"Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının xarici dövlətlərin xüsusi xidmət orqanlarında və təşkilatlarında, həmçinin cinayətkar qruplarda tapşırıqlar yerinə yetirdiyi zaman xidmət müddətinin pensiya məbləğinin hesablanması, hərbi rütbələrin verilməsi, xidmət illərinə görə əlavə faiz hesablanması üçün xidmət illərinə əlavə olunması Qaydası"nın təsdiq edilməsi haqqında
"Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli 104 nömrəli Fərmanının 1.13-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının xarici dövlətlərin xüsusi xidmət orqanlarında və təşkilatlarında, həmçinin cinayətkar qruplarda tapşırıqlar yerinə yetirdiyi zaman xidmət müddətinin pensiya məbləğinin hesablanması, hərbi rütbələrin verilməsi, xidmət illərinə görə əlavə faiz hesablanması üçün xidmət illərinə əlavə olunması Qaydası" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 24 noyabr 2004-cü il
1. Bu Qayda "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının (bundan sonra - əməkdaş) xarici dövlətlərin xüsusi xidmət orqanların-da və təşkilatlarında, həmçinin cinayətkar qruplarda (bundan sonra - qurumlarda) tapşırıqları yerinə yetirdiyi zaman xidmət müddətinin pensiya məbləğinin hesablanması, hərbi rütbələrin verilməsi, xidmət illərinə görə əlavə faiz hesablanması üçün xidmət illərinə əlavə olunmasını tənzimləyir.
2. Əməkdaş qurumlarda olarkən həqiqi hərbi xidmətdə hesab olunur, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçuları üçün müəyyən edilmiş imtiyazlar ona şamil olunur.
3. Qurumlara göndərilmiş əməkdaşların səlahiyyətləri, əməliyyat-xidmət fəaliyyətinin təşkili və həyata keçirilməsi ilə bağlı məsələlər kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri tərəfindən müəyyənləşdirilir.
4. Qurumlarda xidmət müddəti əməkdaşın xidmət illərinə görə verilən əlavə faizin hesablanması üçün xidmət illərinə daxil edilir.
5. Pensiyanın məbləği hesablanan zaman əməkdaşın qurumlarda xidmət müddəti güzəştli şərtlərlə - onun xidmət müddətinin bir gününün üç gün hesab edilməsi ilə müəyyən edilir.
6. Qanunvericiliklə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin hərbi qulluqçuları üçün müəyyən olunmuş hərbi rütbədə olması müddətləri qurumlara göndərilmiş əməkdaşlara tətbiq edilir.
1. 15 noyabr 2005-ci il tarixli 211 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 1071)