QanunvericilikAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi › Maddə 33

Maddə 33. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

33.1. İnzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hallar aşağıdakılar hesab edilir:

33.1.1. səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi;

33.1.2. inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi;

33.1.3. yetkinlik yaşına çatmayanların inzibati xəta törətməyə cəlb edilməsi;

33.1.4. inzibati xətanın yetkinlik yaşına çatmayanlara qarşı törədilməsi;

33.1.5. inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi;

33.1.6. inzibati xətanın təbii fəlakət şəraitində və ya başqa fövqəladə şəraitdə, yaxud hərbi vəziyyət dövründə törədilməsi;

33.1.7. inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi.

33.2. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 33.1.1 - 33.1.7-ci maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz.

33.3. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver