5.1. Kooperativlər fəaliyyət xarakterinə görə istehsal, istehlak və istehsal istehlak növlü ola bilərlər.
5.2. Kooperativin firma adında onun fəaliyyət xarakteri qeyd edilməklə kənd təsərrüfatı kooperativi olduğu göstərilir.
5.3. Kooperativlər özlərinin fəaliyyətinin əlaqələndirilməsi, habelə ümumi mənafelərinin təmsil və müdafiə edilməsi məqsədi ilə kənd təsərrüfatı kooperativ ittifaqları (assosiasiyaları) yarada bilərlər. Bir kooperativ bir neçə müxtəlif fəaliyyət istiqamətli kooperativ ittifaqının üzvü ola bilər.
5.4. Kooperativin maliyyə-təsərrüfat fəaliyyətini tənzimləmək, kooperativ üzvlərinin maraqlarına zidd olan, kooperativin fəaliyyətini pisləşdirən və ya onun iflasına səbəb olacaq nöqsanların aradan qaldırılması və kooperativin idarə edilməsinin səmərəliliyini artırmaq məqsədi ilə kooperativdə “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq audit yoxlaması həyata keçirilir.
5.5. Su, torpaq, meşə, bitki və heyvanlar aləmindən istifadənin əsaslandırılması, eləcə də torpaqların, bitki və heyvanlar aləminin, biomüxtəlifliyin mühafizəsi və bərpası, xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin statusunun qorunması məqsədilə kooperativlərin, kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşmış heyvandarlıq və quşçuluq məhsulları istehsalı müəssisələrinin, həmçinin irimiqyaslı kənd təsərrüfatı (aqroparklar), habelə balıqçılıq (o cümlədən akvakultura) təsərrüfatı fəaliyyəti üzrə layihələrin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.
5.6. Bu Qanunun 5.5-ci maddəsində nəzərdə tutulan mövcud obyektlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması tələb olunmur, lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla müvafiq dəyişikliklər edilir.
5.7. Bu Qanunun 5.5-ci maddəsində nəzərdə tutulan mövcud obyektlərin fəaliyyəti zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır.
5.8. Bu Qanunun 5.5-ci maddəsində nəzərdə tutulan obyektlərə dair ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) həyata keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin obyektlərlə bağlı transsərhəd təsirlərin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll olunur.