Qanunvericilik › “İstilik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 04.05.2026) › Tam mətn

“İstilik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 04.05.2026)

“İstilik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 04.05.2026) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “İstilik təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 222-VIIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 14 iyul tarixli 442 nömrəli Fərmanının 2.1.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “İstilik enerjisindən istifadə Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki:

2.1. “İstilik enerjisindən istifadə Qaydaları”nda Elektron Hökumət İnformasiya Sisteminin xidmət kanalı üzərindən paylayıcının informasiya sistemi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurların təşkili təmin edilənədək həmin prosedurlar birbaşa, poçt və ya elektron poçt vasitəsilə həyata keçirilir;

2.2. “İstilik enerjisindən istifadə Qaydaları”nda həyata keçirilməsi nəzərdə tutulan prosedurlar tikintiyə icazə icraatı çərçivəsində tikinti obyektlərinin şəbəkəyə qoşulması ilə əlaqədar layihənin və texniki şərtlərin verilməsinə münasibətdə şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

3. “İstilik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 sentyabr tarixli 303 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 9, maddə 1324 (Cild I); 2024, № 3, maddə 305, № 4, maddə 450; 2025, № 2, maddə 204, № 12 (II kitab), maddə 1257) ləğv edilsin.

4. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti “İstilik enerjisindən istifadə Qaydaları”nda nəzərdə tutulan paylayıcının müvafiq informasiya sisteminin formalaşdırılmasını doqquz ay müddətində təmin etsin.

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 4 may 2026-cı il

1.1. Bu Qaydalar “İstilik təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 10.1.1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və istilik enerjisindən istifadə sahəsində istilik təchizatı subyektləri ilə istilik enerjisinin istehlakçısı (bundan sonra – istehlakçı) arasında yaranan qarşılıqlı münasibətləri və bununla əlaqədar digər məsələləri, o cümlədən tikinti obyektlərinin şəbəkəyə qoşulması və ya əlavə enerji (güc) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanmasını və verilməsini, habelə onların şəbəkəyə qoşulmasını tənzimləyir.

1.2. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.2.1. balans mənsubiyyəti sərhədi – istilik enerjisinin paylayıcısı (bundan sonra – paylayıcı) ilə istehlakçı arasında istilik təchizatı sistemi qurğularının balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsi;

1.2.2. fiziki qoşulma – sifarişçiyə istiliyin və isti suyun verilməsi üçün çəkilmiş istilik xəttinin paylayıcının təyin etdiyi qoşulma nöqtəsinə birləşdirilməsi;

1.2.3. xidmət nöqtələri – “ASAN Kommunal” mərkəzləri (“ASAN Kommunal” mərkəzləri yaradılmayan regionlarda – bu mərkəzlər yaradılanadək “ASAN xidmət” mərkəzləri);

1.2.4. qoşulma aktı – sifarişçinin tikinti obyektinin şəbəkəyə qoşulmasını təsdiq edən sənəd;

1.2.5. qoşulma nöqtəsi – istiliyin və isti suyun paylanmasına təminat verən şəbəkəyə tikinti obyektinin fiziki qoşulma yeri;

1.2.6. istismar məsuliyyəti sərhədi – paylayıcı ilə istehlakçı arasında istilik təchizatı sistemi qurğularının istismarına görə məsuliyyət sərhədini müəyyənləşdirən ayırma nöqtəsi;

1.2.7. tikinti obyektinin şəbəkəyə qoşulması ilə əlaqədar layihə – tikinti obyektindən şəbəkəyə qoşulma nöqtəsinədək xəttin çəkilməsinə və ya əlavə enerji (güc) alınmasına dair layihə sənədləri;

1.2.8. keyfiyyət göstəriciləri – istilik mənbəyindən şəbəkəyə verilən istilik daşıyıcısının xarici havanın temperaturundan asılı olaraq müəyyən edilən və temperatur qrafikində əks olunan temperaturu;

1.2.9. sifarişçi – paylayıcıya məxsus şəbəkəyə qoşulması nəzərdə tutulan tikinti obyektinə və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət və ya digər əşya hüquqları əsasında sahiblik edən şəxslər;

1.2.10. sayğac – istilik və isti su təchizatı məqsədilə istehlakçıya verilən istilik enerjisinin həcmini müəyyən edən cihaz (qurğu);

1.2.11. temperatur qrafiki – istilik mənbəyindən şəbəkəyə verilən və istehlakçılardan qayıdan istilik daşıyıcısının temperaturunun xarici havanın temperaturundan asılılığını ifadə edən və istehsalçı tərəfindən Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilən qrafik.

1.3. Bu Qaydalarda istifadə olunan digər anlayışlar Qanun və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

1.4. İstilik enerjisinin alqı-satqısı istilik enerjisinin satıcısı (bundan sonra – satıcı) ilə istehlakçı arasında bağlanılmış istilik enerjisinin alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir.

1.5. Müqavilələr bu Qaydalara əsasən verilən texniki şərtlərin tələbləri yerinə yetirildikdən sonra məişət istehlakçıları ilə bu Qaydaların 1 nömrəli əlavəsi, qeyri-məişət istehlakçıları ilə isə bu Qaydaların 2 nömrəli əlavəsi ilə müəyyən edilmiş formalara uyğun bağlanılır. Bu Qaydaların 1.12-ci bəndində nəzərdə tutulan və satıcı qismində çıxış edən subyektlər istisna olmaqla digər satıcılar müqavilə şərtlərini Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin və digər normativ hüquqi aktların tələblərini rəhbər tutmaqla sərbəst müəyyən edə bilərlər.

1.6. İstiliyin və isti suyun maksimal saatlıq gücü istilik mənbəyinin texniki imkanları və şəbəkənin buraxılış qabiliyyəti nəzərə alınmaqla paylayıcı tərəfindən müəyyən edilir və texniki şərtlərdə əks olunur.

1.7. İstehlakçının müraciəti ilə maksimal saatlıq gücün artırılmasına yeni texniki şərtlər verildikdən və həmin texniki şərtlərin tələbləri yerinə yetirildikdən sonra yol verilir.

1.8. Satıcı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istilik enerjisinin həcmi, istilik və isti su təchizatına görə hesablaşmalar və digər məsələlər müqavilədə göstərilir.

1.9. Paylayıcı tərəfindən verilmiş texniki şərtlər barədə məlumatlar Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) vasitəsilə Tənzimləyiciyə təqdim edilir.

1.10. Sifarişçi ona verilmiş texniki şərtləri və tikinti obyektinin şəbəkəyə qoşulması ilə əlaqədar layihəni itirdikdə o, həmin sənədlərin dublikatının alınması üçün xidmət nöqtələrinə müraciət edir və ya elektron qaydada həmin sənədləri EHİS-in xidmət kanalı üzərindən paylayıcının informasiya sistemi (bundan sonra - Sistem) vasitəsilə əldə edir. Həmin sənədlərin dublikatı müraciət edildiyi gün xidmət nöqtələri vasitəsilə sifarişçiyə ödənişsiz verilir.

1.11. Büdcə təşkilatlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin tikinti obyektlərinin şəbəkəyə qoşulması və ya əlavə enerji (güc) alması üzrə prosedur və tələblər də bu Qaydalarla müəyyən edilir.

1.12. Bu Qaydaların 2-ci hissəsi, 3.9-cu, 3.10-cu, 3.12-ci, 3.13-cü, 7.2-ci, 8.6-cı, 9.12-ci bəndləri və 7.1.3-cü, 7.1.8-ci yarımbəndləri paylayıcı qismində çıxış edən dövlətin adından yaradılan publik hüquqi şəxslər və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, o cümlədən təbii inhisar subyektləri istisna olmaqla, digər paylayıcılara şamil olunmur.

2.1. Sifarişçilərin tikinti obyektlərinin şəbəkəyə qoşulması texniki şərtlər əsasında (bu Qaydaların 2.36-cı bəndində nəzərdə tutulan hallar istisna olmaqla) həyata keçirilir. Texniki şərtlər aşağıdakı hallarda verilir:

2.1.1. yeni tikilən və ya şəbəkəyə əvvəllər qoşulmamış tikinti obyektlərinin istilik və isti su təchizatı üçün;

2.1.2. istilik enerjisinə tələbatın artması ilə əlaqədar maksimal saatlıq gücün və ya istilik daşıyıcılarının parametrlərinin dəyişməsi nəticəsində mövcud texniki şərtlərin tələblərindən kənaraçıxma olduqda;

2.1.3. xarici istilik və isti su təchizatı sxeminin dəyişməsi ilə əlaqədar;

2.1.4. şəbəkə yenidən qurulduqda.

2.2. Paylayıcı heç bir ayrı-seçkiliyə yol vermədən bu Qaydalara uyğun olaraq texniki şərtlər verməlidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin şəbəkəyə qoşulması qadağandır.

2.3. Texniki şərtlərin hazırlanması və verilməsi üçün haqq ödənilmir.

2.4. Texniki şərtlər Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş tikintiyə icazənin qüvvədə olduğu müddətə, digər hallarda isə sifarişçi ilə paylayıcı arasında qoşulma müqaviləsi bağlanıldığı gündən 3 (üç) il müddətinə verilir.

2.5. Sifarişçilərin tikinti obyektlərinin şəbəkəyə qoşulması və ya əlavə enerji (güc) alması üçün texniki şərtlər Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsi ilə müəyyən edilmiş tələblər və həmin Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş ərazi planlaşdırılması sənədləri nəzərə alınmaqla paylayıcı tərəfindən Sistem və ya xidmət nöqtələri vasitəsilə verilir.

2.6. Texniki şərtlər almaq üçün sifarişçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrinə uyğun olaraq, bu Qaydaların 2.7-ci bəndində qeyd olunan məlumatları Sistemə daxil edir və ya həmin məlumatların Sistemə daxil edilməsi məqsədilə tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazi üzrə xidmət nöqtələrində paylayıcının nümayəndəsinə ərizə ilə (elektron və ya yazılı formada) müraciət edir. Ərizəyə əlavə olunan sənədlərin EHİS vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin EHİS vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

2.7. Sistemə aşağıdakı məlumatlar EHİS vasitəsilə ötürülür, bu mümkün olmadığı halda daxil edilir:

2.7.1. sifarişçi hüquqi şəxs olduqda – adı, hüquqi ünvanı və VÖEN-i, fiziki şəxs olduqda isə – soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası və FİN nömrəsi, VÖEN-i (olduqda);

2.7.2. sifarişçinin şəbəkəyə qoşulması nəzərdə tutulan tikinti obyektinin və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinin ünvanı (olduğu yer) və həmin tikinti obyekti və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd barədə məlumatlar (daşınmaz əmlakın dövlət reyestr nömrəsi və daşınmaz əmlakın qeydiyyat nömrəsi) və ya həmin sənədin skan olunmuş surəti;

2.7.3. sifarişçinin şəbəkəyə qoşulması nəzərdə tutulan tikinti obyektinin təyinatı;

2.7.4. tələb olunan istilik gücü və istehlakın növləri (texnoloji, isitmə, isti su);

2.7.5. sifarişçinin elektron poçt ünvanı (olduqda), mobil telefon nömrəsi.

2.8. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq, paylayıcının nümayəndəsi sifarişçinin xidmət nöqtələri vasitəsilə təqdim etdiyi və ya elektron formada göndərdiyi ərizəsini, ona əlavə olunmuş sənədləri qəbul edir və həmin gün Sistemə daxil edir. Sistemə daxil edilən məlumatlar avtomatik qaydada həmin gün qeydiyyata alınır.

2.9. Sistemə daxil edilmiş məlumatların bu Qaydaların 2.7-ci bəndinin tələblərinə uyğunluğu sifarişçinin müraciət etdiyi gün yoxlanılır. Sənədlərdə çatışmazlıqlar və ya bu Qaydaların 2.29-cu bəndində nəzərdə tutulmuş imtina üçün əsaslar olmadıqda, sənədlər qeydə alındığı gündən 10 (on) gün müddətində paylayıcı tərəfindən texniki şərtin verilməsi haqqında, imtina üçün əsaslar olduqda isə imtina barədə qərar qəbul edilir. Sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə həmin çatışmazlıqların aradan qaldırılmasının zəruriliyi barədə məlumat dərhal xidmət nöqtələri vasitəsilə sifarişçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə sifarişçiyə göndərilməsi təmin edilir, eyni zamanda ərizəsində qeyd olunduğu hallarda elektron poçt ünvanına göndərilir və ya Sistemə yüklənir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələri ona izah edilir.

2.10. Sifarişçi həmin çatışmazlıqları məlumatı aldığı tarixdən ən geci 10 (on) gün müddətində aradan qaldırır. Bu zaman bu Qaydaların 2.9-cu bəndinin ikinci cümləsində nəzərdə tutulmuş müddətin axımı dayandırılır. Çatışmazlıqların aradan qaldırıldığı barədə sifarişçinin məlumatına əsasən müddətin axımı bərpa olunur.

2.11. Sifarişçi sənədlərində aşkar olunmuş çatışmazlıqları göstərilən müddətdə aradan qaldırmadıqda müraciətin baxılmamış saxlanılması haqqında qərar qəbul edilir və bu barədə məlumat 2 (iki) gün müddətində xidmət nöqtələri vasitəsilə kağız daşıyıcıda sifarişçiyə təqdim edilir, yaxud poçt göndərişi vasitəsilə (eyni zamanda ərizəsində qeyd olunduğu halda elektron poçt ünvanına) sifarişçiyə göndərilir və Sistemə yüklənir.

2.12. Tikinti obyektinin şəbəkəyə qoşulması ilə əlaqədar layihənin hazırlanması və tikinti obyektindən və ya tikinti obyektinin yerləşəcəyi torpaq sahəsindən şəbəkənin qoşulma nöqtəsinədək istilik xətlərinin çəkilməsi və tikinti-quraşdırma işləri (istifadə olunan mal-materiallara çəkilmiş xərclər də daxil olmaqla) sifarişçinin öz vəsaiti hesabına, onun seçiminə uyğun olaraq paylayıcı və ya podratçı tərəfindən həyata keçirilir.

2.13. Bu Qaydaların 2.12-ci bəndində nəzərdə tutulan işlər paylayıcı tərəfindən həyata keçirildiyi hallarda tikinti obyektinin şəbəkəyə qoşulması ilə əlaqədar layihə ilə yanaşı, smeta sənədləri də hazırlanır.

2.14. Tikinti obyektinin şəbəkəyə qoşulması ilə əlaqədar layihənin podratçı tərəfindən hazırlanacağı hallarda Sistemə daxil edilmiş məlumatların bu Qaydaların 2.7-ci bəndinin tələblərinə uyğunluğunun təsdiqləndiyi gündən 10 (on) gün müddətində paylayıcı ilə sifarişçi arasında iki nüsxədə qoşulma müqaviləsi bağlanılır və onun tərkib hissəsi olan paylayıcı tərəfindən hazırlanmış texniki şərtləri xidmət nöqtələri vasitəsilə kağız daşıyıcıda sifarişçiyə təqdim edir və ya Sistemə yükləyir. Qoşulma müqaviləsinin bir nüsxəsi paylayıcıda saxlanılır, digər nüsxəsi isə kağız daşıyıcıda sifarişçiyə təqdim edilir və paylayıcı tərəfindən həmin gün Sistemə yerləşdirilir.

2.15. Bu Qaydaların 2.12-ci bəndində nəzərdə tutulan işlər paylayıcı tərəfindən həyata keçiriləcəyi hallarda paylayıcının nümayəndəsi Sistemə daxil edilmiş məlumatların bu Qaydaların 2.7-ci bəndinin tələblərinə uyğunluğunun təsdiqləndiyi gündən etibarən 1 (bir) gün müddətində tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinin sərhədindən (girişindən) şəbəkəyə optimal qoşulma nöqtəsini müəyyən edir. Optimal trasın (yolun) layihəsi paylayıcının EHİS vasitəsilə müraciəti əsasında müvafiq yerli icra hakimiyyəti orqanı, Bakı şəhərinin və “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13-cü bəndləri ilə müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazisində isə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 3 (üç) gün müddətində hazırlanır, xidmətlərin göstərilməsinə dair müqaviləyə uyğun olaraq hesab-faktura təqdim edilir və trassa (yol) yerləşdirilir. Paylayıcının nümayəndəsi həmin gün bu Qaydaların 5 nömrəli əlavəsində nəzərdə tutulan orqanların (qurumların) siyahısından müəyyənləşdirərək trassanın (yolun) layihəsi ilə birlikdə EHİS vasitəsilə həmin qurumlara göndərir.

2.16. Tikinti obyektinin şəbəkəyə qoşulması üçün seçilən trasa (yola) rəyi tələb olunan orqanlar (qurumlar) 3 (üç) gündən gec olmayaraq Sistemdə münasibət bildirirlər. Bu zaman həmin orqanlar (qurumlar) tərəfindən tikinti obyektinin şəbəkəyə qoşulması ilə əlaqədar layihədə nəzərə alınması üçün trasın (yolun) razılaşdırılmasına aid texniki tələblər ayrıca göstərilir. Rəyi tələb olunan orqanlar (qurumlar) bu bəndin birinci cümləsində göstərilən müddət ərzində münasibət bildirmədikdə məsələ razılaşdırılmış hesab olunur.

2.17. Paylayıcının nümayəndəsi bu Qaydaların 2.16-cı bəndində nəzərdə tutulan bütün orqanların (qurumların) razılığını aldığı gün tikinti obyektinin şəbəkəyə qoşulması ilə əlaqədar layihənin hazırlanması üçün paylayıcı tərəfindən müəyyən olunan məbləğ barədə bildirişi Sistemə daxil edir və SMS-lə sifarişçinin mobil telefon nömrəsinə göndərir. Sifarişçi bildirişi aldıqdan sonra 1 (bir) gün ərzində tikinti obyektinin şəbəkəyə qoşulması ilə əlaqədar layihənin hazırlanması üçün tələb olunan vəsaiti Sistem vasitəsilə paylayıcının bank hesabına köçürür, vəsaitin köçürülməsini təsdiq edən sənəd barədə məlumatı Sistemə daxil edir və ya Sistemə daxil edilməsi məqsədilə paylayıcının nümayəndəsinə təqdim edir. Vəsait köçürüldükdən sonra sifarişçi ilə iki nüsxədə qoşulma müqaviləsi bağlanılır, qoşulma müqaviləsi və onun tərkib hissəsi olan paylayıcı tərəfindən hazırlanmış texniki şərtlər kağız daşıyıcıda sifarişçiyə təqdim edilir və həmin gün Sistemə yerləşdirilir. Bundan sonra paylayıcı bu Qaydaların 2.13-cü bəndində nəzərdə tutulmuş hallarda 20 (iyirmi) gün müddətində tikinti obyektinin şəbəkəyə qoşulması ilə əlaqədar layihəni hazırlayır. Bu zaman paylayıcı sifarişçinin iştirakı olmadan tikinti obyektinə yerində baxış keçirə bilər.

2.18. Bu Qaydaların 2.13-cü bəndində nəzərdə tutulmuş hallarda paylayıcı tərəfindən tikinti obyektinin şəbəkəyə qoşulması ilə əlaqədar layihə xidmət nöqtələrindəki paylayıcının nümayəndəsinə təqdim olunduqdan sonra paylayıcının nümayəndəsi tərəfindən həmin gün sifarişçiyə məlumat verilir. Bu Qaydaların 2.13-cü bəndində nəzərdə tutulmuş hallarda tikinti obyektinin şəbəkəyə qoşulması ilə əlaqədar layihə xidmət nöqtələri vasitəsilə kağız daşıyıcıda sifarişçiyə təqdim edilir.

2.19. Tikinti obyektinin şəbəkəyə qoşulması ilə əlaqədar layihənin hazırlanmasının podratçı tərəfindən həyata keçiriləcəyi hallarda optimal trasın (yolun) layihəsi podratçının nümayəndəsi EHİS vasitəsilə müraciəti əsasında müvafiq yerli icra hakimiyyəti orqanı, Bakı şəhərinin və “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13-cü bəndləri ilə müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazisində isə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 3 (üç) gün müddətində hazırlanır, xidmətlərin göstərilməsinə dair müqaviləyə uyğun olaraq hesab-faktura təqdim edilir və trasa (yol) Sistemə yerləşdirilir. Podratçının nümayəndəsi həmin gün trasın (yolun) razılaşdırılması ilə bağlı rəyin alınması tələb olunan qurumları bu Qaydaların 5 nömrəli əlavəsində nəzərdə tutulan orqanların (qurumların) siyahısından müəyyənləşdirərək trasın (yolun) layihəsi ilə birlikdə EHİS vasitəsilə həmin qurumlara göndərir. Bu halda rəyi tələb olunan orqanlar (qurumlar) tərəfindən bu Qaydaların 2.16-cı bəndində qeyd edilən tələblərə riayət olunur.

2.20. Tikinti obyektindən və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsindən şəbəkəyə qoşulma nöqtəsinədək istilik xətlərinin çəkilməsi və tikinti-quraşdırma işləri paylayıcı tərəfindən həyata keçirildikdə paylayıcının nümayəndəsi tərəfindən paylayıcının hazırladığı smeta sənədlərinə əsasən tikinti-quraşdırma işləri üçün tələb olunan məbləğ barədə bildiriş Sistemə daxil edilir və SMS-lə sifarişçinin mobil nömrəsinə göndərilir. Həmin işlər texniki şərtlərə və tikinti obyektinin şəbəkəyə qoşulması ilə əlaqədar layihəyə əsasən qoşulma müqaviləsində göstərilən müddətdə və bildirişdə əks olunan vəsait sifarişçi tərəfindən paylayıcının bank hesabına köçürüldükdən sonra yerinə yetirilir. Sifarişçi bildirişə əsasən tikinti-quraşdırma işləri üçün tələb olunan məbləği Sistem vasitəsilə paylayıcının bank hesabına köçürür və vəsaitin köçürülməsini təsdiq edən sənəd barədə məlumatı Sistemə daxil edir və ya Sistemə daxil edilməsi məqsədilə paylayıcının nümayəndəsinə təqdim edir.

2.21. Tikinti obyektinin şəbəkəyə qoşulması ilə əlaqədar layihə sifarişçinin seçdiyi podratçı tərəfindən hazırlandıqda razılaşdırılması üçün sifarişçi tərəfindən paylayıcıya təqdim edilir. Paylayıcı tərəfindən 3 (üç) iş günü müddətində münasibət bildirilmədikdə layihə razılaşdırılmış hesab edilir. Paylayıcının rəyi əsasında sifarişçi tərəfindən tikinti obyektinin şəbəkəyə qoşulması ilə əlaqədar layihədə müvafiq dəyişikliklər edildikdən sonra bu bəndin tələblərinə uyğun olaraq tikinti obyektinin şəbəkəyə qoşulması ilə əlaqədar layihə yenidən razılaşdırılır. Layihəyə dair bütün iradlar ilkin rəydə bildirilməlidir. Sifarişçi tərəfindən həmin qurumların ilkin rəyləri tam nəzərə alındığı halda yeni rəy bildirilə bilməz.

2.22. Tikinti obyektinin şəbəkəyə qoşulması ilə əlaqədar layihənin hazırlanması, həmçinin istilik xətlərinin çəkilməsi və tikinti-quraşdırma işləri podratçı tərəfindən həyata keçirildikdə işlər yerinə yetirildikdən sonra sifarişçi paylayıcıya bu barədə kağız daşıyıcıda məlumat verir və ya həmin məlumatı Sistemə yerləşdirir.

2.23. Qoşulma müqaviləsi və onun tərkib hissəsi olan texniki şərtlər bu Qaydaların 3 nömrəli əlavəsi, qoşulma aktı isə bu Qaydaların 4 nömrəli əlavəsi ilə müəyyən edilən formada tərtib edilir.

2.24. Bu Qaydaların 2.20-ci və 2.22-ci bəndlərində nəzərdə tutulmuş işlər yerinə yetirildikdən sonra 2 (iki) gün müddətində paylayıcının nümayəndələrinin, sifarişçinin (və ya nümayəndəsinin), bu işlər podratçı tərəfindən yerinə yetirildiyi halda isə həmçinin həmin podratçının iştirakı ilə görülən işlərə baxış keçirilir və texniki şərtlərin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, tikinti obyektinin şəbəkəyə qoşulması ilə əlaqədar layihənin tələbləri tam yerinə yetirildikdə təhvil-təslim aktı, sifarişçi ilə paylayıcı arasında iki nüsxədə qoşulma aktı imzalanır və həmin sənədlər Sistemə yerləşdirilir, kağız daşıyıcıda sifarişçiyə təqdim edilir və paylayıcı tərəfindən xidmət göstərilməsinə başlanılır.

2.25. Podratçı tərəfindən yerinə yetirilmiş işlərə baxış keçirilərkən texniki şərtlərin və tikinti obyektinin şəbəkəyə qoşulması ilə əlaqədar layihənin tələblərinin tam yerinə yetirilməməsi müəyyən olunduqda paylayıcı tərəfindən bu barədə sifarişçiyə 2 (iki) gün müddətində aradan qaldırılmalı çatışmazlıqlar göstərilməklə əsaslandırılmış cavab verilməlidir.

2.26. Sifarişçi göstərilmiş çatışmazlıqları aradan qaldırmalı və görülən işlərə 2 (iki) gün müddətində yenidən baxış keçirilməlidir.

2.27. Tikintiyə icazə icraatı çərçivəsində tikinti obyektlərinin şəbəkəyə qoşulması üçün texniki şərtlərin və tikinti obyektinin şəbəkəyə qoşulması ilə əlaqədar layihənin verilməsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 84-cü maddəsinə uyğun olaraq tikintiyə icazə verən orqanın (qurumun) sorğusu əsasında şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Sorğuya tikinti ərazisinin baş planı, obyektin istismarı üçün mühəndis-kommunikasiya təminatına dair tələbat göstəriciləri barədə sənədlər əlavə edilir. Bu zaman tikinti obyektlərinin şəbəkəyə qoşulması üçün texniki şərtlərin və tikinti obyektinin şəbəkəyə qoşulması ilə əlaqədar layihənin verilməsinin təmin edilməsi bu Qaydalarda Sistem vasitəsilə icra olunan prosedurlara uyğun olaraq həyata keçirilir.

2.28. Sifarişçinin inşa ediləcək tikinti obyektinin şəbəkəyə qoşulması sifarişçi tərəfindən həmin tikinti obyektinin tikintisinə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq icazə alındıqdan sonra bu Qaydalara uyğun olaraq həyata keçirilir.

2.29. Texniki şərtlərin verilməsindən aşağıdakı hallarda imtina edilir:

2.29.1. təqdim edilən sənədlərdə səhv və ya təhrif olunmuş məlumatlar olduqda;

2.29.2. şəbəkəyə qoşulması nəzərdə tutulan tikinti obyektinin yerləşdiyi ərazidə şəbəkə və ya mövcud şəbəkədə tələb olunan həcmdə sərbəst istilik gücü olmadıqda (təsdiqedici sənəd və əsaslandırmalar təqdim edilməklə).

2.30. İstehlakçıya texniki şərtlərin verilməsindən imtina edildikdə bu barədə ona imtinanın səbəblərini əsaslandırmaqla, imtina barədə qərar qəbul edildiyi gündən 5 (beş) gün müddətində məlumat təqdim edilir (elektron poçt ünvanı və sifarişli poçt göndərişi vasitəsilə göndərilir) və Sistemə yerləşdirilir.

2.31. Şəbəkəyə qoşulmuş tikinti obyekti üçün əvvəllər verilmiş texniki şərtləri bərpa etmək mümkün olmadıqda mövcud olan istilik təchizatı sxeminə uyğun olaraq maksimal saatlıq güc göstərilməklə yeni texniki şərtlər verilir. Bu zaman maksimal gücün həcmi son 2 (iki) ildə istehlak gücü həddinə bərabər, yaxud istehlakçının (sifarişçinin) əvvəlki maksimal saatlıq gücünün həcmi haqqında təqdim etdiyi sənədlərə əsasən müəyyən edilir.

2.32. İstilik təchizatı sisteminin layihələndirilməsi zamanı texniki şərtlərin tələblərindən kənaraçıxma zərurəti yaranarsa, sifarişçi kənaraçıxma zərurəti yaradan səbəblərə dair əsaslandırılmış məlumatlar qeyd edilməklə onun razılaşdırılması üçün ərizə ilə texniki şərtləri vermiş paylayıcıya müraciət edir. Texniki şərtləri vermiş paylayıcı 2 (iki) gün müddətində sifarişçi tərəfindən təqdim edilmiş kənaraçıxma zərurətinə dair məlumatların Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğunluğunu yoxlayır və həmin məlumatlar əsaslı hesab edildikdə texniki şərtlərdə müvafiq dəyişikliklərin edilməsi barədə, əks halda texniki şərtlərin qüvvədə saxlanılması barədə qərar qəbul edir.

2.33. Qoşulma nöqtəsi tikinti obyektinə ən yaxın məsafədə yerləşən istilik mənbəyinin texniki imkanları, şəbəkənin buraxılış qabiliyyəti və tələb olunan istilik gücü nəzərə alınmaqla müəyyən edilməlidir.

2.34. Paylayıcı ilə sifarişçi arasında balans mənsubiyyəti sərhədi qoşulma aktı ilə müəyyən edilir.

2.35. Paylayıcı ilə sifarişçi arasında istismar məsuliyyəti sərhədi balans mənsubiyyəti sərhədi ilə müəyyən edilir.

2.36. İstehlakçıların tikinti obyektlərinin, o cümlədən yaşayış binalarının onlara məxsus olan istilik mənbəyinə və ya şəbəkəyə qoşulması üçün bu Qaydalara uyğun olaraq texniki şərtlər alınmır.

2.37. Yaşayış binalarının şəbəkəyə qoşulması üçün texniki şərtlərin verildiyi və həmin texniki şərtlərin tələblərinin icra olunduğu nəzərə alınaraq, həmin binalarda yerləşən mənzillərin şəbəkəyə qoşulması üçün ayrıca texniki şərtlərin və tikinti obyektinin şəbəkəyə qoşulması ilə əlaqədar layihənin alınması tələb olunmur.

2.38. Çoxmənzilli yaşayış binalarının şəbəkəyə qoşulması (Qanun qüvvəyə minənədək tikilmiş yaşayış binalarına münasibətdə) və ya həmin şəbəkədən ayrılması yalnız binanın sahə mülkiyyətçiləri (bina sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edildikdə) və ya onları təmsil edən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti, ixtisaslaşmış istehlak kooperativi, idarəedici təşkilatın paylayıcıya yazılı müraciəti əsasında həyata keçirilir.

3.1. Satıcı və istehlakçı arasında istilik və isti suyun verilməsinə görə hesablaşma aparılması üçün balans mənsubiyyəti sərhədində, bu mümkün olmadığı hallarda isə istilik mənbəyində “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tipi təsdiq edilmiş və yoxlamadan keçmiş müvafiq sayğac quraşdırılmalıdır.

3.2. Məişət istehlakçılarına verilən istiliyin və isti suyun uçotu mənzillərin və ya yaşayış evlərinin girişində və ya onların daxilində quraşdırılmış sayğac vasitəsilə, sayğac yalnız binanın şəbəkəyə qoşulma nöqtəsində quraşdırıldığı halda isə uçot həmin sayğac vasitəsilə aparılır.

3.3. İstehlakçıların sayğacla təchiz edilməsi, onun quraşdırılması və dəyişdirilməsi məişət istehlakçılarına münasibətdə həmin istehlakçının qurğusunun qoşulduğu paylayıcının vəsaiti hesabına həmin paylayıcı tərəfindən, qeyri-məişət istehlakçılarına münasibətdə isə istehlakçının öz vəsaiti hesabına onun istilik qurğusunun qoşulduğu paylayıcı, yaxud istehlakçının seçdiyi podratçı tərəfindən həyata keçirilir.

3.4. Qanunun 16.5-ci maddəsinə uyğun olaraq həmin Qanun qüvvəyə minənədək tikilmiş binalarda sayğacın quraşdırılması texniki baxımdan mümkün olmadığı hallarda paylayıcı tərəfindən binanın girişində quraşdırılmış sayğacın istismarı fərdi qaydada sayğacların quraşdırılması üçün texniki imkan yarananadək davam etdirilir.

3.5. Zədələnmiş sayğacların (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, üzərindəki plombların qırılması, texniki nasazlıqlar və s.) təmiri, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu barədə müraciət edildiyi və ya belə halların aşkar olunduğu gündən sonra ən geci 15 (on beş) gün müddətində bu Qaydaların 3.3-cü bəndinə uyğun olaraq həyata keçirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş sayğacın təmiri, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 3.3-cü bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına məişət istehlakçılarına münasibətdə paylayıcı, qeyri-məişət istehlakçılarına münasibətdə isə paylayıcı, yaxud istehlakçının seçdiyi podratçı tərəfindən həyata keçirilir.

3.6. Qeyri-məişət istehlakçıları tərəfindən balans mənsubiyyəti sərhədində quraşdırılmış sayğacın qorunmasına, sayğac və xətdəki siyirtmə, süzgəc üzərindəki plombların toxunulmazlığına cavabdeh olan şəxs müəyyən edilir.

3.7. Mənzillərin və ya yaşayış evlərinin daxilində quraşdırılmış sayğaclar istisna olmaqla, məişət istehlakçılarının sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə paylayıcı cavabdehlik daşıyır.

3.8. Sayğacların növbəti yoxlanılması onların tipi təsdiq edilərkən müəyyən edilən ölçmə vasitəsinin yoxlamalararası intervalına uyğun olaraq “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən paylayıcının hesabına həyata keçirilir. İstehlakçının müraciəti ilə sayğacın növbədənkənar yoxlanılmasına görə istehlakçı paylayıcı tərəfindən müəyyən edilən və rəsmi internet saytında yerləşdirilmiş məbləğdə vəsait ödəməlidir.

3.9. Paylayıcının nümayəndələri tərəfindən qanunsuz qoşulma (paylayıcının razılığı olmadan şəbəkəyə qoşulma) halları aşkar edildikdə qanunsuz qoşulma xəttini dərhal şəbəkədən ayırmaqla istilik təchizatını dayandırmalıdır. Paylayıcının nümayəndələri istehlakçı tərəfindən sayğaca müdaxilə edilməklə və ya şəbəkəyə qanunsuz qoşulmaqla istilik enerjisinin talanması hallarını aşkar edərlərsə, bu Qaydaların 3.11-ci və 3.12-ci bəndlərinin tələbləri nəzərə alınmaqla bu barədə istehlakçının iştirakı ilə akt tərtib etməli, həmin aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), aktda inzibati xəta əlaməti olan əməl qeyd olunmuşdursa, bir nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Energetika Nazirliyinə və Tənzimləyiciyə, aktda cinayət tərkibinin əlamətləri olan əməl qeyd olunmuşdursa, bir nüsxəsini cinayət təqibi orqanına təqdim etməlidirlər. Akt paylayıcının nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

3.10. İstilik enerjisinin talanmasında istehlakçının təqsirli olması bu Qaydaların 3.9-cu bəndində nəzərdə tutulan orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə paylayıcı vurulmuş zərərin ödənilməsini zərər vuran şəxsdən tələb etməlidir.

3.11. İstehlakçıya göstərilən istilik və isti su təchizatının uçotu paylayıcı və istehlakçının balans mənsubiyyəti sərhədində aparılmalıdır. Sayğac balans mənsubiyyəti sərhədində quraşdırılmadığı halda, balans mənsubiyyəti sərhədindən sayğacın quraşdırıldığı yerə qədər yerləşən istilik xəttində istilik və isti su itkiləri sınaqlar aparılmaqla müəyyən edilir. Bu itkilər sayğac paylayıcının balans mənsubiyyətinə aid hissədə quraşdırıldıqda istehlakçıya verilən hesabdan çıxılır, istehlakçının balans mənsubiyyətinə aid hissədə quraşdırıldıqda isə həmin hesaba əlavə edilir. İtkilərin müəyyən edilməsi üçün aparılan sınaqlar paylayıcının nümayəndələri və istehlakçının iştirakı ilə həyata keçirilir.

3.12. Paylayıcının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

3.13. Paylayıcının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdankənar şəbəkəyə qanunsuz qoşulma hallarını müəyyən etdikdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

4.1. İstehsalçının aşağıdakı vəzifələri vardır:

4.1.1. istilik enerjisi istehsalını “Ətraf mühitin mühafizəsi haqqında” və “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən ətraf mühitin mühafizəsi və təhlükəsizlik tələblərinə, temperatur qrafiki ilə müəyyən edilən keyfiyyət göstəricilərinə uyğun həyata keçirmək;

4.1.2. temperatur qrafikini istilik mövsümünün başlanmasına 15 (on beş) gün qalmış təsdiq etmək, rəsmi internet saytında (olduqda) dərc etmək və satıcıya təqdim etmək;

4.1.3. istilik təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə, Qanunun 5.3-cü maddəsinə uyğun olaraq verilən yazılı göstərişlərə və istilik təchizatı sektorunda bağladığı müqavilələrin şərtlərinə əməl etmək;

4.1.4. aşağıdakı hesabat və məlumatları Azərbaycan Respublikasının Energetika Nazirliyinə və Tənzimləyiciyə təqdim etmək:

4.1.4.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli 233 nömrəli Qərarı ilə təsdiq edilmiş “Enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət Qaydası”na əsasən enerji balansının tərtib edilməsi və icrasına nəzarət ilə bağlı rüblük və illik məlumatlar;

4.1.4.2. istehsal sahəsi ilə bağlı inkişaf planının hazırlanması və icrası ilə bağlı yarımillik və illik məlumatlar;

4.1.5. balansında olan istilik qurğularının etibarlı və fasiləsiz işini təmin etmək;

4.1.6. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 13.3-cü maddəsi ilə müəyyən edilən enerji resurslarından səmərəli istifadəyə dair öhdəliklərə riayət etmək.

4.2. İstehsalçı aşağıdakı hüquqlara malikdir:

4.2.1. istehsal etdiyi istilik enerjisini müqavilə əsasında satmaq;

4.2.2. istilik istehlakı qurğularının, şəbəkələrin və istehlakçıların fəaliyyətində istilik təchizatının texnoloji proseslərində fasilələrə səbəb olan pozuntular olduqda pozuntuya yol vermiş subyektdən dəymiş ziyanın ödənilməsini tələb etmək.

4.3. İstehsalçının istilik təchizatı sektorunda digər fəaliyyət növlərinə Qanunun və bu Qaydaların həmin fəaliyyətə aid müvafiq müddəaları şamil olunur.

5.1. Paylayıcının vəzifələri aşağıdakılardır:

5.1.1. şəbəkənin idarə edilməsini, gücləndirilməsini və genişləndirilməsini, ona texniki xidmətin göstərilməsini, habelə həmin şəbəkə vasitəsilə istilik enerjisinin paylanmasını təmin etmək;

5.1.2. istilik təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların, normativ xarakterli aktların, habelə Qanunun 5.3-cü maddəsinə uyğun olaraq verilən yazılı göstərişlərə və istilik təchizatı sektorunda bağladığı müqavilələrin şərtlərinə əməl etmək;

5.1.3. istilik təchizatı subyektlərinin, habelə istehlakçıların tikinti obyektlərinin ayrı-seçkiliyə yol verilmədən şəbəkəyə qoşulmasını təmin etmək;

5.1.4. şəbəkə vasitəsilə istilik enerjisinin paylanmasını həyata keçirmək;

5.1.5. şəbəkədə uzunmüddətli tələbatın saxlanılması məqsədilə həmin şəbəkəyə texniki qulluğu, o cümlədən onun təmirini və inkişafını təmin etmək;

5.1.6. şəbəkədə baş verən qəzaların aradan qaldırılmasını təmin etmək;

5.1.7. aşağıdakı hesabat və məlumatları Azərbaycan Respublikasının Energetika Nazirliyinə və tənzimləyiciyə təqdim etmək:

5.1.7.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli 233 nömrəli Qərarı ilə təsdiq edilmiş “Enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət Qaydası”na əsasən enerji balansının tərtib edilməsi və icrasına nəzarət ilə bağlı rüblük və illik məlumatlar;

5.1.7.2. şəbəkənin inkişafı planlarının hazırlanması və icrası ilə bağlı yarımillik və illik məlumatlar;

5.1.8. bu Qaydaların 8.4-cü bəndi ilə müəyyən edilən hallarda istilik təchizatının dayandırılacağı barədə istehlakçıya 3 (üç) gün əvvəl yazılı xəbərdarlıq göndərmək;

5.1.9. istehlakçının şəbəkəyə qoşulmuş tikinti obyektində quraşdırılmış sayğacı (ağıllı sayğaclar istisna olmaqla) hər ay oxumaq və bu barədə istehlakçıya bildiriş, habelə Qanunun 13.4-cü maddəsinə uyğun olaraq satıcı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda satıcının adından istehlak edilmiş istilik enerjisinin dəyəri barədə hesab təqdim etmək;

5.1.10. istehlakçının şəbəkəyə qoşulmuş tikinti obyektində quraşdırılmış sayğacın işlək vəziyyətdə olduğunu müəyyən etmək məqsədilə 3 (üç) ayda 1 (bir) dəfə həmin sayğaca və onun qoşulma sxeminə baxış keçirmək (sahibkarlıq subyektlərinə münasibətdə bu Qaydaların 3.13-cü bəndinin tələblərinə uyğun olaraq);

5.1.11. istilik qurğularını onların texniki pasportlarında və (və ya) tətbiq edildiyi halda texniki reqlamentdə göstərilmiş tələblərə uyğun istismar etmək.

5.2. Paylayıcının hüquqları aşağıdakılardır:

5.2.1. bu Qaydaların 8.1-ci bəndi ilə müəyyən edilən hallarda istilik təchizatını dayandırmaq;

5.2.2. şəbəkəyə qoşulması nəzərdə tutulan tikinti obyektinin yerləşdiyi ərazidə şəbəkə və ya mövcud şəbəkədə tələb olunan həcmdə sərbəst istilik gücü olmadıqda (təsdiqedici sənəd və əsaslandırmalar təqdim edilməklə) tikinti obyektinin şəbəkəyə qoşulmasından imtina etmək.

5.3. Paylayıcının istilik təchizatı sektorunda digər fəaliyyət növlərinə Qanunun və bu Qaydaların həmin fəaliyyətə aid müvafiq müddəaları şamil olunur.

6.1. Satıcının vəzifələri aşağıdakılardır:

6.1.1. istilik təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların, normativ xarakterli aktların, Qanunun 5.3-cü maddəsinə uyğun olaraq verilən yazılı göstərişlərə və istilik təchizatı sektorunda bağladığı müqavilələrin şərtlərinə əməl etmək;

6.1.2. müqavilənin şərtlərini rəsmi internet saytında dərc etmək;

6.1.3. istehlakçılara hüquq və vəzifələrini izah etmək;

6.1.4. Qanunun 13.4-cü maddəsinə uyğun olaraq paylayıcı ilə bağlanılmış müqavilədə nəzərdə tutulmadığı halda hər ay istehlakçıya istehlak edilmiş istilik enerjisinin dəyəri barədə hesab təqdim etmək;

6.1.5. istehlakçı ilə bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq satdığı istilik enerjisini tələb olunan həcmdə və keyfiyyətdə verilməməsi nəticəsində istehlakçıya vurulmuş ziyanı ödəmək;

6.1.6. xidmət göstərdiyi istehlakçının tikinti obyektinin qoşulduğu şəbəkədən asılı olaraq paylayıcı ilə müvafiq müqavilə bağlamaq;

6.1.7. temperatur qrafikini rəsmi internet saytında (olduqda) dərc etmək və müqavilə ilə birlikdə istehlakçılara təqdim etmək.

6.2. Satıcının hüquqları aşağıdakılardır:

6.2.1. paylayıcıdan xidmətlərin göstərilməsini tələb etmək;

6.2.2. istehlakçıya təqdim edilmiş hesaba uyğun olaraq ondan şəbəkə vasitəsilə sayğacın göstəricilərinə uyğun olaraq qəbul edilmiş istilik enerjisinin dəyərinin ödənilməsini tələb etmək;

6.2.3. istehlakçının paylayıcı tərəfindən istilik enerjisi ilə təmin edilməməsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək.

6.3. Satıcının istilik təchizatı sektorunda digər fəaliyyət növlərinə Qanunun və bu Qaydaların həmin fəaliyyətə aid müvafiq müddəaları şamil olunur.

7.1. İstehlakçıların vəzifələri aşağıdakılardır:

7.1.1. Qanunun 13.1.1-ci maddəsinə əsasən müəyyən edilən istilik qurğularının quraşdırılması qaydalarına, istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydalarına və istilik qurğularının texniki istismar qaydalarına, habelə Qanunun 5.3-cü maddəsinə uyğun olaraq verilən yazılı göstərişlərə əməl etmək;

7.1.2. bağlanılmış müqavilə ilə müəyyən edilmiş öhdəliklərə əməl etmək;

7.1.3. paylayıcının səlahiyyətli nümayəndələrinin sayğacın işlək vəziyyətdə olduğunu müəyyən etmək məqsədilə 3 (üç) ayda 1 (bir) dəfə həmin sayğaca və onun qoşulma sxeminə, habelə sayğacın (ağıllı sayğaclar istisna olmaqla) oxunması məqsədilə tikinti obyektlərinin daxilində quraşdırılmış sayğaca baxış keçirmək üçün sayğac quraşdırılmış yerə maneəsiz daxil olmalarını təmin etmək;

7.1.4. istilik təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə riayət etmək;

7.1.5. istilik qurğularının texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını təmin etmək;

7.1.6. istehlakçıya məxsus mənzillərin və yaşayış evlərinin daxilində quraşdırılmış sayğacları onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun istismar etmək, işlək vəziyyətdə saxlanılmasını və üzərindəki plombların toxunulmazlığını təmin etmək;

7.1.7. istehlak edilmiş istiliyin və (və ya) isti suyun dəyəri barədə hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsaiti 30 (otuz) gün müddətində tam məbləğdə ödəmək;

7.1.8. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada paylayıcının səlahiyyətli nümayəndələrini vəzifə borclarını yerinə yetirmək məqsədilə maneəsiz olaraq sahibkarlıq subyekti olan istehlakçıya məxsus əraziyə buraxmaq və müqavilə şərtlərini yerinə yetirilməsi ilə bağlı araşdırmanın aparılması üçün şərait yaratmaq;

7.1.9. sayğaclar və ya onlara vurulmuş plomblar hər hansı səbəbdən zədələndikdə (xarab olduqda) aşkar olunduğu vaxtdan 1 (bir) iş günündən gec olmayaraq, bu barədə paylayıcıya və satıcıya şəxsən, yazılı və ya elektron qaydada məlumat vermək;

7.1.10. istehlakçıya məxsus olan və ölçüləri tikinti obyektinin şəbəkəyə qoşulması ilə əlaqədar layihə ilə müəyyən edilmiş qızdırıcı cihazlara əlavə hissələr quraşdırmamaq, istilik sistemlərində istilik daşıyıcılarından təyinatından kənar istifadə etməmək (sistemdən və qızdırıcı cihazlardan suyu boşaltmamaq);

7.1.11. yaşayış binasının layihəsinə əsasən mənzildən keçən və binanın ümumi istifadəsində olan birdən artıq mənzildən keçən istilik xətlərinin özbaşına olaraq yerinin dəyişdirilməməsi, kəsilməməsi və ya dövriyyənin pozulmasına səbəb olan digər hallara yol verilməməsi.

7.2. Paylayıcı tərəfindən istilik və isti su ilə təchiz edilən və balansında istilik qurğuları, o cümlədən istilik xətləri, siyirtmələr, istilik mübadilə aparatları və digər olan qeyri-məişət istehlakçıları, həmçinin yaşayış binasının sahə mülkiyyətçiləri (bina sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edildikdə), mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti, ixtisaslaşmış istehlak kooperativi, idarəedici təşkilat əlavə olaraq aşağıdakı vəzifələri yerinə yetirməlidirlər:

7.2.1. balansında olan istilik qurğularını, o cümlədən istilik xətlərini, siyirtmələri, istilik mübadilə aparatlarını texniki cəhətdən saz vəziyyətdə saxlamaq, vaxtlı-vaxtında təmir, sınaq və sazlama işlərini aparmaq;

7.2.2. istilik və isti su təchizatının müvəqqəti dayandırılması tələb olunan təmir işlərinin yerinə yetirilməsi müddətlərini paylayıcı ilə razılaşdırmaq;

7.2.3. istilik və isti su təchizatı həyata keçirilən tikinti obyektlərində istilik enerjisindən səmərəli istifadə və istilik itkilərinə yol verilməməsi üçün tədbirlər görmək;

7.2.4. hər il istilik mövsümü başlanmazdan əvvəl tikinti obyektinin mövsümə hazırlığı, balansında olan istilik qurğularının və istilik istehlakı qurğularının sınaqdan keçirilməsi və sazlanmasına dair məlumatları (arayışı) paylayıcıya təqdim etmək (göndərmək).

7.3. İstehlakçıların hüquqları aşağıdakılardır:

7.3.1. Qanunun və bu Qaydaların tələblərinə uyğun olaraq tikinti obyektlərinin şəbəkəyə qoşulmasını tələb etmək;

7.3.2. müqavilədə nəzərdə tutulmuş keyfiyyət göstəricilərinə uyğun etibarlı və fasiləsiz istilik enerjisi ilə təmin olunmaq;

7.3.3. müqavilə şərtlərinə uyğun olaraq istilik enerjisinin razılaşdırılmış həcmdə verilməməsi və ya aşağı keyfiyyətdə verilməsi nəticəsində vurulmuş ziyanın satıcı tərəfindən ödənilməsini tələb etmək;

7.3.4. istehlak edilmiş istiliyin və isti suyun dəyəri barədə hesabın bu Qaydalarla müəyyən edilmiş qaydada və müddətdə təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablanmasını tələb etmək;

7.3.5. paylayıcının balansında olan istilik sistemlərində baş vermiş qəzaların və nasazlıqların aradan qaldırılmasını tələb etmək;

7.3.6. müqavilənin vaxtından əvvəl ləğv olunması barədə satıcıya yazılı müraciət etmək;

7.3.7. müqavilə ilə müəyyən edilmiş müddət ərzində fasiləsiz olaraq istilik və isti su ilə təchiz edilmək.

8.1. Paylayıcı istilik təchizatını aşağıdakı hallarda dayandırır:

8.1.1. istehlakçının müvafiq yazılı müraciəti (istilik təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;

8.1.2. istehlak edilmiş istilik enerjisinin dəyəri barədə hesab satıcı tərəfindən istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra istehlakçı tərəfindən 30 (otuz) gün müddətində tam məbləğdə ödənilmədikdə satıcının təşəbbüsü ilə;

8.1.3. istilik enerjisinin alqı-satqı müqaviləsinin müddəti bitdikdə yeni müqavilə bağlanılmadıqda;

8.1.4. təmir-profilaktika və qəza-bərpa işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya borularda (kəmərlərdə) sızmanın qarşısı alındıqda;

8.1.5. məhkəmənin qərarı ilə;

8.1.6. dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda həmin əməliyyatın aparılma zonasında dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında.

8.2. İstilik təchizatının dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırılma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. İstilik təchizatının fərdi qaydada dayandırılması çoxmənzilli yaşayış binalarında mənzillər üzrə boruların şaquli paylanması halında mənzilin daxilində yalnız digər istehlakçıların hüquqları pozulmadan həyata keçirilməlidir. İstilik təchizatının fərdi qaydada dayandırılması halında mənzilin daxilindən keçən dik boru hər hansı birləşmə və ya əlaqələndirici olmadan keçməli, belə birləşmə və ya əlaqələndirici olduğu halda onlar müvafiq qaydada plomblanmalıdır.

8.3. İstiliyin dəyərini vaxtında ödəməyən istehlakçıya istilik təchizatının dayandırılması, istilik enerjisinin dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir.

8.4. Bu Qaydaların 8.1.2-ci və 8.1.3-cü yarımbəndlərində nəzərdə tutulan hallarda, habelə illik iş planında göstərilən müddətlərdə təmir-profilaktika işləri aparılarkən yazılı xəbərdarlıq göndərilmədən istilik enerjisinin verilməsinin dayandırılması qadağandır. İstilik təchizatının dayandırılması hər bir halda (təmir-profilaktika və qəza işlərinin görüldüyü, o cümlədən baş verən yanğının və ya borularda (kəmərlərdə) sızmanın qarşısı alındığı, habelə dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldığı hallar istisna olmaqla) paylayıcı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

8.5. İstehlakçı istilik təchizatının dayandırılması və ya müqavilənin vaxtından əvvəl ləğv olunması barədə xidmət nöqtələrinə və ya paylayıcı yazılı müraciət etdikdə paylayıcı 2 (iki) gün müddətində istilik təchizatının dayandırılması barədə qərar qəbul edir və bu barədə dərhal istehlakçıya məlumat verilir. Qərar qəbul edildiyi gündən istilik təchizatı dayandırılır. İstehlakçı istilik təchizatının dayandırıldığı sonuncu günədək istifadə etdiyi istilik enerjisinin dəyərini ödəməli və çoxmənzilli yaşayış binalarında mənzillər üzrə boruların şaquli paylanması halında bu Qaydaların 8.2-ci bəndinin tələblərinə əməl etməklə digər istehlakçıların istilik təchizatına şərait yaratmalıdır.

8.6. İstilik təchizatı ilə təmin olunan tikinti obyektinin mülkiyyətçisi və ya digər əşya hüquqları əsasında sahiblik edən şəxs dəyişdikdə, əvvəlki istehlakçı mülkiyyətçinin və ya digər əşya hüquqları əsasında sahiblik edən şəxsin dəyişdirildiyi günədək istilik və isti su təchizatına görə olan borcunu ödəməlidir. Yeni mülkiyyətçi və ya digər əşya hüquqları əsasında sahiblik edən şəxs bu hüququ əldə etdiyi gündən 10 (on) gün müddətində “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsi nəzərə alınmaqla bu barədə təsdiqedici sənədlər təqdim edərək yeni müqavilənin bağlanılması üçün satıcı yazılı müraciət etməlidir. Satıcı yeni mülkiyyətçinin və ya digər əşya hüquqları əsasında sahiblik edən şəxsin müraciət etdiyi gündən 3 (üç) gün müddətində əvvəlki istehlakçı ilə bağlanılmış müqaviləni birtərəfli qaydada ləğv etməli və onunla müqavilə bağlamalıdır.

8.7. Bu Qaydaların 8.1-ci bəndində göstərilən istilik təchizatının dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və paylayıcı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində istilik təchizatı bərpa edilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

9.1. Təbii inhisar subyekti qismində çıxış edən paylayıcı tərəfindən göstərilən istilik təchizatına görə hesablaşmalar məişət istehlakçıları üzrə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası (2028-ci il iyulun 1-dən Tənzimləyici) tərəfindən müəyyən edilmiş tariflərlə, isti su təchizatına və qeyri-məişət istehlakçıları üzrə, habelə digər paylayıcılar tərəfindən göstərilən istilik və isti su təchizatına görə hesablaşmalar isə müqavilə ilə müəyyən edilmiş tariflərlə həyata keçirilir.

9.2. Paylayıcı İstehlakçıya verdiyi istilik enerjisinin və isti suyun miqdarını sayğacın göstəricilərinə, habelə bu Qaydaların 9.5-ci, 9.6-cı və 9.7-ci bəndlərinə əsasən müəyyən etməli və bu barədə istehlakçıya hər ay bildiriş, habelə Qanunun 13.4-cü maddəsinə əsasən satıcı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda istehlakçının istifadə etdiyi istilik enerjisinin dəyərini tam hesablayaraq satıcının adından hesab təqdim etməlidir (göndərməlidir). Qanunun 13.4-cü maddəsinə əsasən satıcı ilə bağlanılmış müqavilədə nəzərdə tutulmadığı halda istehlakçıya hesab satıcı tərəfindən təqdim edilməlidir (göndərilməlidir). Ağıllı sayğacı olan istehlakçıya istifadə etdiyi istilik enerjisinin dəyəri haqqında bildirişin və hesabın təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçı tərəfindən istilik enerjisinin dəyəri barədə hesab tam ödənildikdən sonra, satıcı onun tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış istilik enerjisinin dəyərinin istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

9.3. İstehlakçıya verilən istilik və isti suyun həcmi paylayıcı və istehlakçı arasındakı şəbəkənin balans mənsubiyyəti sərhədində müəyyən edilir.

9.4. Balans mənsubiyyəti sərhədinə qədər istilik və isti suyun ötürülməsi və istilik itkiləri ilə bağlı bütün xərclər istilik tariflərinə daxildir və istehlakçıdan tarifdən artıq əlavə ödəniş tələb edilmir.

9.5. Sayğac yalnız yaşayış binasının şəbəkəyə qoşulma nöqtəsində quraşdırıldığı halda, həmin sayğacın göstəricilərinə əsasən hesablanmış istiliyin dəyəri həmin binada olan istehlakçıların mənzillərinin ümumi sahəsinə (balkon, lociya, terras, şüşəbənd və eyvanlar istisna olmaqla) görə məişət istehlakçıları arasında mütənasib şəkildə bölüşdürülür. Sayğac yalnız yaşayış binasının şəbəkəyə qoşulma nöqtəsində quraşdırıldığı və isti suyun tarifi (qiyməti) hər vahid üzrə müəyyənləşdirildiyi halda isti suyun dəyəri hər bir mənzildə qeydiyyatda olan şəxslərin sayına görə məişət istehlakçıları arasında mütənasib şəkildə bölüşdürülür.

9.6. Sayğac hər bir mənzil və ya yaşayış evi üzrə fərdi qaydada və ya binanın şəbəkəyə qoşulma nöqtəsində quraşdırılanadək məişət istehlakçıları üzrə hesablaşmalar aşağıdakı qaydada həyata keçirilir:

9.6.1. istilik təchizatı ilə bağlı – istehlakçının mənzilinin və ya yaşayış evinin ümumi sahəsinə (balkon, lociya, terras, şüşəbənd və eyvanlar istisna olmaqla) görə bu Qaydaların 9.1-ci bəndində nəzərdə tutulmuş qaydada bir kvadratmetr üzrə müəyyən edilən tariflərlə;

9.6.2. isti su təchizatı ilə bağlı – istehlakçının mənzilində və yaşayış evində bir nəfər üçün aylıq isti su istehlakı norması (2,5 kubmetr) nəzərə alınmaqla, qeydiyyatda olan şəxslərin sayına görə.

9.7. Sayğac binanın şəbəkəyə qoşulma nöqtəsində quraşdırılanadək qeyri-məişət istehlakçıları üzrə hesablaşmalar aşağıdakı qaydada həyata keçirilir:

9.7.1. istilik təchizatı ilə bağlı – istehlakçının tikinti obyektinin tikinti həcminə görə bu Qaydaların 9.1-ci bəndində nəzərdə tutulmuş qaydada müəyyən edilən tariflərlə;

9.7.2. isti su təchizatı ilə bağlı - istehlakçının tikinti obyektində isti su istifadə edilən nöqtələrin sayına görə.

9.8. Bu Qaydaların 9.5-ci bəndinin ikinci cümləsində və 9.6.2-ci yarımbəndində nəzərdə tutulan hallarda mənzildə və ya yaşayış evində qeydiyyatda olan şəxslərin sayı barədə arayış “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsi nəzərə alınmaqla istehlakçı tərəfindən təqdim edilir. Qeydiyyatda olan şəxslərin sayında dəyişiklik olduqda istehlakçı bu barədə 7 (yeddi) gün müddətində paylayıcıya məlumat verməlidir. Paylayıcı məlumatın verildiyi gündən hesablamanı məlumata uyğun aparmalıdır.

9.9. İstehlakçının müraciəti və ya paylayıcının, yaxud satıcının təşəbbüsü əsasında istehlakçıya göndərilmiş (təqdim edilmiş) hesaba (istehlakçının müraciət etdiyi hallarda onun müraciət etdiyi gündən 3 (üç) gün müddətində) yenidən baxılır. Sayğacın göstəricilərinin yenidən oxunması və ya hesabların yenidən yoxlanılması nəticəsində fərq müəyyən olunduqda qarşılıqlı razılaşma əsasında hesabda müvafiq düzəliş aparılır. Düzəliş nəticəsində istehlakçının artıq (və ya əskik) ödədiyi məbləğ bu Qaydaların 9.2-ci bəndinin tələbləri nəzərə alınmaqla növbəti hesablarda nəzərə alınır.

9.10. İstehlakçı paylayıcının nümayəndəsinin sayğaca baxmasına maneə törətdikdə və ya şərait yaratmadıqda, istilik və isti suyun həcmi istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda faktiki istehlak dövrü üzrə) istifadə etdiyi ortaaylıq sərfinə əsasən müəyyən edilir. Ortaaylıq sərfə əsasən tərtib edilmiş hesablara sayğacın sonradan müəyyən olunmuş göstəricisinə uyğun olaraq düzəliş aparılır. Düzəliş nəticəsində istehlakçının artıq (və ya əskik) ödədiyi məbləğ növbəti hesablarda nəzərə alınır.

9.11. Sayğac paylayıcı tərəfindən bu Qaydaların 3.5-ci bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), sayğacın olmadığı müddət ərzində istilik və isti su təchizatı dayandırılmır və istifadə edilmiş istilik enerjisinin dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki 12 (on iki) ayda (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) göstərilən istilik və isti su təchizatının ortaaylıq sərfi həcmində müəyyən edilir.

9.12. Sayğaca müdaxilə və sayğacda pozuntu (sayğacın göstəricilərinin xətasının müəyyən edilmiş normalardan artıq olması) halları aşkar edildikdə bu Qaydaların 5.1.10-cu yarımbəndinə uyğun olaraq sayğaca keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə və sayğacda pozuntu halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş istilik və isti suyun dəyəri bu Qaydaların 9.13-cü bəndində nəzərdə tutulmuş qaydada hesablanır.

9.13. Qanunsuz qoşulma nəticəsində istifadə edilmiş istilik enerjisinin dəyəri aşağıdakı kimi hesablanır:

9.13.1. istilik təchizatı üzrə məişət istehlakçılarına münasibətdə mənzilin və ya yaşayış evinin ümumi sahəsinə (balkon, lociya, terras, şüşəbənd və eyvanlar istisna olmaqla) görə, qeyri-məişət istehlakçılarına münasibətdə isə obyektin tikinti həcminə görə 12 (on iki) aydan çox olmayan müddət və bu Qaydaların 9.1-ci bəndində nəzərdə tutulmuş qaydada müəyyən edilən tariflər nəzərə alınmaqla;

9.13.2. isti su təchizatı üzrə məişət istehlakçılarına münasibətdə mənzildə və ya yaşayış evində bir nəfər üçün aylıq isti su istehlakı norması (2,5 kubmetr) nəzərə alınmaqla, qeydiyyatda olan şəxslərin sayına görə, qeyri-məişət istehlakçılarına münasibətdə isə istehlakçının tikinti obyektində isti su istifadə edilən nöqtələrin sayına görə 12 (on iki) aydan çox olmayan müddət nəzərə alınmaqla.

9.14. İstilik enerjisinin dəyəri nağdsız qaydada bank, poçt, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilir.

Bu Müqavilə bir tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyə əsasən təsis edilmiş, hüquqi ünvanı (_______________) olan, nizamnamə əsasında fəaliyyət göstərən (vəzifəsi, soyadı, adı və atasının adı) şəxsində təmsil olunan (subyektin adı) və ya fiziki şəxs (soyadı, adı, atasının adı) və bundan sonra Satıcı adlanacaq, digər tərəfdən _____________ şəhəri,________________________ küçəsi, bina___ mənzil___ yaşayan vətəndaş (mülkiyyətçi və ya digər əşya hüquqları əsasında sahiblik edən şəxs) (soyadı, adı, atasının adı) bundan sonra İstehlakçı adlanacaq (bundan sonra ayrılıqda “Tərəf”, birlikdə isə “Tərəflər”) arasında “İstilik enerjisindən istifadə qaydaları”na (bundan sonra – Qaydalar) uyğun olaraq bağlanılır.

Bu Müqavilə Satıcı tərəfindən İstehlakçının mənzilinin və ya yaşayış evinin ümumi sahəsi (balkon, lociya, terras, şüşəbənd və eyvanlar istisna olmaqla) ____ m2, mənzildə və ya yaşayış evində qeydiyyatda olanların sayı ____ nəfər olan mənzilin və ya yaşayış evinin bu Müqavilənin 4.1.7-ci yarımbəndində nəzərdə tutulan temperatur qrafiki ilə müəyyən edilən keyfiyyət göstəricilərinə uyğun istilik və isti su təchizatı ilə əlaqədar Tərəflərin hüquq və vəzifələrini müəyyən edir.

2.1. Təbii inhisar subyekti qismində çıxış edən istilik enerjisinin paylayıcısı Satıcı olduğu hallarda istilik mövsümü bu Müqavilənin əlavəsində göstərilən ərazilərdə 1 noyabr – 1 may, digər ərazilərdə isə 15 noyabr – 15 aprel tarixləri nəzərdə tutulur (digər hallarda istilik mövsümünün müddəti Tərəflərin razılığı əsasında bu Müqavilə ilə müəyyən edilir). İstilik mövsümünün başlanması və başa çatması tarixləri ölkə ərazisində havanın temperaturundan asılı olaraq “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 65 nömrəli Qərarının tələbləri nəzərə alınmaqla, müvafiq yerli icra hakimiyyəti orqanını məlumatlandırmaqla Satıcı tərəfindən fərqli tarixlərdə müəyyən edilə bilər.

2.2. İstilik mövsümünün başlanmasından və ya başa çatmasından 10 (on) gün əvvəl bu barədə istehlakçılara media, Satıcının rəsmi internet saytı, həmçinin binaların girişində elanlar vasitəsilə məlumat verilir.

3.1. İstehlakçı tərəfindən istifadə edilən istilik və isti su təchizatına görə hesablaşmalar istilik və isti su sayğaclarının göstəricilərinə əsasən, habelə Qaydaların 9.6-cı bəndinə uyğun olaraq:

3.1.1. təbii inhisar subyekti qismində çıxış edən paylayıcı tərəfindən göstərilən istilik təchizatı ilə bağlı – İstehlakçının mənzilinin və ya yaşayış evinin ümumi sahəsinə (balkon, lociya, terras, şüşəbənd və eyvanlar istisna olmaqla) görə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası (2028-ci il iyulun 1-dən Tənzimləyici) tərəfindən bir kvadratmetr üzrə müəyyən edilmiş tariflərlə;

3.1.2. digər paylayıcılar tərəfindən göstərilən istilik və isti su təchizatı ilə bağlı - istehlakçının mənzilinin və ya yaşayış evinin ümumi sahəsinə (balkon, lociya, terras, şüşəbənd və eyvanlar istisna olmaqla) görə bu Müqavilə ilə müəyyən edilmiş tariflərlə;

3.1.3. isti su təchizatı ilə bağlı – istehlakçının mənzilində və ya yaşayış evində bir nəfər üçün aylıq isti su istehlakı norması nəzərə alınmaqla, qeydiyyatda olan şəxslərin sayına görə bu Müqavilə ilə müəyyən edilmiş tariflərlə həyata keçirilir.

3.2. Bu Müqavilə imzalandığı tarixə istiliyin qiyməti 1 Qkal istilik enerjisi üçün ƏDV ilə ___ manat və ya mənzilin və ya yaşayış evinin 1m2 ümumi sahəsi (balkon, lociya, terras, şüşəbənd və eyvanlar istisna olmaqla) üçün ƏDV ilə ____ manat, isti suyun qiyməti 1 Qkal istilik enerjisi üçün ƏDV ilə ___ manat və ya 1m isti su üçün ƏDV ilə ____ manat, isti su sayğacı olmayan mənzillərdə və ya yaşayış evində bir nəfər üçün aylıq isti su istehlakı norması 2,5 m həcmində müəyyən edilir.

3.3. Paylayıcı İstehlakçı tərəfindən istifadə edilən istiliyin və isti suyun uçotunu aparır və göstərilən istilik və isti suyun dəyərini sayğacın göstəricilərinə (sayğac yalnız binanın şəbəkəyə qoşulma nöqtəsində quraşdırıldığı halda isə bu Müqavilənin 3.1-ci bəndinə uyğun olaraq) əsasən hər ay İstehlakçıya bildiriş və Qanunun 13.4-cü maddəsinə uyğun olaraq Satıcı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda, İstehlakçının istifadə etdiyi istilik enerjisinin dəyərini tam hesablayaraq satıcının adından məlumat (hesab) təqdim edir (göndərir). Qanunun 13.4-cü maddəsinə əsasən Satıcı ilə bağlanılmış müqavilədə nəzərdə tutulmadığı halda istehlakçıya hesab Satıcı tərəfindən təqdim edilməlidir (göndərilməlidir).

3.4. İstilik və isti suyun dəyəri barədə hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 30 (otuz) gün müddətində tam məbləğdə ödənilməlidir.

3.5. Tariflər dəyişdikdə Satıcı bu barədə media və Satıcının rəsmi internet saytı vasitəsilə İstehlakçıya məlumat verir.

4.1. Satıcının vəzifələri aşağıdakılardır:

4.1.1. istilik mövsümünün müəyyən edilmiş müddətlərdə başlanılması və başa çatdırılması, İstehlakçının bu Müqavilə ilə müəyyən edilmiş müddət ərzində fasiləsiz olaraq istilik və isti su ilə təmin edilməsi;

4.1.2. istehlakçılara hüquq və vəzifələrini izah etmək;

4.1.3. Qanunun 13.4-cü maddəsinə uyğun olaraq paylayıcı ilə bağlanılmış müqavilədə nəzərdə tutulmadığı halda hər ay istehlakçıya istehlak edilmiş istilik enerjisinin dəyəri barədə hesab təqdim etmək;

4.1.4. bu Müqavilənin şərtlərinə uyğun olaraq satdığı istilik enerjisini tələb olunan həcmdə və keyfiyyətdə verilməməsi nəticəsində istehlakçıya vurulmuş ziyanı ödəmək;

4.1.5. xidmət göstərdiyi İstehlakçının tikinti obyektinin qoşulduğu şəbəkədən asılı olaraq paylayıcı ilə müvafiq müqavilə bağlamaq;

4.1.6. istilik və isti su təchizatı ilə bağlı İstehlakçıların müraciətlərinə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun baxılması;

4.1.7. temperatur qrafikini rəsmi internet saytında (olduqda) dərc etmək və alqı-satqı müqaviləsi ilə birlikdə istehlakçılara təqdim etmək.

4.2. Satıcının aşağıdakı hüquqları vardır:

4.2.1. İstehlakçıya təqdim edilmiş hesaba uyğun olaraq ondan şəbəkə vasitəsilə sayğacın göstəricilərinə uyğun olaraq qəbul edilmiş istilik enerjisinin dəyərinin ödənilməsini tələb etmək;

4.2.2. İstehlakçının paylayıcı tərəfindən istilik enerjisi ilə təmin edilməməsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək.

5.1. İstehlakçının vəzifələri aşağıdakılardır:

5.1.1. istiliyin və isti suyun alqı-satqısı üçün bu Müqavilənin şərtlərinin yerinə yetirilməsi;

5.1.2. istehlak edilmiş istiliyin və isti suyun dəyəri barədə hesab İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsaitin 30 (otuz) gün müddətində tam məbləğdə ödənilməsi;

5.1.3. İstehlakçının mənzilində və ya yaşayış evində quraşdırılmış sayğacların onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun istismar edilməsi, işlək vəziyyətdə saxlanılması və üzərindəki plombların toxunulmazlığının təmin edilməsi;

5.1.4. sayğaclar və ya onlara vurulmuş plomblar hər hansı səbəbdən zədələndikdə (xarab olduqda), aşkar olunduğu vaxtdan 1 (bir) iş günündən gec olmayaraq bu barədə satıcıya şəxsən, yazılı və ya elektron qaydada məlumat verilməsi;

5.1.5. Qaydaların, Qanunun 13.1.1-ci maddəsinə əsasən qəbul edilən istilik qurğularının quraşdırılması qaydalarının, istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydalarının və istilik qurğularının texniki istismar qaydalarının tələblərinə, həmçinin Qanunun 5.3-cü maddəsinə uyğun olaraq verilən yazılı göstərişlərə əməl edilməsi;

5.1.6. istilik qurğularının texniki cəhətdən saz vəziyyətdə saxlanılmasının təmin edilməsi;

5.1.7. İstehlakçının müraciəti ilə sayğacın növbədənkənar yoxlanılmasına görə paylayıcı tərəfindən müəyyən edilən və rəsmi internet saytında yerləşdirilmiş məbləğdə vəsaitin ödənilməsi;

5.1.8. adında, soyadında, atasının adında, ünvanında dəyişiklik olduqda bu barədə Satıcıya məlumat verilməsi;

5.1.9. istilik təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə riayət etmək.

5.2. İstehlakçının aşağıdakı hüquqları vardır:

5.2.1. bu Müqavilənin şərtlərinin yerinə yetirilməsini Satıcıdan tələb etmək;

5.2.2. bu Müqavilənin şərtlərinə uyğun olaraq istilik enerjisinin razılaşdırılmış həcmdə verilməməsi və ya aşağı keyfiyyətdə verilməsi nəticəsində vurulmuş ziyanın Satıcı tərəfindən ödənilməsini tələb etmək;

5.2.3. istifadə edilmiş istiliyin və isti suyun dəyəri barədə hesabın Qaydalarla müəyyən edilmiş qaydada və müddətdə təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablanmasını tələb etmək;

5.2.4. paylayıcının balansında olan istilik sistemlərində baş vermiş qəzaların və nasazlıqların aradan qaldırılmasını tələb etmək;

5.2.5. bu Müqavilənin vaxtından əvvəl ləğv olunması barədə Satıcıya yazılı müraciət etmək;

5.2.6. bu Müqavilə ilə müəyyən edilmiş müddət ərzində fasiləsiz olaraq istilik və isti su ilə təchiz edilmək.

5.3. Aşağıdakılar qadağandır:

5.3.1. İstehlakçıya məxsus olan və ölçüləri tikinti obyektinin şəbəkəyə qoşulması ilə əlaqədar layihə ilə müəyyən edilmiş qızdırıcı cihazlara əlavə hissələrin quraşdırılması;

5.3.2. istilik sistemlərində istilik daşıyıcılarından təyinatından kənar istifadə (sistemdən və qızdırıcı cihazlardan suyun boşaldılması) edilməsi;

5.3.3. yaşayış binasının layihəsinə əsasən mənzildən keçən və binanın ümumi istifadəsində olan birdən artıq mənzildən keçən istilik xətlərinin özbaşına olaraq yerinin dəyişdirilməsi, kəsilməsi və ya dövriyyənin pozulmasına səbəb olan digər hallara yol verilməsi.

6.1. Paylayıcı istilik təchizatını aşağıdakı hallarda dayandırır:

6.1.1. İstehlakçının müvafiq yazılı müraciəti (istilik təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;

6.1.2. istehlak edilmiş istilik və isti suyun dəyəri barədə hesab İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 30 (otuz) gün müddətində tam məbləğdə ödənilmədikdə Satıcının təşəbbüsü ilə;

6.1.3. istilik enerjisinin alqı-satqı müqaviləsinin müddəti bitdikdə yeni müqavilə bağlanılmadıqda;

6.1.4. təmir-profilaktika və qəza-bərpa işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya borularda (kəmərlərdə) sızmanın qarşısı alındıqda;

6.1.5. məhkəmənin qərarı ilə;

6.1.6. dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda həmin əməliyyatın aparılma zonasında dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında.

6.2. Bu Müqavilənin 6.1-ci bəndində (təmir-profilaktika və qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya borularda (kəmərlərdə) sızmanın qarşısının alındığı, habelə dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldığı hallar istisna olmaqla) nəzərdə tutulan hallarda istilik təchizatının dayandırılması paylayıcı tərəfindən İstehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi İstehlakçıya təqdim edilməlidir.

6.3. İstilik təchizatının dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və paylayıcı tərəfindən İstehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində istiliyin və isti suyun verilməsi bərpa edilməli və aktın bir nüsxəsi İstehlakçıya təqdim edilməlidir.

Tərəflərin iradəsindən asılı olmayan hadisələr səbəbindən bu Müqavilə üzrə öhdəliklərin icra edilməməsinə görə Tərəflər məsuliyyət daşımırlar.

8.1. Bu Müqavilə İstehlakçının yazılı müraciəti əsasında vaxtından əvvəl, habelə Qaydaların 8.6-cı bəndində nəzərdə tutulan hallarda Satıcı tərəfindən birtərəfli qaydada ləğv edilə bilər. Yazılı müraciət daxil olduğu vaxtdan 30 (otuz) gün müddətində İstehlakçı borcunu tam ödədikdə Müqavilə ləğv edilmiş hesab olunur.

8.2. Bu Müqavilənin icrası ilə əlaqədar yaranan mübahisələr Tərəflərin qarşılıqlı razılığı ilə həll edilir, Tərəflər arasında qarşılıqlı razılıq əldə edilmədiyi halda həmin mübahisələrə aidiyyəti üzrə müvafiq məhkəmədə baxılır.

9.1. Müqavilə: “_____”_______________ 20___ il tarixindən qüvvəyə minir.

9.2. İstehlakçı Müqavilənin ləğv edilməsi barədə yazılı təşəbbüs göstərmədikdə, bu Müqavilənin qüvvədəolma müddəti hər növbəti il üçün uzadılmış hesab olunur.

9.3. Bu Müqavilə Tərəflərin hər birində bir nüsxə olmaqla eyni hüquqi qüvvəyə malik iki nüsxədə tərtib edilmişdir.

9.4. İstilik və isti su tarifləri dəyişdirildikdə hesabat tariflərin dəyişdirilməsi haqqında qərarın qüvvəyə mindiyi tarixdən yeni tarifə (qiymətə) uyğun aparılır.

_________________________________

_________________________________

_________________________________

Hüquqi ünvanı _____________________

Ünvanı ___________________________

_________________________________

_________________________________

Telefon nömrəsi ___________________

Telefon nömrəsi ____________________

_________________________________

_________________________________

“_____” ____________ 20 __ il

“_____” ____________ 20 ___ il

17. Naxçıvan Muxtar Respublikası

Bu Müqavilə bir tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyə əsasən təsis edilmiş, hüquqi ünvanı (_______________) olan, nizamnamə əsasında fəaliyyət göstərən (vəzifəsi, soyadı, adı və atasının adı) şəxsində təmsil olunan (subyektin adı) və ya fiziki şəxs (soyadı, adı, atasının adı) və bundan sonra Satıcı adlanacaq, digər tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyə əsasən təsis edilmiş, hüquqi ünvanı (_______________) olan, nizamnamə əsasında fəaliyyət göstərən (vəzifəsi, soyadı, adı və atasının adı) şəxsində təmsil olunan (subyektin adı) və ya fiziki şəxs (soyadı, adı, atasının adı) və bundan sonra İstehlakçı adlanacaq (bundan sonra ayrılıqda “Tərəf”, birlikdə isə “Tərəflər”) arasında “İstilik enerjisindən istifadə qaydaları”na (bundan sonra – Qaydalar) uyğun olaraq bağlanılır.

Bu Müqavilə Satıcı tərəfindən İstehlakçının, _____________ şəhəri, __________________ küçəsi, ___________ ünvanında, tikinti həcmi ____m, İstehlakçının tikinti obyektində isti su istifadə edilən nöqtələrin sayı___ olmaqla, bu Müqavilənin 4.1.7-ci yarımbəndində nəzərdə tutulan temperatur qrafiki ilə müəyyən edilən keyfiyyət göstəricilərinə uyğun istilik və isti su təchizatı ilə əlaqədar Tərəflərin hüquq və vəzifələrini müəyyən edir.

2.1. Təbii inhisar subyekti qismində çıxış edən istilik enerjisinin paylayıcısı Satıcı olduğu hallarda istilik mövsümü bu Müqavilənin əlavəsində göstərilən ərazilərdə 1 noyabr – 1 may, digər ərazilərdə isə 15 noyabr – 15 aprel tarixləri nəzərdə tutulur (digər hallarda istilik mövsümünün müddəti Tərəflərin razılığı əsasında bu Müqavilə ilə müəyyən edilir). İstilik mövsümünün başlanması və başa çatması tarixləri ölkə ərazisində havanın temperaturundan asılı olaraq “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 65 nömrəli Qərarının tələbləri nəzərə alınmaqla, müvafiq yerli icra hakimiyyəti orqanını məlumatlandırmaqla Satıcı tərəfindən fərqli tarixlərdə müəyyən edilə bilər.

2.2. İstilik mövsümünün başlanmasından və ya başa çatmasından 10 (on) gün əvvəl bu barədə media və Satıcının rəsmi internet saytı vasitəsilə məlumat verilir.

3.1. İstehlakçı tərəfindən istifadə edilən istilik və isti su təchizatına görə hesablaşmalar istilik və isti su sayğaclarının göstəricilərinə əsasən, habelə Qaydaların 9.7-ci bəndinə uyğun olaraq:

3.1.1. istilik təchizatı ilə bağlı – İstehlakçının tikinti obyektinin tikinti həcminə görə bu Müqavilə ilə müəyyən edilmiş tariflərlə;

3.1.2. isti su təchizatı ilə bağlı – İstehlakçının tikinti obyektində isti su istifadə edilən nöqtələrin sayına görə bu Müqavilə ilə müəyyən edilmiş tariflərlə həyata keçirilir.

3.2. Müqavilə imzalandığı tarixə istiliyin qiyməti 1 Qkal istilik enerjisi üçün ƏDV ilə ___ manat və ya İstehlakçının tikinti obyektinin 1m tikinti həcmi üçün ƏDV ilə ____ manat, isti su təchizatının qiyməti 1 Qkal istilik enerjisi üçün ƏDV ilə ___ manat və ya 1m isti su üçün ƏDV ilə ____ manat həcmində müəyyən edilir.

3.3. Paylayıcı İstehlakçı tərəfindən istifadə edilən istilik və isti su təchizatının uçotunu aparır və göstərilən istiliyin və isti suyun dəyərini sayğacın göstəricilərinə (sayğac yalnız binanın şəbəkəyə qoşulma nöqtəsində quraşdırıldığı halda isə bu Müqavilənin 3.1-ci bəndinə uyğun olaraq) əsasən hər ay İstehlakçıya bildiriş və Qanunun 13.4-cü maddəsinə uyğun olaraq Satıcı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda İstehlakçının istifadə etdiyi istilik enerjisinin dəyərini tam hesablayaraq satıcının adından məlumat (hesab) təqdim edir (göndərir). Qanunun 13.4-cü maddəsinə əsasən satıcı ilə bağlanılmış müqavilədə nəzərdə tutulmadığı halda İstehlakçıya hesab Satıcı tərəfindən təqdim edilməlidir (göndərilməlidir).

3.4. İstiliyin və isti suyun dəyəri barədə hesab İstehlakçıya təqdim edildikdən sonra müvafiq vəsait 30 (otuz) gün müddətində tam məbləğdə ödənilməlidir.

3.5. Tariflər dəyişdikdə Satıcı bu barədə rəsmi internet saytı və media vasitəsilə İstehlakçıya məlumat verir.

4.1. Satıcının vəzifələri aşağıdakılardır:

4.1.1. istilik mövsümünün müəyyən edilmiş müddətlərdə başlanılması və başa çatdırılması, bu Müqavilənin şərtlərinə uyğun olaraq İstehlakçının etibarlı və fasiləsiz olaraq istilik və isti su ilə təmin edilməsi;

4.1.2. istilik və isti suyun temperatur və təzyiq göstəricilərinin texniki şərtlə müəyyən edilmiş parametrlərinin saxlanılması;

4.1.3. istilik və isti su təchizatı ilə bağlı İstehlakçıların müraciətlərinə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun baxılması;

4.1.4. İstehlakçıya göstərilən istiliyin və isti suyun dəyərinin Qaydalara və bu Müqaviləyə uyğun olaraq tam hesablanması və hər ay İstehlakçıya məlumatın (hesabın) təqdim edilməsi (göndərilməsi);

4.1.5. Paylayıcı tərəfindən əvvəlcədən müəyyən edilmiş qrafikə uyğun olaraq təmir-profilaktika işləri görüldükdə və Qaydaların 8.2-ci bəndində nəzərdə tutulan hallarda istilik təchizatının dayandırılacağı barədə İstehlakçıya ən azı 5 (beş) gün əvvəl sifarişli poçt göndərişi və ya İstehlakçının əvvəlcədən razılığı ilə elektron poçt vasitəsilə yazılı bildiriş göndərilməsi;

4.1.6. Paylayıcının təqsiri nəticəsində İstehlakçıya ziyan vurulduqda Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq İstehlakçı qarşısında maddi məsuliyyət daşımaq;

4.1.7. temperatur qrafikini rəsmi internet saytında (olduqda) dərc etmək və alqı-satqı müqaviləsi ilə birlikdə istehlakçılara təqdim etmək.

4.2. Satıcının aşağıdakı hüquqları vardır:

4.2.1. istiliyin və isti suyun dəyəri barədə hesab İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsaitin tam məbləğdə ödənilməsini İstehlakçıdan tələb etmək;

4.2.2. İstehlakçının təqsiri nəticəsində Paylayıcıya ziyan vurulduqda Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq maddi ziyanın ödənilməsini tələb etmək.

5.1. İstehlakçının vəzifələri aşağıdakılardır:

5.1.1. istiliyin və isti suyun alqı-satqısı üçün bu Müqavilənin şərtlərinin yerinə yetirilməsi;

5.1.2. istehlak edilmiş istiliyin və isti suyun dəyəri barədə hesab təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsaitin 30 (otuz) gün müddətində tam məbləğdə ödənilməsinin təmin edilməsi;

5.1.3. balans mənsubiyyəti sərhədində quraşdırılmış istilik və isti su sayğaclarının onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun istismar edilməsi, işlək vəziyyətdə saxlanılması və üzərindəki plombların toxunulmazlığının təmin edilməsi;

5.1.4. sayğaclar və onlara vurulmuş plomblar hər hansı səbəbdən zədələndikdə (xarab olduqda), həmin zədələr aşkar olunduğu vaxtdan 1 (bir) iş günündən gec olmayaraq, bu barədə satıcıya şəxsən, yazılı və ya elektron qaydada məlumat verilməsi;

5.1.5. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada Paylayıcının səlahiyyətli nümayəndələrinin vəzifə borclarını yerinə yetirmək məqsədilə maneəsiz olaraq sahibkarlıq subyekti olan İstehlakçıya məxsus əraziyə buraxılması və müqavilə şərtlərinin yerinə yetirilməsi ilə bağlı araşdırmanın aparılması üçün şərait yaradılması;

5.1.6. balansında olan istilik qurğularının, o cümlədən istilik xətləri, siyirtmələr, istilik mübadilə aparatlarının texniki cəhətdən saz vəziyyətdə saxlanılması, vaxtlı-vaxtında təmir, sınaq və sazlama işlərinin aparılması;

5.1.7. istilik və isti su təchizatının müvəqqəti dayandırılması tələb olunan təmir işlərinin yerinə yetirilməsi müddətlərinin Paylayıcı ilə razılaşdırılması;

5.1.8. hər il istilik mövsümü başlanmazdan əvvəl obyektin mövsümə hazırlığı, balansında olan istilik qurğularının və istilik istehlakı qurğularının sınaqdan keçirilməsinə və sazlanmasına dair məlumatların (arayışın) Paylayıcıya təqdim edilməsi (göndərilməsi);

5.1.9. Qaydaların, Qanunun 13.1.1-ci maddəsinə əsasən qəbul edilən istilik qurğularının quraşdırılması qaydalarının, istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydalarının və istilik qurğularının texniki istismar qaydalarının tələblərinə, həmçinin Qanunun 5.3-cü maddəsinə uyğun olaraq verilən yazılı göstərişlərə əməl edilməsi;

5.1.10. İstehlakçının müraciəti ilə sayğacın növbədənkənar yoxlanılmasına görə Paylayıcı tərəfindən müəyyən edilən və rəsmi internet saytında yerləşdirilmiş məbləğdə vəsaitin ödənilməsi;

5.1.11. adında, hüquqi ünvanında, bank rekvizitlərində dəyişiklik olduqda, ləğv olunması barədə qərar verildikdə bu barədə Satıcıya məlumat verilməsi;

5.1.12. istilik təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə riayət etmək.

5.2. İstehlakçının aşağıdakı hüquqları vardır:

5.2.1. bu Müqavilənin şərtlərinin yerinə yetirilməsini Satıcıdan tələb etmək;

5.2.2. bu Müqavilənin şərtlərinə uyğun olaraq istilik enerjisinin razılaşdırılmış həcmdə verilməməsi və ya aşağı keyfiyyətdə verilməsi nəticəsində vurulmuş ziyanın Satıcı tərəfindən ödənilməsini tələb etmək;

5.2.3. istifadə edilmiş istiliyin və isti suyun dəyəri barədə hesabın müəyyən edilmiş qaydada və müddətdə təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablanmasını tələb etmək;

5.2.4. Paylayıcının balansında olan istilik sistemlərində baş vermiş qəzaların və nasazlıqların aradan qaldırılmasını tələb etmək;

5.2.5. bu Müqavilənin vaxtından əvvəl ləğv olunması barədə Satıcıya yazılı müraciət etmək;

5.2.6. bu Müqavilə ilə müəyyən edilmiş müddət ərzində fasiləsiz olaraq istilik və isti su ilə təchiz edilmək.

5.3. Aşağıdakı hallara yol verilməsi qadağan edilir:

5.3.1. İstehlakçıya məxsus olan və ölçüləri tikinti obyektinin şəbəkəyə qoşulması ilə əlaqədar layihə ilə müəyyən edilmiş qızdırıcı cihazlara əlavə hissələrin quraşdırılması;

5.3.2. istilik sistemlərində istilik daşıyıcılarından təyinatından kənar istifadə (sistemdən və qızdırıcı cihazlardan suyun boşaldılması) edilməsi.

6.1. Paylayıcı istilik təchizatını aşağıdakı hallarda dayandırır:

6.1.1. İstehlakçının müvafiq yazılı müraciəti (istilik təchizatı xidmətlərinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;

6.1.2. İstehlakçının istehlak etdiyi istiliyin və isti suyun dəyəri barədə hesab İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 30 (otuz) gün müddətində tam məbləğdə ödənilmədikdə Satıcının təşəbbüsü ilə;

6.1.3. istilik enerjisinin alqı-satqısı müqaviləsinin müddəti bitdikdə yeni müqavilə bağlanılmadıqda;

6.1.4. təmir-profilaktika və qəza-bərpa işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya borularda (kəmərlərdə) sızmanın qarşısı alındıqda;

6.1.5. məhkəmənin qərarı ilə;

6.1.6. dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda həmin əməliyyatın aparılma zonasında dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında.

6.2. Bu Müqavilənin 6.1-ci bəndində (təmir-profilaktika və qəza işlərinin görüldüyü, o cümlədən baş verən yanğının və ya borularda (kəmərlərdə) sızmanın qarşısı alındığı, habelə dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldığı hallar istisna olmaqla) nəzərdə tutulan hallarda istilik təchizatının dayandırılması Paylayıcı tərəfindən İstehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi İstehlakçıya təqdim edilməlidir.

6.3. İstilik təchizatının dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və Paylayıcı tərəfindən İstehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində istiliyin və isti suyun verilməsi bərpa edilməli və aktın bir nüsxəsi İstehlakçıya təqdim edilməlidir.

Tərəflərin iradəsindən asılı olmayan hadisələr nəticəsində bu Müqavilə üzrə öhdəliklərin icra edilməməsinə görə Tərəflər məsuliyyət daşımır.

8.1. Bu Müqavilə İstehlakçının yazılı müraciəti əsasında vaxtından əvvəl, habelə Qaydaların 8.6-cı bəndində nəzərdə tutulan hallarda Satıcı tərəfindən birtərəfli qaydada ləğv edilə bilər. Yazılı müraciət daxil olduğu vaxtdan 30 (otuz) gün müddətində İstehlakçı borcunu tam ödədikdə Müqavilə ləğv edilmiş hesab olunur.

8.2. Bu Müqavilənin icrası ilə əlaqədar yaranan mübahisələr Tərəflərin qarşılıqlı razılığı ilə həll edilir, Tərəflər arasında qarşılıqlı razılıq əldə edilmədiyi halda həmin mübahisələrə aidiyyəti üzrə müvafiq məhkəmədə baxılır.

9.1. Müqavilə “___”________________ 20__il tarixindən qüvvəyə minir.

9.2. İstehlakçı Müqavilənin ləğv edilməsi barədə yazılı təşəbbüs göstərmədikdə bu Müqavilənin qüvvədəolma müddəti hər növbəti il üçün uzadılmış hesab olunur.

9.3. Bu Müqavilə Tərəflərin hər birində bir nüsxə olmaqla eyni hüquqi qüvvəyə malik iki nüsxədə tərtib edilmişdir.

9.4. İstilik və isti su tarifləri dəyişdirildikdə hesabat tariflərin dəyişdirilməsi haqqında qərarın qüvvəyə mindiyi tarixdən yeni tarifə (qiymətə) uyğun aparılır.

________________________________

_________________________________

Hüquqi ünvanı ______________________

Fəaliyyət ünvanı/hüquqi ünvanı

__________________________________

________________________________

________________________________

Telefon nömrəsi _____________________

Telefon nömrəsi ___________________

__________________________________

________________________________

“_____”___________ 20 ___il

“_____”___________ 20 ___il

17. Naxçıvan Muxtar Respublikası

Biz, aşağıda imza edənlər: ________________________________________________

Sifarişçi ________________________________________________________________

_____________________________________________________________ şəxsində və

Texniki şərti verən Paylayıcı (bundan sonra – Paylayıcı) adından _______________

_________________________________________________________________ şəxsində

_________________________________________________________________________

Tərəflər arasında istilik şəbəkəsinə qoşulma müqaviləsi (bundan sonra – Müqavilə) bağlanılır.

1.1. Bu Müqavilə ilə Paylayıcı istilik şəbəkəsinin qoşulma üçün hazırlığının təmin edilməsi (layihələndirmə, tikinti, yenidənqurma) daxil olmaqla sifarişçinin _____________________ ünvanında inşa edilmiş (inşa ediləcək) ________________ tikinti obyektinin istilik şəbəkəsinə qoşulması öhdəliyini öz üzərinə götürür.

1.2. Qoşulma nöqtəsi texniki şərtlərdə qeyd olunmuşdur və sifarişçinin istilik şəbəkəsinə qoşulması nəzərdə tutulan tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazinin sərhədindən ___________ metr məsafədə yerləşir.

1.3. Texniki şərtlər bu Müqavilənin ayrılmaz tərkib hissəsidir.

1.4. Texniki şərtlərin qüvvədəolma müddəti bu Müqavilənin bağlanıldığı tarixdən etibarən ___ ildir.

2.1. Paylayıcının öhdəlikləri:

- “İstilik enerjisindən istifadə qaydaları”nın (bundan sonra – Qaydalar) 2.17-ci və 2.20-ci bəndlərində nəzərdə tutulmuş hallarda bu Müqavilənin 2.2-ci bəndinin üçüncü abzasında qeyd olunan vəsait Paylayıcının bank hesabına köçürüldükdən sonra 20 (iyirmi) gün müddətində istilik təchizatı layihəsini hazırlamaq, ____ gün müddətində tikinti obyektindən və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsindən istilik şəbəkəsinə qoşulma nöqtəsinədək istilik xətlərini çəkmək və tikinti-quraşdırma işlərini yerinə yetirmək;

- istilik xətlərinin çəkilməsi və tikinti-quraşdırma işləri yerinə yetirildikdən sonra görülən işlərə baxış keçirilməsində iştirak etmək, qoşulma aktını imzalamaq, həmin sənədi və bu Müqaviləni Paylayıcının informasiya sisteminə (Sistemə) yerləşdirmək və kağız daşıyıcıda sifarişçiyə təqdim etmək və istiliyin və (və ya) isti suyun verilməsini təmin etmək.

2.2. Sifarişçinin öhdəlikləri:

- bu Müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirmək;

- Qaydaların 2.17-ci və 2.20-ci bəndlərində nəzərdə tutulmuş hallarda tikinti obyektinin şəbəkəyə qoşulması ilə əlaqədar layihənin hazırlanması üçün Paylayıcı tərəfindən hazırlanmış smeta sənədlərinə əsasən müəyyən edilmiş vəsaiti Paylayıcının bank hesabına köçürmək;

- Qaydaların 2.21-ci bəndində nəzərdə tutulmuş işləri yerinə yetirdikdən sonra Paylayıcıya bu barədə kağız daşıyıcıda məlumat vermək və ya həmin məlumatı Sistemdə qeyd etmək;

- görülən işlərə Paylayıcı tərəfindən baxış keçirilməsində iştirak etmək;

- Paylayıcı sifarişçinin tikinti obyektinin istilik şəbəkəsinə fiziki qoşulmasını həyata keçirdikdən sonra qoşulma aktını imzalamaq.

3.1. Bu Müqavilədə Tərəflərin yazılı razılığı ilə dəyişiklik edilə bilər.

3.2. Bu Müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş əsaslarla Tərəflərdən birinin tələbi ilə və ya Tərəflərin qarşılıqlı razılığı ilə ləğv edilə bilər.

Paylayıcı adından ________________________________________

Sifarişçi _______________________________________________

“_____” ___________ 20 __ il

__________________________________________________________________________

Texniki şərt alınması üçün müraciətin daxilolma nömrəsi və tarixi _______________

Tikinti obyektinin ünvanı __________________________________________________

_________________________________________________________________________

Texniki şərtin qüvvədəolma müddəti________________________________________

_________________________________________________________________________

1. Tikinti obyektinin təyinatı _______________________________________________

2. Tələb olunan maksimal saatlıq güc:

2.1. isitmə məqsədlərinə ___________________________________________________

2.2. isti su məqsədlərinə ___________________________________________________

_________________________________________________________________________

3. İstilik mənbəyi _________________________________________________________

_________________________________________________________________________

4. İstilik şəbəkəsinə qoşulma nöqtəsi və qoşulma ilə bağlı tələblər

_________________________________________________________________________

_________________________________________________________________________

5. İstilik daşıyıcısının parametrləri __________________________________________

6. İstilik daşıyıcısının geri qaytarılması ilə bağlı şərtlər və parametrlər

_________________________________________________________________________

_________________________________________________________________________

7. İstilik və isti su sayğaclarının quraşdırılmasına aid tələblər

_________________________________________________________________________

_________________________________________________________________________

8. İstilik şəbəkəsinin (yerüstü və ya yeraltı) çəkilməsi, kanal və kamera, bağlayıcı və tənzimləyici armatur qurğuların quraşdırılması, istilik izolyasiya tədbirlərinə görə tələblər __________________________________________________________________

_________________________________________________________________________

9. İstehlakçıya məxsus şəbəkəyə digər istehlakçıların (subabonent) qoşulmasına aid tələblər__________________________________________________________________

Biz, aşağıda imza edənlər:

1. Paylayıcının nümayəndəsi ________________________________________________

__________________________________________________________________________

2. Sifarişçi (və ya nümayəndəsi) _____________________________________________

__________________________________________________________________________

3. Podratçının nümayəndəsi (olduğu halda)____________________________________

___________________________________________________________________________

ünvanında yerləşən tikinti obyektində istilik xətlərinə və qurğularına texniki baxış keçirdik. Tikinti zamanı texniki şərtlərin, tikinti obyektinin şəbəkəyə qoşulması ilə əlaqədar layihənin tam yerinə yetirilməsi və tikinti obyektinin istilik şəbəkəsinə qoşulmaq üçün hazır olduğu müəyyən edildi.

Layihə sənədi № ____________ _____________________ tarixində verilmişdir.

Bunları nəzərə alaraq tikinti obyektinin istilik şəbəkəsinə qoşulmasına qərar verildi.

Qoşulma başa çatdırıldı ____________________ __________________

Tikinti obyektinin istilik və isti su təchizatı sisteminin balans mənsubiyyəti sərhədini aşağıdakı kimi müəyyən etdik.

__________________________________________________________________________

__________________________________________________________________________

İstehlakçının tikinti obyektinin istilik şəbəkəsinə birləşdirilməsi sxemi

___________________________________ ___________________________

(soyadı, adı və atasının adı)

_________________________________________ ______________________

(soyadı, adı və atasının adı)

_________________________________________ ______________________

(soyadı, adı və atasının adı)

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi (bu Siyahının 5-ci, 14-cü və 15-ci hissələrində nəzərdə tutulanlar istisna olmaqla, qoruqların və abidələrin mühafizə zonalarının ərazisinə münasibətdə)

2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

4. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

5. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi (tabeliyindəki qoruqların və abidələrin mühafizə zonalarının ərazisinə münasibətdə)

6. Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti

7. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti

8. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi

9. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

10. Müvafiq inzibati ərazi vahidi üzrə yerli icra hakimiyyəti orqanı

11. Müvafiq inzibati ərazi vahidi üzrə yerli özünüidarəetmə orqanı

12. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi

13. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti

14. Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi

15. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (tabeliyindəki qoruqların və abidələrin mühafizə zonalarının ərazisinə münasibətdə)

16. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti

17. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti

18. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver