Qanunvericilik › İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9-1

Maddə 9-1. Vençur kapitalı fonduna dair ümumi müddəalar

İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9-1.1. Vençur kapitalı fondunun nizamnaməsində və ya onun təsis sənədlərində fondun fəaliyyətinin müstəsna predmetinin cəlb edilən vəsaitlərinin 70 faizindən az olmayan hissəsinin bu Qanunun 9-1.3-cü maddəsində göstərilən məqsədlərə yatırılmasından ibarət olduğu göstərilməlidir. Qalan vəsait likvidliyin idarə edilməsi məqsədilə digər maliyyə alətlərinə yatırıla bilər.

9-1.2. Vençur kapitalı fondları bu Qanunun II-I fəslinə uyğun olaraq azad hesabatlı vençur kapitalı fondu və ya lisenziyalaşdırılan vençur kapitalı fondu rejimində fəaliyyət göstərirlər. Vençur kapitalı fondu məhdud məsuliyyətli cəmiyyət, qapalı səhmdar cəmiyyəti, kommandit ortaqlığı və ya qapalı paylı investisiya fondu formasında yaradıla bilər. Vençur kapitalı fondu sahibkarlıq fəaliyyətinin digər növləri ilə məşğul ola bilməz.

9-1.3. Vençur kapitalı fondu investorlardan cəlb olunmuş pul vəsaitlərinin yalnız rəqəmsal texnologiyaların və innovasiya məhsulunun (iqtisadi və ya sosial səmərə əldə etmək məqsədilə yeni yaradılmış və ya təkmilləşdirilmiş məhsul (iş, xidmət), texnoloji proses, həmçinin ictimai münasibətlərin müxtəlif sahələrində (təşkilati-texniki, maliyyə-iqtisadi və digər sahələrdə) tətbiq edilən inzibati, kommersiya, texnoloji və digər xarakterli yeniliklər) hazırlanması, istehsalı və təkmilləşdirilməsini həyata keçirən, mikro, kiçik və orta sahibkarlıq subyekti olan, habelə Azərbaycan Respublikasında “Startap” şəhadətnaməsini və ya texnologiyalar parkının və texnoloji biznes inkubatorunun və ya sənaye və azad iqtisadi zonaların qeydiyyat şəhadətnaməsini alan sahibkarların innovativ layihələrinə bu Qanunla müəyyən edilmiş qaydada yatırılması ilə məşğul olur.

9-1.4. Vençur kapitalı fondunun borc götürməsinə dair məhdudiyyətlər fondun rejimindən asılı olaraq aşağıdakı kimi müəyyən edilir:

9-1.4.1. azad hesabatlı vençur kapitalı fondu yalnız qısamüddətli likvidlik ehtiyaclarını (investisiyaların maliyyələşdirilməsi və ya əməliyyat xərclərinin ödənilməsi) ödəmək məqsədilə borc götürə bilər. Ümumi borc öhdəlikləri fondun ümumi kapital öhdəliklərinin (cəlb edilmiş və ödənilməmiş kapital öhdəliklərinin cəmi) 30 faizindən çox, hər borcun müddəti isə 12 aydan artıq ola bilməz;

9-1.4.2. lisenziyalaşdırılan vençur kapitalı fondu aktivlərinin 10 faizini keçməyən məbləğdə və üç aydan artıq olmayan müddətə borc götürə bilər.

9-1.5. Lisenziyalaşdırılan vençur kapitalı fondunun nizamnamə (şərikli) kapitalının minimum miqdarı və nizamnamə (şərikli) kapitalının formalaşdırması qaydaları Mərkəzi Bank tərəfindən müəyyən edilir.

9-1.6. Vençur kapitalı fondunun pay mülkiyyətçilərinin (səhmdarlarının) reyestri mərkəzi depozitar tərəfindən aparılır.

9-1.7. Vençur kapitalı fondu ildə azı bir dəfə idarə edilən aktivlərin həcmini hesablamalıdır. İdarə edilən aktivlərin həcminin hesablanması qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir.

9-1.8. Vençur kapitalı fondu öz investisiyalarını Azərbaycan Respublikasında, həmçinin “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasından kənarda həyata keçirə bilər.

9-1.9. Vençur kapitalı fondu tərəfindən hüquqi şəxs təsis edildikdə, 5 iş günü müddətində Mərkəzi Banka məlumat verir.

9-1.10. Vençur kapitalı fondunun fəaliyyət müddətinin uzadılması, idarəçisinin dəyişdirilməsi, habelə idarəçi tərəfindən əvvəlki fondun fəaliyyət müddəti bitdikdən və ya kapitalının (fondun təsis sənədlərində və ya idarə edilməsi qaydalarında müəyyən edilmiş hissəsinin) investisiya edilməsindən sonra yeni varis vençur kapitalı fondunun təsis edilməsi məhdudiyyətləri bu Qanunun tələbləri nəzərə alınmaqla fondun nizamnaməsi, paylı investisiya fondunun idarə edilməsi qaydaları və (və ya) investisiya bəyannaməsi ilə müəyyən edilir. Vençur kapitalı fondunun fəaliyyət müddətinin uzadılması və idarəçinin dəyişdirilməsi investorların (səhmdarların, pay mülkiyyətçilərinin, iştirakçıların) razılığı əsasında həyata keçirilir. Bu maddədə göstərilən hallar baş verdikdə bu barədə 5 (beş) iş günü müddətində Mərkəzi Banka yazılı məlumat verilməlidir.

9-1.11. Yeni varis vençur kapitalı fondu bu Qanunla müəyyən edilmiş qaydada Mərkəzi Bank tərəfindən reyestrdə qeydə alınmalı və ya lisenziya almalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver