2.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.0.1. istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta (bundan sonra – icbari sığorta) – istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta sinfidir;
2.0.2. istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi (bundan sonra – icbari sığorta müqaviləsi) – bu Qanunun 2-1.2-ci maddəsində nəzərdə tutulmuş sığorta olunanlar barəsində icbari sığortanın təmin edilməsi üçün sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta hadisəsi nəticəsində sığortaçının sığorta ödənişini həyata keçirmək öhdəliyini nəzərdə tutan yazılı razılaşma;
2.0.3. sığorta olunan – barəsində bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan icbari sığorta fəaliyyəti həyata keçirilən və ya xeyrinə icbari sığorta müqaviləsi bağlanılmaqla bu Qanunla müəyyən olunmuş hallarda sığorta ödənişi verilməli olan bu Qanunun 3-cü maddəsində göstərilən şəxslər;
2.0.4. sığortalı – bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulmuş sığorta olunanlar üçün sığorta haqqı ödəyən dövlət orqanları, bələdiyyələr, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslər və büdcə təşkilatları, habelə sığorta olunanın xeyrinə icbari sığorta müqaviləsi bağlayan Azərbaycan Respublikasında fəaliyyət göstərən digər hüquqi və fiziki şəxslər;
2.0.5. sığortaçı – bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulmuş sığorta olunanlara münasibətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), bu Qanunun 2-1.2-ci maddəsində nəzərdə tutulmuş sığorta olunanlara münasibətdə isə Azərbaycan Respublikasında həyat sığortası sahəsi üzrə sığorta fəaliyyətini həyata keçirmək üçün lisenziyaya malik olan və İcbari Sığorta Bürosunun iştirakçısı olmaqla istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növünü aparmağa, həmçinin “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda annuitet sığortası aparmağa müvafiq icazə almış kommersiya təşkilatı olan yerli hüquqi şəxs;
2.0.6. faydalanan şəxs – bu Qanuna uyğun olaraq sığorta ödənişi verilməli olan şəxs;
2.0.7. annuitet müqaviləsi – bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada müvafiq icazə almış sığortaçı və faydalanan şəxs arasında bağlanılan, həmin faydalanan şəxsin xeyrinə dövri sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan sığorta müqaviləsi;
2.0.8. müqavilə ili – icbari sığorta müqaviləsinin qüvvədə olduğu birinci il və həmin müqavilənin qüvvədə olduğu bütün dövr ərzində tamam olan hər növbəti il;
2.0.8-1. büdcə ili – yanvar ayının 1-dən dekabr ayının 31-dək olan bir illik dövr;
2.0.9. istehsalat – fiziki şəxsin işləri, xidmətləri (bundan sonra – əmək funksiyalarını) haqqı ödənilməklə yerinə yetirdiyi iş yeri;
2.0.10. istehsalatda bədbəxt hadisə – sığorta olunanın əmək funksiyalarını yerinə yetirərkən bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halı;
2.0.11. peşə xəstəliyi – əlverişsiz və zərərli istehsalat amillərinin sığorta olunanın orqanizminə təsiri nəticəsində baş verən xroniki və ya kəskin xəstəlik;
2.0.12. sığorta hadisəsi – istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində (bu Qanunun 2-1.2-ci maddəsində nəzərdə tutulmuş sığorta olunanlara münasibətdə icbari sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində) sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi, yaxud ölümü ilə əlaqədar bu Qanuna görə sığorta ödənişinin faydalanan şəxsə ödənilməsi üçün əsas olan hal;
2.0.13. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı maddi itkilərin bərpası məqsədilə faydalanan şəxsə verilən pul təzminatı;
2.0.14. sığorta haqqı – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş hallarda və qaydada, habelə icbari sığorta müqaviləsi üzrə risklərin qəbul edilməsi müqabilində sığortalı tərəfindən sığortaçıya ödənilməli olan pul məbləği;
2.0.15. sığorta məbləği – sığortaçının bu Qanunun 14.4-cü maddəsinə uyğun olaraq və ya icbari sığorta müqaviləsi ilə müəyyən olunmuş öhdəliyinin son həddi;
2.0.16. annuitet haqqı – bu Qanuna uyğun olaraq annuitet müqaviləsi bağlanıldığı hallarda faydalanan şəxsə dövri sığorta ödənişlərinin ödənilməsi öhdəliyi müqabilində annuitet müqaviləsi üzrə sığortaçıya ödənilən pul məbləği;
2.0.17. sığorta tarifi – sığorta haqqının hesablanması üçün bu Qanuna uyğun olaraq müəyyən olunan əmək haqqı fonduna tətbiq olunan faiz dərəcəsi;
2.0.18. peşə riskinin dərəcəsi – əmək funksiyalarını yerinə yetirərkən peşə əmək qabiliyyətinin itirilməsi və ya ölüm ehtimalının iqtisadi fəaliyyət növləri və sığorta olunanların kateqoriyaları üzrə səviyyəsi;
2.0.19. sığorta olunanların kateqoriyaları – sığorta olunanların istehsalatda yerinə yetirilən əmək funksiyalarının xarakterinə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada bölgüsü;
2.0.20. peşə əmək qabiliyyəti – müəyyən ixtisasa uyğun olaraq əmək funksiyalarını müəyyən edilmiş həcmdə və keyfiyyətlə yerinə yetirmək bacarığı;
2.0.21. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi – sığorta olunanın sığorta hadisəsi baş verənədək malik olduğu peşə əmək qabiliyyətinin davamlı itirilməsinin faizlə ifadəsi;
2.0.22. İcbari Sığorta Bürosu – “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsi ilə müəyyən edilmiş qurum;
2.0.24. sığorta vəsaiti – bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulmuş icbari sığorta üzrə fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar bu Qanunun 20-1-ci maddəsində nəzərdə tutulan mənbələr hesabına formalaşan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarə edilən vəsait;
2.0.25. sığorta ehtiyatı fondu – bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulmuş icbari sığorta üzrə fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar sığorta ödənişlərinin davamlılığının təmin edilməsi məqsədilə həmin maddəyə uyğun olaraq ödənilən sığorta haqlarının 5 faizədək həcmində müəyyən edilən vəsaitin məcmusu.