İnzibati mübahisələrə dair işlər üzrə qəbul edilmiş məhkəmə qərarlarının vaxtında və düzgün icrasını təmin etmək, bu sahədə məhkəmə qərarlarının icrasında yaranmış mövcud problemləri vaxtında aradan qaldırmaq, hüquqi müdafiə mexanizmlərinin daha səmərəli və işlək olmasına nail olmaq, eləcə də həmin məsələlərə dair hüquq tətbiqetmə təcrübəsinin vahidliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” 2021-ci il 19 noyabr tarixli 10 nömrəli Qərar qəbul olunmuş və həmin qərarın tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması üzrə Plan təsdiq edilmişdir.
Bu Plana uyğun olaraq sözügedən sahədə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etmək məqsədilə inzibati mübahisələrə dair qəbul edilmiş məhkəmə qərarlarının icrasının təmin edilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş normaların məhkəmələr tərəfindən Plenum qərarında verilmiş izahlar nəzərə alınmaqla tətbiqi vəziyyətinin öyrənilməsi üçün respublikanın bütün inzibati məhkəmələrini və apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyalarını əhatə etməklə 2022-ci ilin 1 yanvar tarixindən 2023-cü ilin 1 yanvar tarixinədək olan dövr ərzində, yəni 1 il müddətində məhkəmələrin fəaliyyətinin monitorinqi həyata keçirilmişdir.
Monitorinqin nəticələrini müzakirə edib “Məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması Qaydası”nın 5.6-cı bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu
“İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il 19 noyabr tarixli 10 nömrəli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələri təsdiq edilsin.
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri
Bakı şəhəri, 19 may 2023-cü il