9.1. Platforma Mərkəzi Bank tərəfindən müəyyən edilən texniki və təhlükəsizlik tələblərinə cavab verməli və funksionallığına uyğun olmalıdır.
9.2. Operator platformada azı aşağıdakı məlumatları açıqlamaqla platforma iştirakçılarını (layihə sahiblərini və investorları) operatorun və platformanın fəaliyyəti barədə məlumatlandırır:
9.2.1. operatorun adı, VÖEN-i və hüquqi ünvanı;
9.2.2. operatorun idarəetmə funksiyalarını yerinə yetirən şəxslərinin soyadı, adı, atasının adı (olduqda), vəzifəsi və əlaqə vasitələri;
9.2.3. operatorun təşkilati strukturu və işçilərinin sayı;
9.2.4. auditor rəyi ilə birlikdə son ilin illik maliyyə hesabatları (bu müddətdən az fəaliyyətdə olduqda faktiki fəaliyyət müddəti üzrə);
9.2.5. kraudfandinq çərçivəsində platforma vasitəsilə topladığı pul vəsaitlərinin ümumi məbləği;
9.2.6. kraudfandinq çərçivəsində platforma vasitəsilə yerləşdirilən kraudfandinq layihələrinin ümumi sayı;
9.2.7. hər təqvim ili ərzində kraudfandinq müqaviləsini imzalayan investorların sayı və fərdi investorlar üzrə toplanan pul vəsaitlərinin orta hesabla məbləği;
9.2.8. platformadan istifadə qaydası;
9.2.9. operatorun xidmət haqqı və platformadan istifadə ilə bağlı digər xərclər (olduqda) barədə məlumat;
9.2.10. kraudfandinq layihəsinin hər hansı dövlət orqanı (qurumu) tərəfindən yoxlanıb təsdiq edilməməsi, habelə investisiya nəticəsində yarana biləcək bütün risklərin, o cümlədən investisiya qoyulmuş vəsaitin tam və ya qismən itirilməsi riskinin investora məxsus olması barədə bəyanat;
9.2.11. kraudfandinq çərçivəsində edilən investisiyaların hər hansı sığorta və təminat mexanizmi ilə əhatə olunmaması, onlar üzrə hər hansı gəlirin əldə edilməməsinin mümkünlüyü barədə xəbərdarlıq;
9.2.12. investorların şikayətlərinə baxılması və kraudfandinq çərçivəsində yaranan mübahisələrin həlli qaydası.
9.3. Operator investorların kraudfandinq layihələri ilə tanış olması üçün platforma vasitəsilə aşağıdakı məlumatları açıqlayır:
9.3.1. əsas məlumat vərəqəsində qeyd edilən azı aşağıdakı məlumatları:
9.3.1.1. kraudfandinq layihəsinin təsviri, o cümlədən məqsədi və əsas xüsusiyyətləri;
9.3.1.2. kraudfandinq kampaniyasının müddəti;
9.3.1.3. hər bir kraudfandinq layihəsinin maliyyələşdirilməsi üçün hədəflənən pul vəsaitlərinin məbləği, kraudfandinq layihəsinin maliyyələşdirilməsinə layihə sahibinin yönəltdiyi öz vəsaitinin miqdarı (olduqda), habelə kraudfandinq kampaniyası ərzində vəsaitlərin toplanmamasının nəticələri barədə məlumat;
9.3.1.4. layihə sahibinin adı, VÖEN-i, hüquqi ünvanı, idarəetmə funksiyalarını həyata keçirən şəxsləri barədə məlumatlar (soyadı, adı, atasının adı (olduqda) və vəzifəsi), habelə mühüm iştirak pay sahibləri barədə məlumatlar (fiziki şəxs olduqda soyadı, adı, atasının adı (olduqda), hüquqi şəxs olduqda adı, VÖEN-i və hüquqi ünvanı);
9.3.1.5. layihə sahibinin əsas məlumat vərəqəsində əks olunan məlumatlar üçün məsuliyyət daşıyan səlahiyyətli şəxslərinin soyadı, adı, atasının adı (olduqda), vəzifəsi və əlaqə vasitələri;
9.3.1.6. əsas məlumat vərəqəsinin hazırlanması, o cümlədən orada əks olunan məlumatların tamlığı və doğruluğuna görə layihə sahibinin məsuliyyət daşıdığına dair bəyanat;
9.3.1.7. layihə sahibinin əsas fəaliyyət istiqamətləri və onun tərəfindən təqdim edilən məhsullar və xidmətlər;
9.3.1.8. kraudfandinq layihəsinin maliyyələşdirilməsi üçün hədəflənən pul vəsaitlərinin məbləği 50 (əlli) min manata qədər olduqda layihə sahibinin son maliyyə ili üzrə (bu müddətdən az fəaliyyətdə olduqda faktiki fəaliyyət müddəti üzrə) əsas maliyyə göstəriciləri (aktiv, öhdəlik, kаpital (xalis aktivlər), gəlir, xərc);
9.3.1.9. kraudfandinq layihəsinin maliyyələşdirilməsi üçün hədəflənən pul vəsaitlərinin məbləği 50 (əlli) min manat və ya daha yüksək olduqda, habelə bir təqvim ili ərzində kraudfandinq layihələri üzrə hədəflənən pul vəsaitlərinin məbləğinin ümumi həcmi 2 (iki) yüz min manatdan çox olduqda layihə sahibinin auditor rəyi ilə birlikdə (məcburi audit subyektlərinə münasibətdə) son ilin illik maliyyə hesabatları (bu müddətdən az fəaliyyətdə olduqda faktiki fəaliyyət müddəti üzrə);
9.3.1.10. layihə sahibinin sonuncu maliyyə hesabatının dərc olunduğu mənbəyə istinad (olduqda);
9.3.1.11. kraudfandinq layihəsinin maliyyələşdirilməsi üçün buraxılan səhm və (və ya) istiqrazların sayı, nominal dəyəri, valyutası, gəlirliyin faiz dərəcəsi (müəyyən olunduqda), qiymətli kağızlarla təsbit edilən hüquqlar və məhdudiyyətlər, geri satınalınma şərtləri (olduqda), təminatın təsviri və şərtləri (olduqda);
9.3.1.12. kraudfandinq kampaniyasının müddətindən asılı olaraq bu Qanunun tələblərinə uyğun olaraq fərdi investorlar üçün müəyyən olunan düşünmə dövrü (dövrün son tarixi göstərilməklə);
9.3.1.13. investorların kraudfandinq layihəsi ilə bağlı bütün xərcləri (olduqda);
9.3.2. bu Qanunun 11.1.9-cu maddəsində nəzərdə tutulan məlumatlar.
9.4. Operator platformanın idarə edilməsi üzrə fəaliyyətini platformadan istifadə qaydaları əsasında həyata keçirir.
9.5. Platformadan istifadə qaydası azı aşağıdakıları özündə ehtiva etməlidir:
9.5.1. platformadan istifadə etmək üçün operatorun investorla və layihə sahibi ilə bağladığı müqavilələrin əsas şərtləri;
9.5.2. platformadan istifadə etməklə həyata keçirilən kraudfandinqin növləri;
9.5.3. operator tərəfindən açıqlanan məlumatların dairəsi, habelə həmin məlumatların açıqlanma qaydası;
9.5.4. platforma vasitəsilə mübadilə edilən məlumatlar;
9.5.5. müəyyən edildikdə platformada yerləşdirilən kraudfandinq layihələrinə dair operatorun tələbləri (məsələn, qadağan edilən fəaliyyət sahələri və s.);
9.5.6. Mərkəzi Bank tərəfindən operatorların platformadan istifadə qaydasına dair əlavə tələblər müəyyən edildikdə tələb olunan digər məlumatlar.
9.6. Reyestrə daxil edildikdən sonra operator platformadan istifadə qaydalarına dəyişiklik etdikdə Mərkəzi Bankla razılaşdırmalıdır. Dəyişikliklərlə bağlı operatorun müraciətinə Mərkəzi Bank tərəfindən 15 (on beş) iş günü ərzində baxılır.
9.7. Kraudfandinq platformasından istifadə qaydaları bu Qanunun 9.5-ci maddəsinə və (və ya) normativ hüquqi aktlara uyğun olmadıqda Mərkəzi Bank dəyişikliklərin edilməsinə razılıq verməkdən imtina edir və 2 (iki) iş günü ərzində bu barədə operatora yazılı bildiriş təqdim edir.
9.8. Bu Qanunun 10.1.5-ci maddəsində göstərilən məlumatlar və sənədlər tam təqdim olunmadıqda və ya yanlış olduqda, həmin maddədə göstərilən şəxslər vətəndaş qüsursuzluğu tələblərinə cavab vermədikdə, layihə sahibinin vergilər və digər məcburi ödənişlərlə bağlı borcu olduqda, layihə sahibinin özü, habelə onun mühüm iştirak pay sahibləri və benefisiar mülkiyyətçiləri barəsində cinayət-hüquqi tədbirlərin görülməsi, layihə sahibinin barəsində iflas prosedurunun başlanılması və ya müflis elan olunması faktları aşkar edildikdə, eləcə də təqdim edilən kraudfandinq layihəsi platformadan istifadə qaydalarında müəyyən edilən tələblərə uyğun olmadıqda operator səbəblərini göstərməklə kraudfandinq layihəsinin platformada yerləşdirilməsindən imtina edir.
9.9. Maliyyə bazarlarını tənzimləyən qanunlara əsasən Mərkəzi Bankın nəzarət etdiyi subyektlər, habelə lombardlar, faktorinq və maliyyə icarəsi xidmətləri göstərən şəxslər platformada kraudfandinq layihəsi yerləşdirə bilməzlər.