“Azərbaycan Respublikasında ipoteka kreditləri sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 sentyabr tarixli 299 nömrəli Fərmanının 5.4-cü bəndinin icrası məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “İpoteka kağızının dövlət qeydiyyatı Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 13 fevral 2006-cı il
1.1. Bu Qaydalar “Azərbaycan Respublikasında ipoteka kreditləri sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 sentyabr tarixli 299 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır və ipoteka kağızının sadələşdirilmiş dövlət qeydiyyatını tənzimləyir.
1.1-1. Bu Qaydalar daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızına şamil edilmir.
1.2. İpoteka kağızının dövlət qeydiyyatı qiymətli kağızların dövlət reyestrində Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank) tərəfindən aparılır.
1.3. Daşınar əşyaların ipoteka hüququnu təsdiq edən ipoteka kağızları barədə məlumatlar (qeydlər) qiymətli kağızların dövlət reyestrində əks etdirilir.
1.4. Yalnız qiymətli kağızlar blanklarının hazırlanması və satışı fəaliyyətinə lisenziya almış mətbəələr tərəfindən çap olunmuş ipoteka kağızları dövlət qeydiyyatına alınır.
2.1. İpoteka kağızının Mərkəzi Bankda dövlət qeydiyyatına alınması üçün ipoteka saxlayanın ərizəsinə aşağıdakı sənədlər əlavə edilir:
2.1.1. daşınar əmlak barədə dövlət reyestrindən çıxarışın surəti;
2.1.2. tərtib edilmiş və imzalanmış ipoteka kağızı (ipoteka kağızını tərtib edən fiziki şəxsin imzası notariat qaydasında təsdiqlənməlidir);
2.1.3. notariat qaydasında təsdiq edilmiş və dövlət qeydiyyatına alınmış ipoteka müqaviləsinin surəti;
2.1.4. qeydiyyat üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd.
2.1-1. İpoteka kağızının dövlət qeydiyyatı üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
2.2. Təqdim olunmuş sənədlərə 3 (üç) iş günü ərzində baxılır. Sənədlərdə çatışmazlıq, uyğunsuzluq və ya hər hansı bir nöqsan aşkar edilmədikdə, ipoteka kağızı dövlət qeydiyyatına alınır. Bu barədə ipoteka kağızının üz tərəfində xüsusi ayrılmış yerdə qeydiyyat orqanının - Mərkəzi Bankın adı, qeydiyyat tarixi və nömrəsi göstərilməklə, səlahiyyətli şəxsi tərəfindən imzalanaraq möhürlə təsdiqlənir və ipoteka saxlayana qaytarılır.
2.3. İpoteka kağızı qanunla nəzərdə tutulan rekvizitləri özündə əks etdirmədikdə və ya qiymətli kağızlara qoyulan tələblərə cavab vermədikdə, qüvvədə olan qanunvericiliyin digər tələblərinə əməl edilmədikdə, Mərkəzi Bank ipoteka kağızının dövlət qeydiyyatına alınmasını bu nöqsanlar aradan qaldırılanadək, habelə ipoteka predmeti barədə məhkəmə mübahisəsi həll olunanadək dayandıra bilər.
2.4. Sənədlər tam təqdim olunmadıqda (bu Qaydaların 2.1-1-ci bəndinin tələbləri nəzərə alınmaqla) və ya ipoteka qoyanın ipoteka predmeti üzərində sərəncam vermək hüququ məhdudlaşdırıldıqda, ipoteka kağızının dövlət qeydiyyatından imtinanın səbəbləri göstərilməklə 2 (iki) iş günü ərzində ipoteka saxlayana yazılı məlumat verilir.
3.1. İpoteka üzrə əsas öhdəliyin mahiyyəti, ölçüsü, icra müddəti dəyişdikdə, ipoteka predmeti dəyişdirildikdə və ya özgəninkiləşdirildikdə, ipoteka kağızında müvafiq dəyişikliklər edilərək ipoteka kağızının əlavə dövlət qeydiyyatı aparılır. İpoteka kağızının əlavə dövlət qeydiyyatının aparılmasına dair ipoteka saxlayanın ərizəsinə aşağıdakı sənədlər əlavə edilir:
3.1.1. ipoteka kağızının əsli;
3.1.2. əlavə dövlət qeydiyyatın aparılmasına səbəb olan əqdin notariat qaydasında təsdiq edilmiş nüsxəsi;
3.1.3. əlavə dövlət qeydiyyatı üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd.
3.1-1. İpoteka kağızının əlavə dövlət qeydiyyatı üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
3.2. İpoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə, verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alınır. İpoteka kağızı üzrə hüquqların verilməsi ipoteka kağızında digər şəxsin xeyrinə verilmə qeydinin (indossamentin) edilməsi və ipoteka kağızının ona verilməsi yolu ilə həyata keçirilir. Verilmə qeydini edən fiziki şəxs olduqda, onun imzası notariat qaydasında təsdiq edilməlidir.
İpoteka kağızı üzrə hüquqlar verilərkən əsas öhdəlik qismən icra olunmuşsa, ipoteka kağızının mülkiyyətçisi bu barədə ipoteka kağızında müvafiq qeyd aparır və əsas öhdəliyin icra olunmamış hissəsi güzəşt edilmiş hesab edilir.
Verilmə qeydində ipoteka kağızı üzrə hüquqların verildiyi şəxsin adı tam və dəqiq göstərilməlidir. İpoteka kağızında hüquq sahibinin adı göstərilmədən indossamentə yol verilmir.
3.3. İpoteka kağızının əlavə dövlət qeydiyyatı 2 (iki) iş günü ərzində Mərkəzi Bank tərəfindən ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrə daxil edilir, ipoteka kağızı üzərində müvafiq qeyd aparılır, səlahiyyətli şəxs tərəfindən imzalanaraq möhürlə təsdiqlənir və ipoteka saxlayana qaytarılır.
3.4. Mərkəzi Bank ipoteka kağızının dövlət qeydiyyatı və əlavə dövlət qeydiyyatı barədə məlumatı 1 (bir) iş günü ərzində ipotekanın qeydiyyat orqanına təqdim edir.
4.1. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsində müəyyən edilmiş hallarda ipoteka saxlayan ipoteka kağızına xitamverildiyi gündən 5 (beş) təqvim günü ərzində Mərkəzi Banka ərizə və ipoteka kağızının əsli təqdim olunmaqla müraciət etməlidir.
4.2. Mərkəzi Bank xitam verilən ipoteka kağızını alan kimi qiymətli kağızların dövlət reyestrində yazılarının ləğv edilməsinə dair qeydləri apardıqdan sonra ipoteka kağızını həmin gün ipotekanın dövlət qeydiyyatını aparan orqana göndərir.
4.3. İpotekanın dövlət qeydiyyatını aparan orqan ipoteka kağızını alan kimi dərhal onun üz tərəfinə “Xitam verilmişdir” ştampı vurmaqla ləğv edir və öz arxivində saxlayır.
5.1. Mərkəzi Bank ipoteka kağızları haqqında məlumat bazasını yaradaraq, məlumatın saxlanılmasını təmin etməlidir.
5.2. Dövlət qeydiyyatına alınmış ipoteka kağızının surəti Mərkəzi Bankın arxivində saxlanılır.
5.3. İpoteka kağızının dövlət qeydiyyatının aparılması qaydalarının pozulmasından inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər.
1. 1 may 2006-cı il tarixli 117 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 461)
2. 16 yanvar 2008-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 1, maddə 39)
3. 6 yanvar 2009-cu il tarixli 1 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 22)
4. 25 fevral 2016-cı il tarixli 93 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 mart 2016-cı il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 614)
5. 23 avqust 2016-cı il tarixli 312 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 avqust 2016-cı il, № 187, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №8, maddə 1449)
6. 6 oktyabr 2016-cı il tarixli 399 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 9 oktyabr 2016-cı il, № 222, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1717)
7. 26 dekabr 2017-ci il tarixli 601 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 dekabr 2017-ci il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, II kitab, maddə 2546)
8. 27 mart 2019-cu il tarixli 124 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 mart 2019-cu il, № 67, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 557)
9. 22 dekabr 2023-cü il tarixli 467 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 dekabr 2023-cü il, “Xalq” qəzeti, 23 dekabr 2023-cü il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, II kitab, maddə 1802)
10. 22 may 2024-cü il tarixli 275 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 may 2024-cü il, “Xalq” qəzeti, 26 may 2024-cü il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 612)