Qanunvericilik › İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. İcbari sığorta müqaviləsi

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

11.1. İcbari sığorta müqaviləsi yalnız həyat sığortası sahəsi üzrə sığorta fəaliyyətinin həyata keçirilməsinə hüquq verən lisenziyaya və İcbari Sığorta Bürosunun iştirakçısı olmaqla istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə fəaliyyətin həyata keçirilməsinə Mərkəzi Bankın verdiyi icazəyə malik olan sığortaçı tərəfindən bağlanıla bilər.

11.2. Sığortalı bu Qanunun 11.1-ci maddəsində göstərilən tələbləri nəzərə alaraq sığortaçını seçməkdə sərbəstdir. Sığortaçı icbari sığorta müqaviləsini bağlamaqdan imtina edə bilməz.

11.3. İcbari sığorta müqaviləsi elektron sənəd formasında “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 34–1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlanılır. İcbari sığorta müqaviləsinin məzmunu və forması Mərkəzi Bank tərəfindən müəyyən edilir.

11.4. İcbari sığorta müqaviləsi sığorta olunanın və ya faydalanan şəxsin vəziyyətini Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Qanunla müəyyən olunmuş şərtlərlə müqayisədə pisləşdirirsə, sığortaçı sığorta olunan və ya faydalanan şəxs qarşısında bu Qanunla müəyyən olunmuş sığorta təminatı həcmində öhdəlik daşıyır.

11.5. İcbari sığorta müqaviləsi müddətsiz bağlanılır.

11.6. İcbari sığorta müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada qüvvəyə minir.

11.7. İcbari sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:

11.7.1. müqavilə ilinin sonuna azı 30 gün qalmış icbari sığorta müqaviləsinə xitam verilməsi barədə sığortaçının xəbərdar edilməsi şərti ilə sığortalının təşəbbüsü əsasında;

11.7.2. icbari sığorta müqaviləsi üzrə hüquq və vəzifələrinin başqa şəxsə keçməsinin mümkün olmadığı halda fiziki şəxs sığortalı öldükdə, yaxud hüquqi şəxs sığortalı ləğv edildikdə və ya onun fəaliyyətinə xitam verildikdə;

11.7.3. sığortalının sığorta olunanla bağlamış olduğu əmək müqaviləsinə, yaxud mülki-hüquqi müqaviləyə xitam verildiyi halda, həmin sığorta olunana münasibətdə;

11.7.4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 919-cu maddəsində nəzərdə tutulmuş digər hallarda.

11.8. İcbari sığorta müqaviləsinə xitam verilməsi sığortaçını faydalanan şəxsə həmin müqavilənin qüvvədə olduğu dövr ərzində baş vermiş sığorta hadisələri üzrə sığorta ödənişini vermək öhdəliyindən azad etmir.

11.9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 908-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olduqda, sığorta müqaviləsi bağlanıldığı andan etibarsız hesab edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver