qazanc;

14.2.5. bu Qanunla qadağan olunmayan digər ödəmələr.

14.3. Köçürmələr müflisləşmə və iflas sahəsində kreditorların hüquqlarının müdafiəsi, cinayət və ya inzibati məsuliyyətdən irəli gələn, habelə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, o cümlədən hədəfli maliyyə sanksiyalarının tətbiqi, vergi və digər dövlət ödənişlərinin ödənilməsi, məhkəmə qərarlarının icrası sahəsində normativ hüquqi aktların tələblərinə uyğun olaraq ayrı-seçkiliyə və qərəzliliyə yol verilmədən təxirə salına və ya məhdudlaşdırıla bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver