Qanunvericilik › İstilik təchizatı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 10

Maddə 10. İstilik enerjisi istehsalçısının vəzifələri və hüquqları

İstilik təchizatı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

10.1. İstehsalçının aşağıdakı vəzifələri vardır:

10.1.1. istilik enerjisi istehsalını “Ətraf mühitin mühafizəsi haqqında” və “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən ətraf mühitin mühafizəsi və təhlükəsizlik tələblərinə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən istilik enerjisindən istifadə qaydaları ilə müəyyən edilən keyfiyyət göstəricilərinə uyğun həyata keçirmək;

10.1.2. istilik təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə, bu Qanunun 5.3-cü maddəsinə uyğun olaraq verilən yazılı göstərişlərə və istilik təchizatı sektorunda bağladığı müqavilələrin şərtlərinə əməl etmək;

10.1.3. bu Qanunun 10.1.1-ci maddəsində nəzərdə tutulan qaydalarla müəyyən edilən hesabat və məlumatları həmin qaydalara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təqdim etmək;

10.1.4. balansında olan istilik qurğularının etibarlı və fasiləsiz işini təmin etmək;

10.1.5. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 13.3-cü maddəsi ilə müəyyən edilən enerji resurslarından səmərəli istifadəyə dair öhdəliklərə riayət etmək.

10.2. İstehsalçı aşağıdakı hüquqlara malikdir:

10.2.1. istehsal etdiyi istilik enerjisini müqavilə əsasında satmaq;

10.2.2. istilik istehlakı qurğularının, şəbəkələrin və istehlakçıların fəaliyyətində istilik təchizatının texnoloji proseslərində fasilələrə səbəb olan pozuntular olduqda pozuntuya yol vermiş subyektdən dəymiş ziyanın ödənilməsini tələb etmək.

10.3. İstehsalçının istilik təchizatı sektorunda digər fəaliyyət növlərinə bu Qanunun həmin fəaliyyətə aid müvafiq maddələri şamil olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver