Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:
kitabxana – elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə müəssisəsi kimi çap əsərlərini və digər informasiya daşıyıcılarını toplayıb mühafizə edən, onların sistemli ictimai istifadəsini təşkil edən, cəmiyyətin intellektual və mənəvi potensialının inkişafına xidmət göstərən sosial institut;
kitabxana işi – elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə fəaliyyəti sahəsi kimi kitabxana sisteminin təşkili və inkişafını, kitabxana fondlarının formalaşdırılmasını, hüquqi və fiziki şəxslərə kitabxana, informasiya və biblioqrafiya xidməti qaydalarını, kitabxanaçı-biblioqraf kadrların hazırlanmasını, kitabxanaların inkişafının elmi-metodik təminatını əhatə edən fəaliyyət sahəsi;
kitabxanaçı – kitabxana işi sahəsində fəaliyyət göstərən müvafiq ixtisaslı mütəxəssis;
sənəd – informasiyanın mətn, səs yazma və təsvir formasında qeydə alınan, müəyyən zaman və məkan daxilində informasiyanın verilməsi və ya qorunması məqsədini daşıyan maddi obyekt;
kitabxana fəaliyyəti – oxucuların sərbəst surətdə informasiya almaq hüququnu təmin etmək, onların kitablara, dövri nəşrlərə və kitabxana fondunu təşkil edən digər sənədlərə olan tələbatını ödəmək məqsədilə həyata keçirilən fəaliyyət;
mərkəzləşdirilmiş kitabxana sistemləri – eyni sistemə aid olan kitabxanaların vahid strukturda könüllü birləşməsi;
kitabxana fondu – ictimai istifadə məqsədilə kitabxananın vəzifələrinə uyğun şəkildə formalaşmış çap əsərləri və digər məlumat daşıyıcılarının məcmusu.