50.1. İnzibati orqan qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, maraqlı şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
50.2. Maraqlı şəxs bu Qanunun 50.1-ci maddəsində göstərilmiş səbəblər aradan qalxdığı vaxtdan ən geci 10 gün müddətində buraxılmış müddətin bərpa olunmasına dair yazılı ərizə ilə inzibati orqana müraciət etməlidir. Ərizəyə müddətin buraxılması səbəbinin üzrlü olduğunu təsdiq edən sənədlər əlavə olunmalıdır.
50.3. İnzibati orqan buraxılmış müddətin bərpa olunmasına dair ərizəyə 5 gün müddətində baxır.
50.4. Müddətin bərpası haqqında ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış hərəkət də edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).
50.5. Qanunla birbaşa qadağan olunmuş hallarda buraxılmış müddətin bərpasına yol verilmir.
50.6. Buraxılmış müddətin bərpa olunmasından imtina edilməsi haqqında inzibati orqanın qərarından maraqlı şəxslər bu Qanunla nəzərdə tutulmuş qaydada şikayət verə bilərlər.