612.1. Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi — on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
612.2. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və ya hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantları arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə, yaxud hədə-qorxu tətbiq etməklə özgənin az miqdarda əmlakını və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə — bir aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: 1. Bu Məcəllənin 612.1-ci maddəsində nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. 2. Bu Məcəllənin 612.2-ci maddəsində “az miqdar” dedikdə, yüz manatdan yuxarı olmayan məbləğ başa düşülür.