Kənd təsərrüfatı müəssisələrində işçilərin əmək haqqının normativlərinə dair Tövsiyələr barədə
Azərbaycan RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN Qərarı
“Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının 2-ci bəndinin 2-ci abzasının icrası məqsədi ilə və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Kənd təsərrüfatı müəssisələrində işçilərin əmək haqqının ödənilməsi formaları, qaydaları, əmək və əməyin qiymətləndirilməsi normaları onların nizamnamələrində, əsasnamələrində nəzərdə tutulmadığı və ya müəssisənin əmək haqqı normalarının müəyyən edilməsi və ödənilməsi qaydaları müəssisənin ümumi yığıncağı tərəfindən səs çoxluğu ilə qəbul edilmədiyi hallarda bu qərara əlavə edilmiş “Kənd təsərrüfatı müəssisələrində işçilərin əmək haqqının normativlərinə dair Tövsiyələr” əsasında müəyyən edilir.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 31 may 2001-ci il
Kənd təsərrüfatı müəssisələrində işçilərin əmək haqqının normativlərinə dair
1.1. Kənd təsərrüfatı müəssisələrində çalışan işçilərin əmək haqqının normativlərinə dair Tövsiyələr (bundan sonra — Tövsiyələr) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 257-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrdə işçi ilə işəgötürən arasında əmək müqavilələri tərtib edilərkən əmək və əməyin qiymətləndirilməsi qaydalarından istifadəni asanlaşdırmaq və bu zaman ola biləcək uyğunsuzluqları və ziddiyyətləri aradan qaldırmaq məqsədi ilə hazırlanmışdır.
Bu Tövsiyələr əməyin qiymətləndirilməsində əməyin mürəkkəbliyi, işin ağırlığı, zərərlilik dərəcəsi, istehsal xüsusiyyəti, təbii iqlim, hava şəraiti və sair əmək şəraiti nəzərə alınmaqla bütün müəssisələrdə tətbiq edilə bilər.
1.2. Kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrdə əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 159-cu maddəsinə uyğun olaraq müəyyən edilir. Zərərlilik dərəcəsindən asılı olaraq, xüsusilə zərərli iş şəraitində (zəhərli-kimyəvi maddələrlə, dərmanlarla və qaynar sexlərdə işlədikdə) 24 faizə qədər, ağır və zərərli işlərdə 12 faizə qədər əmək haqqında üstəlik verilməsi tövsiyə edilir.
1.3. Respublikanın yüksək dağ yerlərində fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələrinin və təşkilatlarının işçilərinə əməyin ödənilməsi sahəsində mövcud qanunvericilikdə müəyyən olunmuş qaydada müvafiq əmsallar tətbiq edilir.
1.4. Kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrdə əmək şəraiti ilə əlaqədar əvəzödəmə və həvəsləndirmə məqsədilə işçilərin tarif (vəzifə) maaşı (əmək haqqına) əlavələr edilməklə ödənilə bilər.
1.5. Kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin bir sıra sahələrində müəssisənin rəhbərliyi tərəfindən peşələr üzrə işlərin vacibliyini, ağırlığını, köçəri olmasını, xüsusi hazırlıq tələb etməsini nəzərə alaraq işçilərin əmək haqqına aşağıdakı miqdarda əlavə haqların müəyyən edilməsi tövsiyə edilir:
1.5.1. traktorçu-maşinistlərin maddi marağını yüksəltmək məqsədilə, onların ixtisası I dərəcəli olduqda aylıq əmək haqqının 20 faizi, II dərəcəli olduqda isə aylıq əmək haqqının 10 faizi;
1.5.2. yay və qış otlaqlarından istifadə edilməklə heyvandarlıqda çalışan işçilərin işlədiyi dövr üçün (işçinin daimi yaşayış yerinə qayıtması mümkün olmadığı hallarda) aylıq əmək haqqının 40 faizi;
1.5.3. traktorçu-maşinistlərin və heyvandarlıq sahəsində çalışan işçilərin iş şəraitinin ağırlığını nəzərə alaraq onların uzun müddət həmin peşədən ayrılmadan (mövsümi olan işlər nəzərə alınmaqla) fasiləsiz işləmələrini təmin etmək məqsədilə (üzürlü səbəb olmadan bir aydan çox işdən yayınma halları fasilə hesab olunur) ilin sonunda bir dəfə iş stajına görə illik əmək haqqına əlavələr müəyyən edilə bilər.
Bu bənddə göstərilən əlavələrin tətbiq edilməsi əmək müqaviləsi ilə və ya həmkarlar ittifaqları təşkilatının razılığı əsasında müəssisənin rəhbərliyi tərəfindən müəyyən edilir.
1.6. Hazırlanan məhsul zay olduqda əməyin ödənilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 168-ci maddəsinə əsasən həyata keçirilir.
1.7. İşdə boşdayanmanın başlanması haqqında işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (ustaya, digər vəzifəli şəxslərə) məlumat verdikdə işçinin təqsiri olmadan boşdayanma vaxtı Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir.
Boşdayanma vaxtı haqq ödənilməsində kənd təsərrüfatında işlərin mövsümi xarakterindən və iqlim şəraitindən asılı olaraq, habelə əkinçilik və heyvandarlıq sahələrində (iş olan dövrlərdə) işçinin günahı olmadan məcburi boşdayanmalar nəzərə alınmaqla mövcud qaydada haqqın ödənilməsi tövsiyə edilir.
1.8. İşçilərə istirahət vaxtının, əmək, sosial, təhsil və digər məzuniyyətlərin verilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddələrinə əsasən həyata keçirilir.
1.9. İş vaxtının tənzimlənməsi, onun rejimi, habelə iş vaxtından artıq görülən işin tənzimlənməsi qaydası Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89 — 102-ci maddələrinə uyğun olaraq həyata keçirilir.
Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti 12 saatdan çox ola bilməz.
Müəssisədə iş vaxtının cəmlənmiş uçotunun tətbiqi qaydası kollektiv müqavilə ilə, iş vaxtının rejimini müəyyən edən qaydalarla və ya əmək müqaviləsi ilə tənzimlənir.
İşəgötürən hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatların dəqiq, dürüst uçotunu aparmağa borcludur.
İş vaxtının uçotu, onun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir.
1.10. İş vaxtı işçi ilə işəgötürən arasında yaranan bütün mübahisəli məsələlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddələrinə əsasən həll edilməlidir.
1.11. İşəgötürənlə işçi arasında əmək münasibətləri barədə razılıq əldə edildikdən sonra Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əlavə edilmiş forma üzrə əmək müqaviləsi bağlanılır. Həmin müqavilədə əmək şərtləri və hər iki tərəfin öhdəlikləri öz əksini tapmalıdır.
2. Əməyİn ödənİlməsİ formaları, qaydaları və əmək normaları
2.1. Kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrdə əmək və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikasında fəhlə və qulluqçuların əməyinin Vahid Tarif Cədvəlinin tətbiqi haqqında» 1993-cü il 21 aprel tarixli 205 nömrəli və «Azərbaycan Respublikasında əməyin ödənilməsi qaydası haqqında» 1996-cı il 26 may tarixli 60 nömrəli qərarları rəhbər tutulmalıdır.
2.2. Azərbaycan Respublikasında əməyin ödənilməsi qaydası dəyişdirildiyi hallarda bu Tövsiyələr dəyişikliklərə uyğun olaraq tətbiq edilməlidir.
2.3. «Aylıq əmək haqqının minimum məbləğinin artırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 oktyabr tarixli 412 nömrəli Fərmanına əsasən Vahid Tarif Cədvəli (bundan sonra — VTC) üzrə birinci dərəcə 27500 manat müəyyən edildiyindən aylıq və saatlıq tarif (vəzifə) maaşlarının dərəcələri (1 — 19 üzrə) aşağıdakı kimidir:
Əməyin ödənilməsi dərəcələri
Aylıq tarif (vəzifə) maaşı (manatla)
Saatlıq tarif (vəzifə) maaşı (manatla)
Qeyd. Saatlıq tarif (vəzifə) maaşı hesablanarkən 2000-ci il üçün müəyyənləşdirilmiş orta aylıq 165.25 iş saatı əsas götürülmüş və dərəcələr; üzrə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşı həmin iş saatına bölünmüşdür.
Hər il üçün müəyyən edilən orta aylıq iş normasından asılı olaraq saatlıq tarif (vəzifə) maaşı yenidən hesablanmalıdır.
Mexanikləşdirilmiş və əl ilə görülən işlərin dərəcələri 1-dən — 10-dək olduğundan, sonrakı dərəcələrə saatlıq tarif (vəzifə) maaşı norması müəyyənləşdirilməmişdir.
2.4. Əmək müqavilələrində göstərilən aylıq iş vaxtı normasını və əmək funksiyasını yerinə yetirən işçilər üçün əmək haqqının minimum məbləği dövlət tərəfindən müəyyən edilmiş minimum səviyyədən aşağı nəzərdə tutulmasına icazə verilmir.
Təsərrüfat hesablı müəssisə əmək haqqının daha yüksək minimum məbləğini öz maliyyə imkanları çərçivəsində müəyyənləşdirə bilər.
Təsərrüfat hesablı müəssisələrdə daha yüksək minimum məbləğ nəzərdə tutularsa, onda VTC-nin dərəcələri üzrə (1 —19 qədər) müəyyən olunacaq aylıq tarif (vəzifə) maaşları «Azərbaycan Respublikasında əməyin ödənilməsi qaydası haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 60 nömrəli qərarı ilə müəyyən edilmiş dərəcələrarası nisbətlər saxlanılmaqla differensiallaşdırılır.
2.5. VTC üzrə əmək və əməyin ödəniş qiymətləri müəyyən edilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 155-ci maddəsinə əsasən işçilər arasında ayrı-seçkilik qoyulmadan birinci dərəcə üçün müəyyən edilmiş əməyin ödəniş qiyməti (aylıq iş normasını və əmək funksiyasını yerinə yetirmiş işçi üçün) dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı olmamalıdır.
Əmək haqqı sistemi ilə nəzərdə tutulan mükafatlar, əmək haqqına əlavələr, artımlar, habelə iş vaxtından kənar görülən işlərə görə verilən bütün ödəmələr minimum əmək haqqı məbləğinə daxil edilmir.
2.6. VTC üzrə əməyin ödənilməsinin minimum məbləği kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan müəssisənin öz maliyyə imkanları daxilində işlənib hazırlanmaqla müəssisə rəhbərliyi ilə həmkarlar ittifaqları təşkilatının razılığına əsasən hər ilin əvvəlində müəyyənləşdirilir, kollektiv və ya əmək müqaviləsi şərtlərinə daxil edilir.
Bu məbləğ müəyyən edildikdən sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər il üçün müəyyənləşdirilmiş istehsalat təqviminə əsasən (2000-ci il üçün orta aylıq iş vaxtı norması 165,25, illik iş vaxtı norması isə 1983 saat müəyyənləşdirilmişdir) müəssisənin işçiləri üçün VTC üzrə tarif (vəzifə) maaşları işlənib hazırlanır və hesablanmış qiymətlər əsasında mexanikləşdirilmiş işlərdə və əl işlərində çalışan işçilər üçün işəmuzd və ya vaxtamuzd qiymətlər, rəhbər və mütəxəssislər üçün əməyin ödəniş dərəcəsinin ixtisas xüsusiyyətinə görə dərəcələr üzrə aylıq tarif (vəzifə) maaşları müəyyənləşdirilməlidir. Digər imtiyazlar, əlavələr, mükafatlandırma formaları və üstəliklər müəssisənin ümumi yığıncağında səs çoxluğu ilə qəbul edilməklə həmkarlar ittifaqları təşkilatının razılığına əsasən müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir.
2.7. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci bəndinə uyğun olaraq işəgötürənlə işçi arasında bağlanmış əmək müqaviləsinin şərtlərinə uyğun olaraq müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirən işçilərin əmək haqqı pul və ya natura formasında ödənilə bilər.
İşçinin razılığı ilə əmək haqqının 20 faizə qədəri mütənasib dəyərli natura formasında müəssisədə istehsal edilən istehlak malları ilə, lakin alkoqollu içkilər, 18 yaşına çatmamış işçilərə energetik içkilər, habelə tütün məmulatları, narkotik vasitələr, psixotrop maddələr və mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyəsi məhdudlaşdırılmış) digər əşyalar istisna olunmaqla, digər məişətdə işlədilən gündəlik tələbat malları ilə əvəz edilib verilə bilər.
Əməyin natura formasında (məhsulla) qiymətləndirilməsi qaydası tətbiq edildikdə, iş norması yerinə yetirilən hər gün üçün işçilərə müqavilədə nəzərdə tutulmuş məhsul (naturada) ödənilməlidir.
İstehsal zərurətindən asılı olaraq tərəflərin razılığı əsasında işçilərə pul ifadəsi ilə hesablanmış əmək haqqının natura (məhsul) şəklində ödənilməsi məqsədəuyğun hesab edildikdə, həmin məhsulların qiymətləndirilməsi hər iki tərəfin birgə razılığı əsasında bazarlarda olan orta pərakəndə satış qiymətləri ilə müəyyənləşdirilməlidir.
Bu halda vaxtı keçmiş, köhnəlmiş və zay məhsulun bölgüyə cəlb edilməsinə və natura şəklində verilməsinə yol verilməməlidir.
Əməyin pul və yaxud natura şəklində (məhsulla) ödənilməsi və yaxud il ərzində tərəflərin razılığına əsasən pul ilə hesablanmış əmək haqqının əvəzinə natura şəklində məhsul verilməsinə dair razılaşmalar (qayda və şərtlər) əmək kollektivinin razılığına əsasən müəssisənin həmkarlar ittifaqları təşkilatı ilə işəgötürən arasında müəyyənləşdirilə bilər.
2.8. Bu Tövsiyələr işlərin son nəticələrinin yaxşılaşdırılmasında, istehsalın səmərəliliyinin, əmək məhsuldarlığının, habelə məhsul istehsalının artırılmasında və keyfiyyətinin yüksəldilməsində, müəssisənin (təsərrüfatın) sabit maliyyə nəticələrinə nail olunmasında rəhbər işçilərin, mütəxəssislərin, texniki icraçıların, qulluqçuların və fəhlələrin maddi marağının artırılması sahəsində tətbiq edilə bilər.
2.8.1. Kənd təsərrüfatı müəssisələrinin rəhbər işçilərinə və baş mütəxəssislərinə əməyin ödəniş dərəcələri müəyyənləşdirilərkən müəssisənin əmək haqqı qrupu nəzərə alınır.
2.8.2. İlin əvvəlində nəzərdə tutulmuş məhsul istehsalının (mövcud bazar satış qiymətləri ilə) dəyər həcmindən asılı olaraq kənd təsərrüfatı müəssisələrinin (mülkiyyət formasından asılı olmayaraq) aşağıdakı qruplara aid edilməsi tövsiyə edilir:
2.8.3. Kənd təsərrüfatı müəssisələrində rəhbər işçilərin, mütəxəssislərin və qulluqçuların əməyinin ödənilməsi dərəcələri müəyyənləşdirilərkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində təsdiq edilmiş «Kənd Təsərrüfatı sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif İxtisas Sorğu Kitabçası» (bundan sonra — VTİSK) rəhbər tutulmalıdır.
Müəssisənin qrupları üzrə rəhbər işçilərin və baş mütəxəssislərin VTC üzrə daxil edildiyi dərəcələr:
Təmir emalatxanasının müdiri
2.8.4. Bu Tövsiyələrin 2.8.3. bəndində göstərilməyən və kənd təsərrüfatı məhsullarının istehsalında saxlanması zəruri olan digər mütəxəssisin və qulluqçuların əməyinin ödənilməsi dərəcələri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində təsdiq edilmiş «Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif İxtisas Sorğu Kitabçası» (1995-ci il nəşri) və yaxud müvafiq sahənin VTİSK-i əsasında müəyyənləşdirilməlidir.
2.8.5. Rəhbər işçilərin, mütəxəssislərin, texniki icraçıların və qulluqçuların aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bu Tövsiyələrin 2.3 və 2.4. bəndlərində verilmiş qaydaya uyğun olaraq müəyyənləşdirilməsi tövsiyə edilir.
2.8.6. Təsərrüfat və maliyyə fəaliyyətini həyata keçirmək üçün tələb olunan mütəxəssislərin, qulluqçuların və kiçik xidmətedici işçilərinin sayı konkret istehsal şəraiti nəzərə alınmaqla müəssisənin rəhbərliyi tərəfindən müəyyən olunur və ayrı-seçkilik qoyulmadan tutduqları vəzifəyə uyğun olaraq VTC-nin dərəcələri üzrə onların aylıq vəzifə maaşları müəyyənləşdirilir.
2.8.7. Rəhbər işçilərin, mütəxəssis və qulluqçuların mükafatlandırılması və həvəsləndirilməsinin bu Tövsiyələrin 3-cü bölməsində nəzərdə tutulmuş formada həyata keçirilməsi tövsiyə edilir.
2.8.8. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fəhlələrə əmək haqqı iş yerinin şəraitindən, təsərrüfatın iqtisadi imkanından, istehsalın sahəsindən, eləcə də istehsal ediləcək məhsulun növündən asılı olaraq əməyin ödənilməsinin işəmuzd, vaxtamuzd və digər formaları tətbiq edilməklə ödənilə bilər.
Ayrı-ayrı istehsal olunan məhsulların növləri, istehsal prosesi və iş növləri üzrə əmək haqqı formasının qəbul edilməsi ilin əvvəlində və ya məhsulun növü üzrə iş prosesinin başlanmasından əvvəl müəyyənləşdirilməklə əmək müqaviləsində göstərilməlidir. Əməyin ödənilməsi formaları əmək kollektivinin və ya həmkarlar ittifaqları təşkilatının razılığı ilə müəssisənin rəhbərliyi tərəfindən təsdiq edilməklə əmək müqaviləsinə daxil edilir.
2.8.9. Əmək haqqının ödənilməsinin işəmuzd, vaxtamuzd və digər formaları qəbul edilərkən əməyin qiymətləndirilməsində fəhlələrin işinin mürəkkəbliyini, ağırlığını, xüsusi hazırlıq tələb etməsini nəzərə alan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmış «Kənd, su və meşə təsərrüfatında mexanikləşdirilmiş və əl işlərinin tarifləşdirilməsi barədə məlumat kitabçası»ndan (1994-cü il nəşri) istifadə edilməlidir.
2.8.10. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan müəssisələrdə konkret istehsal şəraiti nəzərə alınaraq işəmuzd qiymətlər, hasilat, istehsal, vaxt və xidmət normaları, işçilərin say normaları Azərbaycan Respublikası Əmək Məcəlləsinin 147—153 maddələrində nəzərdə tutulmuş qaydada müəyyənləşdirilib hər ilin əvvəlində təsdiq edilməlidir.
2.8.11. Hər bir kənd təsərrüfatı müəssisəsində iş, istehsal, xidmət və yanacaq sərfi normalarının müəyyənləşdirilməsində «Bitkiçilikdə mexanikləşdirilmiş işlərin nümunəvi istehsal və yanacaq sərfiyyatı normaları» (I-II hissə), «Bitkiçilikdə əl ilə görülən işlərin istehsal normaları və tarif dərəcələri» və «Heyvandarlıqda nümunəvi xidmət normaları» kitablarından (1981-ci il nəşri) istifadə edilməsi tövsiyə olunur.
İş, xidmət (qulluq) normaları hazırlanarkən əmək məhsuldarlığının yüksəldilməsi və məhsulun maya dəyərinin aşağı salınması ehtiyatları nəzərə alınmaqla texnikadan səmərəli istifadə olunması amilləri əsas götürülməlidir.
2.8.12. Kənd təsərrüfatında yeni istehsal sahəsindən, texnikadan və texnologiyadan istifadə edildiyi hallarda iş və xidmət normaları Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən edilmiş qaydalara və təlimata uyğun olaraq müəyyənləşdirilməklə təsdiq edilir.
2.8.13. Bitkiçilik və heyvandarlıq sahələrində məhsul istehsalının son nəticəsinə görə fəhlələrin marağını artırmaq üçün əməyin ödənilməsində işəmuzd sisteminin tətbiq edilməsi məqsədəuyğundur. Bu məqsədlə texnoloji xəritədə VTC-nin dərəcələri üzrə əmək haqqı fondu müəyyənləşdirilir və buna əsasən məhsul vahidinə (bitkiçilikdə bir sentner hazır məhsula və ya 1000 manatlıq məhsula, iribuynuzlu mal-qaradan sağılan bir sentner südə, bir baş sağlam alınan balaya, cavan və kökəldilən malın bir sentner çəki artımına, ana qoyunçuluqda yuna, sağlam bala alınmasına, südə, cavan və kökəldilən davarlarda çəki artımına, yuna, ana donuzçuluqda alınan balanın çəki artımına, cavan və kökəldilən donuzların çəki artımına, quşçuluqda yumurtaya, cavan quşların çəki artımına və s.) işəmuzd qiymətlər hesablanır. İstehsal prosesi başa çatıb məhsul əldə edilənədək yerinə yetirilən işlərin dərəcəsi üzrə avans haqq ödənilir. Məhsul əldə edildikdən sonra istehsal edilmiş cəmi məhsula görə ilin əvvəlində müəyyən edilmiş işəmuzd qiymətlərlə və il ərzində avans verilmiş əmək haqqı nəzərə alınmaqla işçilərlə son hesablaşmalar aparılır.
2.8.14. İşəmuzd qaydada istehsal olunan məhsul vahidinə qiymətlər müəyyən edilərkən VTC-nin dərəcələri üzrə saatlıq tarif maaşlarına mexanikləşdirilmiş işlərdə 30 faizə, əl işlərində isə 20 faizə qədər artım əmsallarının tətbiq edilməsi tövsiyə edilir.
2.8.15. Kənd təsərrüfatının məhsul istehsalı nəzərdə tutulmayan sahələrində (cavan çoxillik əkmələrin yetişdirilməsində, iş heyvanlarına və törədici buğalara qulluq işində, təsərrüfat işlərində və s.) fəhlələrə vaxtamuzd əmək haqqı qaydasının tətbiq edilməsi tövsiyə edilir. Bu halda onların əməyi yerinə yetirdikləri işin VTC üzrə tarif dərəcəsinin qiymətinə uyğun olaraq qiymətləndirilməlidir.
2.8.16. Traktorçu-maşinistlər işəgötürən tərəfindən əl işlərinə, ümumi təsərrüfat və təmir işlərinə cəlb edildikdə və görülən işlərin tarif qiymətləri mexanikləşdirilmiş işlərin tarifinin 5-ci dərəcəsindən az olduqda, onlara 5-ci dərəcənin qiyməti üzrə əmək haqqı ödənilməsi tövsiyə edilir.
2.8.17. VTC görə istehsal bölməsinə başçılıq edən briqadirin əmək haqqı 6—8-ci dərəcələrə, ferma müdirininki isə 8—10-cu dərəcələrə əsasən ödənilir və kollektiv üzvləri ilə eyni qaydada mükafatlandırılmada iştirak edirlər.
Sahənin istehsal həcmindən asılı olaraq hər bir bölmə rəhbəri üçün əmək haqqı dərəcələri müəssisənin rəhbərliyi tərəfindən müəyyənləşdirilir.
2.8.18. Kənd təsərrüfatı texnikasının, avtomobillərin, alətlərin, mexanizmlərin, elektrik avadanlıqlarının qurğularının təmirində və texniki qulluqların aparılmasında, həmçinin istehsal binalarının təmiri ilə məşğul olan işçilərə və sazlayıcı ustalara əmək haqqı onların VTİSK-na uyğun olaraq daxil olduqları ixtisas dərəcələrinə əsasən VTC üzrə müəyyən edilməlidir.
2.8.19. Avtomobil sürücülərinin əməyi idarə etdikləri nəqliyyatın markasına uyğun olaraq müvafiq VTİSK-ya əsasən qiymətləndirilib ödənilməlidir.
3. Əməyİn həvəsləndİrİlməsİ formaları
3.1. Kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına, onun keyfiyyətinin yüksəldilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin yaxşılaşdırılmasında iştirak edən işçilərin maddi marağını artırmaq məqsədi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 157-ci maddəsinə uyğun olaraq işin yekun nəticələrinə görə mükafatlandırma və maddi həvəsləndirmə formaları tətbiq edilə bilər.
3.2. Kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan müəssisələrdə, müəssisənin maliyyə vəziyyətindən asılı olaraq mükafatlandırmanın konkret həddi və göstəriciləri əmək kollektivinin və ya həmkarlar ittifaqları təşkilatının razılığına əsasən hər bir müəssisənin rəhbərliyi tərəfindən müəyyən edilir.
3.3. İşçilərin uzun illər qüsursuz əmək fəaliyyətinə görə müəssisədə digər mükafatlandırma qaydaları da tətbiq edilə bilər.
3.4. Kənd təsərrüfatının məhsul istehsalı nəzərdə tutulmayan sahələrində (cavan çoxillik bitkilərin yetişdirilməsində, iş heyvanlarına və törədici buğalara qulluq işində, eləcə də təsərrüfat işlərində və s.) işçilərin mükafatlandırılması kollektiv müqaviləyə uyğun həmkarlar ittifaqları təşkilatının razılığı ilə müəssisənin rəhbərliyi tərəfindən müəyyən edilir.
3.5. İşçilərin mükafatlandırılması müəssisənin xalis mənfəəti (məhsul itkisinin qarşısının alınması, məhsul istehsalının və keyfiyyətinin artırılması, məhsulun maya dəyərinin aşağı salınması) hesabına aparıla bilər.
3.6. İşçilərin mükafatlandırılması və maddi həvəsləndirilməsi üçün vəsait ayrılması və ondan istifadə edilməsi (xərclənməsi) hər ilin əvvəlində əmək kollektivinin iştirakı ilə müzakirə edilərək səs çoxluğu ilə qəbul edildikdən sonra həmkarlar ittifaqları təşkilatının razılığı ilə müəssisənin rəhbərliyi tərəfindən təsdiq edilir və müəyyən edilmiş göstəricilərə əsasən təyinatı üzrə istifadə edilir.
3.7. Mükafatlandırmanın (həvəsləndirmənin) maliyyə mənbəyi və onun istifadə edilməsinin qaydaları və şərtləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və kollektiv müqaviləyə uyğun olaraq həmkarlar ittifaqları təşkilatının (əmək kollektivinin) razılığı ilə müəssisənin rəhbərliyi tərəfindən müəyyən edilir.
3.8. İşçilər əmək funksiyasını vicdanla yerinə yetirdikdə, əmək intizamına və təhlükəsizliyinə əməl etdikdə onların iş bacarığından asılı olaraq mükafatlandırılması, (həvəsləndirilməsi) azaldılması, və ya tam məhrum edilməsi səbəbləri göstərilməklə həmkarlar ittifaqları təşkilatının razılığı ilə müəssisənin rəhbərliyi tərəfindən həyata keçirilir.
1. 3 noyabr 2005-ci il tarixli 201 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 1061)
2. 19 oktyabr 2009-cu il tarixli 168 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 857)
3. 13 fevral 2021-ci il tarixli 34 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 fevral 2021-ci il, № 36, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 199)
4. 12 may 2025-ci il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 may 2025-ci il, “Xalq” qəzeti, 16 may 2025-ci il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 5, maddə 507)