Qanunvericilik › İstifadəyə verilən yer təki sahələrinin və onlarla əlaqədar işlərin dövlət qeydiyyat sənədlərinin tərtib edilməsi, rəsmiləşdirilməsi, ümumiləşdirilməsi, saxlanması və onlardan istifadə qaydası haqqında (Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 01.02.2001) › Tam mətn

İstifadəyə verilən yer təki sahələrinin və onlarla əlaqədar işlərin dövlət qeydiyyat sənədlərinin tərtib edilməsi, rəsmiləşdirilməsi, ümumiləşdirilməsi, saxlanması və onlardan istifadə qaydası haqqında (Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 01.02.2001)

İstifadəyə verilən yer təki sahələrinin və onlarla əlaqədar işlərin dövlət qeydiyyat sənədlərinin tərtib edilməsi, rəsmiləşdirilməsi, ümumiləşdirilməsi, saxlanması və onlardan istifadə qaydası haqqında (Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 01.02.2001) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.1. Bu təlimat Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli 351 №-li Sərəncamı ilə təsdiq edilmiş “İstifadəyə verilən yer təki sahələrinin və onlarla əlaqədar işlərin dövlət qeydiyyatı və dövlət uçotunun aparılması Qaydaları”na uyğun olaraq tərtib edilmiş və Azərbaycan Respublikasında istifadəyə verilən yer təki sahələrinin və onlarla əlaqədar işlərin dövlət qeydiyyat sənədlərinin tərtib edilməsi, rəsmiləşdirilməsi, ümumiləşdirilməsi, saxlanması və onlardan istifadə edilməsi qaydalarını müəyyən edir.

1.2. İstifadəyə verilən yer təki sahələrinin və onlarla əlaqədar işlərin dövlət qeydiyyatı Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin (bundan sonra Dövlətgeolkom) Dövlət geoloji İnformasiya Fondu (bundan sonra geoloji Fond) tərəfindən aparılır. Dövlət qeydiyyat sənədləri Dövlətgeolkomun sədri (o olmadıqda müavini) və Fondun rəisi tərəfindən imzalanır və möhürlə təsdiqlənir.

1.3. Dövlət qeydiyyatına “İstifadəyə verilən yerdəki sahələrinin və onlarla əlaqədar işlərin dövlət qeydiyyatı və dövlət uçotunun aparılması Qaydaları”nın 3.1.1.-3.1.10. yarımbəndlərində göstərilən işlər alınır.

2.1. İstifadəyə verilən yer təki sahələrinin və onlarla əlaqədar işlərin dövlət qeydiyyatına alınması üçün tələb olunan əsas qeydiyyat sənədləri aşağıdakılardır: - istifadəyə verilən yer təki sahələrinin və onlarla əlaqədar işlərin Siyahısı. Siyahı Dövlətgeolkom tərəfindən təsdiq edilmiş 3 geoloji-kəşfiyyat forması (əlavə № 1) əsasında tərtib olunur. Dövlətgeolkomun tabe strukturları tərəfindən yerinə yetirilən geoloji-kəşfiyyat işlərinin dövlət qeydiyyatına alınması üçün onun “Obyektlər üzrə planı” tərtib olunur; - istifadəyə verilən yer təki sahələrinin və onlarla əlaqədar işlərin sərhədləri göstərilən plan.

2.2. Qeydiyyat sənədləri icraçı təşkilat tərəfindən tərtib olunur. Hər təqvim ilin yanvar ayında və yaxud işlərin başlanmasından bir ay əvvəl dövlət qeydiyyatına alınması üçün Dövlətgeolkomun geoloji Fonduna təqdim edilir.

2.3. İstifadəyə verilən yer təki sahələrinin və onlarla əlaqədar işlərin Siyahısında aşağıdakılar göstərilir: - icraçı təşkilatın tam adı, hüquqi ünvanı və bank rekvizitləri (müqavilə əsasında görülən işlərin sifarişçi təşkilatının adı daxil olmaqla); - istifadəyə verilən yer təki sahələrinin və onlarla əlaqədar işlərin Siyahısının təqdimat ili. - İcraçı təşkilat tərəfindən yerinə yetirilən bütün növ geoloji işlər və eləcə də yeni işlər Siyahıda müvafiq ardıcıllıqla sıralanır.

2.4. Hər bir geoloji. iş haqqında məlumatlar Siyahıda (3 gk forma) aşağıdakı qaydada qeyd olunur: - 1-ci sütunda geoloji işlərin sıra nömrəsi; - 2-ci sütunda yerinə yetirilən işlərin dövlət qeydiyyat nömrəsi (yeni işlərin dövlət qeydiyyat nömrəsi geoloji Fond tərəfindən yazılır); - 3-cü sütunda geoloji işlərin aparılmasına xüsusi razılığın (lisenziyanın) nömrəsi və tarixi; - 4-cü sütunda xüsusi razılıq (lisenziya) verilən fəaliyyət növü və müddəti; - 5-ci sütunda iş obyektinin adı, yerləşdiyi ərazi, geoloji ayırma sahəsinin künc nöqtələrinin koordinatları; - 6-cı sütunda geoloji işlərin məqsədi; - 7-ci və 8-ci sütunlarda müvafiq olaraq işlərin başlanğıcı və sonu (rüb, il); - 9-cu sütunda geoloji hesabatın geoloji Fonda təhvil verilmə müddəti (rüb, il); - 10-cu sütunda işlərin illik və ümumi smeta dəyəri (min manatla); - 11-ci sütunda iş aparılan ərazinin xüsusiyyətlərindən asılı olaraq müvafiq təşkilatlarla razılaşdırma haqqında sənədlərin nömrəsi və tarixi.

2.5. Faydalı qazıntıların çıxarılması ilə əlaqədar verilən yer təki sahələrinin Siyahısında (3/1 gk forma) aşağıdakı məlumatlar qeyd olunur:

- 1-ci sütunda işlərin sıra nömrəsi;

- 2-ci sütunda yerinə yetirilən işlərin dövlət qeydiyyat nömrəsi (yeni işlərin dövlət qeydiyyat nömrəsi Geoloji fond tərəfindən yazılır);

- 3-cü sütunda işlərin aparılması xüsusi razılığın (lisenziyanın) nömrəsi və tarixi;

-5-ci sütunda razılıq (lisenziya) verilən fəaliyyət növü və müddəti;

- 6-8-ci sütunlarda faydalı qazıntıların çıxarılması ilə əlaqədar verilən yer təki sahələrində təsdiq olunmuş faydalı qazıntı ehtiyatları;

- 9-cu sütunda müəssisənin illik istismar gücü;

- 10-cu sütunda hasilat işləri zamanı faydalı qazıntıların itkiləri;

- 11-ci sütunda qeydlər.

Siyahı icraçı təşkilatın rəhbəri tərəfindən imzalanır, möhürlə təsdiqlənir.

3.1. Geoloji Fond istifadəyə verilən yer təki sahələrinin və onlarla əlaqədar işlərin dövlət qeydiyyatına alınması üçün təqdim edilmiş sənədlərin tam düzgün tərtib edilməsini, işlərin aparılması üçün müvafiq təşkilatlarla razılaşdırma sənədlərinin və xüsusi razılığın (lisenziyanın) alınmasını, həmin sahələrdə əvvəllər yerinə yetirilmiş və yaxud hal-hazırda yerinə yetirilən işlərlə müqayisədə təkrarlanma və ya paralelizm hallarının və eləcə də icraçı təşkilatın geoloji Fonda geoloji hesabat borcunun olub-olmamasını yoxlayır, dövlət qeydiyyatından imtinaya səbəb olmadığı təqdirdə onları aşağıdakı qaydada rəsmiləşdirir: - istifadəyə verilən yer təki sahələrinin və onlarla əlaqədar işlərin Siyahısı və yaxud geoloji kəşfiyyat işlərinin Obyektlər üzrə planında göstərilən hər bir yeni işə (“İstifadəyə verilən yer təki sahələri və onlarla əlaqədar işlərin dövlət qeydiyyatı və dövlət uçotunun aparılması Qaydalarının 3.9. bəndində göstərilənlər istisna olmaqla) dövlət qeydiyyat nömrəsi verilir, onlar geoloji işlərin dövlət qeydiyyatı reyestrinə salınır; - Siyahıda və yaxud Obyektlər üzrə planında yeni işlərin qarşısında onların dövlət qeydiyyat nömrəsi yazılır, sənədin sonunda dövlət qeydiyyatının nəticələri haqqında müvafiq qeydlər edilir, geoloji Fondun rəisi tərəfindən imzalanır və təsdiq üçün Dövlətgeolkomun rəhbərliyinə təqdim edilir; - Siyahı və yaxud Obyektlər planı Dövlətgeolkomun rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra sənədlərin 1 nüsxəsi geoloji Fondda saxlanılır, digər nüsxələri isə icraçı təşkilata qaytarılır.

4.1. İstifadəyə verilən yer təki sahələri və onlarla əlaqədar işlər (dövlət qeydiyyat sənədlərində göstərilən sahələrin coğrafi koordinatları, yerinə yetiriləcək işlərin növləri, miqyası nəzərə alınmaqla) dövlət uçotuna alınaraq, respublika ərazisində istifadəyə verilmiş yer təki sahələrinin 1:500000 miqyaslı operativ kartoqramları üzərinə köçürülür. Operativ kartoqramlar geoloji, geofiziki, hidrogeoloji və mühəndisi geoloji işlər üzrə ayrı-ayrılıqda tərtib olunur.

4.2. Respublika ərazisində istifadəyə verilmiş yer təki sahələrinin 1:500000 miqyaslı operativ kartoqramları Dövlət geoloji İnformasiya Fondu tərəfindən tərtib olunur və orada saxlanılır. Saxlama otaqlarına cavabdeh şəxslərdən başqa kənar şəxslərin daxil olması qadağan olunur, onun qapıları işdən kənar vaxtı qıfıllanır, möhürlənir, açarlar inzibati binanın mühafizə postuna təhvil verilir.

4.3. İstifadəyə verilən yer təki sahələrinin və onlarla əlaqədar işlərin dövlət qeydiyyatı və dövlət uçotu sənədləri və operativ kartoqramları Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi tərəfindən Azərbaycan Respublikası ərazisinin, o cümlədən Xəzər dənizinin (gölünün) ona mənsub olan bölməsinin geoloji öyrənilməsinin xüsusiyyəti, səviyyəsi və ümumiyyətlə vəziyyətinin müəyyən edilməsi, yerin təkinin geoloji öyrənilməsinə dair işlərdə paralelizm hallarına yol verilməməsi, yerin təkindən istifadə ilə əlaqədar işlərin planlaşdırılması və operativ idarə edilməsi üçün istifadə edilir. Dövlət qeydiyyat sənədləri və kartoqramlardan göstərilən məqsədlər üçün istifadəyə yalnız Dövlətgeolkomun və Fondun məsul işçilərinə icazə verilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver