“İstilik təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 222-VIIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 14 iyul tarixli 442 nömrəli Fərmanının 3.1.2-ci yarımbəndinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”nin 5.10.2-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyası
1. “İstilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq şöbəsinə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
Azərbaycan Respublikasının
1.1. Bu Qaydalar “İstilik təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra – Qanun) 13.1.1-ci maddəsinə əsasən hazırlanmışdır və istilik qurğularının istismarında təhlükəsizlik texnikasına dair tələbləri müəyyən edir.
1.2. Bu Qaydaların məqsədi istilik qurğularının istismarı və təmir işlərini həyata keçirərkən insanların sağlamlığının, həyatının və ətraf mühitin təhlükəsizliyini təmin etməkdən ibarətdir.
1.3. Bu Qaydalar istilik qurğularına xidmət edən heyətə olan tələbləri müəyyən edir və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə, dövlət orqanlarına (qurumlarına), bələdiyyə orqanlarına, habelə texniki heyətə şamil edilir.
1.4. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.4.1. hündürlükdə işlər – Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2016-cı il 24 oktyabr tarixli 20/01-005 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 1.3-cü bəndində nəzərdə tutulmuş işlər;
1.4.2. istilik mexaniki avadanlıq – istilik-güc, mexaniki və su hazırlayan avadanlıq, həmçinin bu avadanlığa quraşdırılmış istilik avtomatikası və istilik ölçmə vasitələri;
1.4.3. iş yeri – işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer;
1.4.4. qoruyucu klapan – qazanlarda, boru kəmərlərində və tutumlarda təzyiqin normativ sənədlərlə müəyyən edilmiş icazə verilən həddən yuxarı qalxmasının qarşısını almaq üçün avtomatik işə düşən təhlükəsizlik qurğusu;
1.4.5. naryad – işin məzmununu, yerini, başlanma və bitmə vaxtını, normativ hüquqi aktlarda nəzərdə tutulmuş təhlükəsizlik tədbirlərini, briqada tərkibini və işlərin təhlükəsiz icrasına cavabdeh şəxsləri müəyyən edən bu Qaydalara 1 nömrəli Əlavəyə uyğun tərtib olunmuş işin təhlükəsiz aparılmasına dair tapşırıq;
1.4.6. əməliyyat çevirmələri – istilik qurğularının işdən açıb - işə salmaq və ya siyirtmənin birini bağlayıb digərini açmaq prosesi.
1.5. Bu Qaydalar mütləq buxar təzyiqi 4 MPa-dan, suyun temperaturu 200°C-dən artıq olmayan, bütün növ üzvi yanacaqlardan və (və ya) bərpa olunan enerji mənbələrindən istifadə etməklə istilik enerjisi istehsal edən istilik qurğularına aid edilir.
1.6. Bu Qaydalarda istifadə olunan digər anlayışlar Qanunla və Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
2.1. İstilik enerjisinin istehsalı, paylanması (o cümlədən ötürülməsi) məqsədilə istismar zamanı və təmir işləri aparılarkən bu Qaydaların tələblərinə riayət edilməli, istismar edilən istilik qurğularının zərərli və təhlükəli təsirinin azaldılmasına və insanların təhlükəsizliyinin təmin olunmasına yönəldilmiş tədbirlər həyata keçirilməlidir.
2.2. İstilik qurğularının və istilik təchizatı sistemlərinin avadanlıqları bu Qaydalarla və texniki reqlamentlərlə müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
2.3. İstilik qurğularının normal iş rejiminin pozulmasının potensial risklərini nəzərə almaqla onların texniki vəziyyətinin qiymətləndirilməsi təşkil edilməli, qəzaların və digər fövqəladə hadisələrin qarşısının alınmasına yönələn profilaktik tədbirlər işlənib hazırlanmalı və həyata keçirilməlidir.
2.4. İstilik qurğularının və istilik təchizatı sistemlərinin avadanlıqlarının texniki reqlamentlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsi “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilməlidir.
2.5. İstilik qurğuları obyektin layihə sənədlərinə uyğun olaraq sınaqdan keçirilmiş, saz və istifadəyə hazır vəziyyətdə olan yanğın əleyhinə və texniki mühafizə vasitələri ilə təchiz edilməlidir.
2.6. İstilik qurğularının isti hissələri, boruları, çənləri və toxunarkən yanıq yarada bilən digər isti elementləri AzDTN 2.12-6 “Avadanlıqların və boru kəmərlərinin istilik izolyasiyası layihələndirmə normaları” standartına əsasən istilik izolyasiyası ilə təmin edilməlidir.
2.7. Boru kəmərlərinin rəngi və onların üzərindəki yazılar ГОСТ 12.4.026-2015 “İş təhlükəsizliyi standartları sistemi. Siqnalizasiya rəngləri, təhlükəsizlik nişanları və siqnalizasiya işarələri. Məqsəd və tətbiq qaydaları. Ümumi texniki tələblər və xüsusiyyətlər. Sınaq metodları” standartına uyğun olmalıdır.
2.8. Üzərinə tezalışan, yanğından, partlayışdan təhlükəli və ya zəhərli maddələr tökülməsi mümkün olan zonada yerləşmiş avadanlıq və boru kəmərlərinin səthlərinin isti hissələrinin istilik izolyasiyasını bu maddələrin hopmasından qoruyan metal örtüklə örtülməlidir.
2.9. Aqressiv, tezalışan, yanar, partlayış təhlükəli, yaxud zərərli maddələrin boru kəmərləri hermetik olmalıdır. Axması mümkün olan yerlərdə (lyuklər, ventillər, flans birləşmələri) mühafizə çəpərləri (örtükləri), zərurət yarandıqda isə mayenin təhlükəsiz yerə axıdılması üçün qurğu quraşdırılmalıdır. Avadanlığın, armatur və cihazların mütəmadi yoxlanılması tələb olunan elementlərinə xidmət etmək üçün onları əlçatan yerlərdə quraşdırmaq lazımdır.
2.10. Açılması üçün böyük güc tələb olunan siyirtmələr və ventillər mexaniki, yaxud elektrik intiqallı dövrələmə (baypas) xətləri ilə təchiz olunmalıdır.
2.11. İşəsalma qurğularının və armaturların hər biri nömrələnməli və üzərində texnoloji sxemə uyğun yazılar olmalıdır. Siyirtmələrin, ventillərin və şiberlərin əl çarxlarında (açarkən yaxud bağlayarkən) onların fırlanma istiqaməti göstərilməlidir.
2.12. İşçilərin toxunmaması üçün istehsalat avadanlığının fırlanan hissələrinin mexaniki mühafizə çəpəri (örtüyü) olmalıdır. Mühafizə çəpərləri (örtükləri) ayrı-ayrı hissələrdən hazırlanmış, açılıb-bağlanan yaxud çıxarıla bilən olmalıdır.
2.13. Maşın və mexanizmlərin gövdələrinə qaynaqlanmış millərdən və dəmir çubuqlardan mexaniki mühafizə çəpəri (örtüyü) düzəltmək qadağandır.
2.14. Yarımmuftaların örtükləri elə düzəldilməlidir ki, fırlanan valın örtülməmiş hissəsi hər tərəfdən 10 mm-dən çox olmasın.
2.15. Ölçmə prosesləri zamanı istifadə olunan ölçmə vasitələri “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olmalıdır.
3.1. İstilik qurğularına xidmət edən işçilər:
3.1.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 3 yanvar tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə qida sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin) iş yerlərinin Siyahısı”na əsasən tibbi müayinədən keçməli və sağlamlıq vəziyyətinə görə icra etdikləri işlərə buraxılmalıdırlar;
3.1.2. tutduqları vəzifəyə və (və ya) yerinə yetirdikləri işə əsasən bu Qaydaları, həmçinin əlavə olaraq sahəvi qaydaları və təlimatları bilməli, təcrübəli işçinin rəhbərliyi altında iş yerində təhlükəsiz iş üsulları üzrə təlim keçməli və müəyyən edilmiş qaydalara uyğun olaraq istilik təchizatı subyekti rəhbərinin əmri ilə yaradılmış ixtisaslaşdırılmış komissiyada bilikləri yoxlanılmalıdır.
3.2. İstilik təchizatı subyektinin rəhbərliyi işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılması məqsədilə yerli sərəncamverici sənədlərin icra vəziyyətinə, texniki-təşkilati tədbirlərin görülməsinə, işçilərə təhlükəsiz iş üsulları üzrə təlimatların verilməsinə və təlimlərin keçirilməsinə, həmçinin bu Qaydaların tələblərinə riayət olunmasına nəzarətin təmin edilməsini təşkil etməlidir.
3.3. İşçilər qoruyucu geyim və ayaqqabı, digər fərdi mühafizə vasitələri ilə pulsuz təmin edilir. Qoruyucu geyim və ayaqqabı, digər fərdi mühafizə vasitələri ilə təmin edilən işçilərin siyahısı, çeşidləri və istifadə müddəti kollektiv müqavilə və ya əmək müqavilələrində əks etdirilməlidir.
3.4. İşçi heyət qoruyucu geyimdə və düymələri bağlanmış vəziyyətdə işləməlidir. Qoruyucu geyimdə hərəkət edən və fırlanan mexanizmlərin hissələri tərəfindən tutula biləcək sallanan hissələr olmamalıdır. Qoruyucu geyimin qollarını yuxarı çəkmək və çəkmələrin boğazlarını qatlamaq qadağandır. Zəhərli və aqressiv maddələrlə işləyərkən, həmçinin elektrik-qaz qaynağı, izolyasiya işləri, tökmə və tozlanan materialların yüklənməsi və boşaldılması zamanı şalvarlar çəkmələrin üstündə olmalıdır. İşləyən avadanlıqlarla təchiz edilmiş otaqlarda, quyularda, kameralarda, kanallarda, tunellərdə, tikinti meydançalarında və təmir zonasında işçi heyət çənəaltı qayışla bağlanmış qoruyucu dəbilqə geyinməlidir. Saçlar dəbilqənin altına yığılmalıdır.
3.5. İstilik qurğularına xidmət edən heyət qəza hallarında, o cümlədən elektrik cərəyanının təsiri altına düşmüş insanı xilasetmə üsulları və digər bədbəxt hadisələrdən zərər çəkənlərə AZS 587-2011 “Elektrik stansiyaları və istilik şəbəkələri istilik - mexaniki avadanlıqlarının istismarında təhlükəsizlik texnikası qaydaları” standartının (bundan sonra – AZS 587-2011) Ə2 Əlavəsinə uyğun olaraq ilkin tibbi yardım göstərməyi bacarmalıdır.
3.6. İstilik qurğularının istismarı və təmiri zamanı əməyin mühafizəsi üzrə biliyi yoxlanılan işçiyə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 1999-cu il 26 avqust tarixli 19-3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında Nümunəvi Əsasnamə”nin 2 nömrəli əlavəsinə uyğun olaraq komissiyanın sədrinin imzası və istilik təchizatı subyektinin möhürü ilə təsdiq edilmiş vəsiqə verilir.
3.7. İstilik qurğularına xidmət göstərən zaman növbədə olan operativ heyət işçilərinin sayı təsdiq edilmiş ştat cədvəlinə əsasən müəyyən edilir.
3.8. İstilik qurğularında əməliyyat çevirmələri operativ və operativ-təmir heyəti tərəfindən həyata keçirilir.
3.9. Təhlükə potensiallı obyektlərdə işçi heyət işlərə Dövlət Sənayesində İşlərin Təhlükəsiz Görülməsində Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinin 2001-ci il 27 iyul tarixli 10 nömrəli əmri ilə təsdiq edilmiş “Təhlükə potensiallı obyektlərdə avadanlıq və texniki qurğulardan istifadənin ümumi qaydaları və şərtləri”nin 12-ci bəndinin tələblərinə uyğun olaraq buraxılır.
3.10. İstilik qurğularının elektrik avadanlıqları ilə işləyən heyəti fəaliyyətini elektrotexniki heyətin elektrik təhlükəsizliyi üzrə qrupuna uyğun həyata keçirir.
3.11. Xüsusi işlərə buraxılmış işçilərin vəsiqəsində görüləcək işlərin mahiyyətinə uyğun olaraq biliklərinin yoxlanılması haqqında müvafiq qeyd olmalıdır.
3.12. Xüsusi işlərə aşağıdakılar aid edilir:
3.12.1. hündürlükdə işlər;
3.12.2. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin nəzarətində və qeydiyyatında olan obyektlərə xidmət;
3.12.3. alovlu və qaz təhlükəli işlər;
3.12.4. taxtabənd qurma işləri;
3.12.5. yerdən idarə olunan yük qaldıran mexanizmlərlə işlər.
3.13. İstilik qurğusu obyektlərində elektrik təsərrüfatına xidmət edən heyət bu Qaydalar və Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının 2024-cü il 12 iyun tarixli 3-15/3-1-2/2024 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının texniki istismarı Qaydaları”nın tələblərinə əməl etməlidirlər.
3.14. İstilik qurğusu obyektlərində qaz təsərrüfatına xidmət edən heyət bu Qaydalara və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 24.7-ci maddəsində nəzərdə tutulan qaz təchizatı obyektlərində təhlükəsizlik qaydalarının tələblərinə riayət etməlidir.
4.1. Hər bir istilik qurğusuna xidməti həyata keçirmək üçün təhlükəsiz hərəkət yolları və yanğın vaxtı, yaxud qəza hallarında təxliyə planı işlənib hazırlanmalı və heyətin nəzərinə çatdırılmalıdır.
4.2. İstilik qurğusunun yerləşdiyi ərazidə və istehsalat binalarında avadanlığın xidməti ilə məşğul olmayan işçilərin orada müşayiətsiz qalması qadağandır.
4.3. İstehsalat binaları və qurğuları daxilində və xaricində, həmçinin onlara bitişik ərazidə keçidlər və yollar, girişlər və çıxışlar işıqlandırılmalı, boş olmalı, piyadaların və nəqliyyatın hərəkəti üçün təhlükəsiz olmalıdır.
4.4. Qaz borusu altında emalatxana, sanitar-məişət və digər tikililər quraşdırmaq qadağandır.
4.5. Kamera və kanallarda təmizliyə riayət edilməli, bu hissələrdə yığışan sular müntəzəm çəkilməli, keçidlərin tutulmasına yol verilməməlidir.
4.6. Öncədən işlərin mümkünlüyünü təsdiqləyən hesablamalar aparmadan tikinti konstruksiyalarını dəyişdirmək və onlarda dəlik açmaq qadağandır.
4.7. Yeraltı istilik şəbəkələri və kameralarda işlərin görülməsi üçün qazıntılar aparıldığı halda iş görülən ərazi müvafiq qaydada lövhələr ilə hasarlanmalı və yol nişanları ilə təmin edilməlidir.
4.8. Yanar qazların və partlayıcı maddələrin buxarlarının daxilolma ehtimalı olan binaların işıqlandırılması üçün partlayışa qarşı mühafizəyə malik işıqlandırma armaturları tətbiq olunmalıdır. İstehsalat binalarında qəza işıqlanması və işıq şəbəkəsinin gərginliyi 12 V-dan yüksək olmamalıdır.
4.9. İstehsalat sexlərində qaynaq işlərinin aparılması üçün yer, həmçinin qaz-elektrik qaynağı işləri aparmaq üçün müstəqil havalandırma sistemləri nəzərdə tutulmalıdır.
Yüklərin mexanizmlərlə yüklənilməsi, boşaldılması və doldurulması, həmçinin yüklərin əl ilə yüklənilməsi, boşaldılması və yerləşdirilməsi AZS 587-2011 standartının 2.4-cü bəndinin tələblərinə əsasən icra edilməlidir.
6.1. İstilik qurğularına operativ xidmətlər aşağıdakı heyətlər tərəfindən həyata keçirilir:
6.1.1. növbədə olan və operativ idarəetmələrə və avadanlıqlarda çevirmələrə icazəsi olan operativ heyət;
6.1.2. həmin qurğuya təhkim olunan operativ-təmir heyəti;
6.1.3. müqavilə əsasında qurğulara xidmət göstərən ixtisaslaşmış podratçının heyəti.
6.2. Hər bir iş yerində müvafiq texnoloji proseslə nəzərdə tutulmuş peşələr və işlər üzrə işçilər üçün tələb olunan həddə istilik-mexaniki avadanlıqların istismarı və təmiri təlimatları, əməyin mühafizəsi təlimatları və vəzifə təlimatları olmalıdır.
6.3. İşin icrasına başlamazdan əvvəl yerinə yetiriləcək işə aid olan tələblərin bu Qaydaların və əməyin mühafizəsi və yanğın təhlükəsizliyi təlimatlarına dair normativ sənədlərin tələblərinə uyğunluğu yoxlanılmalıdır.
6.4. İşçilərin həyat və sağlamlığı üçün təhlükə yarada biləcək, həmçinin avadanlıqların normal iş rejiminin əhəmiyyətli dərəcədə pozulmasına və ya qəzaya uğramasına səbəb ola biləcək pozuntular aşkarlandıqda, xidmət göstərən heyətin (ona kim tərəfindən işin yerinə yetirilməsi barədə göstəriş verilməsindən asılı olmayaraq) işə başlaması qadağandır və dərhal öz rəhbərinə, sahə rəisinə və mərkəzi dispetçer xidmətinə məlumat verməlidir.
6.5. Avadanlıqların işə buraxılması yalnız onun saz olması və hazırlıq vəziyyətinin diqqətli yoxlanılmasından sonra həyata keçirilməlidir. İşə buraxılmadan öncə təhlükəli ərazilərdə insanların, kənar əşyaların olmamasına və avadanlığın istismar təlimatına uyğun işdən dayandırılma sisteminin saz vəziyyətdə olmasına əmin olmaq lazımdır.
6.6. Qurğunun işdən dayandırılmasından sonra işə buraxılmasına yalnız onu işdən dayandıran və ya növbəyə görə işi təhvil alan və yaranmış vəziyyətdən xəbərdar olan işçiyə icazə verilir.
6.7. İstilik qurğusunun işdən dayandırılma vaxtı və səbəbi, həmçinin qoşulma vaxtı əməliyyat jurnalında qeyd olunur.
6.8. Avadanlıqlara xidmət və baxış avadanlığın iş rejiminə nəzarət edən operativ heyətin nəzarəti altında həyata keçirilir.
6.9. İstehsalat zərurəti olmadan aqreqat meydançalarında, qapaqların (lyuklərin), bacaların, su səviyyəsini göstərən şüşələrin yaxınlığında, həmçinin, təzyiq altında bağlayıcı, tənzimləyici və qoruyucu armatur və boruların flans birləşmələri ətrafında dayanmaq qadağandır.
6.10. İstilik qurğularının, təzyiq altında olan boru kəmərlərinin işə buraxılması, işdən dayandırılması, təzyiq altında yoxlanılması və sınağı zamanı, yalnız bu işləri bilavasitə icra edən heyətin yaxın ərazidə olmasına icazə verilir.
6.11. İstilik qurğularının hidravlik sınağında təzyiqin sınaq qiymətinədək qalxması zamanı həmin qurğuların əhatəsində insanların olması qadağandır. Sınaqdan keçirilən boru kəmərlərinin və avadanlıqların qaynaq tikişlərinə baxış yalnız təzyiqin işçi qiymətinə qədər enməsindən sonra aparılmalıdır.
6.12. Çəpərlənməsinə zərurət olan mexanizm və avadanlıqların çəpəri olmadıqda və ya çəpəri nasaz vəziyyətdə olduqda işə qoşulması qadağan olunur.
6.13. İstilik qurğularına xidmət zamanı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 6 fevral tarixli 31 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın tələbləri nəzərə alınmalıdır.
İstilik qurğuları və istilik təchizatı şəbəkələrində hündürlükdə işlər zamanı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2016-cı il 24 oktyabr tarixli 20/01-005 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın və AZS 587-2011 standartının tələblərinə əməl edilməlidir.
8.1. İstilik qurğularına xidmət üçün elektrik qaynağı, qaz alovu və digər alov vasitəsilə görülən işlərin yerinə yetirilməsi zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 25.05.2001-ci il tarixli 85 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları”nın, Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanununun 24.7-ci maddəsində nəzərdə tutulan qaz təchizatı obyektlərində təhlükəsizlik qaydaları və Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının 2024-cü il 12 iyun tarixli 3-15/3-1-2/2024 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının texniki istismarı Qaydaları”nın tələblərinə əməl olunmalıdır.
8.2. Qaynaq avadanlığı Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının 2024-cü il 27 iyun tarixli 3-15/3-1-4/2024 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydaları”nın tələblərinə cavab verməlidir.
8.3. Qaynaq avadanlığı ilə görülən işlərlə bağlı verilən naryadın “Təhlükəsiz şəraitin təmin edilməsi üçün zəruridir” sətrində yanğın təhlükəsizliyi tələbləri də göstərilməlidir. Belə tərtib olunmuş naryad, eyni zamanda, qaynaq avadanlığı ilə görülən işlərin yerinə yetirilməsinə icazə sənədi hesab olunur.
İstilik qurğularında və istilik təchizatı sistemlərinin avadanlıqlarında defektoskopiya üzrə işlər zamanı təhlükəsizlik tədbirləri AZS 587-2011 standartının 2.7-ci bəndinin tələblərinə əsasən icra edilməlidir.
10.1. Yeraltı tikililərdə işə buraxılmazdan əvvəl iş zonasının havasında daha çox ehtimal edilən zəhərli maddələrin olması yoxlanılmalıdır. Yeraltı qaz kəmərlərinin bilavasitə yaxınlığında yerləşən (ondan hər iki tərəfə 15 m-dək məsafədə) yeraltı tikililər üçün yoxlanılma müddətləri, xidmət və oraya işçilərin endirilmə qaydaları istilik təchizatı subyektinin rəhbəri tərəfindən təsdiq olunan təlimatla müəyyənləşdirilir. Qaz kəmərləri yolunda mövcud olan tikililərin hər hansı birində qaz olması aşkar edilərsə, orada havanın dəyişdirilməsi üçün tədbir görülməlidir. Bu zaman əlavə olaraq qaz kəmərlərindən 50 metrədək radiusda olan digər yeraltı tikililərdə də qaz olmasını müəyyənləşdirən əlavə yoxlamalar aparılmalıdır.
10.2. Hər bir istilik təchizatı obyektinin qaz təhlükəli yeraltı tikililərinin siyahısı hazırlanmalı və rəhbər tərəfindən təsdiqlənməlidir. Bu siyahı sex, ərazi və ya sahə heyətinin nəzərinə çatdırılmalı, siyahı sexdə, ərazidə və ya sahədə hər kəsin görə biləcəyi yerdə asılmalıdır. Qaz təhlükəli yeraltı tikililər texnoloji sxemdə və marşrut xəritəsində işarələnməlidir. Qaz təhlükəli yeraltı tikililərin qapaqları (lyukləri) müəyyən rənglərlə işarələnməlidir.
10.3. Yeraltı tikili və ya çənlərin havasında daha çox ehtimal edilən zərərli maddələrin olmasını qaz analizatoru vasitəsilə müəyyən etmək lazımdır. Yoxlamaq üçün hava nümunəsini yeraltı tikiliyə və ya çənlərə buraxılmış şlanq vasitəsilə götürmək lazımdır. Nümunə götürmək üçün yeraltı tikiliyə və çənə düşmək qadağandır.
10.4. İş başlayanadək və iş aparılarkən yeraltı tikilidə və ya çənlərdə havanın təbii və ya məcburi ventilyasiyasını təmin etmək lazımdır. Kamera və kanallarda təbii hava ventilyasiyası ən azı iki qapağın (lyukun) açılması ilə yaradılmalıdır. Qapaqların (lyuklərin) yanında hava axınını qapağa (lyuka) yönəldən istiqamətləndiricilər quraşdırılmalıdır. İşçilər yeraltı tikiliyə düşənə kimi və ya çənə girənə kimi təbii havalandırma müddəti 20 dəqiqədən az olmamalıdır. Yeraltı tikilinin və ya çənlərin havasında zərərli maddələr olduqda və ya oradakı temperatur 32°C-dən yüksək olduqda məcburi ventilyasiya edilməlidir. Səyyar ventilyatordan və ya kompressordan istifadə etməklə yeraltı tikilinin və ya çənlərin havasının 10-15 dəqiqə ərzində məcburi ventilyasiyasını təmin etmək olar. Yeraltı tikiliyə buraxılan ventilyator şlanqı döşəmə səviyyəsindən 20-25 sm-dək olmalıdır. Əgər təbii və məcburi ventilyasiya zərərli maddələrin çıxarılmasını təmin etmirsə, yeraltı tikiliyə və ya çənə yalnız şlanqlı əleyhqazla düşməyə icazə verilir.
10.5. Yeraltı tikilinin və ya çənlərin oksigenlə ventilyasiyasını aparmaq qadağandır.
10.6. Yaşayış məntəqələrindən kənarda, işlər aparılan yerdən 50 metrdən az olmayan məsafədə, nəqliyyatın hərəkəti istiqamətində əlavə xəbərdaredici yol nişanı qoyulmalıdır. İş aparılan sahələr çəpərə alınmalıdır. Qaranlıq vaxtı xəbərdaredici yol nişanları və çəpərlənmiş iş sahəsi 50 V-dan yüksək olmayan gərginlikli lampalarla işıqlandırılmalıdır. Qış vaxtı çəpərə alınmış sahə qardan, buzdan təmizlənilməli və qum səpilməlidir.
10.7. Heyətin çənlərdə, yeraltı tikililərdə işə buraxılmasından əvvəl buraya qazın, turşuların və digər aqressiv maddələrin düşməsinə səbəb ola biləcək boru kəmərləri açılmalı və onların flans birləşmələrində tıxaclar qoyulmalı, bağlayıcı armaturlara “AÇMA! ŞƏXSLƏR İŞLƏYİR” təhlükəsizlik işarələri və nişanları asılmalıdır. Çənlərin və ya yeraltı qurğuların su, buxar, maye yanacağı və bu kimi maddələr verilə biləcək boru kəmərlərindən açılması bu Qaydaların 11.7-ci bəndinə uyğun aparılmalıdır.
10.8. Yeraltı tikilinin və ya çənlərin qapağını (lyukunu) açarkən külək əsən tərəfdə durmaq lazımdır.
10.9. Yeraltı tikilidə və yaxud çənlərdə qalma müddətini, həmçinin oradan çıxaraq kənarda istirahət müddətini işin xüsusiyyətindən və şəraitindən asılı olaraq bu Qaydaların 10.1-ci bəndində nəzərdə tutulmuş təlimata uyğun olaraq naryadın “Xüsusi şərtlər” sətrində qeyd etməklə naryadı verən şəxs təyin edir.
10.10. Yeraltı qurğuda və rezervuarda havanın temperaturu 32°C-dən yüksək olarsa, iş istidən qoruyan iş geyimində aparılır. Yeraltı qurğuda və rezervuarda maye olan hallarda rezin çəkmələrdən istifadə etmək lazımdır.
10.11. Yanacaq və yağ çənlərindən başqa digər yeraltı tikilidə və çənlərdə havanın temperaturu 32°C-dən yüksək olduqda orada işləməyə müstəsna hallarda (qəza baş verdikdə heyətin həyatına və avadanlığın dağılmasına təhlükə yaranarsa) icazə verilir. Bu zaman işə başlamazdan əvvəl işin rəhbərinin icazəsi və bilavasitə onun rəhbərliyi altında, heyətin yanıq xəsarəti almaması üçün lazımi tədbirlər görülməlidir.
10.12. Yeraltı tikilidə və ya çənlərdə suyun səviyyəsi döşəmənin səviyyəsindən 200 mm-dən yuxarı, həmçinin suyun temperaturu 45°C-dən yüksək olduqda orada işləmək qadağandır. Buxar dolmuş yeraltı tikililərə və zirzəmiyə oradakı havanın temperaturundan asılı olmayaraq işçilərin düşməsi qadağandır.
10.13. Yeraltı tikilinin və ya çənlərin içərisində işləmək, həmçinin onları dövri yoxlamaq üçün təlimat almış 3 nəfərdən az olmayaraq təyin olunan briqada üzvlərindən ikisi qapağın (lyukun) kənarında dayanıb işləyənin və şlanqlı əleyhqazın havasoran qol borusunun vəziyyətinə nəzarət etməlidir. Digər işçilərin iş yerinə buraxılması qadağandır.
10.14. Yeraltı tikilidə və ya çənlərdə işçilər olduğu müddətdə müşahidəçilərin həmin tikilinin və ya çənlərin qapağından (lyukundan) uzaqlaşması və digər işlərlə məşğul olması qadağandır. Yeraltı tikililərdə işləyərkən işləyən işçi ilə vizual əlaqə yaratmaq mümkün olmadıqda onunla əvvəlcədən qəbul edilmiş siqnallar və ya telefon vasitəsilə əlaqə saxlanılmalıdır. Yeraltı tikilidə işləyən işçinin halı pisləşərsə o, dərhal işi dayandırmalı və yuxarı çıxmalıdır. Bu halda müşahidəçi yaxınlıqdakı heyəti köməyə cəlb etməli və işçiyə dəstək göstərməlidir. Zərərçəkən işçiyə kömək üçün onun yanına enmək zəruri olduqda, müşahidəçilərdən biri şlanqlı əleyhqaz və xilasedici kəmər geyinməli və xilasedici kəndirin bir ucunu yuxarıda qalan digər müşahidəçiyə verməlidir.
10.15. İşlərə başlayanadək əleyhqazın və şlanqların saz olmasını yoxlamaq lazımdır. Məcburi hava verməklə əleyhqazın, həmçinin havaüfürənin sazlığı və onun ötürücülərinin işləyib-işləməməsi yoxlanılmalıdır. Əleyhqazın və şlanqın hermetikliyi geyinilmiş əleyhqazın şlanqını əl ilə sıxmaqla yoxlanılır. Əgər bu vəziyyətdə nəfəs almaq mümkün olmazsa, deməli əleyhqaz saz vəziyyətdədir.
10.16. Yeraltı tikiliyə və ya çənə düşməzdən əvvəl əleyhqazın maskasının nəfəs klapanına hava verən büzməli şlanq kəmərin qayışına bərkidilməlidir. Əleyhqazın havasoran xortumu torpaq səthindən tozun sorulmasının istisna olunmasını təmin etməli, zəhərli maddələr ayrılan və ya ayrılması ehtimal olunan yer külək əsən tərəfdə olmalıdır. Ventilyator vasitəsi ilə hava məcburi verilmədikdə şlanqın uzunluğu 15 metrdən artıq olmamalıdır. Şlanq kəskin əyilməməli və ya sıxılmamalıdır.
10.17. Yeraltı tikilidə və ya çənlərdə havanın təhlili, partlayışdan mühafizə olunmuş qaz analizatoru tətbiq etməklə, bu olmadıqda isə havanın nümunəsini götürüb onu tikilidən və ya çənlərdən kənarda təhlil etməklə aparılmalıdır.
10.18. Qaz təhlükəli yeraltı tikililərin və yaxud çənlərin içində işləyərkən xilasedici kəmərlərdən və kəndirlərdən istifadə etmək lazımdır. Xilasedici kəmərlərin kürək tərəfdən çiyin qayışları və onların kəsişdiyi yerdə xilasedici kəndiri bərkitmək üçün halqası olmalıdır. Kəmər elə uyğunlaşdırılmalıdır ki, halqa kürəkdən aşağı düşməsin. Çiyin qayışı olmayan kəmərlərin tətbiqi qadağandır. Xilasedici kəmərin digər ucu nəzarət edənin əlində olmalıdır.
10.19. Nəzarət edənlə qaz təhlükəli yeraltı tikilidə və ya çənlərdə işləyən işçi arasında rabitə üçün aşağıdakı siqnallamalar tətbiq edilir:
10.19.1. tikilidə (çənlərdə) işləyən tərəfindən xilasedici kəndirin bir təkanı o deməkdir ki, “şlanqı və kəndiri çək”. Bu halda nəzarət edənin verdiyi siqnaldan (bir təkandan) sonra və qaz təhlükəli tikilidən və ya çənlərdən bir təkan şəklində cavab işarəsi alındıqdan sonra onları çəkmək lazımdır. Əgər cavab alınmazsa, onda həm şlanqı və kəndiri, həm də işləyəni çıxarmaq lazımdır;
10.19.2. iki təkan “şlanqı və kəndiri burax” deməkdir. Bu siqnalı təhlükəli yeraltı tikilidə və ya çənlərdə işləyən işçi yerini dəyişmək zəruri olduqda verir;
10.19.3. üç təkan “hər şey qaydasındadır” deməkdir. Kəndir və şlanqı, qaz təhlükəli yeraltı tikilidə və ya çənlərdə olan işçi işləyərkən dartır. Ona görə müşahidəçi kəndir və şlanqı elə tutmalıdır ki, onların yerdəyişməsinə mane olmasın və onlar aşağı düşməsin. İşləyən yerini dəyişib qurtardıqdan dərhal sonra üç təkanla siqnal verməlidir ki, bu da “hər şey qaydasındadır” deməkdir;
10.19.4. kəndirin və şlanqın hərəkəti dayandırıldıqdan sonra müşahidəçi siqnal almazsa, o bir təkan ilə işləyəndən xəbər tutmalı və üç təkan ilə ondan cavab almalıdır. Müşahidəçi tərəfindən xilasedici kəndirin bir neçə təkanı o deməkdir ki, qaz təhlükəli yeraltı tikilidə və ya çənlərdə işləyən işçi qapağın (lyukun) yanına gəlməli və ya yuxarı qalxmalıdır. Çənlərin içində işləyən işçi tərəfindən verilən həmin siqnal da onu oradan çıxarmaq tələbi deməkdir.
10.20. Müşahidəçilər külək əsən tərəfdə dayanmalı, vaxtaşırı işləyənin vəziyyətindən xəbər tutmalı və onun siqnalı ilə xilasedici kəndiri və şlanqı buraxmalı və ya çəkməlidir.
10.21. Havanın dəyişdirilməsinə baxmayaraq əgər cihaz zərərli maddələrin olmasını qeyd etsə, onda zərərli maddələr aradan qaldırılmayana qədər və təkrar yoxlama onların olmadığını təsdiq etməyənə qədər, yeraltı tikililərdə işləmək qadağandır. Zərərli maddələrin yeraltı tikiliyə daxil olmasını güclü ventilyasiya vasitəsi ilə aradan qaldırmaq mümkün olmazsa, oraya şlanqlı əleyhqazla düşüb işləmək lazımdır. Qaz təhlükəli işlər “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 24.7-ci maddəsində nəzərdə tutulan qaz təchizatı obyektlərində təhlükəsizlik qaydalarının tələblərinə uyğun olaraq aparılmalıdır.
10.22. Yeraltı qapaqları (lyukləri) bilavasitə əl ilə, qayka açarları və ya bunun üçün nəzərdə tutulmamış digər əşyalar vasitəsilə açmaq və bağlamaq qadağandır. Bunun üçün uzunluğu 500 mm-dən az olmayan qarmaqlardan istifadə olunmalıdır. İşlər başa çatdıqdan sonra qapaqları (lyukləri) bağlamazdan öncə işin rəhbəri və icraçısı yeraltı tikilinin və ya çənlərin içərisində təsadüfən işçilərdən kiminsə qalmadığına, həmçinin orada material, alət və digər kənar əşyaların unudulub qalmadığına əmin olmalıdır. Yeraltı tikililərdə və ya çənlərdə işlər başa çatdıqdan sonra qapaqları (lyukləri) açıq saxlamaq qadağandır.
10.23. İstilik qurğularında və istilik şəbəkələrində torpaq işləri zamanı təhlükəsizlik tədbirləri AZS 587-2011 standartının 2.13-cü bəndinin tələblərinə uyğun aparılmalıdır.
11.1. Növbəti yoxlama müddəti keçdikdən sonra və ya etibarlı və təhlükəsiz işləmək üçün təhlükə yaradan nöqsanlar aşkarlandıqda mühafizə elementləri olmadıqda və ya nasaz olduqda istilik mübadiləsi aparatlarında işləmək qadağandır. Bu barədə səbəblər göstərilməklə aparatın texniki pasportunda qeydlər edilməlidir.
11.2. İstilik mübadiləsi aparatlarının və boru kəmərlərinin yuxarı nöqtələrində hava buraxıcıları, aşağı nöqtələrində və durğunluq sahələrində isə bilavasitə atmosferlə əlaqələnən drenaj xətləri olmalıdır. Drenaj boru kəmərlərindən suyun axıdılma yerləri heyət üçün təhlükəsiz məsafədə olmalıdır.
11.3. İstilik mübadiləsi aparatları işləyərkən bu Qaydaların 11.14-cü bəndində göstərilən işlər istisna olmaqla onun təmir olunması və ya aparatın təzyiq altında olan ayrı-ayrı elementlərinin birləşmələrinin kipləşdirilməsi ilə əlaqədar işlərin aparılması qadağandır.
11.4. İstilik mübadiləsi aparatlarının qoruyucu klapanlarının, manometrlərinin və digər armaturlarının və ölçmə vasitələrinin saz vəziyyətdə olmasını xidmət heyəti istilik mübadiləsi aparatlarının istismar təlimatı üzrə yoxlamalıdır.
11.5. Buxar-su yollarında zədə aşkar edilərsə, sahə rəisi təhlükəli zonanı təyin etməli, oradan heyəti çıxarmalı, həmçinin bu zonanı çəpərləməli və “KEÇİD QADAĞANDIR”, “EHTİYATLI OL!”, “TƏHLÜKƏLİ ZONA” yazılı işarələri asmalıdır. Sex (sahə) rəisi görülən tədbirlər barədə rəhbərliyə, aidiyyəti üzrə xidmət sahəsinə və mərkəzi dispetçer xidmətinə məlumat verməlidir.
11.6. Təmir olunmalı istilik mübadiləsi aparatını və ya boru kəməri hissəsini, oraya buxar və ya isti su düşməməsi üçün qonşu kəmərdən və avadanlıqlardan, həmçinin drenaj və dövrələmə (baypas) xətlərindən açmaq lazımdır. Hava ilə bilavasitə əlaqəsi olan drenaj xətləri və havaburaxıcı xətlər açıq olmalıdır.
11.7. İstilik mübadiləsi aparatlarını və boru kəmərlərini siyirtmə ilə işdən açmaq lazımdır. Siyirtmədən sonra bilavasitə atmosferlə birləşən drenaj xətti olmalıdır. Təmir olunan sahənin açıq drenajından atmosferə buxarlanma olmamalıdır.
11.8. Təmir üçün açılan istilik mübadiləsi aparatından və boru kəmərlərindən təzyiqi çıxarmaq və onları buxardan və sudan azad etmək lazımdır. Açılmış armaturun elektrik intiqalından gərginlik çıxarılmalı, elektrik intiqalının idarə dövrəsi açılmalıdır. Açan armaturlar bağlı vəziyyətdə olmalıdır. Qapalı tipli drenajların ventilləri istilik mübadiləsi aparatının, boru kəmərlərinin drenajından sonra bağlanmalıdır. Bağlayıcı armatur və istilik mübadiləsi aparatının arasında bilavasitə atmosfer ilə birləşdirilmiş armatur olmalıdır. Bağlayıcı armatur və drenajların ventilləri bloklayıcı tərtibatlarla bağlanmalıdır. Açan armaturun ventil və siyirtmələrində “AÇMA – ŞƏXSLƏR İŞLƏYİR”, açıq drenajın ventillərində “BAĞLAMA – ŞƏXSLƏR İŞLƏYİR”, açan armaturların elektrik intiqalının idarəedici açarlarında “QOŞMA – ŞƏXSLƏR İŞLƏYİR”, iş yerində isə “BURADA İŞLƏMƏLİ” təhlükəsizlik işarələri asılmalıdır. Aparatlar və boru kəmərlərində izafi təzyiq olarkən onların təmirinə icazə verilmir. Suyun və buxarın çıxarılması drenaj armaturu vasitəsilə aparılmalıdır.
11.9. Siyirtməni və ventilləri açıb-bağlamaq üçün armaturun istifadə təlimatında nəzərdə tutulmayan linglərdən, borulardan istifadə etmək qadağandır.
11.10. Qrup halında qoşulmuş yüksək təzyiqli qızdırıcılardan birində təmir işləri aparmaq üçün qızdırıcılar qrupu açılmalıdır.
11.11. Boru kəmərində drenaj sona qədər həyata keçirilməmişdirsə, buxar qarışığının tullantılarından qorunmaq üçün qaykalar tədricən açılmalıdır. Bu zaman flanslardan metal taxmaların və daraldıcı qurğularının aşağı düşməsinin qarşısı alınmalıdır.
11.12. İşçilər istilik mübadiləsi aparatlarının içərisində işlədiyi zaman, həmçinin flansı açan armaturun kipliyi kifayət dərəcədə olmadıqda təmir olunan avadanlıq işləyən avadanlıqdan qalınlığı işçi mühitin parametrlərinə uyğun olan tıxaclar vasitəsilə ayrılmalıdır. Tıxacların qoyulduğunun yoxlanılmasını asanlaşdırmaq üçün onların yaxşı görünən quyruqcuqları olmalıdır. İstilik mübadiləsi aparatlarını bir siyirtmə ilə (tıxacsız) açmağa icazə işçi təzyiq atmosfer təzyiqindən yüksək və istilik daşıyıcısının temperaturu 45 ºC-dən artıq olmadığı hallarda verilir.
11.13. Partlayış təhlükəli, zəhərli və aqressiv maddəli avadanlığı təmirə çıxararkən nəql olunan maddələrin təzyiq və temperaturundan asılı olmayaraq onu açmaq, boşaltmaq, təmizləmək, yumaq, üfürmək və işləyən avadanlıqdan tıxaclarla ayırmaq lazımdır.
11.14. Buxar və su kəmərlərini yoxlayarkən və qızdırarkən flans birləşmələri boltlarının əlavə sıxılması izafi təzyiq 0,5 MPa-dan yüksək olmadığı halda icra edilməlidir.
11.15. Kompensatorların və armaturların kipkəclərinin vurulmasını boru kəmərlərində izafi təzyiq 0,02 MPa-dan yüksək olmadıqda və istilik daşıyıcısının temperaturu 45 ºC-dən yüksək olmadıqda aparmaq lazımdır. Kompensatorların kipkəclərinin dəyişdirilməsinə boru kəmərinin boşaldılmasından sonra icazə verilir.
11.16. Flans birləşmələrində boltları tədricən növbə ilə diametral əks ardıcıllıqla bərkitmək lazımdır.
11.17. Yivli birləşmələrdə sızmanın aradan qaldırılması üçün ölçmə vasitələrinə birləşdirilmiş ştuserlər yalnız uyğun ölçülü açarlarla bərkidilməlidir. Açarların ölçüsü bərkidilən elementlərin kənarlarına uyğun olmalıdır. Bu zaman impuls xətlərindəki mühitin təzyiqi 0,3 MPa-dan yüksək olmamalıdır. Bu məqsədlə digər açarlardan və uzadıcı qolların istifadəsi qəti qadağandır. Bərkidilmədən əvvəl görünən hissədəki yivin, xüsusilə də hava buraxıcı ştuserlərdə olan yivin vəziyyəti yoxlanılmalıdır. Yivli birləşmə bərkidilərkən işçi, yivin qopması halında su və ya buxarın çıxması ehtimal edilən istiqamətin əks tərəfində dayanmalıdır.
11.18. Buxar kəmərlərinin qızdırılması və işə buraxılması istismar təlimatına uyğun icra olunmalıdır.
11.19. Buxar kəmərlərini qızdırarkən əvvəl drenajları, sonra isə yavaş-yavaş ehtiyatla dövrələmə (baypas) xətlərinin buxar ventillərini açmaq lazımdır. Hidravlik zərbələr yarandıqda qızdırılmanı zərbələr yox olanadək dayandırmaq və bu təkanları əmələ gətirən səbəbləri aradan qaldırmaq üçün tədbirlər görmək lazımdır.
11.20. Buxar kəmərinin qızdırılması prosesində və ya içərisində təzyiqi qaldırarkən drenaj xətti tutularsa, ventili tez açıb bağlamaqla drenaj xətti üfürülməlidir. Tutulmanı üfürmə ilə açmaq mümkün olmazsa, o zaman buxar kəmərini açmaq və drenaj xəttini təmizləmək lazımdır. Drenaj xəttinin üfürülməsini aparan işçi kondensat və ya buxarın çıxdığı yerin əks tərəfində dayanmalı və bu işi əlcəklə görməlidir.
11.21. Buxar kəmərlərinin üfürülməsi zamanı aşağıdakılara riayət edilməlidir:
11.21.1. buxar kəmərlərinin üfürülməsi – müvafiq təhlükəsizlik tədbirləri nəzərdə tutulmuş və istilik təchizatı subyekti rəhbəri tərəfindən təsdiq olunmuş təlimat üzrə yerinə yetirilməlidir;
11.21.2. buxar kəmərlərinin üfürülməsi üçün hazırlanmış müvəqqəti boru kəmərləri istilik genişlənmələrini nəzərə almaqla, hesablanmış gücləri örtüklərə və başqa qurğulara ötürməmək şərtilə sərbəst qoyulmalı və yanğın təhlükəsi yaranmaması üçün taxta tərtibatlara bağlanmalıdır;
11.21.3. müvəqqəti boru kəmərləri xidmət yerlərində izolyasiya ilə örtülməlidir. Borunun binadan kənara çıxan hissəsinin ucundakı dayaq etibarlı şəkildə bərkidilməlidir. İşlənmiş qazların binadan kənara çıxması üçün qoyulan borunun yeri elə seçilməlidir ki, təhlükəli zonada heyət, mexanizm və avadanlıq olmasın;
11.21.4. üfürməni tənzimləmək üçün buxar boru kəmərinin üfürülən hissəsinin önündə buxar siyirtməsi qoyulmalıdır;
11.21.5. üfürmənin başlanmasınadək, üfürüləcək buxar kəməri bütünlüklə istilik izolyasiyası ilə örtülməli və tərpənməz dayaqların bərkidilməsinin keyfiyyəti yoxlanılmalıdır;
11.21.6. buxar kəmərinin yanındakı taxtabəndlər və taxta körpülər sökülməlidir;
11.21.7. üfürmədən bilavasitə öncə tutulmaya məruz qalmamaları üçün drenajlar bağlanmalıdır. Buxar siyirtməsini yavaş-yavaş açmaq lazımdır;
11.21.8. hidravlik təkan əlamətləri yarandıqda buxar kəmərinə buxarın verilməsi təcili dayandırılmalı və drenajlar açılmalıdır;
11.21.9. buxar kəmərlərinin üfürülməsində iştirak edən heyət buxar kəmərinin, onun hərəkətli dayaqlarının və asmaların vəziyyətinə nəzarət etməlidir;
11.21.10. müvəqqəti üfürücü buxar kəmərinin çıxış borusunun ərazisi çəpərlənməli və onun sərhədlərində nəzarətçilər qoyulmalıdır. Üfürmədə iştirak edən heyət səs-küyə qarşı qulaqlıqla təmin olunmalıdır.
12.1. Fırlanan mexanizmlərin təmirinə hazırlıq işləri naryadda göstərilən qaydada və işlərin icra şəraitinə uyğun aparılmalıdır. Bu zaman mexanizmlər dayandırılmalı, fırlanan mexanizmdə və elektrik mühərrikində işləyərkən mufta açılmalıdır. Muftaların açılması və fırlanan mexanizmin təmiri naryad üzrə təmir heyəti tərəfindən yerinə yetirilməlidir. Mexanizmlərin bağlayıcı armaturları işin təhlükəsiz icrasını təmin edən vəziyyətdə qurulmalıdır. Armaturu idarə edən intiqalların çarxını bloklayıcı tərtibatlar vasitəsilə bərkitmək lazımdır. Açılmış elektrik intiqallarında və mexanizmin işəsalma qurğusunda gərginlik verilməsini və bağlayıcı armaturla əməliyyat aparılmasını qadağan edən təhlükəsizlik işarələri, işin icrası yerlərində isə “BURADA İŞLƏMƏLİ” təhlükəsizlik işarəsi və ya nişanı asılmalıdır.
12.2. Elektrik intiqallı fırlanan mexanizmlər təmirə çıxarılarkən elektrik mühərriklərindən və armaturun elektrik intiqallarından gərginliyi çıxarmaq işini elektrotexniki heyət icra etməlidir.
12.3. Yoxlama qoşulması və ya fırlanan mexanizmin balanslaşdırılması zamanı mexanizmin elektrik mühərrikinin dövrəsində qəzadan açma düyməsi olmalıdır. Qəzadan açma düyməsinin yanında işin rəhbərinin siqnalı ilə mexanizmi idarə edən müşahidəçi dayanmalıdır.
12.4. Fırlanan mexanizmi işə salmazdan əvvəl, o cümlədən yoxlamadan öncə, qoşma muftası yığılmalı, fırlanan hissələrin mühafizə çəpərləri (örtükləri) qurulmalı, təhlükəsizlik işarələri çıxarılmalı, alətlər və materiallar yığışdırılmalı, həmçinin iş sahəsində olan işçilər oradan uzaqlaşdırılmalıdır. İşin rəhbəri naryadı növbə rəisinə təhvil verməlidir. Aralıq naryadla görülən işlərdə naryad həmin sənədi verən işçiyə qaytarılmalıdır. Mexanizmi yoxladıqdan sonra əgər mexanizmlə işi davam etdirmək zəruri olarsa, iş yerləri naryadda göstərilən işlərin aparılması şərtlərinə uyğun şəkildə hazırlanmalıdır.
12.5. Fırlanan mexanizmin rotorunu balanslaşdırarkən yalnız rotorun fırlanmasının qarşısını alan tədbirlər gördükdən sonra yükləri açmaq olar.
12.6. Rotorların, tüstüsoranların və ya ventilyatorların balanslaşdırıcı dəzgahlarda statik balanslaşdırılmasını aparmazdan öncə onlarda rotorun düşməsinə mane olan dayaqlar qurulmalıdır.
12.7. Enən qaz yollarının çıxışında olan ventilyatorun, tüstüsoranın içərisində işlərə, yalnız bu qaz yolunu möhkəm döşənəklə örtdükdən və rotorun fırlanmasının qarşısını alan tədbirlər görüldükdən sonra icazə verilir.
12.8. Sorma-üfürmə mexanizmlərinin rotorlarını çıxarmaq üçün tətbiq olunan qurğular istehsalçının təlimatlarına uyğun olaraq sınaqdan keçirilməlidir.
12.9. Sorma-üfürmə mexanizmlərində hündürlükdə işlər görülərkən əməyin təhlükəsizliyi təmin edilməli, taxtabənd və ayaqaltı körpülərin qəbulu və onlara baxış bu Qaydaların 7-ci hissəsinin tələblərinə uyğun şəkildə yerinə yetirilməlidir.
12.10. Sorma-üfürmə mexanizmlərinin işçi kürəklərində qaynaq işləri apararkən gövdənin qapaqları (lyukləri) açıq olmalıdır.
12.11. Sorma-üfürmə mexanizmlərinin bilavasitə rotorlarında qaynaq işləri yalnız rotoru elektriki torpaqladıqdan sonra həyata keçirilməlidir.
13.1. İstilik qurğularında işlər yazılı naryad və şifahi sərəncamlar əsasında yerinə yetirilir.
13.2. İstilik qurğularında aşağıdakı işlər naryad əsasında yerinə yetirilir:
13.2.1. qazan aqreqatlarının təmiri;
13.2.2. yanacaq təsərrüfatında təmir işləri;
13.2.3. işləyən avadanlıqların zonasında və istehsalat binalarında alovlu işlər;
13.2.4. qazla çirklənmə, partlayış təhlükəsi və elektrik cərəyanı ilə zədələnmə riski olan, habelə gediş-gəlişi məhdud məkanlarda aparılan təhlükəli işlər;
13.2.5. kameralarda, quyularda, bunkerlərdə, rezervuarlarda, tunellərdə görülən işlər;
13.2.6. kimyəvi zəhərli maddələrlə, o cümlədən xlorator, hidrazin və ammonyak qurğularında aparılan təmir işləri;
13.2.7. hündürlükdə görülən işlər;
13.2.8. bu Qaydaların 13.3-cü bəndində nəzərdə tutulan digər işlər.
13.3. Yerli şəraitdən, habelə işin xarakterindən asılı olaraq naryad üzrə görülməli digər işlərin siyahısı istilik təchizatı subyektinin rəhbəri və ya podratçı təşkilatın rəhbəri tərəfindən təsdiqlənir.
13.4. Naryad vermək hüququna malik şəxslərin siyahısı istilik təchizatı subyektinin rəhbəri və ya podratçı təşkilatın rəhbəri tərəfindən təsdiqlənir.
13.5. Bu Qaydaların 13.2-ci bəndində nəzərdə tutulan işlər istisna olmaqla digər işlər şifahi göstərişi əks etdirən sərəncamla icra edilir. Sərəncam (göstəriş) vermək hüququ naryad vermək hüququna malik şəxslərə məxsusdur. Sərəncam (göstəriş) bilavasitə və ya rabitə vasitələri ilə verilə bilər.
13.6. Sərəncam (göstəriş) bir dəfəlik xarakter daşıyır və onların etibarlılıq müddəti icraçıların iş gününün davamiyyəti ilə məhdudlaşır. İşin davam etdirilməsi zərurəti yarandıqda sərəncam (göstəriş) yenidən verilir. Sərəncamla (göstərişlə) görülə bilən işlərin siyahısı istilik təchizatı subyektinin rəhbəri tərəfindən təsdiqlənir.
13.7. Naryad əsasında görülən işlərin qeydiyyatı bu Qaydalara 2 nömrəli Əlavədə verilmiş qeydiyyat jurnalında aparılır.
13.8. Sərəncam əsasında görülən işlərin qeydiyyatı bu Qaydalara 3 nömrəli Əlavədə verilmiş qeydiyyat jurnalında aparılır.
14.1. Qaz təsərrüfatı avadanlıqlarına xidmət “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 24.7-ci maddəsində qeyd edilmiş qurum tərəfindən təsdiq edilmiş təhlükəsizlik qaydalarının tələblərinə əsasən aparılmalıdır. Qaz mənşəli yanacaqdan istifadə edən istilik təchizatı obyektlərində əmrlə rəhbər inzibati-texniki heyətdən qaz təsərrüfatının təhlükəsiz istismarına cavabdeh şəxs təyin edilməlidir.
14.2. Təmir üçün açılmış qaz kəməri sahələrinin sərhədlərində bağlayıcı armaturlardan sonra tıxaclar qurulmalıdır.
14.3. Daimi operativ heyəti olmayan qaztənzimləyən məntəqələrin və qaztənzimləyən qurğuların binalarına, yeraltı qaz kəmərlərinin baxış quyularına, həmçinin daimi xidmətçi heyəti olmayan qazla çirklənməyə görə təhlükəli olan yerlərə bunun üçün təlim keçmiş heyət xidmət etməlidir.
14.4. Qaz kəmərləri keçən binaların havasında qazla çirklənmənin olub-olmamasını, partlayışdan mühafizə olunmuş qaz analizatoru vasitəsilə istilik təchizatı subyektinin rəhbərinin təsdiq etdiyi cədvəl üzrə yoxlamaq lazımdır. Bu binaların havasında qazın aşkar olunduğu hallar barədə aidiyyəti struktur bölmənin rəhbərinə, istilik təchizatı subyektinin rəhbərinə, qaz təsərrüfatının təhlükəsiz istismarına cavabdeh şəxsə və mərkəzi dispetçer xidmətinə məlumat verilməlidir. Yoxlama üçün hava nümunəsi götürüləcək ərazi istismar təlimatı ilə müəyyənləşdirilir.
14.5. İstilik qurğularının qaz təsərrüfatı avadanlığına xidmət zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 fevral tarixli 31 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın 2-ci hissəsinin tələbləri nəzərə alınmalıdır.
15.1. Qazan qurğularının qurulması Qanunun 13.1.1-ci maddəsində nəzərdə tutulan “İstilik qurğularının quraşdırılması Qaydaları”na, istismarı isə “İstilik qurğularının texniki istismar Qaydaları”na əsasən icra edilməlidir.
15.2. Qazanın, buxar və su yolunun qoruyucu klapanları işə düşdükdə buxar və su qarışığını drenaj kanalına yönləndirən daşıyıcı xətt olmalı və bu xəttin çıxışı drenaj kanalından 50 mm-dən çox olmamaqla hündürlükdə quraşdırılmalıdır.
15.3. İşləyən qazanların qoruyucu klapanlarını sıxmaq, yükün kütləsini artırmaqla və ya hər hansı bir üsulla klapanların qapayıcı disklərinə təzyiqi artırmaq qadağandır. Qollu qoruyucu klapanların yüklərini elə bərkitmək lazımdır ki, onların öz-özünə yerdəyişməsi imkanı istisna edilsin.
15.4. Qazanın forsunkalarına xidmət və təmir üçün rahatlıq və əlçatanlıq təmin edilməlidir. Alovun əks zərbəsi zamanı yanıq xəsarətindən qorunmaq üçün forsunkaların qoyulduğu dəliklərdə ekranlar olmalı, forsunkaya yanacağın, havanın verilməsini tənzimləyən ventillər və ya onların intiqalları dəliklərdən kənarda yerləşdirilməlidir.
15.5. Yanma kamerasına baxış keçirilərkən baxış qapaqlarından (lyuklərindən) yan tərəfdən dayanmaq lazımdır. Bacalar və baxış qapaqları açıq olduqda yanacağı odluqda yandırmaq qadağandır. Məşələ daimi nəzarət etmək üçün baxma qapağı (lyuku) şüşə ilə bağlanmalıdır. Yoxlama aparan heyət mühafizə eynəkləri taxmalıdır.
15.6. Qazanı alışdırmadan əvvəl onda aparılan təmir işləri başa çatdırılmalı və sahə rəisi alışdırma prosesinə aidiyyəti olmayan heyəti uzaqlaşdırmalıdır. Alışdırılacaq qazana qonşu olan qazanda, ocaqda, qazkeçiricilərdə, ön və arxa divarlarda, tavan örtüklərində və ya birbaşa görmə sahəsində aparılan təmir işləri də dayandırılmalıdır. Qazanda təmir işlərinə yalnız operativ heyətin göstərişi ilə yenidən başlamaq olar.
15.7. Qazanların aşağı nöqtələrində üfürmə apararkən ilk növbədə üfürmə gedişi səmtində birinci ventili, sonra tədricən ikincini açmaq lazımdır. Üfürülmə tamamlandıqda ilk növbədə gediş səmtilə ikinci, sonra isə birinci ventil bağlanmalıdır.
15.8. Qazın qazanxanaya verilməsi qəfil kəsildikdə qaz kəmərinin qazanxanaya girişindəki və qazanların girişlərindəki bağlayıcı armaturlar bağlanmalıdır, açılmış qaz kəmərlərindəki üfürmə şamları isə açıq olmalıdır.
15.9. Qazanın qızdırıcı səthlərinin mexanikləşdirilmiş üsulla təmizlənməsi işlərinə başlamazdan əvvəl operativ heyət qazanın təmizlənəcək elementləri yerləşən ərazidən uzaqlaşdırılmalıdır. Təmizləmə dövründə bu ərazidə yoxlama və təmir işləri aparmaq qadağandır.
15.10. Qazanın qızdırıcı səthini üfürməzdən əvvəl havaçəkmə artırılmalı və yanma rejiminin dayanıqlılığı təmin edilməlidir. Üfürmə yalnız qazanın iş rejimini bilavasitə idarə edən işçinin nəzarəti və iştirakı ilə icra olunmalıdır.
15.11. Qazanı buxar və su qarışığı ilə üfürərkən ocağın üfürülən tərəfində qapaqları (lyukləri) və gözlükləri açmaq qadağandır.
15.12. Buxar qazanlarında su səviyyəsini göstərən cihazları üfürərkən əməliyyatları aşağıdakı ardıcıllıqla aparmaq lazımdır:
15.12.1. aşağıdakı üfürmə ventilini tədricən azacıq açmaq;
15.12.2. aşağıdakı tezaçan su kranını 8-10 saniyəlik müddətə bağlamaq, ardınca yenidən açmaq;
15.12.3. yuxarıdakı tezaçan buxar kranını 8-10 saniyəlik müddətə bağlamaq, ardınca yenidən açmaq;
15.12.4. aşağıdakı üfürücü ventili bağlamaq.
15.13. Buxar qazanlarında su səviyyəsini göstərən şüşənin üfürülməsi zamanı üfürülən buxar və su qarışığı aşağıdakı üfürmə ventilindən altda yerləşən və drenaj borusuna yönləndirilmiş drenaj yaxud kondensat qabına çıxarılmalıdır. Üfürmə zamanı işçi su səviyyəsini göstərən şüşənin yan tərəfində durmalı və əməliyyatları mühafizə eynəklərində və brezent əlcəklərdə aparmalıdır.
15.14. İstilik qurğularının qazan avadanlığına xidmət zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 fevral tarixli 31 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın 5-ci hissəsinin tələbləri nəzərə alınmalıdır.
16.1. Qazanxana qurğusunun elementlərində və həmçinin hava yollarında və qaz yollarında işlər aşağıdakı şərtlər daxilində icra olunmalıdır:
16.1.1. işləyən avadanlıqdan buxar, su, qaz və hava boru kəmərlərindən bu Qaydaların tələblərinə uyğun olaraq açılmalıdır və buxar, su və qaz verilən armaturda tıxaclar qoyulmalıdır;
16.1.2. zərərli qazların ventilyasiyası təmin edilməlidir və havanın qazla çirklənib-çirklənməməsi yoxlanılmalıdır;
16.1.3. bu Qaydaların 10.9-cu və 10.10-cu bəndlərinin tələblərinə riayət olunmalıdır;
16.1.4. sorucu-üfürücü qurğuların elektrik mühərrikindən gərginlik çıxarılmalıdır.
16.2. Qazan qurğusu elementlərinin qaz yolları və hava yolları daxilində səyyar elektrik lampaları ilə işləyərkən lampaların sayı ikidən az olmamalıdır və onlar gərginliyi 12 V-dan yüksək olmayan müxtəlif mənbələrdən qidalanmalıdır. Akkumulyator və batareya fənərləri ilə işıqlandırılmaya icazə verilir.
16.3. Qazanın ocağının daxilində gərginliyi 220 V-dək olan ümumi işıqlandırma lampalarının tətbiqinə icazə verilir. Bu halda lampalar iş yerlərinin üstündə 2,5 metrdən az olmayan hündürlükdə yerləşdirilməlidir və ya lampaya alət tətbiq etmədən toxunmanın qarşısını alan tədbirlər görülməlidir. Elektrik naqillərinin çəkilişi mühafizə olunmuş naqil ilə icra olunmalı və ya metal qollarda qoyulmalıdır. Qazanın ocağının daxilində işıqlandırma kifayət dərəcədə olmadıqda, qazanın ocağından kənarda, işləyənlər üçün əlçatmaz yerdə qurulmuş gərginliyi 220 V olan projektordan istifadə olunmasına icazə verilir. İşıqlandırma cihazlarını elektrotexniki heyət quraşdırmalıdır.
16.4. Ocaqda uçulma təhlükəsi yaradan asılı şlak və ya kərpic kəsəkləri olarsa, onun daxilində işləmək qadağandır.
16.5. Qazanın ocağındakı asılı kəsəkləri qabaqcadan islatdıqdan sonra baca, qapaq (lyuk) və gözlüklərdən dağıtmaq lazımdır. Ocağın yuxarı hissəsindəki divarlarda olan şlak qalıqlarını yerdən vurub salmaq olar. Ocağa girməzdən əvvəl onun içərisindəki ayaq üçün dayaqcıqların etibarlılığına əmin olmaq lazımdır. Qazanın və onun elementlərinin təmizlənməsi tüstü qazlarının gedişi istiqamətində aparılmalıdır. Qazanın odluğunda divardakı şlakı yuxarıdan aşağıya vurub salmaq lazımdır. İşçilərə təmizlənməli sahədən aşağıda dayanmaq qadağan edilir.
16.6. Ocaqda şlak çox olduqda onu ocağın eni boyunca birdən-birə deyil, tədricən təmizləmək lazımdır. Belə ki, ilk növbədə balaca şaquli şırım açmalı və külü isladaraq oradan üzü aşağı istiqamətləndirməli, sonra isə tədricən şırımı genişləndirib külün aşağı tökülməsini davam etdirmək lazımdır. Şlakın sürüşməsinə yol verməmək üçün odluqda eyni vaxtda bir neçə şırım üzrə təmizləmə aparmaq qadağandır.
16.7. İsti külü və şlakı isladarkən işçi onlardan elə məsafədə dayanmalıdır ki, bu zaman yaranan buxar ona dəyməsin. İsti külü və şlakı yalnız toz halına salınmış halda su ilə islatmaq lazımdır. İslatmanı icra edən işçi istidən mühafizə olunan iş geyimində, örtüklü dəbilqədə və mühafizə eynəyində olmalıdır. Şlakı və ya külü özünün və ya digər işçilərin ayaqları altında islatmaq qadağandır.
16.8. Ocağı təmizləyərkən, şlakı və külü isladarkən ocağın içində işləyənlərə nəzarət etmək üçün işçilərdən biri ocağın xaricində, bacanın yaxınlığında dayanmalıdır.
16.9. Ocağın içində iş görülərkən eyni vaxtda orada 2 nəfərdən az işçi olmamalıdır.
16.10. Ocağı təmizləyərkən qaz borularında və qazanın konvektiv şaxtasında yerləşən qızdırıcı səthlərdə işləmək qadağandır.
16.11. Qazanın ocağına və ya konvektiv şaxtasına daxil olmaq üçün qaynaq kabellərinin, qaz boruları qollarının və ya işıqlandırma şəbəkəsi naqillərinin keçirildiyi bacalardan istifadə etmək qadağandır.
16.12. Odluğu təmizləmədən öncə qazanda qəza təmirinə başlamazdan əvvəl onun daxilində heyətin üstünə şlak və kərpiclərin düşməsinə qarşı tədbir görmək lazımdır.
16.13. Qazanın barabanının içərisindəki işlər qurtaranadək hər iki qapaq (lyuk) açıq olmalıdır. Barabanı turşu ilə yuduqdan sonra işçiləri qazanın barabanına buraxmazdan əvvəl barabanın havası ventilyasiya olunmalı, havada oksigenin kifayət qədər olması (O2=20% həcm üzrə), həmçinin hidrogenin və sulfid qazının miqdarı yoxlanılmalıdır. Barabanda hidrogenin konsentrasiyası onun alovlanmasının aşağı həddinin 1/5-dən (hidrogen konsentrasiyası 10 mq/m) çox, sulfid qazının konsentrasiyası isə yol verilən konsentrasiya həddindən (sulfid anhidridi konsentrasiyası 10 mq/m) çox olmamalıdır.
16.14. Qazan barabanının havalandırılması səyyar ventilyator vasitəsilə və ya barabandan kənarda yerləşdirilmiş (barabanın açıq qapaqlarının (lyuklərinin) birinin yanında və ya müvəqqəti boşaldılmış hər hansı bir ştuserin yanında) havavuran qurğusu vasitəsilə təmin olunmalıdır. Aşağı barabanlarda iş yerlərinin havalandırmasının intensivliyini yüksəltmək üçün yuxarı barabanın da qapaqları (ylukləri) açıq olmalıdır.
16.15. Barabanın və birləşdirici boruların təmizlənməsini ən azı 2 nəfər icra etməlidir. Qaynadıcı boruları elastik vallı əl cilalama elektrik maşını ilə təmizləyərkən bir işçi barabanda işləyənə nəzarət etməlidir. Onun göstərişlərini yerinə yetirmək, həmçinin lazım olduqda elektrik mühərrikini açmaq üçün müşahidəçi işçinin kommutasiya aparatı olmalıdır. Elektrik mühərriki məsafədən idarə edildikdə müşahidəçinin iştirakı mütləqdir.
16.16. Qaynadıcı boruları təmizləyərkən cilalama başlığını borudan elektrik mühərrikini açdıqdan sonra çıxarmaq lazımdır. Elektrik mühərrikini yalnız başlıq yenidən boruya taxıldıqdan sonra təkrar qoşmaq olar.
16.17. Gərginliyi 12 V-dan yüksək olan elektrik mühərrikləri və səyyar əl çıraqları və ya elektriklə işləyən alətlər qoşulan səyyar alçaldıcı transformatorları barabanın xaricində və bacanın yanında qurmaq lazımdır. Transformatorun gövdəsi və alçaq gərginlik dolağının çıxışlarından biri torpaqlanmalıdır. Bu halda tətbiq olunan elektrik avadanlığı “İstilik qurğularının quraşdırılması Qaydaları”nın tələblərinə uyğun olmalıdır.
16.18. Tüstü borularının və tüstü yollarının xaricindən yoxlanılmasını azı iki nəfər, daxili yoxlanılmasını və təmirini azı üç nəfər bu Qaydaların 10-cu hissəsinin tələblərinə riayət etməklə aparmalıdır.
16.19. Tüstü-qaz yollarında və tüstü borularında işlər yalnız açıq qapaqlar (lyuklər) vasitəsilə iş yerinin havası ventilyasiya edildikdən və işləyən qazanlardan qaz sızmasının qarşısı alındıqdan sonra icra olunmalıdır. Bu məqsədlə bloklayıcı tərtibatlarla bağlanan qapaqlar bağlanmalı, müvəqqəti hermetik kipləndirmə tədbirləri görülməlidir. Bu divarlar kərpic və ya ağacdan hazırlanmalı, dəmir vərəqə ilə örtülməli və perimetri boyunca kipləşdirilməli, həmçinin, buxar üfürən xətlər tıxac qoyularaq ayrılmalıdır.
16.20. Tüstü borularının və tüstü yollarının daxildən təmiri tüstü qazları olmadıqda və tüstü-qaz yollarında havalandırmanın kifayət dərəcədə olması yoxlandıqdan sonra aparılmalıdır.
16.21. Hündürlükdə işləyərkən bu Qaydaların 7-ci hissəsinin tələblərinə əməl etmək tələb olunur.
16.22. Tüstü-qaz yollarının içərisində işçilərin hərəkəti labüd olarsa, onların dib tikişlərinin möhkəmliyini yoxlamaq lazımdır. Zədələnmiş və yaxud zəif yerlər aşkar edilərsə, tüstü-qaz yollarının dibinə taxta döşəmək lazımdır. Tüstü-qaz yollarında işçilərin düşürülməsi və çıxarılması yaxşı bərkidilmiş nərdivan və ayaqaltılar vasitəsilə yerinə yetirilməlidir.
16.23. İşçiləri düşürmək və qaldırmaq üçün tüstü borusunun şaxtasında gediş nərdivanını dörd tərəfdən boyu üzrə və iş meydançasının səthindən 2,5 metrdən hündür torlarla mühafizə etmək lazımdır.
16.24. İşçiləri dirəklər, çəpəki dayaqlar boyu və ya qaldırıcının trosları ilə qaldırmaq və düşürmək, həmçinin tüstü borusundakı qarmaqlar və yaxud xarici gediş nərdivanları ilə bir neçə işçini eyni vaxtda çıxarmaq və düşürmək qadağandır. İşıq siqnalları meydançaları olan tüstü borusunda bu meydançaların aralarındakı müxtəlif səviyyələrdə işçilərin eyni vaxtda qaldırılmasına və ya düşürülməsinə qapaqlar (lyuklər) mütləq bağlı olan vəziyyətdə icazə verilir.
16.25. Hündürlükdə işləyərkən mühafizə çəpərləri (örtükləri) olmadıqda, növbə ilə ilişdirmək üçün yaylı qarmaqlı ikizəncirli qoruyucu kəmərlərdən istifadə etmək tələb olunur. Qoruyucu kəmərsiz heyəti gediş nərdivanına buraxmaq qadağandır.
16.26. Asılma qurğularından təmir işləri və ya yoxlamalar aparılarkən tüstü borusunun kürsü hissəsindən ölçülməklə onun hündürlüyünün 1/10-i qədər təhlükəli ərazi müəyyən edilərək çəpərlənməlidir. Çəpərin üzərinə bu əraziyə daxil olmağı qadağan edən təhlükəsizlik işarələri asılmalıdır. Təhlükəli ərazinin sərhədlərində yerləşən maşın və piyada keçidlərinin üzərində qoruyucu talvarlar və yan hasarlar qurulmalı, həmçinin kənar işçilərin keçməsini qadağan edən təhlükəsizlik işarələri qoyulmalıdır.
16.27. Tüstü borularının içərisində təmir işləri onları tüstü qalıqlarından və mexaniki çirklərdən təmizlədikdən sonra icra olunmalıdır.
16.28. Tüstü borusunun içərisində eyni vaxtda bir neçə mərtəbəli iş aparılarkən iş yerlərinin hər biri yuxarıdakı yerdən bütöv mühafizə döşənəyi ilə ayrılmalıdır. Mühafizə döşənəyi sökülərkən eyni vaxtda iki və daha çox mərtəbəli iş aparmaq qadağandır.
16.29. Ocağın, tüstü-qaz yollarının, hava yollarının və qazan barabanlarının içərisində iş qurtardıqdan sonra qapaqları (lyukləri) bağlamadan öncə işlərin rəhbəri və icraçısı təsadüfən işçilərdən kiminsə qalmadığına, həmçinin orada material, alət və digər kənar əşyaların unudulub qalmadığına əmin olmalıdır. İşlər qurtardıqdan sonra qapaqları (lyukləri) açıq saxlamaq qadağandır.
17.1. İstilik qurğularını və istilik şəbəkəsini əlavə su ilə qidalandırmaq üçün onun codluğunu tələb olunan normaya salmaq lazımdır. Su kəmərindən qəbul olunan xam suyun codluğu tələb olunan normadan çox olduğundan xam suyun istilik qurğusuna və şəbəkəyə birbaşa verilməsi qadağandır.
17.2. İstilik qurğularını qidalandıran suyun codluğunu norma həddinə qədər azaltmaq üçün istilik qurğularının ümumi gücü nəzərə alınaraq layihə əsasında suyumşaldıcı qurğular quraşdırılmalıdır. Suyumşaldıcı qurğular əsas və ehtiyat olmalıdır.
17.3. İstilik qurğularının gücünə uyğun olaraq, layihə əsasında qazanxana xam su və yumşaldılmış su çənləri ilə təchiz edilməlidir.
17.4. Xam suyun birbaşa su kəmərindən suyumşaldıcı qurğuya verilməsi qadağan olunur. Şəbəkədən gələn su, xam su çəninə yığılmalı, suda olan mexaniki qarışıqlar çökdürülməli, üfürülmə yolu ilə sudan xaric olunmalı və sonra yumşaldılması üçün suyumşaltma qurğusuna verilməlidir. Suyumşaldıcı qurğuda suyun codluğu 0,1 mq ekv/l-ə qədər azaldılmalı, sonra isə yumşaldılmış su çəninə yığılmalıdır.
17.5. Qidalandırıcı əlavə su istilik qurğusuna və şəbəkəyə yumşaldılmış su çənindən vurulmalıdır.
17.6. Suyumşaldıcı qurğularda regenerasiya prosesi aparıldıqda qurğu gərginlik altında və su xəttinə qoşulu olmalı, suyumşaldıcı qurğuların giriş su xətti açıq, çıxış su xətti isə bağlı olmalıdır.
17.7. Suyumşaldıcı qurğularda regenerasiya prosesi aparmaq üçün qurğunun yanında onun məhsuldarlığına uyğun və qurğu ilə əlaqələndirilmiş, içərisində 10-15 %-li NaCl sulu məhlulu olan çən yerləşdirilməlidir.
17.8. Suyumşaldıcı qurğularda regenerasiya prosesi aparılarkən qurğudan yumşaldılmış su çəninə, istilik qurğusuna və şəbəkəyə su verilməsi qadağandır.
17.9. İstilik qurğularında suyun codluğunun 0,3 mq ekv/l-dən, şəbəkədə isə 0,5 mq ekv/l-dən çox olmasına yol verilməməlidir.
17.10. Regenerasiya prosesi başa çatdıqdan sonra su yumşaltma sistemi operativ heyət tərəfindən işə qoşulmalıdır.
17.11. Operativ heyət tərəfindən daimi olaraq qazan qurğusunun iş rejiminə, qazanı qidalandıran və şəbəkədəki suyun keyfiyyətinə nəzarət edilməli, Na-kationlu filtrlərin vaxtında regenerasiya edilməsinə nəzarət edilməli, suyun kimyəvi təmizlənməsi üçün lazım olan avadanlıqlar təmiz və istismara yararlı saxlanılmalıdır.
17.12. Normal texnoloji iş rejimi zamanı əlavə analiz aparılmalıdır. Növbə ərzində aparılan analizlər operativ qeydiyyat jurnalında qeyd edilməlidir.
17.13. Normal texnoloji rejimdən kənaraçıxmalar olduqda operativ heyət yuxarı rəhbər heyətə, istilik təchizatı subyektinin aidiyyəti xidmət sahəsinə və mərkəzi dispetçer xidmətinə bu haqda məlumat verməlidir.
17.14. Operativ heyət tərəfindən su hazırlığı avadanlıqlarına texniki xidmət zamanı, su hazırlanarkən və analiz aparılarkən bu Qaydanın 17-ci hissəsində nəzərdə tutulan tələblərə dəqiq əməl edilməlidir.
18.1. İstilik məntəqələri təbii və (və ya) süni ventilyasiya ilə təchiz olunmuş və təcrid olunmuş ayrıca binalarda yerləşdirilməlidir. İstilik məntəqəsi binasının uzunluğu 12 metr və daha çox olarsa, ondan çıxmaq üçün biri xaricinə olmaqla ən azı iki çıxışı olmalıdır. İstilik məntəqələrinin həcmi avadanlıqlara, o cümlədən istilik mübadiləsi aparatlarına, ventilyasiya qurğularına, armaturlara, boru kəmərlərinə normal xidmətin mümkünlüyünü təmin etməlidir.
18.2. Daxili sahəsi 2,5 m-dən 6 m-dək olan yeraltı istilik kameralarında diaqonalı boyunca yerləşmiş ən azı iki qapaq (lyuk), daxili sahəsi 6 m və daha çox olduqda isə dörd qapaq (lyuk) olmalıdır. Kameralara düşmək tərpənməz metal nərdivanla və bilavasitə qapağın (lyukun) altında yerləşdirilən pərçimlənmiş pillələrlə həyata keçirilir.
18.3. İstilik qurğuları avadanlıqların qaldırılması və yerdəyişməsi üçün nəzərdə tutulmuş əl ilə idarə olunan və yaxud elektrik intiqallı yükqaldırıcı mexanizmlərlə təchiz olunmalıdır. İstilik kameralarında bu məqsədlə qaldırıcı qurğu - əl talı mexanizmindən istifadə etmək olar.
18.4. Yeraltı istilik kəmərlərinə, kamera və xəndəklərə xidmət edərkən bu Qaydaların 10-cu hissəsində göstərilən tələblərə riayət olunmalıdır.
18.5. İstilik şəbəkələrinin yeraltı tikililərinə işçilərin daxil olmasından əvvəl havanın tərkibində metan, karbon qazı analiz edilməlidir və havada oksigenin kifayət qədər (O2≥20% həcm üzrə) olması təmin olunmalıdır.
18.6. Yeraltı tikiliyə düşmədən istilik xəttinə piyada və ya nəqliyyatla baxışı ən azı iki nəfər yerinə yetirməlidir. Avadanlıqlar boyu yoxlama baxışı və ya nəqliyyatla yoxlama baxışı tərkibi 3 nəfərdən az olmayan briqada tərəfindən aparılmalıdır. İstilik xətlərinə yoxlama baxışı zamanı çilingər alətlərindən başqa heyətdə kameranın qapağını (lyukunu) açmaq üçün açar, kameranı açmaq üçün qarmaq, küçənin hərəkətli hissəsində açıq kameranın yanında qurulacaq mühafizə çəpəri (örtüyü), işıqlandırma vasitələri (akkumulyator fənərləri, gərginliyi 12 V-dan yüksək olmayan partlayışdan mühafizə olunmuş əl çıraqları), həmçinin qaz analizatoru olmalıdır. Briqada baxış ərzində mərkəzi dispetçer xidməti ilə müntəzəm əlaqə saxlamalı, görülən işlər barəsində ona məlumat verməlidir. Avadanlıqlarda insanlar üçün və ya bütünlükdə avadanlığın özü üçün təhlükə yaradan nasazlıq aşkar edildikdə heyət dərhal onu işdən açmaq üçün tədbir görməlidir.
18.7. Su və ya buxar istilik şəbəkələrinin işə buraxılması ilə əlaqəli işlər, həmçinin şəbəkənin özünün və ya onun ayrıca hissələrinin və qurğularının sınağı istilik təchizatı subyektinin rəhbərinin təsdiqlədiyi təlimat əsasında icra olunmalıdır. Təlimatda heyətin təhlükəsizliyinin təmin edilməsi tədbirləri nəzərdə tutulmalıdır.
18.8. Boru kəmərlərinin yuyulması və şəbəkələrin hesablanmış temperatura görə sınağı istilik təchizatı subyektinin rəhbəri tərəfindən təyin edilmiş məsul şəxsin iştirakı ilə icra olunmalıdır.
18.9. Şəbəkəni doldurarkən istilik kamerasındakı havaçəkənə nəzarət edən işçilər flans birləşmələrindən kənarda durmalıdır. Hava armaturunun drenaja yönəldilmiş ayırması olmalıdır. Ayırmanın ucundan drenajın girişinədək məsafə 50 mm-dən çox olmamalıdır. Havaçəkənlərin əl çarxlarını əl ilə fırladaraq açmaq və yaxud bağlamaq lazımdır. Bu məqsədlər üçün açarlar və digər lingli yardımçı alət tətbiq etmək qadağandır. İstilik şəbəkəsini doldurduqdan sonra havaçəkənləri təkrar üfürmələr zamanı suyun çox axıdılmasına yol vermədən ehtiyatla açmaq lazımdır.
18.10. İstilik şəbəkələrinin yuyulması zamanı və istilik şəbəkəsinin hissələrində bilavasitə yumada iştirak etməyən işçilərin yuyulan boru kəmərlərinin yaxınlığında durması qadağandır. Yuyulma zamanı istehlakçıların sistemi və istilik məntəqələri şəbəkədən açılmalıdırlar.
18.11. İstilik şəbəkəsinin hesablanmış təzyiqə sınağına başlayanadək sınağı keçirilməli boru kəmərlərindən havanın çıxarılması zəruridir.
18.12. İstilik şəbəkəsinin hesablanmış təzyiqə sınağı müddətində istilik şəbəkəsi boyunca müşahidə təşkil etmək lazımdır. Əsas diqqəti şəbəkənin piyada və nəqliyyat hərəkəti hissələrinə, kanalsız çəkilmə hissəsinə, boruların əvvəllər korroziya dağılmaları olan yerlərinə yönəltmək lazımdır.
18.13. İstilik şəbəkəsində istilik daşıyıcısının hesablanmış parametrlərinə görə sınağı zamanı aşağıdakılar qadağandır:
18.13.1. sınaq sahəsində sınaqla əlaqəsi olmayan işçilərin iştirakı;
18.13.2. kameraya, kanala və tunelə düşmək və ya orada olmaq;
18.13.3. boru kəmərinin və armaturun flans birləşməsinin qarşısında durmaq;
18.13.4. aşkar edilmiş nasazlığı aradan qaldırmaq.
18.14. İstilik şəbəkəsinin istilik daşıyıcılarının hesablanmış təzyiqə görə sınağı zamanı təzyiqi kəskin qaldırmaq və onu sınaq proqramı üçün nəzərdə tutulmuş həddən yuxarı qaldırmaq qadağandır. Tərpənməz dayaqların, kompensatorların, armaturların, flansların və digər elementlərin vəziyyətinə nəzarəti kameraya düşmədən qapaqlardan (lyuklərdən) aparmaq lazımdır.
18.15. Eyni vaxtda hesablanmış təzyiqə və hesablanmış temperatura görə sınaq aparmaq qadağan olunur.
18.16. Boru kəmərində işləyərkən istilik şəbəkəsinin kameralarında və boru kəmərlərinin özündə qazın olmaması üçün təhlükəsizlik şəraiti təmin olunmalıdır.
18.17. Yoxlama baxışı üçün və kənar əşyalardan təmizləməkdən ötrü boru kəmərlərinə giriş yalnız boru kəmərinin diametri 0,8 metrdən az olmadıqda və uzunluğu 150 metrədək olan düzxətli sahələrdə icazə verilir. Bu zaman boru kəmərinin yoxlanılmalı və təmizlənməli olan sahəsinin hər iki tərəfindən sərbəst çıxışı olmalıdır. Sahədəki budaqlanmalar, calaqlar və digər boru kəmərləri ilə birləşmələr etibarlı surətdə açılmalıdır. Boru kəmərində işləyən və hər iki müşahidəçi tənəffüs orqanlarının fərdi mühafizə vasitələrindən (özünüxilasetmələr, əleyhqazlar) istifadə etməlidir.
18.18. Boru kəmərlərinin yoxlanılması və təmizlənməsi üçün azı 3 nəfər təyin edilməli, onlardan ikisi boru kəmərlərinin hər iki baş tərəfindən dayanaraq işləyənə nəzarət etməlidirlər. Boru kəmərlərində işləri brezent paltarda və beşbarmaq əlcəkdə, uzunboğaz çəkmədə, dizliklərdə, eynək və dəbilqədə görmək lazımdır. Qoruyucu kəmərin xilasetmə kəndirinin ucu boru kəmərinə giriş tərəfdən dayanmış müşahidəçinin əlində olmalıdır. Boru kəmərindən çıxış tərəfdə dayanmış müşahidəçinin əlində onun bütün sahəsini işıqlandıran fənər olmalıdır.
18.19. Daimi operativ heyəti olmayan istilik məntəqələrinin binaları qıfılla bağlı olmalıdır, onların açarları isə ərazi istilik şəbəkəsi rəisində olmalıdır.
18.20. İstilik təchizatı şəbəkəsi və abonent arasında avadanlığa xidmət sərhədi balans mənsubiyyəti və ya müqavilə əsasında müəyyən olunur.
18.21. İstilik məntəqələrində cari təmir işlərini yerinə yetirərkən istilik daşıyıcısının temperaturu 75 ºC-dən yüksək olmadıqda avadanlığı giriş və çıxış siyirtmələrini bağlamaqla açmaq lazımdır. İstilik şəbəkəsinin istilik daşıyıcısının temperaturu 75 ºC-dən yüksək olduqda istilik məntəqəsində avadanlıqların təmiri və dəyişdirilməsi üçün istilik məntəqəsindəki “bypas” siyirtməsi açıldıqdan və baş giriş və çıxış siyirtmələri bağlandıqdan sonra icra olunmalıdır. Sistemi ərazi istilik şəbəkələrinin işçisi açır.
18.22. İstilik təchizatı obyektində istilik şəbəkəsinin sxemi olmalıdır. Bu sxemdə müntəzəm olaraq plan üzrə şurflamanın yerləri və nəticələri, qəza zədələnmələrinin yerləri, su basmış xətlər, qonşu yeraltı kommunikasiyalar (qaz xətti, kanalizasiya, kabellər), elektrikləşdirilmiş nəqliyyatın rels yolları və dartı yarımstansiyaları qeyd olunmalıdır.
18.23. Boru kəmərində su axıntısı baş verərkən torpağı su basarsa və isti suyun axıb getməsi baş verərsə, təhlükəli ərazi çəpərlənməlidir və zərurət yaranarsa müşahidəçilər qoyulmalıdır. Çəpərdə xəbərdaredici işarələr, gecə vaxtı isə siqnal işıqlandırıcıları qoyulmalıdır.
18.24. Boru kəmərlərinin ayrıca hissəsini sökərkən kəmərin digər hissələrinin dayanıqlı qalmasına nəzarət olunmalıdır. Boru kəmərinin sallanan konsol ucları müvəqqəti dayağa söykənməlidir. Boru kəməri yer səthindən yuxarıda quraşdırılıbsa onun budaqlanmalarını sallaq, bərkidilməmiş vəziyyətdə saxlamaq qadağandır.
18.25. Boru kəmərləri quraşdırılanadək boru döşənəcək xəndəklərin yataq döşünün dayanıqlılığını və bərkitmələrin möhkəmliyini yoxlamaq lazımdır. Həmçinin boruların divara bərkitmələrinin möhkəmliyi və maşınların hərəkət edəcəyi yataq yamaclarının və xəndəklərin dikliyinin təhlükəsizlik şərtlərinə görə tələb olunan möhkəmliyini yoxlamaq lazımdır.
18.26. Boruları və armaturları xəndəyə düşürməzdən əvvəl işçiləri həmin quyu və xəndək sahələrindən kənarlaşdırmaq lazımdır.
19.1. Avtomatika, ölçmə vasitələri və mühafizə vericilərinin birinci bağlayıcı ventillərinin qoşulmasını və açılmasını operativ-təmir heyəti yerinə yetirməlidir. Avtomatika, ölçmə vasitələri və mühafizə vericilərindən öndə quraşdırılmış ikinci ventilə xidməti, istilik-mexaniki avadanlıqlarda yerləşdirilmiş istilik avtomatikası və ölçmə vasitələrinin müayinəsi, istilik lövhələrinin, panellərinin daxili baxışı operativ-təmir heyətinin icazəsiylə nəzarət ölçmə vasitələri və avtomatika xidmətinin heyəti tərəfindən aparmalıdır.
19.2. Qazanlarda, boru kəmərlərində və armaturlarda quraşdırılmış nəzarət ölçmə vasitələri və avtomatik tənzimləmə qurğularına baxış, sazlama və təmir işləri bu Qaydaların 9-cu hissəsinin tələblərinə riayət etməklə yerinə yetirilməlidir.
19.3. Lingdən istifadə etməmək şərtilə impuls xətlərindəki birinci ventillərin vericilərini boru kəmərlərindən və qablardan açmaq lazımdır. Vericilərin impuls xətləri müxtəlif seçim qurğularına qoşulubsa, bu qurğularda birinci ventillər bağlı olmalıdırlar. Vericiləri 4 MPa-dan yüksək təzyiqli boru kəmərlərindən və qablardan (biri bilavasitə boru kəmərində və qabda, digəri isə impuls xəttində vericidən öndə quraşdırılmış) iki ardıcıl bağlayıcı ventilləri bağlamaqla açmaq lazımdır. 4 MPa-dan yüksək təzyiqli impuls xətlərini boru kəmərlərinin və qabların açılmış halında təmir etmək lazımdır. Bu Qaydaların 19.4-cü və 19.5-ci bəndlərinin tələblərinə riayət etməklə, boru kəmərlərini və qabları açmadan təmirin mümkünlüyünü istilik təchizatı subyektinin rəhbəri tərəfindən təyin edilmiş məsul şəxslər müəyyən edir.
19.4. Əgər impuls xətlərinin qoşulduğu təmir olunacaq boru kəməri və ya qab təzyiq altında qalıbsa, o zaman, impuls xətlərinin bağlayıcı ventilləri bağlanmalıdır, onların üzərində “AÇMA – ŞƏXSLƏR İŞLƏYİR” qadağanedici işarələri və ya təhlükəsizlik işarələri asmaq lazımdır.
19.5. Açılmış impuls xəttində təzyiqin yoxluğunu onu atmosferlə birləşdirməklə yoxlamaq olar. İmpuls xəttində üfürmə qurğusu yoxdursa, xətdə təzyiqin yoxluğunu bu xətti vericidən ayırmaqla yoxlamaq lazımdır. Xətti vericiyə birləşdirən qaykanı, qayka açarı ilə ehtiyatla o vaxta kimi açmaq lazımdır ki, qaykanın altından su görünsün. 30-40 saniyə gözləyib qaykanı daha yarım dövrə açmaq və təzyiqi çıxarmaq lazımdır. Təzyiqin düşməsinə görə qaykanı o hesabla açmaq lazımdır ki, o üç-dörd dövrəyə bağlanmış olsun. Qaykanı qismən açdıqda xətdə təzyiq düşmürsə, qaykanı çəkmək, impuls xəttinin tam açılması üçün tədbirlər görmək lazımdır. Bu əməliyyatları əlcəklərlə yerinə yetirmək lazımdır.
19.6. Boru kəmərlərində və qablarda impuls xətlərinin qoşulması, daraldıcı qurğularının flanslarının, armaturların sökülməsi, termocüt gilizlərinin quraşdırılması həmin avadanlıqların istismarı üçün məsul olan əsas sexlərin heyəti tərəfindən, istilik avtomatikası və ölçü sexinin nümayəndəsinin iştirakı ilə həyata keçirilməlidir. Qeyd olunan işlər yalnız boru kəmərlərində və qablarda təzyiqin tam aradan qaldırılmasından və drenaj xətlərinin açılmasından sonra yerinə yetirilməlidir.
19.7. Çətin əlçatan və havanın temperaturu 32 ºC-dən yuxarı olan yerlərdə termocütlərin, müqavimət termometrlərinin dəyişdirilməsi və təmirini ən azı iki nəfər yerinə yetirməlidir. İş yerinin havalandırılmasını ventilyator vasitəsilə yerinə yetirmək lazımdır.
19.8. Üfürmə qurğusu olmadıqda və ya üfürülmə xətlərində tıxanma olduqda su və buxar impuls xətlərinin üfürülməsini texnoloji sexin heyətinin icazəsilə ən azı iki nəfər, əməliyyatların texnoloji ardıcıllığı və təhlükəsizlik tədbirləri qeyd olunan istismar təlimatlarının tələblərinə uyğun olaraq yerinə yetirməlidir.
19.9. İstilik-mexaniki avadanlıqda qəza halı baş verdikdə üfürülmə dayandırılmalı və üfürmə qurğusunun armaturu bağlanmalıdır.
19.10. Yağ impuls xətlərində işlər aparılan zaman yağ onlardan tam olaraq buraxılmalıdır. Yağın buraxılması xətti birinci ventilin və cihazın yanından ayırmaqla aşağı nöqtədə yerinə yetirilməlidir. Birinci ventilin yanında xətt lehimlənibsə və ondan yağın buraxılması mümkün deyilsə, o zaman manometr tərəfdən xəttə xlorvinil borucuq daxil edilir, və yağ armudcuq vasitəsilə sorulub çıxarılır. Borucuğun uzunluğu qaynaq yerindən 1,5 metrdən az uzunluqda olmamaqla impuls borusunun yağdan azad olma hissəsindən hesablanaraq seçilir. Təhlükəsizlik məqsədilə yağ borulardan döşəməyə deyil, bunun üçün ayrılmış qaba tökülməlidir.
19.11. Manometrləri və vericiləri yalnız birinci ventilləri bağlayandan sonra dəyişmək olar. Manometrlərin, vericilərin üstdən taxma qaykalarını bu Qaydaların 19.5-ci bəndində göstərildiyi kimi tədricən açmaq lazımdır.
19.12. Qazanların ocaqlarının, tüstüsoranların, havavuranların və qazan barabanlarının daxilində nəzarət və avtotənzimləyicilərə baxış, onların sazlanması və təmiri bu Qaydaların 10-cu hissəsinin tələblərinə əsasən yerinə yetirilməlidir. Bu avadanlıqlara baxış keçirərkən və təmir edərkən ehtiyatlı olmaq, tüstü qazlarının sovurduğu yanacağın yanmasının davam etmədiyini yoxlamaq vacibdir. Əsasən passiv hərəkət zonalarında bu kimi halların olmadığına diqqət yetirilməlidir. Belə ocaqların mövcudluğu işçilərin karbon oksidi ilə zəhərlənməsi və yanıq xəsarəti alması riskini yaratdığı üçün dərhal aradan qaldırılmalıdır.
19.13. İstilik avtomatikası və qurğularına xidmət edərkən və ölçmə işləri apararkən bu Qaydaların 10-cu hissəsinin tələblərinə riayət etmək lazımdır.
19.14. Qaz təsərrüfatının nəzarət və avtomatika qurğularına xidmət edərkən bu Qaydaların 10-cu hissəsinin tələblərinə riayət etmək lazımdır.
19.15. Qaz təhlükəsi olan yerlərdə qaz təsərrüfatının nəzarət və avtomatika qurğularına xidmət göstərən, eləcə də, zərərli maddələrlə təmasda olan heyət sexdə, sahədə və ya şəbəkə rayonunda mövcud olan qaz təhlükəli yerlərin siyahısını, zərərli maddələrin zəhərli təsirini və onlarla zəhərlənmənin əlamətlərini, qaz təhlükəsi olan yerlərdə işlərin icra qaydalarını, tənəffüs orqanlarının mühafizə vasitələrindən istifadə qaydalarını, yanğın təhlükəli maddələri və onların söndürülmə üsullarını, zərərli maddələrlə zəhərlənmiş şəxsin qaz təhlükəli zonadan təxliyə edilməsi və ona ilk tibbi yardım göstərilməsi üsullarını bilməlidir.
19.16. Qaz təhlükəsi olan yerlərdə qaz təsərrüfatının nəzarət və avtomatika qurğularına xidmət edən zaman otaqda olan yanar qazın konsentrasiyası onun alışma həddinin 1/5 hissəsindən çox olmamalıdır.
19.17. Qaz təsərrüfatının nəzarət və avtomatika qurğularına xidmət edərkən qaz təhlükəsi olan yerləşgələrə daxil olmazdan əvvəl orada qaza görə hava mühitinin təhlili aparılmalıdır. Qazın mövcudluğunu partlayışdan mühafizə növlü qaz analizatoru vasitəsilə müəyyənləşdirmək lazımdır. Yerləşgədə qaz normadan artıq olduqda onu havalandırıb, havadakı qazların olmamasını və oksigenin yetərincə olmasını (həcm üzrə 20%-dən az olmayaraq) təkrar yoxladıqdan sonra yerləşgəyə daxil olmaq olar. Əgər havalandırma nəticəsində qazların çıxarılması mümkün olmursa, bu zaman qaz təhlükəsi olan yerləşgəyə daxil olmaq və orada işləmək yalnız şlanqlı əleyhqazlarla bu Qaydaların 10-cu hissəsinin tələblərinə riayət etməklə icazə verilir. İşıqlandırmanı və havalandırıcının elektrik mühərrikini qoşan aparat, qaz təhlükəsi olan yerləşgədən kənara çıxarılmalıdır. İstilik təchizatı subyektinin rəhbəri tərəfindən təsdiqlənmiş qaz təhlükəsi olan ərazilərin, həmçinin zərərli maddələrin yerləşdiyi qapalı ərazilərin siyahısı tərtib olunmalıdır. Həmin otaqların girişində zərərli maddələrin olması və yanğın və partlayış təhlükəsi haqqında xəbərdaredici təhlükəsizlik işarələri asılmalıdır
19.18. Qaz təsərrüfatının nəzarət və avtomatika qurğularına xidmət edərkən qaz təhlükəsi olan işlərin həyata keçirilməsi zamanı aşağıdakılara riayət olunmalıdır:
19.18.1. portativ işıq mənbəyi kimi yalnız partlayışa davamlı lampalardan istifadə olunmalı və qaz təhlükəsi olan yerlərdə lampaların söndürülüb yandırılması, həmçinin açıq alovun istifad olunması qadağandır;
19.18.2. alət qığılcım yaranma ehtimalı olmayan əlvan metaldan olmalı və qara metaldan hazırlanmış alətin istifadə olunmasına o halda icazə verilir ki, alətin istifadə hissəsi solidol və ya qeyri-sürtkü maddəsi ilə tam şəkildə yağlansın;
19.18.3. qığılcımlanma verən elektrodrel və digər elektrik alətlərinin istifadəsi qadağandır;
19.18.4. heyət üzvlərinin ayaqqabılarında mismar və ya polad elementlər olmamalı, olduğu halda rezin çəkmə geyinilməlidir.
19.19. Təzyiqi 0,1 MPa-dan yüksək olan qaz borularına ölçmə vasitələrini metal borucuqlarla birləşdirmək lazımdır. Qazın təzyiqi 0,1 MPa-dək olarsa, bu cihazları uzunluğu 1 metrdən artıq olmayan sıxıcı bəndlərlə bərkidilmiş rezin borucuqlarla birləşdirməyə icazə verilir. Cihazlara gedən ayırmalarda açıcı qurğu nəzərdə tutulmalıdır. Ölçmə vasitələri, avtomatika, mühafizə vericilərini çıxararkən vericilərdən açılmış impuls xətlərinə tıxaclar qoyulmalıdır.
19.20. Qaz xətlərində quraşdırılmış manometrlərdə işçi təzyiqin həddi qırmızı xətlə göstərilməlidir.
19.21. Kimyəvi su təmizləmə avadanlıqlarında yerləşdirilmiş avtomatika, istilik mexaniki ölçmə vasitələri və mühafizə qurğularında iş görərkən bu Qaydaların 10-cu, 13-cü və 19-cu hissələrinin tələblərinə riayət etmək tələb olunur.
19.22. Turşu və qələvi borularına, yaxud içində turşu və qələvi olan tutumlara qoşulmuş təmir olunacaq impuls xətləri, armaturlar və vericilər turşu və qələvidən tamamilə azad edilməli, həmçinin işləyən boru kəmərlərindən və çənlərdən tıxac vasitəsilə ayrılmalıdır. Bundan sonra, impuls xətləri, armaturlar və vericilər su ilə yuyulmalı və suyun neytral reaksiyaya malik olması təmin olunmalıdır.
19.23. İstilik qurğularında, istilik təchizatı sistemində, istilik şəbəkələrində və ölçmə vasitələrində civə ilə işləyən cihazlardan istifadə olunarkən AZS 587-2011 standartının 3.10-cu bəndinin (Civəli cihazlarla işlər) tələbləri nəzərə alınmalıdır.
Subyekt __________________________________ bölmə ________________________________
Naryad/Ümumi Naryad/Aralıq naryad (lazım olmayanın üzərindən xətt çəkməli) №______________________________________________________________________________
_____________________________________________________________ №-li ümumi naryada
İşin rəhbərinə ____________________________________________________________________
İş icraçısına (müşahidəçiyə) (lazımsızın üzərindən xətt çəkməli)
_________________________________________________________________________________
__________ nəfər briqada üzvləri ilə ________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
İşin rəhbəri ______________________________________________________________________
Tapşırılır ______________________________________________________________________
_________________________________________________________________________________
İşin başlanması: tarix ________, vaxt________ qurtarması: tarix _________, vaxt ________
Təhlükəsiz şəraiti təmin etmək üçün zəruridir: _______________________________________
_________________________________________________________________________________
Xüsusi şərtlər ________________________________________________________________
Naryad verdi: tarix____________, vaxt______________ vəzifəsi_________________________
İmza ________________________ soyadı________________________________
Naryad bu müddətə uzadıldı: tarix __________, vaxt _________, vəzifəsi _______________
İmza _________, soyadı _______________, tarix ____________, vaxt ___________
İş icrasının şərtləri yerinə yetirilib: tarix _______________, vaxt ________________________
İşdə qalır: _______________________________________________________________________
_________________________________________________________________________________
Digər sexlərin (sahələrin) operativ heyəti: ___________________________________________
(adı, soyadı, vəzifəsi, imzası)
________________________________________________________________________________
İstilik qurğusu və istilik təchizatı sisteminin növbə rəisinin (növbətçi dispetçerin, əməliyyat heyətinin), operativ heyətin iş yerinin hazırlanması və işə buraxmaya icazə verməsi barədə qeyd:
_________________________________________________________________________________
Sexin (istilik qurğusunun, istilik təchizatı sisteminin (lazım olmayanın üzərindən xətt çəkməli)) operativ heyətinin məsul şəxsi, aralıq naryad üzrə iş rəhbəri:
_________________________________________________________________________________
İşin icrası şərtlərinin yerinə yetirilməsi yoxlanılıb, işdə qalan avadanlıqla tanış olunub və işə buraxılıb:
tarix _______vaxtı _______İşin rəhbəri _____________İş icraçısı ___________(imzaları)
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
İş tam qurtarıb: tarix ________________________vaxt______________________
İş icraçısı: _______________________ İşin rəhbəri: _________________________
İş yeri yoxlanılıb, naryad bağlanıb: tarixi ________________vaxtı____________
Operativ heyətin məsul şəxsi: ______________________________(adı, soyadı)