41.1. İnzibati icraat zamanı iş üzrə faktiki hallarla bağlı sualları izah etmək üçün inzibati orqan maraqlı şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspert və ya mütəxəssis cəlb edə bilər.
41.2. İnzibati orqan ekspertizanın təyin olunması haqqında qərar qəbul edir və həmin qərarda ekspert rəyinin tələb olunduğu sualların dairəsini (ekspert araşdırmasının predmetini) müəyyənləşdirir.
41.3. Maraqlı şəxslər ekspertiza zamanı araşdırılmalı olan əlavə sualları və bu suallarla bağlı əlavə sənədləri inzibati orqana təqdim etməkdə haqlıdırlar.
İnzibati orqan maraqlı şəxslərin təklif etdikləri sualların rədd edilməsini əsaslandırmağa borcludur.
41.4. Ekspertiza inzibati orqanın qərarı və ya maraqlı şəxslərlə bağlanan müqavilə əsasında məhkəmə ekspertizası idarələrinin ekspertləri və ya özəl məhkəmə ekspertləri tərəfindən keçirilir.
41.5. Azərbaycan Respublikasının qanunvericiliyində başqa müddət nəzərdə tutulmamışdırsa, ekspert ekspertiza təyin edilməsi haqqında inzibati orqanın qərarı məhkəmə ekspertizası idarəsinə daxil olduğu vaxtdan 30 gündən gec olmayaraq yazılı formada rəy verir, onu öz imzası ilə təsdiq edir və dərhal inzibati orqana göndərir.
41.5-1. Ekspertizanın aparılmasını bu Qanunun 41.5-ci maddəsində göstərilən müddətdə təmin etmək mümkün olmadıqda, məhkəmə ekspertizası idarəsinin rəhbəri tərəfindən əsaslandırılmış səbəblər göstərilməklə bu barədə inzibati orqana məlumat verilir. Bu halda inzibati orqan tədqiqatların mürəkkəblik dərəcəsini nəzərə almaqla ekspertizanın aparılması müddətinin uzadılması barədə qərar qəbul edir.
41.6. İnzibati orqanın və ya maraqlı şəxsin tələb etdiyi hallarda ekspert rəylə bağlı əlavə izahat verməyə borcludur.
41.6-1. Mütəxəssis inzibati orqana zəruri kömək göstərilməsi üçün elm, texnika, incəsənət və digər peşə sahəsində xüsusi bilik və bacarığa malik olmalıdır. Lakin mütəxəssisin ifadə etdiyi fikir ekspert rəyini əvəz etmir.
41.7. Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa qayda nəzərdə tutulmamışdırsa, ekspertizanın keçirilməsi, ekspertin və ya mütəxəssisin haqqının ödənilməsi ilə bağlı xərclər inzibati orqanın hesabına ödənilir.
41.8. Maraqlı şəxslər onların mənafelərinə xidmət edə biləcək halların müəyyən edilməsi məqsədilə öz təşəbbüsləri ilə ekspertizanın aparılmasını sifariş vermək üçün məhkəmə ekspertizası idarəsinə və ya özəl məhkəmə ekspertlərinə rəsmi müraciət etmək hüququna malikdirlər.
Maraqlı şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Ekspertizanı sifariş etmiş şəxs ekspertə suallar siyahısını və tədqiqat üçün obyektləri verir.
Ekspert ekspertizanı sifariş etmiş şəxsə müqavilədə göstərilən müddətdə yazılı rəy verir. Maraqlı şəxsin sifarişi ilə aparılmış ekspertiza nəticəsində verilmiş ekspert rəyi inzibati orqan tərəfindən materiallara əlavə edilir və digər sübutlarla yanaşı qiymətləndirilir.