9.1. Sığortaçının aşağıdakı hüquqları vardır:
9.1.1. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada sığorta hadisələrinin araşdırılmasında iştirak etmək;
9.1.1-1. sığortalıdan bu Qanunun 7.2.2-1-ci maddəsinə uyğun olaraq sığorta olunanlar barəsində məlumatlar almaq;
9.1.2. sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsinin müəyyənləşdirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılan müayinədə iştirak etmək, belə müayinənin nəticələri ilə bağlı qərarla razı olmadıqda həmin qərarı inzibati qaydada və məhkəmədə mübahisələndirmək, yeni müayinənin keçirilməsini tələb etmək;
9.1.3. icbari sığorta müqaviləsi bağlandığı zaman sığorta riskinin qiymətləndirilməsi üçün həmin müqavilənin tərəfi qismində çıxış edən sığortalının istehsalat şəraitinin araşdırılması tədbirlərini həyata keçirmək, bu məqsədlə müstəqil ekspertləri cəlb etmək;
9.1.4. sığorta hadisələri üzrə məlumatı əldə etmək, yoxlamaq və zəruri hallarda səlahiyyətli dövlət orqanlarına (qurumlarına), sığortalılara sorğular vermək;
9.1.4-1. bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığortalılar tərəfindən bu Qanunun tələblərinə əməl edilməsinin təhlilini aparmaq və nəticəsi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək;
9.1.5. sığortalılardan, sığorta olunanlardan və faydalanan şəxslərdən sığorta hadisəsi ilə əlaqədar bu Qanuna uyğun olaraq zəruri sənədləri tələb etmək (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla);
9.1.6. sığorta hadisələrinin baş verməsinin qarşısının alınması ilə bağlı tövsiyələr vermək;
9.1.7. bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş hallarda sığorta ödənişini həyata keçirməkdən imtina etmək;
9.1.8. bu Qanunun 2-1.2-ci maddəsində nəzərdə tutulan sığorta olunanlara münasibətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
9.2. Sığortaçının aşağıdakı vəzifələri vardır:
9.2.1. sığorta haqlarının vaxtında və tam məbləğdə hesablanıb ödənilməsinə nəzarət etmək;
9.2.2. sığorta ödənişinin bu Qanunla müəyyən edilmiş qaydada və müddətdə verilməsini təmin etmək;
9.2.2-1. sığortalıya və sığorta olunana icbari sığorta ilə bağlı hüquq və vəzifələrini izah etmək;
9.2.2-2. bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortalıların və sığorta olunanların uçotunu aparmaq;
9.2.2-3. bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan icbari sığorta üzrə fəaliyyətə uyğun olaraq sığorta vəsaitlərini idarə etmək;
9.2.3. sığorta ödənişinin həyata keçirilməsindən imtina haqqında qərar qəbul etdiyi halda sığorta olunana və faydalanan şəxsə imtinanın səbəbləri, eləcə də qəbul edilmiş qərarla razılaşmadığı halda həmin qərarı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada və məhkəmədə mübahisələndirmək hüququnun olması barədə əsaslandırılmış yazılı bildiriş göndərmək;
9.2.4. bu Qanunun 2-1.2-ci maddəsində nəzərdə tutulan sığorta olunanlara münasibətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
9.3. Sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün bu Qanunun 2-1-ci maddəsinə uyğun olaraq aidiyyəti üzrə müraciət edən və sığorta marağı olan bu Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş subyektlərlə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz.