18.0. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə aşağıdakı tələbləri ehtiva edir:
18.0.1. istehlak bazarında satılan malların (xidmətlərin, işlərin), o cümlədən dərman vasitələrinin qablaşdırılmasının, daşınmasının, saxlanmasının və satış şəraitinin sanitar-gigiyenik, ekoloji, texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına, qida məhsullarının isə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olmasına dövlət nəzarətini;
18.0.2. malların (xidmətlərin, işlərin) bəzi növlərinin istehsalına, idxalına və satışına xüsusi razılıq (lisenziya) verilməsini;
18.0.3. məcburi sertifikatlaşdırılmalı olan malların (xidmətlərin, işlərin) müəyyənləşdirilməsi və onlara uyğunluq sertifikatının və (və ya) uyğunluq nişanlarının verilməsini;
18.0.4. dərman vasitələrinin satışı, tibbi xidmətlərin göstərilməsi ilə məşğul olan şəxslərin müvafiq tibbi təhsilinin olmasına nəzarəti;
18.0.5. malların (xidmətlərin, işlərin) mənşəyi, kəmiyyəti və keyfiyyəti, yararlılıq müddəti, satış şərtləri, qiyməti barədə yalan və (və ya) natamam məlumatlar verməklə, yaxud haqsız, qeyri-dəqiq və gizli reklam vasitəsilə satıcılar və (və ya) reklamverici, reklam yaradıcısı, reklam istehsalçısı, reklam yayıcısı, rəqəmsal platforma təsirçisi və reklam agenti tərəfindən istehlakçıların (istifadəçilərin) aldadılmasının qarşısının alınmasını;
18.0.6. həcmi müvafiq qaydada müəyyənləşdirilərək, təsdiq olunmuş maddi və mənəvi zərərin satıcı tərəfindən (istehsalçı, idxalçı, reklam fəaliyyətinin subyekti) alıcıya (istehlakçıya) ödənilməsini;
18.0.7. insanların sağlamlığı, ətraf mühit üçün təhlükəli olan malların (xidmətlərin, işlərin) istehsalının, idxalının və satışının qadağan olunmasını;
18.0.8. istehlakçıların hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı, ictimai birliklərin fəaliyyəti üçün müvafiq şəraitin yaradılmasını.