18.1. İcbari sığorta müqaviləsi üzrə aylıq sığorta ödənişi sığorta hadisəsi nəticəsində sığorta olunanın əvvəlki peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi gündən verilir.
18.2. Annuitet müqaviləsi üzrə sığorta ödənişi faydalanan şəxsə həmin müqavilədə razılaşdırılmış gündən verilir.
18.3. Birdəfəlik sığorta ödənişi icbari sığorta müqaviləsi üzrə faydalanan şəxslə sığortaçı arasında razılaşmaya əsasən bu Qanunun 17.4-cü maddəsinə uyğun olaraq verilir.
18.4. Əlavə sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanının qərarında müəyyən olunmuş tarixdən və müddət ərzində verilir.
18.5. Əlavə sığorta ödənişi sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın həmin ödənişə aid yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun qanunla nəzərdə tutulmadığı halda verilir.
18.6. Sığorta ödənişinin təyin edilməsi sığortaçı tərəfindən faydalanan şəxsin tələbinə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş siyahıda göstərilən sənədlərə əsasən həyata keçirilir.
18.7. Sığorta ödənişinin təyin edilməsi, verilməsinin dayandırılması və bərpa olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
18.8. Sığortaçı sığorta ödənişi təyin etmək üçün bu Qanunun 18.6-cı maddəsində göstərilən sənədlərdən əlavə digər sənəd tələb edə bilməz.
18.9. Sığorta ödənişini almaq üçün sığorta tələbi və müvafiq sənədlərin təqdim edildiyi tarixdən 10 iş günü ərzində (sığorta olunan öldükdə isə 2 iş günü ərzində) sığortaçı sığorta ödənişinin verilib-verilməməsi barədə qərar çıxarır və bu barədə faydalanan şəxsə rəsmi məlumat verir.
18.10. Sığortaçı bu Qanunun 9.1.2-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının aparılmış müayinənin nəticələri barədə qərarı ilə razı olmadıqda həmin qərarı qanunvericiliyə uyğun olaraq mübahisələndirmək və yeni müayinənin keçirilməsini tələb etmək niyyəti barədə bu Qanunun 18.9-cu maddəsində nəzərdə tutulmuş müddət ərzində faydalanan şəxsə rəsmi məlumat verməlidir.
18.11. Faydalanan şəxs sığorta tələbini sığorta ödənişini almaq hüququ yarandıqdan sonra üç ildən gec təqdim etdikdə sığorta ödənişi bu tələbin verildiyi tarixdən əvvəlki üç il üçün ödənilir. Bu müraciət üç il ərzində edildikdə isə, sığorta ödənişi bu hüququn yarandığı gündən etibarən bütün dövrə şamil edilir.
18.12. Sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı bu Qanunla müəyyən edilmiş qaydada sığorta ödənişinin həyata keçirilməsi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.1-ci maddəsində nəzərdə tutulmuş halda mümkün olmadıqda, İcbari Sığorta Bürosu tərəfindən kompensasiya ödənişi verilir.