Qanunvericilik › İpoteka haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 12

Maddə 12. İpotekanın dövlət qeydiyyatı qaydaları

İpoteka haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

12.1. Daşınmaz əşyanın ipotekasının dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

12.2. Rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanın ipotekası həmin əşyanın dövlət reyestrini aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınır.

12.3. Daşınar əşyanın ipotekasının dövlət qeydiyyatına alınması üçün rəsmi reyestrə ərizə ilə birlikdə aşağıdakı sənədlər təqdim olunur:

12.3.1. ipoteka müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surəti;

12.3.2. qeydiyyat üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd.

12.3-1. Daşınar əşyanın ipotekasının dövlət qeydiyyatına alınması üçün zəruri olan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

12.4. İpoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə, dövlət qeydiyyatı orqanına ipoteka kağızı və onun notariat qaydasında təsdiq edilmiş surəti təqdim edilir.

12.4-1. Daşınmaz əmlak üzərində ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə, dövlət qeydiyyatı orqanı elektron sistem vasitəsilə ipoteka kağızı haqqında məlumatları əldə edir.

12.5. Daşınar əşyanın rəsmi reyestrini aparan orqan ən geci 5 iş günü müddətində daşınar əşyanın ipotekasının dövlət qeydiyyatını aparır və reyestrdən çıxarışı ipoteka saxlayana təqdim edir. Dövlət qeydiyyatı üçün təqdim olunmuş sənədlər dövlət qeydiyyatı orqanında saxlanılır.

12.6. Çıxarışda ipotekanın dövlət qeydiyyatını aparan orqanın adı, qeydiyyatın yeri, anı (tarixi və saatı), qeydiyyat nömrəsi, ipoteka saxlayanı və ipoteka qoyanı tanıtdıran digər məlumatlar və ipoteka predmetinin təsviri göstərilir.

12.7. İpoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə ipoteka kağızında dövlət qeydiyyatını aparan orqanın adı, qeydiyyat anı (tarixi və saatı) və nömrəsi göstərilməklə qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və xüsusi möhürü ilə təsdiq edilir və ipoteka saxlayana qaytarılır.

12.7-1. Daşınmaz əmlak üzərində ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə, ipoteka kağızında dövlət qeydiyyatını aparan orqanın adı, qeydiyyat anı (tarixi və saatı) və nömrəsi göstərilməklə, qeydiyyat orqanının səlahiyyətli şəxsinin elektron imzası ilə imzalanır və ipoteka saxlayana və ipoteka qoyana elektron sistem vasitəsilə bildiriş göndərilir.

12.8. Qeydiyyat orqanı ipoteka haqqında məlumat bazasını yaradaraq məlumatın saxlanılmasını təmin etməlidir. Qeydiyyata alınmış ipoteka müqaviləsinin surəti, ipoteka kağızı verildikdə isə ipoteka kağızının surəti (daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı istisna olmaqla) dövlət qeydiyyatı orqanının arxivində saxlanılır.

12.9. Daşınar əşya üzərində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair rəsmi reyestrdən arayış 3 təqvim günü müddətində hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına verilir.

12.10. Daşınar əşyanın ipotekasının dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəldilməsi barədə maraqlı şəxslərin ərizəsi təqdim edildiyi gündən ən geci 3 iş günü müddətində reyestrdə və ya reyestrdən çıxarışda düzəlişlər aparılır.

12.11. Qeydiyyat orqanı, onun vəzifəli şəxsləri və əməkdaşları qeydiyyat qaydalarının pozulması nəticəsində maraqlı şəxsə vurduqları zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver