Qanunvericilik › “Jurnalist vəsiqəsinin forması”nın və “Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 10.10.2022) › Tam mətn

“Jurnalist vəsiqəsinin forması”nın və “Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 10.10.2022)

“Jurnalist vəsiqəsinin forması”nın və “Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 10.10.2022) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 fevral tarixli 1589 nömrəli Fərmanının 1.2.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Jurnalist vəsiqəsinin forması” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə Qaydası” təsdiq edilsin (2 nömrəli əlavə).

3. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 10 oktyabr 2022-ci il

1.1. Bu Qayda “Media haqqında” Azərbaycan Respublikası Qanununun 70.1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləğini (bundan sonra – vəsait) və həmin vəsaitdən istifadə qaydasını müəyyən edir.

1.2. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, vəsait bu Qaydaya uyğun olaraq istifadə edilir.

1.3. Vəsait dövlətin mülkiyyəti hesab olunur, Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin (bundan sonra – Agentlik) sərəncamındadır və onun sərəncamçısı dəyişdirilə bilməz.

2.1. Vəsait jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə Agentliyin bank hesabına edilən ödənişlər hesabına formalaşdırılır.

2.2. Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödənişin məbləği 20 (iyirmi) manat təşkil edir.

2.3. Növbəti il üçün Agentliyin əldə edəcəyi vəsait üzrə gəlir və xərclər smetası hər il dekabr ayının 20-dən gec olmayaraq Agentliyin İcraçı direktoru tərəfindən təsdiq edilir.

2.4. Vəsaitin bu Qaydanın 3.3-cü və 3.4-cü bəndlərinə uyğun olaraq istifadəsinə nəzarəti Agentlik həyata keçirir.

3.1. Agentlik müvafiq qanunlarda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra sərəncamında qalan vəsaiti ilk növbədə fəaliyyətinin, o cümlədən işçilərinin əməkhaqqı fondunun maliyyələşdirilməsinə istifadə edir.

3.2. Bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulan xərclər maliyyələşdirildikdən sonra qalan vəsait Agentliyin işçilərinin (bundan sonra – işçilər) sosial müdafiəsinin gücləndirilməsinə, Agentliyin maddi-texniki bazasının yaxşılaşdırılmasına və elmi-texniki potensialının artırılmasına istifadə edilir.

3.3. Vəsaitin işçilərin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsi aşağıdakı istiqamətlər üzrə xərclənilir:

3.3.1. işçilərin kollektiv və fərdi qaydada mükafatlandırılmasına;

3.3.2. işçilərin vəzifə maaşlarına əlavələrin verilməsinə;

3.3.3. işçilərə maddi yardım göstərilməsinə;

3.3.4. işçilərə məzuniyyət haqlarının və ezamiyyə xərclərinin ödənilməsinə.

3.4. Agentliyin maddi-texniki bazasının möhkəmləndirilməsi və elmi-texniki potensialının artırılması məqsədilə vəsait aşağıdakı istiqamətlərə xərclənilir:

3.4.1. malların (işlərin və xidmətlərin) alınmasına;

3.4.2. işçilərin əlavə təhsil almasına;

3.4.3. maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində digər xərclərə.

3.5. Bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulan xərclər maliyyələşdirildikdən sonra Agentliyin sərəncamında qalan vəsaitin 50 faizədək olan məbləği bu Qaydanın 3.3.2-ci yarımbəndində nəzərdə tutulmuş məqsədlər üçün, qalan 50 faizədək olan məbləği isə 3.3.1-ci, 3.3.3-cü, 3.3.4-cü yarımbəndlərdə və 3.4-cü bənddə nəzərdə tutulmuş məqsədlərin maliyyələşdirilməsi üçün ayrılır. Bu Qaydanın 3.3.2-ci yarımbəndində nəzərdə tutulmuş məqsədlər üçün hər ay üzrə ayrılan vəsait işçilərin aylıq vəzifə maaşlarının 2 (iki) mislindən çox olmamaqla nəzərdə tutulur.

3.6. İşçilərin ezamiyyə xərclərinin ödənilməsi “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarına uyğun həyata keçirilir.

4.1. Agentliyin işçilərinin kollektiv mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:

4.1.1. işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;

4.1.2. mühüm dövlət tapşırıqlarının vaxtında yerinə yetirilməsi;

4.1.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş bayram günləri ilə, həmçinin digər əlamətdar hadisələrlə əlaqədar.

4.2. Agentliyin işçilərinin fərdi mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:

4.2.1. vəzifə təlimatında nəzərdə tutulan vəzifələrin vaxtında və peşəkarlıqla yerinə yetirilməsi, səmərələşdirici təkliflərin verilməsi, təşəbbüskarlıq göstərilməsi, işdə yeni forma və metodların tətbiqi;

4.2.2. rəhbərliyin tapşırıqlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;

4.2.3. normativ hüquqi aktların layihələrinin hazırlanmasında fərqlənməsi.

4.3. İşçilər xüsusi əhəmiyyətli vacib tapşırıqların, mürəkkəb işlərin yerinə yetirilməsi ilə əlaqədar, həmçinin layiqli işinə görə bayram və digər əlamətdar günlərdə Agentliyin İcraçı direktoru tərəfindən birbaşa olaraq fərdi qaydada (birdəfəlik) mükafatlandırıla bilərlər.

4.4. İşçilərin fərdi mükafatlandırılması məqsədilə vəsait qiymətli hədiyyələrin alınmasına xərclənə bilər.

4.5. İşin nəticələrinə görə verilən mükafatların məbləği işçinin fəaliyyətinin nəticələrindən asılı olaraq Agentliyin İcraçı direktoru tərəfindən müəyyən edilir.

4.6. İşçilərin fərdi mükafatlandırılması Agentliyin İcraçı direktorunun müavininin təqdimatı əsasında İcraçı direktorun əmri ilə rəsmiləşdirilir.

5.1. Aylıq vəzifə maaşına əlavənin ödənilməsi ayda bir dəfə olmaqla, hər ay üçün növbəti ayın 20-dək, dekabr ayı üçün isə həmin ayın 28-i (dekabrın 28-i qeyri-iş gününə düşdükdə növbəti iş günü) həyata keçirilir.

5.2. Bu Qaydanın 3.3.1-ci və 3.3.2-ci yarımbəndlərində nəzərdə tutulmuş vəsaitin cari ildə istifadə olunmayan hissəsi aylıq vəzifə maaşına əlavənin ödənilməsi üçün həmin ilin dekabr ayında istifadə olunur.

5.3. Əmək məzuniyyəti, ödənişli yaradıcılıq və təhsil məzuniyyəti, həmçinin xidməti ezamiyyət dövrü işçinin hesabat ayındakı iş günləri kimi nəzərə alınaraq aylıq vəzifə maaşına əlavə ödənilir, lakin bu əlavə həmin məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınmır.

5.4. Vəzifə maaşına əlavə aşağıdakı günlər üçün hesablanmır:

5.4.1. işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, həmçinin hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu günlər;

5.4.2. işçinin qismən ödənişli sosial məzuniyyətdə və ödənişsiz məzuniyyətdə olduğu günlər.

5.5. Bu Qaydanın 5.4.1-ci yarımbəndində nəzərdə tutulan hallarda aylıq vəzifə maaşına əlavə orta əməkhaqqının hesablanması zamanı nəzərə alınır.

5.6. Aylıq vəzifə maaşına əlavə hər bir işçinin aylıq vəzifə maaşına əmsal tətbiq edilməklə hesablanır.

5.7. Aylıq vəzifə maaşına əlavənin verilməsi üçün əmsal aşağıdakı düstura uyğun olaraq hesablanır:

VMƏC – bu Qaydanın 3.3.2-ci yarımbəndində nəzərdə tutulan vəsait;

VMC – işçilərin (vakant ştat vahidləri istisna olmaqla) aylıq vəzifə maaşlarının məbləğlərinin cəmi.

5.8. Əlavə ödənilən ayda aylıq vəzifə maaşı, iş günlərinin sayı, işçinin iş günlərinin sayı və əmsal tətbiq edilməklə aşağıdakı düstur üzrə hesablanır:

VMƏ – vəzifə maaşına əlavə;

AVM – işçinin aylıq vəzifə maaşı;

İİG – işçinin iş günlərinin sayı;

İG – iş günlərinin sayıdır.

6.1. Agentlik tərəfindən vəsaitin uçotu “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

7.1. Bu Qaydaya əsasən işçilərə ödənilən vəsaitdən gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə, “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tutulur.

7.2. Bu Qayda ilə tənzimlənməyən məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 502 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə” ilə tənzimlənir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver