Qanunvericilik › Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 16

Maddə 16. Konstitusiya Məhkəməsi hakimlərinin toxunulmazlığı

Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

16.1. Azərbaycan Respublikası Konstitusiyasının 128-ci maddəsinin I-III hissələrinə görə Konstitusiya Məhkəməsinin hakimləri toxunulmazdır.

16.2. Konstitusiya Məhkəməsinin hakimi cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula və ya həbs edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa və gətirilməyə məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.

16.3. Konstitusiya Məhkəməsi hakiminin cinayət başında yaxalanması halları istisna olunmaqla, cinayət və ya inzibati xəta törətməkdə şübhə edilən şəxs qismində tutulmuş Konstitusiya Məhkəməsinin hakimi şəxsiyyəti müəyyənləşdirildikdən sonra dərhal azad edilməli və bu barədə Konstitusiya Məhkəməsinə, habelə Azərbaycan Respublikasının baş prokuroruna yazılı məlumat verilməlidir.

16.4. Konstitusiya Məhkəməsi hakiminin hərəkətlərində cinayət əməlinin əlamətləri olduqda, o, Azərbaycan Respublikası Konstitusiyasının 128-ci maddəsinin IV və V hissələrində nəzərdə tutulmuş qaydada vəzifədən kənarlaşdırıla bilər.

16.5. Vəzifədən kənarlaşdırılmış Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətləri onun barəsində məhkəmənin hökmü qanuni qüvvəyə minənədək və ya cinayət təqibi orqanı tərəfindən məhkəməyədək icraatın gedişində yekun qərar qəbul edilənədək dayandırılır.

16.6. Vəzifədən kənarlaşdırılmış Konstitusiya Məhkəməsinin hakimi Konstitusiya Məhkəməsinin hakiminə müəyyən edilmiş əməkhaqqını alır.

16.7. Konstitusiya Məhkəməsinin hakimi vəzifədən kənarlaşdırıldıqdan sonra Konstitusiya Məhkəməsinin razılığı olduqda, Azərbaycan Respublikası baş prokurorunun qərarına əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb oluna və həbs edilə bilər.

16.8. Vəzifədən kənarlaşdırılmış Konstitusiya Məhkəməsinin hakimi barəsində bəraət hökmü çıxarıldıqda və ya məhkəməyədək icraatın gedişində cinayət təqibinə qanunvericiliklə müəyyən edilmiş bəraətverici əsaslarla xitam verildikdə onun səlahiyyətləri bərpa olunur.

16.9. Konstitusiya Məhkəməsi hakiminin toxunulmazlığı onun evinin, mənzilinin, xidməti otağının, əşyalarının, şəxsi və xidməti nəqliyyat vasitələrinin, istifadə etdiyi rabitə vasitələrinin, ona məxsus sənədlərin, poçt-teleqraf yazışmalarının toxunulmazlığını da əhatə edir.

16.10. Konstitusiya Məhkəməsinin hakimi Konstitusiya Məhkəməsindəki fəaliyyətinə, səsverməyə, söylədiyi fikrə görə hüquqi məsuliyyətə cəlb oluna bilməz, ondan bu hallarla əlaqədar izahat, ifadə tələb edilə bilməz.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver