Qanunvericilik › İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 16

Maddə 16. Sığorta ödənişi

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

16.1. Bu Qanunun 16.4-1-ci maddəsi nəzərə alınmaqla faydalanan şəxslərə aşağıdakı sığorta ödənişləri verilir:

16.1.1. aylıq sığorta ödənişi;

16.1.2. birdəfəlik sığorta ödənişi;

16.1.3. əlavə sığorta ödənişi.

16.2. Aylıq sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi növbəti müayinə müddəti göstərilməklə müəyyən edildikdə itirilmiş aylıq əmək haqqı əvəzində faydalanan şəxsə verilən pul təzminatıdır.

16.3. Birdəfəlik sığorta ödənişi bu Qanunla müəyyən olunmuş qaydada aylıq sığorta ödənişi məbləğlərinin cəm halda birdəfəlik ödənilməsidir. Birdəfəlik sığorta ödənişi aşağıdakı hallarda verilir:

16.3.1. sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığortaolunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi növbəti müayinə müddəti göstərilmədən müəyyən edildikdə;

16.3.2. sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda;

16.3.3. sığorta hadisəsi nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar aylıq sığorta ödənişini alan sığorta olunan həmin hadisənin birbaşa səbəbi olduğu sağlamlığın pozulması halından öldükdə.

16.4. Əlavə sığorta ödənişi sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunana həmin hadisənin birbaşa səbəbi olduğu hallarla əlaqədar müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzinin ödənilməsinə görə verilən pul təzminatıdır.

16.4-1. Bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanların icbari sığortası üzrə sığorta ödənişinin məbləği və verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

16.5. Bu Qanunun 2-1.2-ci maddəsində nəzərdə tutulan sığortaçı sığorta ödənişini bu Qanunla müəyyən edilmiş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver