1.1. Bu Qanunun məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. borc əsaslı kraudfandinq – bu Qanunla müəyyən olunmuş şərtlər daxilində kraudfandinq layihəsinin maliyyələşdirilməsi məqsədilə layihə sahibinin buraxdığı borc investisiya qiymətli kağızının investorlar tərəfindən alınması qarşılığında pul vəsaitlərinin cəlb olunmasını nəzərdə tutan kraudfandinq;
1.1.2. düşünmə dövrü – fərdi investor tərəfindən bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulan müddət ərzində investisiya ilə bağlı təklifinin heç bir səbəb göstərmədən və hər hansı cərimə ödəmədən geri çağırılması müddəti;
1.1.3. əsas məlumat vərəqəsi – bu Qanunun 9.3.1-ci maddəsində göstərilən məlumatları əks etdirən və kraudfandinq platformasında açıqlanan məlumatların məcmusu;
1.1.4. fərdi investor – peşəkar investor meyarlarına cavab verməyən və investisiyanın riskli olmasını yazılı şəkildə qəbul edən investor;
1.1.5. idarəetmə funksiyalarını yerinə yetirən şəxslər – hüquqi şəxsin müşahidə şurasının (direktorlar şurasının) (olduqda) və icra orqanının rəhbəri və üzvləri;
1.1.6. kraudfandinq – investorlardan pul vəsaitlərinin cəlb edilməsi məqsədilə hər hansı kraudfandinq layihəsinin kraudfandinq platforması vasitəsilə kütləvi maliyyələşdirilməsi;
1.1.7. kraudfandinq kampaniyası – kraudfandinq layihəsinin maliyyələşdirilməsi üçün tələb olunan pul vəsaitlərinin toplanması məqsədilə kraudfandinq platformasının internet informasiya ehtiyatında yerləşdirilən elan;
1.1.8. kraudfandinq layihəsi – bu Qanunla müəyyən edilmiş qaydada pul vəsaitlərinin cəlb edilməsi məqsədilə kraudfandinq platformasında yerləşdirilən təklif;
1.1.9. kraudfandinq müqaviləsi – kraudfandinq platforması vasitəsilə investorlarla layihə sahibi arasında bağlanılan yazılı müqavilə;
1.1.10. kraudfandinq platforması (bundan sonra – platforma) – operator tərəfindən idarə olunan, investorların layihə sahibləri ilə əlaqələndirilməsi yolu ilə kraudfandinqin həyata keçirildiyi və ictimaiyyət üçün açıq olan informasiya sistemi;
1.1.11. layihə sahibi – platforma vasitəsilə pul vəsaitlərini cəlb etmək istəyən Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş kommersiya hüquqi şəxsi;
1.1.12. məcmu kapital – operatorun davamlı fəaliyyətinin təmin edilməsi məqsədilə bu Qanuna uyğun olaraq müəyyən olunmuş kapital;
1.1.13. mühüm iştirak payı – nizamnamə kapitalının 10 (on) və ya daha çox faizini təşkil edən və ya müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla sahiblik;
1.1.14. operator – bu Qanunun tələblərinə uyğun olaraq platformanı idarə edən hüquqi şəxs;
1.1.15. peşəkar investor – “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.7-2-ci maddəsi ilə müəyyən edilmiş investorlar;
1.1.16. səhm əsaslı kraudfandinq – bu Qanunla müəyyən olunmuş şərtlər daxilində kraudfandinq layihəsinin maliyyələşdirilməsi məqsədilə layihə sahibinin səhmlərinin investorlar tərəfindən alınması qarşılığında pul vəsaitlərinin cəlb edilməsini nəzərdə tutan kraudfandinq;
1.1.17. vətəndaş qüsursuzluğu – operatorun və layihə sahibinin benefisiar mülkiyyətçilərinin, idarəetmə funksiyalarını yerinə yetirən şəxslərinin, mühüm iştirak pay sahiblərinin (həmin sahib hüquqi şəxs olduqda onun icra orqanının rəhbərinin (üzvlərinin) qəsdən törədilmiş cinayətə görə məhkumluğunun olmaması, iqtisadi sahədə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan müəyyən müddətə məhrum edilmə barədə məhkəmə qərarının olmaması, operatora münasibətdə, həmçinin həmin şəxslərin “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 17.3-cü maddəsinin tələblərinə uyğun olması faktı.
1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.