Qanunvericilik › “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 02.11.2004) › Tam mətn

“İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 02.11.2004)

“İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 02.11.2004) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 avqust tarixli 1031-15 sər. nömrəli Sərəncamı ilə təsdiq edilmiş “İxrac boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsinə dair” Kompleks Tədbirlər Planının 11-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 2 noyabr 2004-cü il

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının ərazisində Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəmərləri istisna olmaqla, istismar olunan neft ixrac boru kəmərlərinin qorunması, onların təhlükəsiz və etibarlı istismarı üçün normal şəraitin yaradılması və baş verə biləcək hadisələrin qarşısının alınması məqsədilə hazırlanmışdır.

1.2. İxrac neft boru kəmərləri (bundan sonra – İNBK) - yeraltı, yer üzərində, tökmə torpaq altında, yerüstü dayaqlarda, sualtı boru kəmərləri və onlarla bağlı neftin istehlakçıya nəqlini, qəbulunu, təhvilini, boşaldılıb-yüklənməsini təmin edən nasos stansiyaları, neft anbarları və digər texnoloji obyektlərdən ibarət mühəndis qurğularıdır.

1.3. Bu Qaydaların tələbləri torpaq mülkiyyətçiləri ilə yanaşı, torpaq istifadəçilərinə də şamil edilir.

2.1. Bu Qaydaların tətbiq olunduğu İNBK-nın tərkibinə aşağıdakılar daxildir:

şaxələnmiş və lupinqli, bağlayıcı armaturlu, təbii və süni maneələrdən keçidləri və nasos stansiyalarının birləşdirilməsi nöqtələri olan, buraxılış və qəbuletmə hissələri ilə təchiz olunmuş təmizləyici avadanlıqlar;

boru kəmərlərinin korroziyadan elektrik-kimyəvi üsulla mühafizəsi qurğuları, texnoloji rabitə xətləri və tikililəri, boru kəmərlərinin telemexanika vasitələri, elektrik ötürücü xətləri və elektrik təchizatı qurğuları, bağlayıcı armaturu məsafədən idarə edən qurğular;

yanğından mühafizə vasitələri, boru kəmərlərinin eroziyadan qoruma və mühafizə tikililəri;

fövqəladə hallarda neft və neft məhsullarının buraxılışı üçün xüsusi anbarlar;

İNBK-nın istismarmı həyata keçirmək üçün xidməti tikililər; İNBK-nın marşrutu boyunca yerləşən yollar, helikopter meydançaları və onlara giriş yolları, boru kəmərlərinin tanınma nişanları və siqnal işarələri; əsas və aralıqvurma, doldurma stansiyaları, rezervuar parkları; doldurma və boşaltma estakadaları və körpüləri; neft və neft məhsullarını qızdırma məntəqələri.

3.1. İNBK marşrut boyunca yer səthindən 1,5-2,0 metr hündürlükdə quraşdırılmış dəmir-beton və ya metal konstruksiyalı tanınma işarələri ilə nişanlanmalıdır.

3.2. İNBK marşrut boyunca çay və kanallarla kəsişdikdə, sahillərdə xəbərdarlıq nişanlan qoyulmalıdır. Nişanlar istismarçı tərəfindən respublikanın su təchizatı ilə məşğul olan orqanları ilə razılaşdırılmalıdır.

3.3. İNBK-nın avtomobil yolları ilə kəsişdiyi yerlərdə nəqliyyatın dayanmasını qadağan edən müvafiq yol hərəkəti nişanları qoyulmalıdır.

4.1. İNBK-nın istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir:

İNBK-mn marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası_boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır;

çoxxətli İNBK xətləri (marşrutları) boyunca - kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır;

su altından keçən boru kəmərinin oxu boyunca - sahilin hər iki tərəfindən 25 metr, çoxxətli boru kəmərləri boyunca kənar kəmərlərinin oxlarından hər tərəfə 100 metrlik məsafədə, su səthindən suyun dibinə qədər mühafizə sahəsi təşkil edilir;

fövqəladə hallarda içərisinə neftin, neft məhsullarının buraxılması üçün xüsusi anbarların ətrafı - bu obyektlərin sərhədlərindən hər tərəfə 50 metrlik məsafədə yerləşən torpaq sahəsi şərti xətlə məhdudlaşdırılır;

əsas və aralıqvurma, doldurma stansiyalarının, rezervuar parklarının, doldurma və boşaltma estakadalarının və körpülərinin, neftin və neft məhsullarının qızdırılması məntəqələrinin ətrafında göstərilən obyektlərin sərhədlərindən hər tərəfə 100 metrlik məsafədə yerləşən torpaq sahəsi şərti xətlə məhdudlaşdırılır.

Çay keçidinin yuxarı və aşağı axarları üçün 3 kilometrlik məsləhətləşmə zonası nəzərdə tutulur. Bu zona daxilində çay yatağında çay axarına təsir edəcək və eroziya ilə nəticələnə biləcək hər hansı fəaliyyətin aparılması, bənd və maneələrin tikilməsi üçün lisenziya, icazə və ya səlahiyyətlər verilməmişdən əvvəl istismarçı təşkilat xəbərdar edilməlidir. İstismarçı təşkilat öz növbəsində, çay keçidi üzrə belə fəaliyyətlərin nəticələri haqqında dövlət təşkilatlarına məlumat və məsləhət verməlidir.

6.1. “Mühafizə Zonası”nda Energetika Nazirliyinin və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan aşağıdakılar üzrə işlərin edilməsi qadağandır:

bina və qurğuların tikintisi;

ağac və kolların əkilməsi, quru otların və küləşin tayalanması, at bağlanan yerlərin təşkil edilməsi, mal-qara saxlanması, balıq saxlamaq üçün sahələrin ayrılması, balıq ovu və eləcə də başqa su heyvanlarının və bitkilərinin yetişdirilib istehsalının həyata keçirilməsi, heyvanların suvarılma yerlərinin təşkil edilməsi, buzun parçalanması işlərinin həyata keçirilməsi;

boru kəmərləri marşrutu üzərində keçidlərin tikilməsi, yolların salınması, avtomobil nəqliyyatı vasitələri, traktorlar və mexanizmlər üçün dayanacaqların təşkil edilməsi;

meliorasiya məqsədləri üçün torpaq işlərinin həyata keçirilməsi, suvarma və qurutma sistemlərinin tikintisi;

hər cür mədən, tikinti-quraşdırma, geoloji çəkiliş, axtarış, geodeziya və quyuların, şurfların qazılması, qrunt nümunələrinin (torpaq nümunələrindən başqa) götürülməsi ilə əlaqədar digər tədqiqat işlərinin həyata keçirilməsi.

6.2. “Mühafizə Zonası”nda bu Qaydaların 5.1-ci bəndində göstərilmiş işlərin aparılması üçün icazə almış fiziki və hüquqi şəxslər bu işləri boru kəmərlərinin mühafizəsini təmin edən şərtlərə riayət etməklə, həmin bəndin ikinci abzasında göstərilmiş işlərin aparılması aidiyyəti üzrə Fövqəladə Hallar Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə, üçüncü abzasında göstərilmiş işlərin aparılması Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi ilə, dördüncü abzasında göstərilmiş işlərin aparılması Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə, beşinci abzasında göstərilmiş işlərin aparılması Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə, altıncı abzasında göstərilmiş işlərin aparılması isə aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Tikinti və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırma əsasında həyata keçirməlidirlər. Bu şərtlər Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən müəyyən edilir.

“Mühafizə Zonası”nda partlayış işləri Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırıldıqdan sonra həyata keçirilə bilər.

6.3. “Mühafizə Zonası”nda boru kəmərlərinin istismarına xələl gətirəcək aşağıdakı işlərin həyata keçirilməsi qadağan olunur:

tanınma və siqnal işarələrinin, nəzarət-ölçü cihazlarının yerini dəyişmək, sındırmaq və ya onların üstünü torpaqla örtmək;

xidmət edilməyən gücləndirici kabel rabitəsi məntəqələrinin, xətti armatur avadanlıqları qovşaqlarının, katod və drenaj mühafizəsi stansiyalarının, xətti və baxış quyularının və başqa xətti qurğuların lyuklarını, qapılarını, çəpərlərini açmaq, rabitə və enerji təchizatı vasitələrini və boru kəmərlərinin telemexanika vasitələrini işə salmaq və ya söndürmək;

zibilxanaların yaradılması, turşu, duz və qələvi maddələrinin tökülməsi;

boru kəmərlərini zədələnmədən, neftin ətraf mühitə yayılmasından qoruyan sahilbərkitmə tikililərini sıradan çıxarmaq;

lövbər atmaq, lövbər, zəncir, lot, tor və tral salaraq keçmək, dibdərinləşdirmə və yerqazma işləri görmək;

od yandırmaq və hər hansı açıq və bağlı od mənbələri yerləşdirmək.

6.4. İNBK-nı istismar edən müəssisələrə (təşkilatlara) icazə verilir:

torpaq mülkiyyətçiləri, istifadəçiləri və ya yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmış giriş yolları sxeminə uyğun olaraq, xidmət və təmir işləri aparmaq üçün avtomobil nəqliyyatı və digər texniki vasitələrin boru kəmərlərinə və onların obyektlərinə yaxınlaşmasına (əgər boru kəmərləri qadağan olunmuş və ya xüsusi obyektlərin ərazisindən keçirsə, müvafiq təşkilatlar boru kəmərlərinə xidmət edən işçilərə sutkanın istənilən vaxtında baxış keçirmək və təmir işləri aparmaq üçün buraxılış vərəqəsi verməlidirlər);

boru kəmərlərini istismar etmək məqsədilə həmin boru kəmərlərinin izolyasiyasının keyfiyyətinin və onların elektro-kimyəvi mühafizə vasitələrinin vəziyyətinin yoxlanılması üçün bu barədə torpaq istifadəçilərinə qabaqcadan bildirməklə (işlərin başlanmasına ən azı 5 gün qalmış), mühafizə zonası daxilində şurfların açılmasına və digər torpaq işlərinin aparılmasına;

meşə massivlərindən keçən boru kəmərlərində qəza baş verdikdə, ağacların kəsilməsinə; 1 ay müddətində müəyyən olunmuş qaydada meşəqırma biletləri rəsmiləşdirilməli və qırma yerləri ağac qalıqlarından təmizlənməli, sonra meşəbərpa işləri aparılmalıdır.

6.5 Boru kəmərində qəza hadisəsinin baş verməsi ilə əlaqədar lazımi işlərin həyata keçirilməsi halları istisna olmaqla, balıqçılıq təsərrüfatı hövzələrindən keçən boru kəmərlərində təmir işlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılmalıdır.

6.6. “Mühafizə Zonası”nın dəmir yolları və ya avtomobil yollan üçün ayrılmış dəhlizlərlə, yüksək gərginlikli elektrik xətlərinin və başqa obyektlərin mühafizə zonaları ilə üst-üstə düşdüyü hallarda həmin ortaq sahələrdə bu obyektlərin istismarı ilə əlaqədar işlər müvafiq tərəflərin qarşılıqlı razılaşması əsasında həyata keçirilir.

6.7. Bu Qaydaların 6.1-ci və 6.4-cü bəndlərində göstərilən işlərin aparılması Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyini 2 gün qabaq, fövqəladə hallarda isə dərhal məlumatlandırdıqdan sonra həyata keçirilir.

6.8. Bu Qaydalarla nəzərdə tutulmamış hallar müvafiq qanunvericiliklə tənzimlənir.

Bu Qaydaların tələblərini pozan vəzifəli şəxslər, habelə fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

1. 22 iyul 2006-cı il tarixli 180 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 647)

2. 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822)

3. 6 may 2008-ci il tarixli 109 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 432)

4. 20 avqust 2008-ci il tarixli 191 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 786)

5. 12 iyun 2013-cü il tarixli 123 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 21 iyun 2013-cü il, № 133; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 737)

6. 24 yanvar 2014-cü il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 yanvar 2014-cü il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 1, maddə 69)

7. 4 noyabr 2015-ci il tarixli 354 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1418)

8. 21 yanvar 2019-cu il tarixli 11 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 yanvar 2019-cu il, № 17, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 155)

9. 4 aprel 2022-ci il tarixli 139 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 aprel 2022-ci il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 389)

10. 25 avqust 2022-ci il tarixli 335 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 31 avqust 2022-ci il, “Xalq” qəzeti, 2 sentyabr 2022-ci il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 1022)

11. 18 oktyabr 2023-cü il tarixli 372 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 oktyabr 2023-cü il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 10, maddə 1452)

12. 23 fevral 2024-cü il tarixli 97 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 fevral 2024-cü il, “Xalq” qəzeti, 27 fevral 2024-ci il, № 44, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 2, maddə 229)

13. 19 fevral 2025-ci il tarixli 26 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 fevral 2025-ci il, “Xalq” qəzeti, 23 fevral 2025-ci il, № 41, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 2, maddə 187)

14. 2 oktyabr 2025-ci il tarixli 288 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 oktyabr 2025-ci il, “Azərbaycan” qəzeti, 4 oktyabr 2025-ci il, № 213, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 10, maddə 966)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver