"Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli 104 nömrəli Fərmanının 1.9-cu bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə qəbul edilən və ya bu subyektlərdə xidmət keçən şəxslərin sağlamlığının yoxlanılması Qaydası" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 24 noyabr 2004-cü il
1. Bu Qayda "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq hazırlanmışdır və Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kəşfiyyat və əks-kəşfiyyat qurumlarına (bundan sonra-kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti) həqiqi xidmətə qəbul edilən və ya subyektlərdə xidmət keçən şəxslərin sağlamlığının yoxlanılması qaydasını müəyyən edir.
2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə qəbul edilən və ya bu subyektlərdə xidmət keçən şəxslərin sağlamlığının yoxlanılması onların şəhadətləndirilməsi və dispanserizasiyası (dövri tibbi müayinəsi) yolu ilə həyata keçirilir.
3. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə yeni qəbul edilən şəxslərin və ya bu subyektlərin hərbi qulluqçularının tibbi şəhadətləndirilməsi hərbi-həkim komissiyaları (bundan sonra - HHK) tərəfindən aparılır.
4. HHK-ların yaradılması qaydası, onların hüquq və vəzifələri, tibbi şəhadətləndirilmələrinin təşkili, keçirilməsi, habelə hərbi-həkim ekspertizasına aid digər məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə (bundan sonra - Əsasnamə) müvafiq olaraq kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri tərəfindən müəyyən edilir.
5. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə yeni qəbul edilənlərin və ya bu subyektlərin ayrı-ayrı xidmət sahələrində xidmət keçən hərbi qulluqçuların fiziki inkişafı, somatik və psixi sağlamlıq vəziyyətinə dair əlavə tələblər Əsasnamənin "Xəstəliklər cədvəli"nin maddələrinin tələbləri əsas götürülməklə həmin subyektlər tərəfindən müəyyən edilir.
6. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının dispanserizasiyası ildə bir dəfə həmin subyektlərin rəhbərləri tərəfindən təsdiq edilmiş müvafiq normativ sənədlərə əsasən həyata keçirilir.
7. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə qəbul edilən şəxslər və ya bu subyektlərdə həqiqi hərbi xidmət keçən hərbi qulluqçular “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq icbari narkoloji müayinədən keçirilirlər.
1. 22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)
2. 9 avqust 2022-ci il tarixli 290 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 10 avqust 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 979)
3. 25 avqust 2022-ci il tarixli 335 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 31 avqust 2022-ci il, “Xalq” qəzeti, 2 sentyabr 2022-ci il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 1022)
4. 2 aprel 2024-cü il tarixli 193 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 aprel 2024-cü il, “Xalq” qəzeti, 7 aprel 2024-ci il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 446)