6.1. Kommersiya sirrinin rejimi kommersiya sirrinin sahibi tərəfindən müəyyən olunur.
6.1.1. Kommersiya sirri rejiminin müəyyənləşdirilməsi müqavilə əsasında kommersiya sirrinin konfidentinə həvalə oluna bilər.
6.1.2. Kommersiya sirrinin sahibi və konfidenti kommersiya sirri rejiminə riayət etməyə borcludurlar.
6.2. Məlumatın Kommersiya sirrinə aid olması "Kommersiya sirri” şifri ilə ifadə edilir. Qeyd olunan şifr məlumatın daşıyıcısında və (və ya) onu müşayiət edən sənədlərdə həkk olunur.
6.3. Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, kommersiya sirri rejimini müəyyən edən şəxs kommersiya sirri şifrinin qoyulmasını və götürülməsini, kommersiya sirrinin əldə edilməsi və açıqlanması şərtlərini, kommersiya sirrini təşkil edən məlumatın qorunması üsullarını, ötürülməsi vasitələrinin seçilməsini, istifadə olunma şərt sərbəst müəyyənləşdirir.
6.4. Kommersiya sirri rejiminin təmin olunmasının əsas şərti – bu Qanunun 6.1-ci maddəsində göstərilən şəxslərin kommersiya sirrini yaymamaq öhdəliklərini təsdiq edən müqavilənin bağlanmasıdır.
6.5. Kommersiya sirri rejiminin təmin olunmasının əlavə şərtləri kommersiya sirrinin sahibi tərəfindən kommersiya sirrinin konfidenti ilə razılaşdırılmaqla müəyyən edilir. Əlavə şərtlərə kommersiya sirrini təşkil edən məlumatları əldə etmənin xüsusi qaydası, göstərilən məlumatlarla əlaqədar sənədlərə xüsusi şifrin qoyulması, həmin məlumatları əldə edə bilən fiziki şəxslərin əhatəsinin məhdudlaşdırılması aid edilə bilər.