Qanunvericilik › “İnvestisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsinə və investisiya fondlarının idarə edilməsinə dair ixtisas şəhadətnamələrinin alınması məqsədilə attestasiya keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 31.01.2024) › Tam mətn

“İnvestisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsinə və investisiya fondlarının idarə edilməsinə dair ixtisas şəhadətnamələrinin alınması məqsədilə attestasiya keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 31.01.2024)

“İnvestisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsinə və investisiya fondlarının idarə edilməsinə dair ixtisas şəhadətnamələrinin alınması məqsədilə attestasiya keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 31.01.2024) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasının “Qiymətli kağızlar bazarı haqqında” Qanununun 43.5-ci, “İnvestisiya fondları haqqında” Qanununun 48.1.6-cı və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanununun 22.1.17-ci maddələrinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti

1. “İnvestisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsinə və investisiya fondlarının idarə edilməsinə dair ixtisas şəhadətnamələrinin alınması məqsədilə attestasiya keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qayda 1 iyul 2024-cü il tarixdən qüvvəyə minsin.

3. Hüquq departamentinə tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

1.1. Bu Qayda Azərbaycan Respublikasının “Qiymətli kağızlar bazarı haqqında” Qanununun (bundan sonra - Qanun) 43.5-ci və “İnvestisiya fondları haqqında” Qanununun 48.1.6-cı maddələrinə uyğun olaraq hazırlanmışdır və qiymətli kağızlar bazarında investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsinə və investisiya fondlarının idarə edilməsinə dair ixtisas şəhadətnamələrinin alınması məqsədilə müraciət edən şəxslərin Azərbaycan Respublikasının Mərkəzi Bankında (bundan sonra – Mərkəzi Bank) attestasiyadan keçməsi, o cümlədən ixtisas şəhadətnamələrinin verilməsi və ləğv edilməsi qaydasını müəyyən edir.

1.2. Attestasiya qiymətli kağızlar bazarında investisiya xidmətlərini (əməliyyatlarını) göstərmək və investisiya fondlarının idarə edilməsini həyata keçirmək istəyən fiziki şəxslərin bilik və bacarıqlarının müvafiq olaraq Qanunun 30.3-cü və 30.4.1-ci maddələrində göstərilən investisiya xidmətlərinə (əməliyyatlarına) və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsində göstərilən investisiya fondunun idarə edilməsinə dair tələblərə uyğunluğunu müəyyən etmək məqsədilə keçirilir.

1.3. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq investisiya fondlarının idarə edilməsini həyata keçirən şəxslər bu Qaydanın 2.1.2-ci yarımbəndində nəzərdə tutulmuş ixtisas şəhadətnaməsi almalıdır.

2.1. İnvestisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi üçün bu Qaydaya uyğun olaraq aşağıdakı növ ixtisas şəhadətnaməsi verilir:

2.1.1.1. qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbulu və icra edilməsi;

2.1.1.2. qiymətli kağızların öhdəlik götürmədən yerləşdirilməsi və anderraytinqi;

2.1.1.3. qiymətli kağızların öhdəlik götürməklə yerləşdirilməsi və anderraytinqi;

2.1.1.4. mərkəzi depozitarın və ya fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması;

2.1.1.5. marja ticarəti;

2.1.1.6. müştərinin qiymətli kağız hesablarının idarə edilməsi, o cümlədən qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi, mərkəzi depozitarın üzvü qismində müştərinin qiymətli kağızlarının saxlanması.

2.1.2.1. fərdi investorların portfelinin idarə edilməsi;

2.1.3.1. investisiya məsləhətlərinin verilməsi.

3.1. A növlü ixtisas şəhadətnaməsi üzrə attestasiya proqramına (attestasiya üçün test sualları toplusuna) aşağıdakılar daxildir:

3.1.1. aşağıdakı sahələrə dair normativ hüquqi aktlar:

3.1.1.1. qiymətli kağızlar bazarı;

3.1.1.2. cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, hədəfli maliyyə sanksiyaları;

3.1.1.3. investisiya fondları və onların fəaliyyəti;

3.1.2. aşağıdakı sahələr üzrə nəzəri biliklər:

3.1.2.1. iqtisadi nəzəriyyə;

3.1.2.2. maliyyə hesabatlarının təhlili;

3.1.2.3. maliyyə alətləri;

3.1.2.4. risklərin idarə edilməsi;

3.1.2.5. maliyyə riyaziyyatı.

3.2. B növlü ixtisas şəhadətnaməsi üzrə attestasiya proqramına aşağıdakılar daxildir:

3.2.1. Bu Qaydanın 3.1.1-ci yarımbəndində müəyyən edilmiş sahələrə dair normativ hüquqi aktlar;

3.2.2. aşağıdakı sahələr üzrə nəzəri biliklər:

3.2.2.1. iqtisadi nəzəriyyə;

3.2.2.2. korporativ maliyyə;

3.2.2.3. portfelin idarə edilməsi və bununla bağlı strategiyalar;

3.2.2.4. maliyyə alətləri;

3.2.2.5. alternativ investisiyalar;

3.2.2.6. gəlirliyin qiymətləndirilməsi;

2.2.2.7. maliyyə hesabatlarının təhlili;

3.2.2.8. risklərin idarə edilməsi;

3.2.2.9. maliyyə riyaziyyatı.

3.3. C növlü ixtisas şəhadətnaməsi üzrə attestasiya proqramına aşağıdakılar daxildir:

3.3.1. Bu Qaydanın 3.1.1-ci yarımbəndində müəyyən edilmiş sahələrə dair normativ hüquqi aktlar;

3.3.2. aşağıdakı sahələr üzrə nəzəri biliklər:

3.3.2.1. iqtisadi nəzəriyyə;

3.3.2.2. maliyyə hesabatlarının təhlili;

3.3.2.3. investisiya planlaşdırılması;

3.3.2.4. maliyyə alətləri;

3.3.2.5. risklərin idarə edilməsi;

3.3.2.6. maliyyə riyaziyyatı.

3.4. Namizəd aşağıdakı təşkilatlar tərəfindən təşkil edilən müvafiq proqramları (istənilən səviyyə üzrə) müvəffəqiyyətlə bitirdiyi hallarda bu Qaydanın 3.1.2-ci, 3.2.2-ci və 3.3.2-ci yarımbəndlərində qeyd edilən sahələr üzrə suallardan azad edilir:

3.4.1. ABŞ-nin CFA İnstitutunun “Chartered Financial Analyst” (CFA) proqramı;

3.4.2. ABŞ-nin Qlobal Risk Peşəkarları Assosiasiyasının “Financial Risk Manager” (FRM) proqramı.

4.1. Attestasiyadan keçmək istəyən şəxslər barəsində Mərkəzi Banka aşağıdakı sənədlər təqdim olunur:

4.1.1. attestasiyadan keçmək üçün ərizə;

4.1.2. namizəd tərəfindən doldurulmuş anket (Əlavə 1);

4.1.3. namizədin təhsili haqqında sənədin surəti;

4.1.4. Bu Qaydanın 3.4-cü bəndində qeyd edilən proqramı və ya proqramları müvəffəqiyyətlə bitirməsini təsdiq edən sənəd (olduqda).

4.2. Təqdim edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar olmadıqda, müraciət edildikdən sonra 30 (otuz) təqvim günü ərzində attestasiya Mərkəzi Bankın səlahiyyətli struktur bölməsi tərəfindən təşkil olunur. Attestasiyanın yeri və keçirilmə tarixi haqqında namizədə attestasiyanın keçirilməsinə ən azı 3 (üç) iş günü qalmış Mərkəzi Bank tərəfindən məlumat verilir.

4.3. ttestasiyadan keçmək üçün təqdim edilən sənədlərdə səhvlər və ya çatışmazlıqlar aşkar edildikdə namizədə səhvlərin və ya çatışmazlıqların aradan qaldırılması üçün Mərkəzi Bank tərəfindən 5 (beş) iş günü müddətində məlumat verilir.

4.4. Attestasiya avtomatlaşdırılmış test imtahanı üsulu ilə həyata keçirilir.

4.5. Test tapşırıqlarının hazırlanması və ekspertizası Mərkəzi Bank və (və ya) müqavilə əsasında cəlb edilən fiziki və (və ya) hüquqi şəxslər tərəfindən həyata keçirilir və ekspertizadan keçirilmiş test tapşırıqları Mərkəz Bankın test bankına daxil edilir.

4.6. Bu Qaydanın 4.7-ci bəndi nəzərə alınmaqla ixtisas şəhadətnaməsinin alınması üçün test tapşırıqları 75 (yetmiş beş) sualdan ibarətdir və namizədə hər bir növ üzrə test tapşırıqlarının cavablandırılması üçün 2 (iki) saat vaxt ayrılır.

4.7. Bu Qaydanın 3.4-cü bəndində qeyd edilən hallarda namizədə 35 (otuz beş) sualdan ibarət test tapşırıqları təqdim edilir və ixtisas şəhadətnaməsinin hər bir növü üzrə test tapşırıqlarının cavablandırılması üçün 1 (bir) saat vaxt ayrılır.

4.8. Hər bir test tapşırığı yalnız biri doğru olmaqla 4 (dörd) cavab variantına malikdir.

4.9. Attestasiya suallarının cavabları aşağıdakı qaydada qiymətləndirilir:

4.9.1. düzgün cavab – 3 (üç) bal;

4.9.2. səhv cavab – 1 (mənfi bir) bal;

4.9.3. cavablandırılmadıqda – 0 (sıfır) bal.

4.10. İmtahan zamanı yazılı, elektron və ya digər hər hansı məlumat materiallarından istifadə, həmçinin test tapşırıqlarının məzmunu ilə bağlı başqa şəxslərlə danışmaq qadağandır. Bu tələbə əməl etməyən namizədin imtahan nəticələri ləğv edilir.

4.11. Attestasiyanın nəticələri avtomatlaşdırılmış sistemdən çıxarış formasında dərhal namizədə təqdim edilir.

4.12. Bu Qaydanın 3.4-cü bəndində qeyd edilən hallarda attestasiya üzrə 79 bal, digər hallarda isə 169 bal toplamış namizəd attestasiyadan müvəffəqiyyətlə keçmiş hesab edilir.

4.13. Namizəd üzrlü səbəbdən attestasiyaya gəlmədikdə, bu barədə məlumat attestasiyaya qədər və ya attestasiyanın təyin olunduğu vaxtdan 2 (iki) iş günü müddətində Mərkəzi Banka təqdim edilir. Təqdim edilən məlumat əsasında Mərkəzi Bank 7 (yeddi) iş günü müddətində attestasiyanın vaxtını təyin edir və attestasiyanın keçirilməsinə ən azı 3 (üç) iş günü qalmış bu barədə namizədə məlumat verir.

4.14. Bu Qaydanın 4.13-cü bəndinin məqsədləri üçün üzrlü səbəb dedikdə, namizədin səhhəti ilə bağlı olan, habelə onun iradəsindən asılı olmayaraq baş verən və onun attestasiyada iştirakını istisna edən digər hallar nəzərdə tutulur.

4.15. Attestasiyanın nəticəsindən 7 (yeddi) iş günü ərzində şikayət verilə bilər. Şikayətə Mərkəzi Bankın səlahiyyətli şəxsi tərəfindən 15 (on beş) iş günü ərzində baxılır və müvafiq qərar qəbul olunur. Qəbul olunmuş qərar barədə 2 (iki) iş günü ərzində namizədə məlumat verilir. Namizəd bu qərardan məhkəməyə şikayət verə bilər.

4.16. Attestasiyadan müvəffəqiyyətlə keçməyən namizəd attestasiya günündən 3 (üç) ay sonra, üzrlü səbəb olmadan attestasiyaya gəlməyən namizəd isə attestasiya günündən 4 (dörd) ay sonra attestasiyadan keçmək üçün yenidən müraciət edə bilər.

5.1. Attestasiyadan keçmiş şəxsə 5 (beş) iş günü ərzində müvafiq ixtisas şəhadətnaməsi verilir (Əlavə 2).

5.2. İxtisas şəhadətnaməsi müddətsiz verilir.

5.3. İxtisas şəhadətnamələrinin uçotu Mərkəzi Bank tərəfindən aparılır.

5.4. İnvestisiya şirkəti, xarici investisiya şirkətinin filialı, investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bank və xarici bankın yerli filialı, habelə investisiya fondunun idarəçisi ixtisas şəhadətnaməsinə malik olan şəxslə əmək müqaviləsi bağladıqda və əmək müqaviləsinə xitam verdikdə bu barədə 7 (yeddi) iş günü ərzində Mərkəzi Banka məlumat verməlidir.

5.5. İxtisas şəhadətnaməsi almış şəxs şəhadətnamənin verildiyi və ya müvafiq investisiya şirkəti, xarici investisiya şirkətinin filialı, investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bank və xarici bankın yerli filialı, yaxud investisiya fondunun idarəçisi ilə əmək müqaviləsinə xitam verildiyi gündən etibarən 3 (üç) il (C növlü ixtisas şəhadətnaməsi üzrə 2 (iki) il) ərzində müvafiq şəxslərlə əmək müqaviləsi bağlamadıqda ixtisas şəhadətnaməsi qüvvədən düşmüş hesab edilir.

6.1. Mərkəzi Bank tərəfindən verilmiş ixtisas şəhadətnaməsi aşağıdakı hallarda ləğv edilir:

6.1.1. şəhadətnamə yanlış və ya təhrif olunmuş məlumatların təqdim edilməsi ilə əldə edildikdə;

6.1.2. ixtisas şəhadətnaməsinin sahibi Qanunun 78-ci maddəsi ilə müəyyən edilmiş sui-istifadə hallarına yol verdikdə.

6.2. Mərkəzi Bank tərəfindən ixtisas şəhadətnaməsinin ləğv edilməsi haqqında qərarın qəbulu “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

7.1. Bu Qayda qüvvəyə minənədək A1 və ya A2 növlü, yaxud B1 və ya B2 növlü ixtisas şəhadətnaməsinə malik olan şəxslərin ixtisas şəhadətnamələri bu Qaydanın qüvvəyə mindiyi gündən altı ay müddətində qüvvədə qalır və onlar həmin müddətdə bu Qayda ilə nəzərdə tutulmuş müvafiq olaraq A növlü və ya B növlü ixtisas şəhadətnaməsinin əldə edilməsi üçün müraciət etmədikdə, müvafiq ixtisas şəhadətnaməsi qüvvədən düşmüş hesab edilir.

7.2. Bu Qaydada nəzərdə tutulan bütün məlumatlar müraciət edən şəxsə yazılı qaydada (kağız daşıyıcıda və ya elektron formada) bildiriş vasitəsilə verilir.

Fiziki şəxslər haqqında məlumatlar

Doğum tarixi: (gün, ay, il)

Doğulduğu yer: (ölkə, şəhər, rayon)

Şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumat

Azərbaycan Respublikasının vətəndaşları üçün

Fərdi identifikasiya nömrəsi (bu olmadıqda, şəxsiyyəti təsdiq edən sənədin növü və nömrəsi):

Vətəndaşlığı olmayan şəxslər üçün

Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə verilən şəxsiyyət vəsiqəsinin, yaxud Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqəsinin nömrəsi:

Vaxtının bitdiyi tarix:

Pasport nömrəsi və ya Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqəsinin və ya Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər sərhədkeçmə sənədinin nömrəsi:

Vaxtının bitdiyi tarix:

Azərbaycan Respublikasında qalma müddəti (başlama və bitmə):

Azərbaycan Respublikası ərazisində əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəniz varmı?

Qeydiyyatda olduğu ünvan (şəhər, rayon, ev, küçə göstərilməklə):

Faktiki yaşadığı ünvan (qeydiyyatda olduğu ünvanda yaşamırsa):

Elektron poçt ünvanı:

Təhsili haqqında məlumat

Bitirdiyiniz təhsil müəssisəsinin adı

Ali təhsilin səviyyəsi (bakalavr, magistr, doktorantura)

İş təcrübəsi barədə məlumat

İşəgötürən təşkilatın adı

Müraciət barədə məlumat

İxtisas şəhadətnaməsinin alınması üçün kim tərəfindən müraciət olunur:

Müraciət edilən ixtisas şəhadətnaməsinin növü

Bu tarixədək Azərbaycan Respublikası ərazisində ixtisas şəhadətnaməsi alınması üçün müraciət olunubmu?

İxtisas şəhadətnaməsinin alınması üçün keçirilən attestasiyanın nəticəsi:

______________________________________

Mən aşağıda imza edən, bildirirəm ki, hazırda qiymətli kağızlar bazarında insayd ticarəti və ya sui-istifadə ilə bağlı digər hüquqpozmalar üzrə məsuliyyətə cəlb edilməmişəm, qiymətli kağızlar bazarında müəyyən vəzifəni tutma və ya peşə fəaliyyəti ilə məşğul olma hüququndan məhkəmə qərarı ilə məhrum edilməmişəm.

Bu anketdə olan məlumatların düzgünlüyünü təsdiq edirəm. Əlavə olaraq, anket məlumatlarında baş verən hər hansı dəyişikliklər barədə Mərkəzi Banka məlumat verməyi öhdəmə götürürəm.

_____________________________________________________________________________________

_____________________________________________________________________________________

_____________________________________________________________________________________

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver