18.1. Azərbaycan Respublikasında operatorların fəaliyyətinin tənzimlənməsi və onların fəaliyyətinə nəzarət Mərkəzi Bank tərəfindən həyata keçirilir.
18.2. Mərkəzi Bank kraudfandinq sahəsində tənzimləmə və nəzarət sahəsində aşağıdakı səlahiyyətlərə malikdir:
18.2.1. operatorların reyestrini aparır, operatorları reyestrə daxil edir və reyestrdən çıxarır;
18.2.2. operatorların fəaliyyətinin tənzimlənməsi üzrə bu Qanuna uyğun olaraq normativ xarakterli aktları qəbul edir;
18.2.3. operatorun fəaliyyəti ilə bağlı istənilən sənədləri, məlumatları, o cümlədən daxili qaydaları əldə edir və onlara dair idarəetmə funksiyasını həyata keçirən şəxslərdən, əməkdaşlardan, habelə operatorda audit yoxlamasını həyata keçirən və ya həyata keçirmiş auditorlardan məlumat alır;
18.2.4. operatorda “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlamalar aparır;
18.2.5. operatorun fəaliyyətində pozuntuların və ya pozuntulara səbəb ola biləcək halların müəyyən müddətdə aradan qaldırılması barədə icrası məcburi olan göstəriş verir;
18.2.6. platformanın idarə edilməsinə dair qaydalarda dəyişiklik edilməsini operatordan tələb edir;
18.2.7. operatorun fəaliyyətində pozuntuların və ya pozuntulara səbəb ola biləcək halların xüsusiyyətindən asılı olaraq həmin hallar aradan qaldırılanadək platformanın fəaliyyətini dayandırır və (və ya) idarəetmə funksiyasını həyata keçirən şəxslərin vəzifədən kənarlaşdırılması və ya vəzifədən azad edilməsi barədə icrası məcburi olan göstəriş verir;
18.2.8. operator tərəfindən investorların və layihə sahiblərinin şikayətlərinə baxılmasına dair tələbləri müəyyən edir və operatorun fəaliyyəti ilə bağlı daxil olan şikayətlərə baxır;
18.2.9. bu Qanunda və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda maliyyə bazarlarının tənzimlənməsi və nəzarəti sahəsində nəzərdə tutulan digər səlahiyyətləri həyata keçirir.
18.3. Operatorun nizamnamə kapitalının və məcmu kapitalın minimum miqdarına aid tələblərdə dəyişikliklər barədə Mərkəzi Bankın qərarı fəaliyyətdə olan operatorlara münasibətdə 6 (altı) aydan tez olmayaraq tətbiq edilir.
18.4. Operator platformanın fəaliyyəti barədə hesabatları Mərkəzi Banka təqdim edir. Hesabatların (maliyyə hesabatları istisna olmaqla) forması, məzmunu və təqdim edilməsi qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir.
18.5. Operator illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş müddətdə Mərkəzi Banka təqdim etməlidir.
18.6. Operator illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir. Yoxlamanı aparan kənar auditor kraudfandinq sahəsində aşkar etdiyi qanun pozuntuları və çatışmazlıqlar haqqında Mərkəzi Banka yoxlama müddətində yazılı məlumat verir.
18.7. Mərkəzi Bankın tənzimləmə və nəzarət funksiyalarının icrası ilə əlaqədar qəbul etdiyi qərarlardan məhkəməyə şikayət verilə bilər. Şikayətin verilməsi həmin qərarın icrasını dayandırmır.
18.8. Bu Qanunun məqsədləri üçün müvafiq şəxslərin məhkumluğu Mərkəzi Bankın sorğusu ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi arayış əsasında müəyyən edilir. Həmin şəxslər əcnəbi olduqda, cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə rezidenti olduğu ölkənin aidiyyəti dövlət orqanlarından əldə edilmiş arayış təqdim edilir.