QanunvericilikAzərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi › Maddə 83

Maddə 83. Şikayətin mümkünlüyü

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər.

83.2. Məhkəmə qərarının yalnız əsaslandırma hissəsi və məhkəmə xərcləri ilə bağlı şikayətə yol verilmir.

83.3. Aşağıdakı məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz:

83.3.1. məhkəmə prosesinin aparılması qaydaları haqqında məhkəmə qərardadlarının (sərəncamlarının);

83.3.2. məhkəmə iclasının vaxtının dəyişdirilməsi, təxirə salınması və ya məhkəmə iclasının vaxtı ilə bağlı müəyyən müddətin təyin olunması haqqında məhkəmə qərardadlarının;

83.3.3. sübutlar haqqında və ya sübutların cəlb olunması barədə vəsatətlərin rədd edilməsi haqqında məhkəmə qərardadlarının;

83.3.4. müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarının;

83.3.5. hakimlərə, məhkəmə tərkiblərinə etirazlar ilə bağlı məhkəmə qərardadlarının;

83.3.6. bu Məcəllənin 21.5-ci, 24.7-ci, 28.4-cü, 54.3-cü, 55.4-cü və 77.2-ci maddələrində nəzərdə tutulmuş hallarda.

83.4. Bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver