43.1. Tərəflərin və maraqlı subyektlərin aşağıdakı hüquqları vardır:
43.1.1. Konstitusiya Məhkəməsinin iclaslarında iştirak və çıxış etmək;
43.1.2. sübutları və digər materialları təqdim etmək;
43.1.3. işə baxılmasına dair vəsatət və təkliflər vermək;
43.1.4. onlara verilən suallara cavab vermək;
43.1.5. hakimlərə etirazlar etmək;
43.1.6. şahid və ekspertlərin dəvət olunmasını xahiş etmək;
43.1.7. Konstitusiya Məhkəməsi iclasının protokolu ilə tanış olmaq və ona dair öz qeydlərini bildirmək;
43.1.8. yekun çıxışı etmək.
43.2. Bu qanunun 43.1-ci maddəsində göstərilənlərdən başqa, tərəflərin həmçinin aşağıdakı hüquqları vardır:
43.2.1. Konstitusiya işinin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq;
43.2.2. sübutların tədqiqində iştirak etmək;
43.2.3. bir-birinə, şahidlərə və ekspertlərə suallar vermək;
43.2.4. başqa tərəfin vəsatətlərinə, sübutlarına və çıxışlarında söylədikləri fikirlərə etiraz etmək.
43.3. Tərəflər və maraqlı subyektlər Konstitusiya Məhkəməsinə hörmət etməli, konstitusiya icraatının tələblərinə riayət etməlidirlər. Tərəflər və maraqlı subyektlər Konstitusiya Məhkəməsinə çağırıldıqları vaxtda gəlməli, Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsi ilə müəyyən edilmiş qaydaya hörmətlə yanaşmalı, Konstitusiya Məhkəməsinin iclasına sədrlik edənin göstərişlərini dərhal yerinə yetirməlidirlər.