Qanunvericilik › Kraudfandinq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 16

Maddə 16. Kraudfandinq kampaniyası

Kraudfandinq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

16.1. Kraudfandinq kampaniyası çərçivəsində səhmlər və istiqrazlar kütləvi təklif üsulu ilə yerləşdirilir.

16.2. Kraudfandinq kampaniyası əsas məlumat vərəqəsinin platformada dərc edildiyi gündən başlayır və əsas məlumat vərəqəsində göstərilən müddətdən, lakin istənilən halda 90 (doxsan) gündən çox olmayaraq davam edir. Kampaniya müddətində investorlar kraudfandinq layihəsinə investisiya etmək üçün platformaya müraciət edə və bu Qanunun 16.3-cü maddəsi nəzərə alınmaqla qiymətli kağızların dəyərini ödəyə bilərlər. Qiymətli kağızların dəyəri yalnız nağdsız qaydada operatorun milli depozit mərkəzində açdığı pul hesabına və ya onun üzvü olan banklarda açdığı müvəqqəti cari hesaba köçürülür.

16.3. Fərdi investor investisiya təklifini verdiyi vaxtdan dərhal platforma vasitəsilə düşünmə dövrünün başlanması və bitmə tarixi barədə məlumatlandırılır. Düşünmə dövrü investisiya təklifinin verildiyi günün növbəti günündən başlayaraq 7 (yeddi) təqvim gününü əhatə edir. Düşünmə dövründə fərdi investorlardan səhm və ya istiqrazların alınması üçün pul vəsaiti toplanıla bilməz.

16.4. Əgər kraudfandinq layihəsi üzrə hədəflənən məbləğ kraudfandinq kampaniyasının müddəti başa çatanadək toplanmışdırsa, kampaniya vaxtından qabaq tamamlanır, bu şərtlə ki, investisiya təklifini verən fərdi investorlar üçün düşünmə dövrü başa çatmış olsun.

16.5. Kraudfandinq kampaniyası başa çatmadan eyni layihə sahibi platforma vasitəsilə yeni kraudfandinq layihəsi ilə əlaqədar kraudfandinq kampaniyasına başlaya bilməz.

16.6. Bir kraudfandinq layihəsi üzrə eyni vaxtda səhm və borc əsaslı kraudfandinq kampaniyası aparıla bilər, bu şərtlə ki, hədəflənən pul vəsaitlərinin məbləği müvafiq kraudfandinq kampaniyalarından birində Mərkəzi Bankın müəyyən etdiyi həddə toplanmadığı halda digər kampaniya da ləğv edilsin.

16.7. Platforma vasitəsilə eyni layihə üzrə səhm və (və ya) borc əsaslı kraudfandinq kampaniyası mövcud olduqda, müvafiq olaraq yeni səhm və (və ya) borc əsaslı kraudfandinq kampaniyasına başlanıla bilməz.

16.8. Operator layihə sahibinin müraciəti əsasında kraudfandinq kampaniyasını 1 (bir) aydan çox olmayan müddətə təxirə sala bilər. Bu zaman bu Qanunla kraudfandinq kampaniyası üçün nəzərdə tutulmuş müddətin axımı dayanır. Kraudfandinq kampaniyasının təxirə salınmasına səbəb olan şərait aradan qalxdıqdan sonra layihə sahibinin operatora etdiyi müraciət əsasında kraudfandinq kampaniyası bərpa edilir və dayandırılmış kampaniya müddətinin axımı davam edir. Kraudfandinq kampaniyası təxirə salındığı təqdirdə pul vəsaitlərini geri almaq istəyən investorlara həmin vəsaitlərin geri qaytarılması bu Qanunun 12.2-ci maddəsinə uyğun olaraq həyata keçirilir;

16.9. Bu Qanunun 11.1.6-ci maddəsinə uyğun olaraq kraudfandinq kampaniyası dayandırıldıqda layihə sahibi 10 (on) iş günü ərzində dayandırılmaya səbəb olan halları aradan qaldırmalıdır. Həmin hallar aradan qalxdıqda layihə sahibi sonrakı 3 (üç) iş günü ərzində kraudfandinq kampaniyasının bərpa edilməsi üçün operatora müraciət edir. Operator tərəfindən bu müraciətə 5 (beş) iş günü ərzində baxılır və kraudfandinq kampaniyasının dayandırılmasına səbəb olan halların aradan qaldırıldığı müəyyən edildikdə kraudfandinq kampaniyası platformada bərpa edilir. Operator tərəfindən kraudfandinq kampaniyasının dayandırılmasına səbəb olan halların aradan qaldırılmadığı müəyyən edildikdə, kraudfandinq kampaniyası ləğv edilir və bu barədə layihə sahibinə və investorlara 3 (üç) iş günü ərzində məlumat verilir.

16.10. Layihə sahibi tərəfindən kraudfandinq kampaniyası geri çağırıldıqda investorlardan toplanan pul vəsaitlərinin geri qaytarılması bu Qanunun 12.2-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

16.11. Kraudfandinq kampaniyası çərçivəsində hədəflənən məbləğin toplanıb-toplanmamasından asılı olmayaraq operator kampaniyanın nəticələri barədə məlumatı kraudfandinq kampaniyası müddətinin bitməsindən sonrakı iş günündən gec olmayaraq platformada yerləşdirməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver