59.1. Azərbaycan Respublikası Konstitusiyasının 107-ci maddəsinin I hissəsinə görə, Azərbaycan Respublikasının Prezidenti ağır cinayət törətdikdə Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası prezidentinin vəzifədən kənarlaşdırılması təşəbbüsü ilə çıxış edə bilər.
59.2. Azərbaycan Respublikası prezidentinin vəzifədən kənarlaşdırılması məsələsinə baxılmasını Konstitusiya Məhkəməsinin azı 3 hakimi təklif edə bilər. Həmin təklif yazılı şəkildə Konstitusiya Məhkəməsinin sədrinə verilməlidir. Təklif daxil olduğu gündən üç gün müddətində Konstitusiya Məhkəməsi Plenumunun iclası çağırılmalı və bu məsələyə baxılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu təklifi əsaslı saymazsa, bu barədə 5 hakimin səs çoxluğu ilə qərar qəbul edir.
59.3. Konstitusiya Məhkəməsinin Plenumu təklifi əsaslı saydığı halda Azərbaycan Respublikası prezidentinin hərəkətlərində ağır cinayətin əlamətlərinin olub-olmaması barədə rəy almaqdan ötrü məsələni Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərir. Bu barədə qərar Konstitusiya Məhkəməsi hakimlərinin 6 səs çoxluğu ilə qəbul edilməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsi məsələyə daxil olduğu gündən 30 gün müddətində baxmalı və Konstitusiya Məhkəməsinə yazılı rəy göndərməlidir.
59.4. Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası prezidentinin hərəkətlərində ağır cinayətin əlamətlərinin olması qənaətinə gəlmədikdə məsələ bununla bitmiş sayılır.
59.5. Azərbaycan Respublikası Ali Məhkəməsinin rəyini nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası prezidentinin hərəkətlərində ağır cinayətin əlamətlərinin olması ilə əlaqədar vəzifədən kənarlaşdırılması təşəbbüsü ilə çıxış etmək haqqında 7 hakimin səs çoxluğu ilə qərar qəbul edə bilər. Bu cür qərar qəbul edildikdə dərhal Azərbaycan Respublikasının Milli Məclisinə göndərilir.
59.6. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 107-ci maddəsinin II hissəsində nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması haqqında qərar qəbul etdikdə, həmin qərar və onun əsasında qəbul edilmiş müraciət dərhal Konstitusiya Məhkəməsinə göndərilir. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Milli Məclisinin qərarını və müraciətini aldığı gündən 7 gün ərzində həmin qərar qəbul edilərkən Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının müvafiq qanunlarının tələblərinə riayət olunmasını yoxlayır. Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Milli Məclisinin qərarına tərəfdar çıxması haqqında qərarını 7 hakimin səs çoxluğu ilə qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 107-ci maddəsinin II hissəsinə görə Azərbaycan Respublikası prezidentinin vəzifədən kənarlaşdırılması haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarını Konstitusiya Məhkəməsinin sədri imzalayır.
59.7. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Milli Məclisinin qərarına tərəfdar çıxması haqqında qərar qəbul etməzsə, Azərbaycan Respublikası prezidentinin vəzifədən kənarlaşdırılması haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı qüvvəyə minmir.