79.1. Bu qanunun 14-cü maddəsi bu qanun qüvvəyə mindikdən sonra təyin edilən Konstitusiya Məhkəməsinin hakimlərinə şamil edilir. Bu qanunun qüvvəyə minməsindən əvvəl təyin edilmiş Konstitusiya Məhkəməsi hakimlərinin səlahiyyət müddəti bundan əvvəl qüvvədə olunmuş 1997-ci il 21 oktyabr tarixli "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 10 ildir. Bu Qanunun qüvvəyə minməsindən əvvəl təyin edilmiş Konstitusiya Məhkəməsi hakimlərinin səlahiyyət müddətinin bitdiyi gün Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunmadıqda, onlar səlahiyyətlərinin icrasını davam etdirirlər. Bu halda onların səlahiyyət müddəti Konstitusiya Məhkəməsinə yeni hakimlərin (sayından asılı olmayaraq) təyin olunduğu gündən bitmiş hesab olunur.
79.2. Bu qanunun qüvvəyə minməsindən əvvəl təyin edilmiş Konstitusiya Məhkəməsinin hakimləri bu qanunun müddəalarına uyğun olaraq Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə yenidən təyin edilə bilərlər.
79.3. Bu qanunun qüvvəyə mindiyi gündən "Konstitusiya Məhkəməsi haqqında" 1997-ci il 21 oktyabr tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 19; 2001-ci il, № 5, maddə 292; 2002-ci il, № 1, maddə 4; № 8, maddə 463; 12, maddə 701) qüvvədən düşmüş hesab edilsin.